İki dost | Gi de Mopassan

İki dost | Gi de Mopassan

Mühasirəyə alınmış Parisdə aclıq hökm sürürdü. Damdakı sərçələr və kanalizasiyadakı siçovullar da gözə az-az dəyirdi. İnsanlar əllərinə keçən hər şeyi yeyirdilər.

İxtisasca saatsaz olan və heç yerdə işləməyən Cənab Morissot bir aydın yanvar səhəri əlləri cibində, qarnı ac bulvarda gəzərkən gözlənilmədən bir tanışı ilə- birlikdə balıq tutduğu Cənab Sauvajla üz-üzə gəldi. Müharibə başlamamışdan əvvəl Morissot hər bazar səhəri əlində bambuk çubuğu və belində vedrə ilə yola düşməyə adət etmişdi. O, Argenteuil qatarına minər, Kolombda düşər və buradan İle Marante çayına doğru yol alardı. Morissot xəyallarının məkanına çatan kimi balıq tutmağa başlayar və gecə düşənə qədər davam edərdi. O, hər bazar günü burada kök, məzəli və bəstəboy görünüşlü Cənab Sauvajla görüşərdi. Cənab Sauvaj Rue-Notre-Dame-de-Lorettedə pərdəçi işləyirdi və həmçinin balıq tutmağı dəlicəsinə sevirdi. Onlar adətən günün yarısını yanaşı oturub əllərində tilov, ayaqlarını suyun üzərində yellədərək keçirərdilər. Bununla da aralarında mehriban dostluq münasibəti yaranmışdı.

Bəzi günlər onlar heç danışmazdılar; bəzilərində isə boş-boş söhbət edərdilər; lakin onlar sözlərə ehtiyac duymadan bir-birini tamamilə başa düşürdülər. Bənzər zövqlərə və hisslərə malik olmaq onlara bir-birini anlamaq üçün kifayət edirdi. Günəşin suyun üzərində xəfif duman yaratdığı və iki həvəskar balıqçının kürəyini isitdiyi yaz səhərində, təxminən saat on radələrində Morissot öz yoldaşına deyərdi: “Dostum, bura məftunedicidir”. Yoldaşı cavab verərdi: “Mən bundan daha gözəlini təsəvvür edə bilmirəm!” Elə bu bir neçə kəlimə onların bir-birini anlaması üçün yetərli idi.

Payızda günün sonuna yaxın üfüqdə öz yerini almış günəş qərb səmasına qan-qırmızı şəfəq saçanda, tünd qırmızı buludların əksi bütün çayı qırmızıya boyayanda, iki dostun simasını işıqlandıranda və yarpaqları artıq qışın ilk şaxtasından donmuş ağacları sanki zər çəkilibmiş kimi parıldadanda cənab Sauvaj hərdən Morissota baxaraq gülümsəyər və deyərdi: “Nə möhtəşəm mənzərədir!” Morissot gözlərini tilovdan çəkmədən cavab verərdi: “Bura bulvardan daha yaxşıdır, elə deyilmi?”

Dostlarlar bir-birini tanıyan kimi mehribanlıqla əl verib görüşdülər. Cənab Sauvaj ah çəkərək məyusluqla dedi: “Çox pis zamandır!” Morissot dərdli-dərdli başını yellədi. “Və belə bir hava! Bu ilin ilk yaxşı günüdür”. Mavi səma parlaq və buludsuz idi. Onlar dalğın və qəmgin vəziyyətdə yanaşı gedirdilər. “Balıq tutmaq barədə düşünürəm, – Morissot dedi,- Necə yaxşı vaxt keçirirdik!”

Cənab Sauvaj soruşdu:
“Görəsən bir də nə vaxt balıq tutacağıq?”
Morissot birdən dayandı və dedi:
“Absent (spirtli içki növü) içməyə gedək?”
Cənab Sauvaj razılaşdı:
“Əgər istəyirsənsə, hə”. Sonra dostlar bir şərab dükanına daxil oldular.

Dostlar şərab dükanından çıxanda ac qarına içdikləri spirtin təsirindən tamamilə müvazinətsiz vəziyyətdə idilər. Günəşli, mülayim bir gün idi. Xəfif meh üzlərinə toxunurdu. Təmiz hava spirtin təsirini Cənab Sauvajdan sovuşdurdu. O, birdən dayandı və dedi:
“Tap görüm, biz hara gedirik?”
“Hara gedirik ki?”
“Balıq tutmağa”.
“Bəs harada?”
“Əlbəttə ki, köhnə məkanımızda. Fransız qarovulları Kolombun yaxınlığındadırlar. Mən Polkovnik Dumoulin ilə tanışam. Ona görə də biz oradan asanlıqla keçəcəyik”.

