Sumo güləşi

Sumo güləşi

Sumo güləşi Yaponiyada qədim tarixi adətə və ənənəyə dayanan bir güləş növüdür. "Sumo" sözü "zərər verməyəcək şəkildə qarşılıqlı vuruşma" mənasını verir. Japon dilində Sumo "sumafu" sözündən gəlir və bu, "özünü müdafiə" mənasını verir.

Yapon tarixinin ən önəmli mədəniyyətlərindən biri olan Sumo güləşi yalnız Yaponiyada deyil, dünyanın dörd bir tərəfində insanların təqib etdiyi olduqca məşhur bir güləş növüdür. Yaponiyada çox qədim zamanlardan bəri oynanan sumo güləşi adət və ənənənin ön planda tutulduğu bir mərasimdir. Yapon xalqının dərin hörmət duyduğu sumo güləşçiləri Yaponiyada olduqca əhəmiyyətli bir ictimai mövqeyə malikdir. Güləşin bir növü olan sumo yaponların milli idman növüdür. Sumo güləşçilerinin bellərində olan rəngli qurşaqlar (kəmər tipli) və güləşçilərin "oicho" deyilən fərqli saç düzümü Yaponiyanın qədim tarixə aid olduğunu xatırladır.

Sumo elə indi də özünün ənənəvi qaydalarının böyük əksəriyyətini mühafizə edən bir idman növü olaraq yaşadılmaqdadır. Məsələn güləş, köhnədən olduğu kimi "Doxyo" adlandırılan və "tatami" (həsir, qamışdan hazırlanan yer döşəməsi) ilə örtülü, yerdən yüksəkdə olan bir rinqdə keçirilir. Bundan başqa, güləşçiləri dərəcələndirilmə üsulları hələ də dəyişməmişdir və mərasimlər "Shinto dini" (yaponların ənənəvi dini) əsaslarına görə aparılır.

Sumo, hər nə qədər tarixi qədimlərə dayansa da, ancaq Edo dövrünün (1600 -1868) başlanğıc illərində professional bir idman növü haqqını qazanmışdır. İndiki vaxtda sumo, litsey və universitetlərdə iştirak edən klublar və həvəskar dərnəklər tərəfindən, əksəriyyəti də kişi güləşçilər arasında  keçirilir. Həm Yaponiyada, həm də xaricdə sumonun xüsusi bir tamaşaçı kütləsi vardır. Sumo güləşi dedikdə hamımızın ağılına kök iki insanın toqquşması gəlsə də, əslində sumo bizim anladığımız mənada bir güləş yox, qaydaları tamamilə fərqli bir idman növüdür. Yaponiyada yapon kişilərinin izləməkdən imtina edə bilmədiyi iki idman növü vardır: bunlardan birincisi Sumo güləşi, digəri isə Amerikadan Yaponiyaya gələn beysbol idmanıdır.

Əfsanəyə görə sumo idmanının tarixi burdan gəlir: Yapon xalqının Yaponiyada suverenlik əldəedə bilməsi üçün Tanrı Take Mikazuçnin digər qəbilə lideri ilə edəcəyi sumo güləşini qazanması lazım imiş. Qeyri əfasənəyə görə isə, sumo idmanı 1500 ildən daha qədim bir tarixə malik bir idmandır. Sumo idmanının tarixinə qısaca nəzər yetirsək əgər, ilk sumo oyunlarının bol məhsul üçün dualarla Tanrılara həsr olunan dini mərasimlərdən meydana gəldiyini, məbədlərin həyətində müqəddəs rəqslər və nümayişlərlə birlikdə keçirildiyini görərik. Yapon tarixində Nara dövrü olaraq keçən VIII əsrdə sumo imperator sarayındakı mərasimlərdə yer almağa və ildə uğur qazanan sumo idmançılaının da qatıldığı, musiqi və rəqslə müşayət olunan festivallarla təşkil olunmağa başladı. İlk zamanlar sumo müsabiqələri olduqca sərt və amansız səhnələrlə daha çox boks və güləş qarışığı olaraq tarixidə yerini almışdır. Ancaq daha sonrakı illərdə İmperator sarayından edilən müdaxilələrlə yeni qaydalar yaradıldı və yeni üsullar tətbiq edilərək bu günkü sumo güləşi halına gəldi.

