İdman sağlamlığın əsasıdır. Amma idmanla məşğul olanda diqqətli olmaq lazımdır. Belə ki, idman edərkən etdiyimiz bəzi səhvlər bədəninizdə narahatçılıqlara səbəb ola bilər. Səhv bir hərəkətlə hətta zədələnə bilərsiniz. Belə risklərdən uzaq, təsirli idman üçün etdiyimiz səhvlərin siyahısını sizinlə paylaşırıq. Səbirsiz olmaq+ İdmanla məşğul olanların əksəriyyəti, xüsusilə də artıq çəkidən azad olmaq istəyənlər o dəqiqə nəticə əldə etmək istəyirlər. Lakin idmanla tez bir zamanda nəticə əldə etmək mümkün deyil. Buna görə də idman edərkən səbirli olun və idmana vaxt verin. Ancaq yavaş-yavaş və səbirlə edilən idman sizi artıq çəkidən qurtulmaq və ya əzələləri inkişaf etdirmək üçün daha sağlam və təsirli nəticəyə aparacaq.
İdman etməzdən əvvəl isinmə hərəkəti etməmək
Hər dəfə idmana başlamazdan qabaq isinmə hərəkəti mütləqdir. Belə ki, bu hərəkətlərdən sonra idman hərəkətlərinizi daha rahat edəcəksiniz. Eyni zamanda bu hərəkətlər əzələlərə qan və oksigenin getməsini tezləşdirir, bədənin istiliyini artıraraq idmana hazırlayır. İdmandan öncə 10-15 dəqiqə asta qaça və ya dinamik dartınma hərəkətləri edə bilərsiniz.
İdman bitdikdən də sonra da isinmə hərəkətini unutmayın
Məşqdən qabaq olduğu kimi sonra da dartınma hərəkətlərini etmək olduqca vacibdir. Soyunma otağına getməzdən əvvəl 10-15 dəqiqə bədənin soyumağı üçün asta tempdə qaçış etmək və bədəndəki gərginliyi azaltmaq, əzələləri yumşaltmaq üçün statik dartınma hərəkətləri etmək lazımdır. Əzələləri yumşaltmadan idmanı bitirsəniz, təəssüf ki, əzginlik hiss edə və ya zədələnə bilərsiniz.
Soyuq su içmək
İdmandan əvvəl, sonra və məşğələ zamanı su içmək vacibdir. Belə ki, idman edərkən bədənimiz su itirir. İtirdiyimiz suyun tərkibində duz və minerallar var. Bu səbəbdən də bol-bol su içməliyik. Ancaq içdiyimiz su soyuq deyil, otaq temperaturda olmalıdır. Soyuq su ürək yanğısını tez azaltdığını fikirləşə bilərik. Ancaq bədənimizin soyuq suyu əmməsi və isitməsi bir az gec olur.
Eyni hərəkətləri etmək
Hamımızın məşğələ zamanı sevdiyi hərəkətlər var. Ancaq eyni hərəkətlər müəyyən müddət sonra təsirini azaldır. Daha az yağ itkisinə, əzələlərin daha az qüvvətlənməsinə səbəb olur. Çünki insan bədəni çox «ağıllı»dır. Müəyyən vaxt keçdikdən sonra bədən eyni hərəkətlərə vərdiş edir və avtomatik vəziyyətə keçir. Adətən bədən hərəkətləri 6-8 həftəyə öyrənir. Buna görə də hər 2 aydan bir məşğələlərinizdə hərəkətlərinizi dəyişdirin. Bu zaman idmanın daha effektiv olduğunu görəcəksiniz.
Məşqləri ötürmək
Tənbəlik etmədən məşqlərə mütləq vaxt ayırın. Çünki bir həftə idman etməsəniz bədən geri qalacaq və əvvələ qayıtmalı olacaqsınız. 10 dəqiqəlik idmanla bədəninizin qazandığı möhkəmliyi qoruyub saxlaya bilərsiniz. Günün istənilən vaxtı, işdən evə qayıdanda alış-veriş torbaları ilə qollarınızı, lift əvəzinə pillləkən qalxararaq ayaqlarınızı məşq etdirin.
Hər gün məşq etmək
İdmanla məşğul olmağı həddindən artıq sevsəniz belə unutmayın ki, bədənin dincəlməyə ehtiyacı var. Əgər həftənin 6 günü məşq edirsinizsə, 7-ci günü istirahətə ayırın. Yüngül dartınma hərəkətləri edə bilər, yaxud yoqa ilə məşğul ola bilərsiniz.
Müəyyən nayihələri inkişaf etdirən idmanla məşğul olmaq
İdman edərkən bədənin hər yerini eyni zamanda inkişaf etdirən hərəkətləri tarazlamaq lazımdır. Belə ki, qarın əritmək üçün ancaq o hissə üçün edilən hərəkətlər kifayət etmir. Başqa əzələləri də hərəkət etdirmək lazımdır. Eyni hissəninin əzələlərinə birdən-birə ağırlıq vermək olmaz.
Məşqdən əvvəl və sonra səhv qidalanma
Əzələli olmaq və ya əzələlərinizi qüvvətləndirmək üçün düzgün qidalanmaq da vacibdir. Düzgün qidalanma deyəndə yediklərinizin miqdarını da nəzərdə tuturuq. Heç kəs yağ əvəzinə əzələlərini itirmək istəməz. Məşqdən 2 saat əvvəl bədəninizi karbonhidratla təmin etməlisiniz ki, yağ itirmək üçün yetərli enerjiniz olsun. İdmandan sonra isə protein tərkibli qidalar yeməlisiniz ki, əzələləriniz qüvvətlənsin.