Morissot böyük həvəslə titrədi.
“Yaxşı. Mən razı”.

Beləliklə onlar tilovlarını və iplərini gətirmək üçün ayrıldılar. Bir saat sonra dostlar şosedə yanaşı yol aldılar. Tezliklə polkovnikin nəzarəti altında olan malikanəyə çatdılar. Polkovnik onların xahişini dinləyib gülümsədi və icazə verdi. Onlar şifrəli yolla irəliləməkdə davam etdilər. Qısa zamanda dostlar qarovulu arxada qoyaraq yollarını kimsəsiz Kolombdan saldılar. Bir də gördülər ki, artıq Seinlə həmsərhəd olan kiçik üzüm bağlarının kənarındadırlar.

Saat təxminən on bir olardı. Onların gözü önündə kimsənin yaşamadığı Argenteuil kəndi dayanmışdı. Orgement və Sannois yüksəklikəri mənzərədə aparıcı yer tuturdu. Nanterreyə qədər uzanan böyük düzənlik bomboş idi. Səhranı xatırladan bu boz torpaqlarda tək-tük albalı ağaclarına rast gəlmək olardı. Cənab Sauvaj yüksəklikləri göstərərək məyusluqla dedi:
“Prussiyalılar oradadırlar!”

Kimsəsiz qalmış kəndin vəziyyəti iki dostu qəribə bir vahiməyə salmışdı. Prussiyalılar! Onlar əvvəllər prussiyalılarla qarşılaşmamışdılar, lakin ötən aylarda Fransanı viran qoyan, əhalini çapıb-talayan, vəhşicəsinə qətlə yetirən və aclıq çəkməyə məhkum edən prussiyalıların varlığını Parisin yaxınlığında hiss edirdilər. Daxillərindəki vahimə bu naməlum, yenilməz xalqa qarşı bəslədikləri nifrət hissi ilə qarışmışdı. “Güman edirsənmi ki, onların hər hansı biri ilə qarşılaşa bilərik?”- Morissot soruşdu.
“Biz onlara da bir neçə balıq təklif edərik”,- Cənab Sauvaj parisliyə məxsus bir laqeydliklə cavab verdi. Elə bir laqeydlik ki, onu heç nə tamamilə aradan qaldıra bilməzdi. Hələ də onlar ətrafa hakim kəsilmiş pozulmaz sükuta tabe olan açıq ərazidə özlərini göstərib-göstərməməkdə tərəddüd edirdilər. Axır ki Cənab Sauvaj cəsarətini toplayıb dedi:
“Gəl, gedək; bizə lazım olan tək şey ehtiyatlı davranmaqdır!”

Dostlar yollarını bir üzüm bağından saldılar, ikiqat əyilərək üzüm tənəklərinin yaratdığı örtüyün altı ilə ayıq-sayıq şəkildə yavaş-yavaş irəlilədilər. Çay sahilinə çatmaq üçün cadar-cadar olmuş quru torpaq sahəsi keçilməli idi. Onlar bu sahə boyunca qaçdılar, suyun kənarına çatan kimi quru qamışların arasında gizləndilər. Morissot onlar tərəfdə addım səslərinin olub-olmadığını bilmək üçün qulağını torpağa yasladı. Heç nə eşitmədi. Belə çıxırdı ki, ətrafda onlardan başqa heç kəs yox idi. Dostlar rahatlayaraq balıq tutmağa başladılar.

Qarşıdakı səs-səmirsiz İle Marante çayı onları uzaq sahildən gizlədirdi. Kiçik yeməkxana bağlı idi, belə görünürdü ki, o illər öncə tərk edilmişdi. İlk balığı Cənab Sauvaj tutdu, ikincini Cənab Morissot. Və demək olar ki, hər saniyə dostlardan biri, ya da o biri öz ipini yuxarı çəkəndə onun ucunda kiçik, parıldayan, gümüşü rəngli balıq sallanırdı; onlar çox yaxşı əylənirdilər. Dostlar tutduqları balıqları ipdən sürüşdürərək ayaqlarının yanına qoyduqları sıx hörülmüş torbaya yavaşca salırdılar; onları sevinc hissi bürümüşdü. Bu sevinc hissinin səbəbi o idi ki, onlar uzun müddətdir məhrum olduqları əyləncələri ilə növbəti dəfə məşğul olmaq şansı əldə etmişdilər.

