Bu gün gender problemləri ilə bağlı Azərbaycanda kütləvi informasiya vasitələrindən tutmuş elmi toplantı və nəşrlərə qədər müxtəlif qurumlar tərəfindən qızğın tədbirlər həyata keçirilməkdədir. Mövzu ilə əlaqədar tanınmış alimlərin bir sıra elmi tədqiqat əsərləri də çap olunmuşdur. Amma nədənsə cəmiyyətimizdəki müasirlləşmə prosesləri fonunda qadın problemlərindən söz düşərkən Azərbaycan milli mətbuatında hələ ötən əsrin ilk illərindən müzakirə obyektinə çevrilmiş yazılardan bəhs edilmir. Qadın problemi Azərbaycan elmi-nəzəri fikri üçün tamamilə yeni bir hadisə kimi təqdim edilir.
Əhməd bəy Ağaoğlunun 1901-ci ildə Tiflisdə rus dilində çap edilmiş "İslama görə və islamiyyətdə qadın" adlı fundamental monoqrafiyasından, Axund Yusif Talıbzadənin bu sahədəki yaradıcılığından (1903-cü ildə islam aləmində qadın tərbiyəsindən bəhs edən "Hədiyyəyi-nisvan" kitabı və onlarla məqalələrindən) və eləcə də digər Azərbaycan ziyalılarının çoxsaylı elmi-publisistik yazılarından söhbət belə getmir. Bir sözlə, son yüzildə mütəfəkkirlərimizin qadın problemlərinə dair yazdıqları, milli-mənəvi və dini baxımdan təqdirəlayiq olan əsərlərin yenidən nəşri və təbliği əvəzinə, sifarişlə yazılmış kitabların nəfis şəkildə çapı, təntənəli təqdimatı və pulsuz yayımı vasitəsilə, nəinki qadın-kişi münasibətlərinə yaxşı bir şey gətirilir, əksinə qadınlarımızın mənəviyyatına mənfi keyfiyyətlər aşılanır və minilliklərdən bəri varlığını mühafizə etmiş ailələrimizin strukturuna təhlükələr yaradılır. Əslində bu problem adı altında cəmiyyətimizə atılmış mənəviyyatsızlıq toxumlarının cücərməsinə şərait yaradılır ki, aşınmaya məruz qoyulan, nəticə etibarilə dağıdılmasına çalışılan isə ailə təşkilatımızdır.
Mənəviyyat işğalçılarının cəmiyyətdə pozuqluq yaratmaq məqsədilə hədəfə aldıqları əsas nişangahları da məhz milli ailə formasıdır. Odur ki, gender sahəsində maarifçilik təbliğatının ailə strukturlarımızın möhkəmləndirilməsi xeyrinə aparılması üçün digər tədbirlərlə yanaşı bu sahədəki tarixi təcrübənin mənimsənilməsi məsələsinə, o cümlədən Əhməd bəy Ağaoğlunun çoxsaylı kulturoloji əsərlərinə də ciddi diqqət yetirilməlidir. Tədqiqatçılar Əhməd bəy Ağaoğlunun "İslama görə və islamiyyətdə qadın" əsərini mədəniyyət tariximizdə qadın problemi ilə bağlı ilk fundamental elmi tədqiqat kimi dəyərləndirirlər. Əsər nəşr olunduğu gündən mətbuatın, elm və din xadimlərinin diqqətini cəlb etmiş və Ağaoğlunun ilə bağlı tədqiqatların əksəriyyətində bu əsərin mahiyyətinə toxunulmuşdur.
1904-cü ildən etibarən isə mətbuatımızın "Həyat" və "İrşad" qəzetləri ilə başlanan yeni intibah mərhələsində Ağaoğlu, eyni mövzuları daha müntəzəm, müasir Avropa demokratik dəyərləri baxımından daha modern meyarlarla qaldırdı və türkcə olması səbəbindən xalqla daha yaxın ünsiyyət və müzakirələr imkanı əldə etdi. "İslama görə və islamiyyətdə qadın" əsərinin elmi-tənqidi təhlillərinə dair məlumatlar əsasən Türkiyədə nəşr olunmuş araşdırmalarda öz əksini tapmışdır. Bu barədə biz ilk geniş bilgini Yusuf Akçuranın "Türkçülüyün tarixi" əsərindən alırıq. Akçuranın bu əsərindən aldığımız məlumatlar, onun orijinal variantdan istifadə etməsi faktını tam açıqlığı ilə ortaya qoyur. Akçura əsərin məzmununu ifadə edən əsas məqamlara toxunaraq vurğulayır ki, "Əhməd bəy bu risaləsində islamın irəliləməsi və geriləməsinə ölçü olaraq "qadın"ı almışdır. Əhməd bəyin incələməsinə görə Həzrəti Peyğəmbər, qadını, əski İran mədəniyyətinə və islamdan öncəki ərəb adətlərinə nisbətdə çox yüksəltmişdir.
Quranın ruhuna görə, birdən artıq arvad caiz deyildir. İslam aləmində Quranın əmirlərinə, peyğəmbərin sözlərinə, İrani və Süryani mədəniyyətlərin qələbəsindən etibarəndir ki, qadın, kültürəl və sosial mövqeyindən düşməyə başlamışdır. Yeniləşmə hərəkatının vüsət aldığı tarixi proseslərdə qadın problemi də diqqət mərkəzi idi. Qafqazda cədidçilərlə mühafizəkarların bu problem ətrafındakı çarpışmaları uzun illər davam etmişdir. Problemi hər kəs qəbul edirdi, hamı qurtuluş yollarını arayırdı: bir cəbhə Avropada, digərləri ənənələrə sədaqətdə görürdü. Mühafizəkarlar müasirləşmənin cəmiyyətin tənəzzülünü sürətləndirdiyinə inanırdılar. Bir qism cəmiyyətin siyasiləşməsi, digər qism isə ictimai dəyərlərin siyasətə alət edilməməsi tərəfdarı idi. Şərqdə qadın haqlarını qaldıranların əsasən Avropada təhsil almış və həyat tərzlərini Qərbin həyat tərzinə uyğunlaşmış insanlar arasından çıxması da təsadüfi deyildi və Ağaoğlu da zümrəyə məxsus idi. Ağaoğlu islamda aparılacaq islahatlar nəticəsində, onun ilkin vaxtlarda olduğu (qızıl dövrü adlandırdığı) vəziyyətini alacağına əminlik aşılayır. O, buna mane ola biləcək amillərdən birinin qədim İran mədəniyyətinin qurum və dəyərləri olduğu və türk qadınının mövqeyini zəiflədən, türk kültürünün inkişafının qarşısını alan əsas səbəblərdən birinin də məhz bu olması düşüncəsindədir. Təbii ki, iranlı kimi çıxış etdiyi Fransa mətbuatındakı yazıları ilə müqayisədə bu mövqe təəccüblü görünür. Azərbaycanda gender problemlərinə dair ilk tədqiqatlardan olan "İslama görə və islamiyyətdə qadın" əsərini, eləcə də sırf islama aid digər kitab və çoxsaylı məqalələrini çap etdirməklə, Ə.Ağaoğlu, islam dinini təhriflərdən və qərəzli münasibətlərdən qorumağa çalışmışdır. Bu əsərlərin, Avropa elmi-nəzəri fikrinin yanlış şərhlərinə təsir göstərmək cəhdləri ilə yanaşı, xalqımızın mövhumat və xürafatdan qurtulub islamın əsil mahiyyətini əks etdirən inanclara yiyələnməsində də praktik əhəmiyyəti olmuşdur.