Qanın su yerinə axdığı Suriyada, üzərinə silah tuşlayan caninin gözlərinin içinə baxan körpə uşaq bu sözləri ilə, Yer üzünün mərhəmət hissini itirməmiş bütün sakinlərini ağlatmışdı: «Sizdən Allaha şikayət edəcəyəm. Ona hər şeyi danışacağam».
Bu hadisəni – insanlıq dərsini xatırlayırsınız, yəqin. Və hər xatırladığınızda qəhər boğazınıza dirənir, əllərinizlə üzünüzü qapayıb ağlayırsınız. Əmin olursunuz ki, dünyanı «qan çanağına» döndərən heç bir iqtisad-siyasi məqsəd, bir körpənin yanağından süzülən göz yaşlarına dəyməz…
Sonra qarşınıza çıxan ilk uşağı bağrınıza basıb, məsumluğunu qoxlayırsınız. Zülmə uğrayan, mərhəmətsizliklə üzləşən bütün uşaqlara görə, bütün zalımlar adından ondan üzr istəyirsiniz. Əfv diləyirsiniz…
Və siz bu təmənnadəykən, biriləri iki körpə övladını – Abdulla və Xədicəni (digərləri də başqa abdullaları, xədicələri) oğurlayıb ölkədən qaçırlar. Bəli, məhz oğurlayıb – özlərindən, yurdlarından, uşaqlıqlarından və körpə zehniyyəti ilə sevdikləri Allahdan oğurlayıb, yad məmləkətlərə aparırlar.
O məmləkətlərə ki, oradakı uşaqlar hər kəsdən Allaha şikayətçidirlər. Həmin bu biriləri də Allah adı altında, Allaha şikayətçi olan məzlumların sayını daha da artırırlar. Üstəlik Allahın özündən şikayətçi olmalarına rəvac verirlər. Sonra özləri o yad məmləkətlərdə gəbərib, arxalarında gözü yaşlı, ürəyi dağlı, Allahdan incik yetimlər buraxırlar…
Nə uğrunda: şəhidlikmi, Cənnətmi, yoxsa Yaradana dönməkmi? Məgər, onlara nail olmaq bu qədər asandır? Allaha ulaşmaq, Yara qovuşmaq intihar etmək qədər asan olsaydı, Yer üzündə bir nəfər aşiq qalardımı…?
Əzizlərimiz Abdulla və Xədicə!
Əslində, bizə hələ bəlli deyil ki, bu gözəl isimləri siz doğuşdanmı daşıyırsınız, yoxsa sonradan, sizi bu atəşin içinə atmağa hazırlaşan valideynləriniz, öz allahsız əməllərinə rəng qatmaq üçünmü adlarınızı dəyişdiriblər.
Əsas olan bu deyil. Əsas olan – sizin içinizdəki Allahdır. Ondan küsməyin. Sizi həyatla şərəfləndirən, belə şirin körpələrlə dünyanı dəyərləndirən Allah, heç sizin uzaq-uzaq ellərdə, yetimxanalarda, boynubükük, gözüyaşlı qalmağınızı istəyərmi?
Sevimli Abdulla, dillərini bilməsən də, yanındakı qeyri-azərbaycanlı uşaqlara uşaq dilində anlat ki, sizə Yaradanı yanlış tanıdıblar və siz sizi od-alovun içinə atıb qaçan valideynləriniz kimi olmamalısınız. Siz böyüyəndə öz övladlarınıza, baş kəsən, qan tökən, uşaq qatili olan bir Allah barədə deyil, eşq dolu, sizi sevən və sevdiyindən yaradan bir Allah barədə danışmalısınız.
Gözəl balamız, yanındakı bütün uşaqlara çatdır ki, bizim ölkəmizdə sizlərin valideynləriniz kimi düşünənlərin sayı çox azdır. Onlara de ki, biz Allahın qəhr deyil, mərhəmət hissinə layiq görülən bir millətik. Biz bütün yaradılanı sevərik, Yaradandan ötrü.
Və bir də unutmayın… Sizi Allahdan küsdürənlərdən Allaha şikayət etməyi unutmayın!
Mənbə: sputnik.az