Günəş öz şüaları ilə onları isidirdi; dostlar artıq heç nə eşitmir və heç bir şey barədə düşünmürdülər. Dünyada başqa heç nə onların vecinə deyildi; onlar balıq tuturdular. Lakin birdən sanki yerin təkindən gələn gurultu səsi onların ayaqları altındakı torpağı silkələdi: sonda top mərmisinin səsi eşidildi. Morissot başını çevirdi və solda, çayın sahilindən uzaqda başından tüstü qalxan qorxulu Mont-Valerien qalasını gördü. Tüstü getdikcə artırdı. Bir neçə saniyədən sonra yaranan partlayış yeri titrətdi. Partlayışlar ardı-arası kəsilmədən davam edirdi. Dəqiqələr keçdikcə dağ öz ölümcül qüvvəsi ilə birgə yavaş-yavaş sakit səmaya qalxan və sıldırım qayanın başı üzərini alan ağ tüstünü ətrafa yayırdı. Cənab Sauvaj çiyinlərini çəkdi. “Onlar yenə oradadırlar” – o dedi. Tutduğu balıqların çabalamasını həyəcanla izləyən Morissotu birdən atəş açan ağılsızlara qarşı qəzəb və səbirsizlik hissi bürüdü.

O, hiddətlə dedi:
“Gör onlar necə axmaqdırlar ki, bir-birilərini belə qırırlar!”
Cənab Sauvaj cavab verdi:
“Onlar heyvandan da pisdirlər”.
Yenicə bir inci balığı tutan Morissot dedi:
“Belə hökümətlər mövcud olduğu müddətdə vəziyyət dəyişməyəcək”.
“Respublika müharibə elan etməyəcəkdi”,- Cənab Sauvaj əlavə etdi.
Morissot onun sözünü kəsdi:
“Kralın rəhbərliyi altında biz başqa dövlətlərlə müharibə aparırdıq; Respublikanın idarəsində isə vətəndaş müharibələri aparırıq”.

Bununla da dostlar sakitcə, sağlam fikirlərlə siyasi problemləri müzakirə edirdilər. Sülhlə, vətəndaşların mənafeyi ilə əlaqədar söhbətdə eyni fikirdə olduqları bir məsələ var idi: onlar heç vaxt azad ola bilməyəcəkdilər. Mont-Valerien qalasında atışmalar ardı-arası kəsilmədən davam edirdi, atılan top mərmiləri fransızların evlərini dağıdırdı; insanların canına qəsd edilir, çoxlarının arzuları puç olur, ümidləri və gələcək xoşbəxtlikləri əllərindən alınırdı; qadınların, qızların və anaların ürəyində sonsuz iztirab və qüssəyə səbəb olan amansızlıqlar baş verirdi.

Сənab Sauvaj gileyləndi:
“Həyat belədir”.
Morissot gülərək cavab verdi:
“Ondansa, de ki, ölüm belədir”.

Arxadan gələn qəfil addım səsləri dostları qorxuya saldı. Üzlərini çevirəndə yaxınlıqda ucaboylu, saqqallı, hərbi forma geyinmiş və başında düz papaq olan dörd nəfər gördülər. Onlar əllərində silah balıqçıların başının üzərini aldılar. Tilovlar balıqçıların əlindən sürüşdü və çay boyunca axıb getdi. Bir neçə saniyənin içərisində onları ələ keçirdilər, əl-qollarını bağlayıb qayığın içərisinə ataraq İle-Marante çayı ilə apardılar. Dostların heç kəsin yaşamadığını güman etdikləri evin arxasında bir neçə alman əsgəri var idi. Stulda əyləşən və gildən hazırlanmış, tütünlə doldurulmuş uzun çubuğu çəkən üzütüklü, yekəpər bir adam onlardan səlis fransız aksentində bir neçə söz soruşdu:
“Hə, cənablar, balıq tutmaqda bəxtiniz gətirdi?”
Sonra bir əsgər balıqla dolu torbanı gətirərək yekəpər zabitin ayağının yanına qoydu. Prussiyalı gülümsədi. “Görürəm ki, pis deyil. Lakin biz başqa bir məsələ barədə danışmalıyıq. Mənə qulaq asın və həyəcanlanmayın:
“Bilin ki, mənim gözümdə siz mən və işlərim barədə kəşfiyyat aparmaq üçün göndərilmiş iki cəsussunuz. Təbii ki, mən sizi ələ keçirirəm və güllələyirəm. Siz özünüzü elə aparırdınız ki, guya balıq tutursunuz. Bu əsl vəzifənizi gizlətmək üçün daha yaxşı üsul idi. İndi mənim əlimə düşmüsünüz və bunun bədəlini ödəməlisiniz. Müharibənin qaydası belədir”.
“Lakin buraya qarovuldan gəlmisiniz, bu o deməkdir ki, qayıtmaq üçün də şifrəni bilirsiniz. Mənə həmin şifrəni verin və mən də sizi azad edim”.

