Azərbaycanın təsərrüfatı

Azərbaycanın təsərrüfatı

Təsərrüfat 2 yerə - maddi və qeyri-maddi istehsal sahələrinə ayrılır. Maddi istehsala - sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, ticarət və ictimai-iaşə; qeyri-maddi istehsala isə - elm, maarif, səhiyyə, bədən tərbiyəsi, idarəetmə orqanları daxildir.
Vaxtı ilə Azərbaycandan hasiledici sənaye (xammal) və kənd təsərrüfatı bitkiləri- məs. neft, pambıq, ipək, balıq, qara kürü və s. ixrac edilirdi. Son illər Azərbaycanın təsərrüfatında yanacaq-energetika və neft maşınqayırması, qara metallurgiya, kimya sənayesi inkişaf edib. Azərbaycanda müharibə getdiyindən, torpaqlarımızın 20%-dən çoxu işğal olduğundan, keçmiş SSRI respublikaları ilə iqtisadi əlaqələr pozulduğundan Azərbaycanın təsərrüfatı böhran içərisindədir.
Yanacaq energetika kompleksi yanar faydalı qazıntıların hasili və elektrik enerjisinin istehsalından ibarətdir. O, sənayenin bütün sahələrinin işini təmin edir, əhalinin məişətində əvəzsiz rol oynayır. Azərbaycanda işlədilən yanacaq növlərinin əsas ehtiyat mənbələri ölkəmizin neftli-qazlı sahələri, Xəzər dənizi və çaylarımızın hidroenerji ehtiyatları, habelə külək və Günəş enerjisidir. Hələlik Azərbaycanda Günəş və külək enerjisindən az istifadə olunur. Azərbaycanda yanar şist ehtiyatı olsa da onların hələlik sənaye əhəmiyyəti yoxdur.

Neft sənayesi Azərbaycanın ən qədim sənaye sahəsidir. Tərkibində qatışıqlar az olduğundan Azərbaycan nefti dünyada məşhurdur. Azərbaycanın neft sənayesi üçün aşağıdakı əlamətlər səciyyəvidir:
1. Hasilat və emaledici sahədən ibarətdir;
2. Həm xam neft, həm də neft məhsulları ixrac edir;
3. Xam neft əsasən boru kəmərləri ilə ixrac olunur.
Azərbaycan ərazisinin 70%-i neftli-qazlıdır. Hazırda Azərbaycanda 70-ə yaxın neft yatağı vardır ki, bunun da 50%-i quruda, 20-si isə dənizdədir. Indiyə qədər Azərbaycanın neftinin 2/5-i mənimsənilib. Ilk neft yataqları Abşerondakı - Bibiheybət, Sabunçu, Ramana, Balaxanı, Suraxanı, Binəqədi və Pirallahı yataqları olub. XX əsrin 30 - 40 illərində Lökbatan-Puta, Zığ, Yasamal, Qala, Buzovna, Qaraçuxur, Neftçala və s. yataqlar aşkar edildi. 1941-ci ildə Azərbaycanda neft hasilatı ən yüksək zirvəyə 23,5 mln. tona çatdı. 1947-cı ildə dənizdə ilk neft yatağı Gürgan, 1949-cu ildə Neft daşları, daha sonrakı illərdə Darvin, Çilov, Qum adası, Qafqaz, Səngəçal və Duvannı-dəniz yataqları istifadəyə verildi. Quruda neft yataqlarındakı hasilat azaldığından dənizdə neft yataqları istismara verilib. Dənizdəki yataqlar 200 m-ə qədər olan şelf zonasından çıxarılır. Dənizdəki quyuların dərinliyi 3 km, qurudakıların isə 5 km-dir.
1994-cu ilin sentyabr ayında Bakıda bağlanmış «Əsrin müqaviləsi» əsasında Xəzərdə olan «Azəri», «Çıraq», «Günəşli», «Kəpəz» və «Şahdəniz» yataqları xarici şirkətlər ilə birgə istismar edilir. Bu yataqlardan ən məşhuru «Azəri»dir. Müqaviləyə əsasən ilk neft 1997-ci ilin noyabr ayında «Çıraq» yatağından çıxarılmışdır. Azərbaycanın xarici şirkətlərlə əməkdaşlıq etməsinin əsas məqsədi neft sənayesini inkişaf etdirmək və Azərbaycanın iqtisadityyatını yüksəltməkdən ibarətdir. Azərbaycanda neft hasilatını artırmaq üçün yeni yataqları istifadəyə vermək və neft istismarı texnologiyasını təkmilləşdirmək lazımdır. Neft hasilatının artırılması Azərbaycanda üzvi və polimerlər kimyası sənayelərinin inkişafına səbəb ola bilər.
Yuxarıda adı çəkilən yataqlardan başqa Siyəzəndə, Neftçalada, Muradxanlıda və s. yerlərdə də neft çıxarılır. Çıxarılan neft borular vasitəsilə Bakıdakı neftayırma zavodlarına daşınır. Bu zavodların ən irisi Yeni Bakı neftayırma zavodudur. Burada 90 adda məhsul hazırlanır. Bakının neftayırma zavodlarına həm də tankerlər vasitəsilə Qazaxıstandan neft gətirilir. Azərbaycan nefti tankerlərlə Xəzər vasitəsi ilə, dəmiryolu ilə, Baki-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri ilə xaricə daşınır.