Yapon tarixində "Kamakura dövrü" olaraq bilinən dövrdə (1192-ci ildə etibarən) samuraylar ölkəyə hakim olmuş və sumo da bu hərbi rəhbərliyin himayəsi altına girmişdir. Sumo təlimi və bu idmanın texniki üsulları əsgərlərin fiziki gücünü artırmaq üçün də mühüm rol oynamışdır. Bu gün Yapon müdafiə sənəti olaraq bilinən "Jijitsu" adlanan idman da sumonun nəticəsində yaranmışdır.

1603-ci ildən sonrakı dövrdə isə daha çox zəngin və varlı sinfin cəmiyyətdə təsirli hala gəlməsiylə sumo insanları əyləndirmək üçün təşkil olunmağa başladı. Yapon Sumo Federasiyasının təməlləri də bu dövrdə atılmışdır. Yaponiyada bu idman üçün Professional Sumo Federasiyası yaradılıb. Bu federasiya professional Sumo müsabiqələrini turnir olaraq ildə 6 dəfə təşkil edir. Turnir 15 gün davam edir. Bu turnirlər Yaponiyanın 4 böyük şəhərində aparılır. Yanvar, may və sentyabrda turnirlər paytaxt Tokioda, mart ayındakı Yaponiyanın ikinci böyük şəhəri Osakada, iyun ayındakı Nagoyada, noyabr ayındakı Fukuokada keçirilir. Gündüz keçirilən bu qarşılaşmalar hər gün Yapon milli televiziyası NHK tərəfindən canlı yayınlanır. Bundan başqa, sumo yarışlarının gündəlik nəticələri və qiymətləndirmələri hər axşam ana xəbər bülletenlərində verilir və həyəcanla təqib edilir.

Sumo rinqinə Yapon dilində "Doxyo" deyilir, ancaq sumo rinqi deyincə ağlınıza bokstaki kimi ətrafı iplərlə çevrili bir rinq gəlməsin. Bu güləş sahəsi normal güləş döşəyini xatırladır; amma döşəkdən deyil. Doxyo, adını rinqin sərhədlərini təyin edən düyü qamışlarından hazırlanmış kəndirdən alır. Sumo rinqinin ölçüləri yerdən yüksəkliyi 0,61 metr və kənar uzunluğu 5,48 metr olan bir kvadrat sahədən ibarətdir. Sumo güləşçiləri bu rinqin üstündə qarşılaşırlar. Rinqin sərhədləri kvadrat sahənin üstündə 4,57 metr diametrində bir dairə şəklindədir. Rinqin altı isə xüsusi qumlu torpaqdan hazırlanır. Rinqin üstündə isə salonun tavanından aşağı sallanmış bir dam mövcuddur. Bu dam Şinto məbədinin çatısının eynisi olaraq təsvir edilir.
Sumoda məqsəd qarşılaşma zamanı rəqibini rinqin xaricinə itələmək və ya rəqibin tarazlığını pozaraq, bədənin bir hissəsinin yerə dəyməsinə nail olmaqdır. Bədəninin hər hansı bir hissəsi, ümumiyyətlə. ayağı, bu dairə xaricinə çıxarsa, sumo güləşçisi oyunu uduzur. Ancaq uduzmaq rinqin xaricinə çıxmadan da olur. Ayaq döşəkdən kənara çıxmadan, bədəninin hər hansı bir hissəsinin yerə dəyməsilə də nəticələnir. Bu, güləşçinin dizi də ola bilər, qolu da, hətta əl barmaqlarının hər hansı birinin ucu da ola bilər. Bundan başqa, ayaq barmaqlarının və ya topuğun az bir qismi belə rinqdən kənara çıxarsa güləşçi oyunu məğlub başa vurmuş olur. Qısacası, Sumoda məqsəd dimdik rinqin içində dayanmaqdır. Çox nadir hallarda sumo güləşi müsabiqəsi bir neçə saniyə qısa bir müddətdə tamamlanır.