Qorxudan rəngi qaçan dostlar yanaşı dayanmışdılar. Azacıq titrəyən əlləri keçirdikləri hisslərdən xəbər verirdi.

“Heç kəs bilməyəcək,- zabit sözünə davam etdi, -Siz evinizə sağ-salamat qayıdacaqsınız. Sirr də sizinlə birgə yox olacaq. Əgər etiraz etsəniz, bu ölümə bərabərdir- göz qırpımında ölümə. Seçim özünüzündür”.

Onlar reaksiya vermədən dayandılar və ağızlarını açmadılar. Prussiyalı tam sakit bir şəkildə əlini çaya tərəf uzadaraq dedi:
“Sadəcə düşünün ki, beş dəqiqənin içərisində suyun dibində olacaqsınız. Beş dəqiqədə! Aranızda əlaqələr var, elə deyil mi?” Mont-Valeriendə atışmalar hələ də davam edirdi. Balıqçılar sakit dayanmışdılar. Alman çevrildi və öz dilində əmr verdi. Sonra o, stulunu bir qədər kənara çəkdi ki, əsirlərə o qədər də yaxın olmasın. On iki nəfər əsgər əllərində tüfəng irəli çıxaraq əsirlərdən iyirmi addım məsafədə dayandı. Zabit dedi:

“Sizə bir dəqiqə vaxt verirəm. Ondan artıq yox”. Sonra o, cəld ayağa qalxdı, dostlara nəzər saldı, Morissotun qolundan tutub bir qədər kənara çəkdi və astaca dedi:
“Tez ol! Şifrəni de! Dostun heç nəyi bilməyəcək. Özümü elə aparacağam ki, guya sizə rəhmim gəlib”. Morissot tək kəlimə də demədi. Sonra prussiyalı Cənab Sauvajı eyni üsulla bir kənara çəkib həmin təklifi etdi. Cənab Sauvaj cavab vermədi. Dostlar yenə yanaşı dayandılar. Zabit göstəriş verdi və əsgərlər tüfəngləri qaldırdılar.

Təsadüfən Morissotun gözü otun üzərindəki balıqla dolu torbaya sataşdı. Hələ də çabalayan balıqlar günəşin işığında gümüş kimi parıldayırdı. Morissot kədərləndi. Nə qədər özünü tutmağa çalışsa da, gözləri yaşardı. “Əlvida, Cənab Sauvaj”,-onun səsi titrədi. “Əlvida, Cənab Morissot”,- Sauvaj cavab verdi.

Öz iradələri xaricində olan qorxu ilə başdan ayağa titrəyən dostlar bir-birinin əlini sıxaraq vidalaşdılar. Zabit qışqırdı: “Atəş!” Eyni anda on iki atəş açıldı. Cənab Sauvaj dərhal yerə sərildi. Boyca daha hündür olan Morissot əvvəlcə yavaşca yırğalandı, sonra isə üzü səmaya çevrilmiş vəziyyətdə dostunun yanına yıxıldı. Paltosunda açılmış deşikdən qan axırdı. Alman yeni göstərişlər verdi. Onun adamları dağılışdılar və tezliklə əllərində kəndir və iki dostun ayağına bağlayacaqları daşlarla geri qayıtdılar; sonra onlar meyitləri çayın sahilinə apardılar.

Başı tüstü ilə örtülmüş Mont-Valeriendən hələ də partlayış səsləri eşidilirdi. İki əsgər Morissotun başından və ayağından tutdu; ikisi isə Sauvajın. Əsgərlər güclü əllərində cansız bədənləri yelləyərək uzağa tulladılar. Əvvəlcə ayaqları suya düşən meyitlər sanki əyri xətt formasını almışdılar. Su yuxarıya sıçradı, köpükləndi, sonra isə sakitləşdi; kiçik dalğalar sahili döyəcləyirdi. Qan damcıları çayın səthini ləkələdi. Tamamilə sakit görünən zabit əzazil gülüşlə dedi: “İndi növbə balıqlarındır!” Sonra o, evə doğru yol aldı. Birdən otun üzərində unudulmuş balıqla dolu torbanı gördü. Onu götürdü, gözdən keçirdi, gülümsədi və dedi: “Vilhelm!” Ağ önlüklü əsgər onun çağırışına cavab verdi. Prussiyalı öldürülmüş adamların tutduqları balıqları ona tullayaraq dedi: “Əvvəlcə bu balıqları mənim üçün bişir, hələ diridirlər; Onlardan yaxşı yemək çıxacaq”. Sonra o, tütün çubuğunu çəkməyə davam etdi.

Tərcümə etdi: Arzu Mehralı
Top