Qaz sənayesi: Azərbaycandakı qaz yataqlarının 1/5-i mənimsənilib. Əvvəllər lazımı texnologiya olmadığından neftlə birlikdə çıxarılan qaz havaya buraxılırdı. Yalnız 1928-cı ildən başlayaraq qaz istehsalına başlanılmışdır.Qazdan məişətdə, sənayedə, elektrik stansiyalarında yanacaq kimi, kimya sənayesində isə xammal kimi işlədilir.
Azərbaycanda qazın çox az hissəsi müstəqil qaz yataqlarından alınır. Təbii qazın əsas hissəsi kondensat (neft və qaz birlikdə) yataqlarda hasil edilir. Qaz ehtiyatları əsasən Abşeronda və Xəzərin şelf zonasındadır. Azərbaycanın ən böyük qaz yataqları Qaradağ-Mişovdağ, Qaradağ-Qobustan və Gürgan-Zirə zonasındadır. Zirə qaz yatağı daha dərində yerləşir. Dəniz sahilindən uzaqdakı neftlə birgə çıxan qazın əsas hissəsi hələlik texniki çətinlik üzündən havaya buraxılır.«Şahdəniz» - ən iri qaz yatağı olub, onun istismara verilməsindən sonra, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Avropaya qaz satışına başlayacaq.

Elektroenergetika -Xalq təsərrüfatını elektrik və buxarla təmin edir. Azərbaycandakı elektrik stansiyalarının ümumi gücü 5 mln. kVt-a yaxındır ki, bunun da 90%-ni I.E.S.-lər; 10%-ni S.E.S.-lər təşkil edir.
Azərbaycandakı elektrik stansiyaları qaz və mazutla işləyən - I.E.S. və çay üzərində tikilmiş - S.E.S.-lərdən ibarətdir. I.E.S.-lər 2 yerə - yalnız elektrik enerjisi istehsal edən dövlət rayon elektrik stansiyasına (DRES) və elektrik enerjisi ilə yanaşı buxar istehsal edən istilik elektrik mərkəzlərinə (IEM) bölünür. Elektrik və istilik enerjisinə tələbatın çox olması ilə əlaqədar IEM-lər tələbat rayonlarında yəni iri şəhərlərdə tikilir. Məsələn: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan (Əli-Bayramlıda). Şirvanda (Əli-Bayramlıda) Avropada ilk üstü açıq DRES tikilib. Azərbaycanda IES-lər az olsa da, onlar enerjinin 90%-ni verir. Azərbaycanın ən iri energetika mərkəzi Mingəçevir (I yer) və Şirvandır (Əli-Bayramlı) - (II yer).
SES-lərin tikildiyi çaylardan il boyu sabit cərəyan almaq məqsədilə su anbarları yaradılır. Buna baxmayaraq yayda çaydakı suyun səviyyəsi azaldığından SES-lərdə enerji istehsalı azalır. Bir çayın üzərində ardıcıl tikilmiş SES-lərə kaskad SES-lər deyilir. Məsələn: Kür çayı üzərində Mingəçevir, Yenikənd, Varvara və Şəmkir kimi kaskad SES-lər tikilir.
Azərbaycanda vahid energetika şəbəkəsi yaradılmışdır. O, Rusiya, Iran, Türkiyə və Gürcüstan enerji şəbəkəsi ilə əlaqələndirilmişdir. Azərbaycan hazırda Gürcüstana enerji verir. Naxçıvana isə enerji Türkiyə və Irandan daxil olur. Gələcəkdə külək, günəş (xüsusilə Abşeron-Qobustanda) və geotermal-isti sulardan enerji və istilik alınacağı planlaşdırılır. Onlar ekoloji cəhətdən təmiz və ucuzdur.

Top