Qaydalar rəqiblərin hərəkətlərinə də məhdudiyyət gətirir. Məsələn, yumruq atmaq, saç çəkmək, qarına və ya gövdəyə təpik atmaq qadağandır. Rinq' çıxan güləşçi əlinə aldığı bir ovuc duzu rinqin ortasına doğru havalı bir şəkildə səpər. Bu duz səpmə tərzi hətta o güləşçinin hansı xüsusiyyətlərə malik olduğu haqda ipucları verir. Sumoda kilo məhdudiyyəti yoxdur. Kilolara görə kateqoriya ayrı-seçkiliyi da yoxdur. Bir güləşçi qarşısında özünün 2 qatı ağırlı];nda bir rəqiblə qarşılaşabilər. Buna görə sumo idmanının özünə xas texnikaları vardır. Bu texniki üsulları doğru, ağıllıca tətbiq edən idmançı oyunu qazanar. İndiyə qədərki qarşılaşmalar içində aşağı çəkili olmasına baxmayaraq ağır çəkili rəqibini məğlub edən sumocular olmuşdur. Yaponlar arasında sumo güləşilə məşğul olan idmançılardan həddindən artıq ağırlığa sahib olanlar da var. Ümumiyyətlə, bu bir gerçəkdir ki, ağır çəkili olmaq əksər vaxt sumo güləşçilərinə üstünlük qazandırır. Bəzən250 kiloluq çəkiyə malik sumo güləşçilərinə də rast gəlmək mümkündür. Ağır cüssələrinə baxmayaraq sumo güləşçilərinin çox elastik bədənləri vardır. Sumo güləşçisi ola bilmək üçün Yapon olmaq şərt deyil.
Sumoda oyunu ədalətli idarə etmək böyük əhəmiyyət kəsb edir və hakimlərə böyük vəzifələr düşür. Ring hakiminə "qyoji" deyilir. Ring hakimi 600 il əvvəlki Kamakura dövrünə aid "Samuray kimonosu" geyər. Başlarına taxdıqları qara papaq isə şinto rahiblərinin şapkasındandır. Sumo qarşılaşması başlarkən qyoji yəni, rinq hakimi, rinqe çıxar və xüsusi bir səs tonuyla qarşılaşacaq rəqiblərin adlarını səsləndirər. Sumo güləşçiləri daha çox sumoyu xatırladan poetik taxma adlardan istifadə edərlər. Bəziləri bu adları doğulduqları yerin adından və ya sumoyu öyrəndikləri ustalarının adlarından alırlar. Güləşçilər meydana çıxar, qarşılamaya başlama işarəsini qyojinin əlindəki taxta yelpiyi çırpma səsiylə başlayarlar.
Müsabiqə davam edərkən, digər idman növlərindəki kimi, hakim oyunu diqqətlə təqib edər, ancaq digərlərindən fərqli olaraq bir tərəfdən də güləşçiləri cəsarətləndirəcək, ruhlandıracaq sözləri qışqıraraq oyunu aparar. Orta hakimdən başqa rinq kənarında dörd hakim də oyunu izləyər. Oyun gedən anda rinq hakimləri səhv qərar verərsə, oyunun çəkiliş kamerasyla həmən an yenidən izlənir və qarşılaşma ədalətli bir şəkildə yenidəndavam edər. Turnirin sonunda güləşi qazanan rikisi İmperator Kubokunun sahibi olur.
Top