Cadugərlik

Cadugərlik

Bu ayəyə diqqət yetirin: «(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): «Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq, sən gəl kafir olma!» - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!» (surə 2, ayə 102).
Bəli, dinimizdə sehr, cadu etmək böyük günahlardandır. Həzrət Məhəmmədin (s.ə.s) peyğəmbərliyindən əvvəl ərəblər arasında sehrbazlıq çox yayılmışdı. Lakin İslam dininin gəlişi ilə sehrbazlıq bütpərəstlik kimi aradan gedirdi. Peyğəmbərimizə (s.ə.s) sehrbazların bəzi şeyləri düz dediklərini deyəndə, Allahın rəsulu deyir: «Bu doğru kəlmələri cinlər oğrun-oğrun qulaq asaraq, bu kəlmələri oğurlayaraq öz dostlarının, yəni sehrbazların, falçıların qulağına, sözlərə yüz yalan əlavə edərək pıçıldayarlar…». Quran və hədislərdən məlum olur ki, şeytanlar içərisindən mələklərin söhbətlərinə gizlində qulaq asıb cadugərlərə çatdırırlar: «…Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər. Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir…» (surə72, ayə 8-10). Yəni sehrbazlar şeytanlarla rabitəyə girib, insanın keçmişinə aid bəzi məlumatları öyrənə bilirlər.
Ancaq bunu cəmiyyətdə «falçı» adlandırılanların əksəriyyəti bacarmır və insanları aldatmaqla məşğuldurlar. Keçmişdən xəbər versə də, heç bir falçı insanın gələcəyini dəyişə, xoşbəxt edə bilməz! Bu qabiliyyəti olsaydı, özünə çarə qılardı! Qeybi Allahdan başqa heç kəs bilməz: «Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir…» (surə 6, ayə 59). Hətta Peyğəmbər (s.ə.s) də Allahın bildirdiyindən başqa heç bir qeybi bilmirdi: «De: «… Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı…» (surə 7, ayə 188).
Adətən, falçılar yaxşı psixoloq olur, insanın etibarını qazanıb bir az tanıyandan sonra, onu müəyyən bir gələcək həyata «kökləyirlər». Və insan falçının vəd etdiyi gələcəyi özü gerçəkləşdirir. Falçı deyəndə, 5 gündən sonra sevinəcəksən, sən artıq özünü buna kökləyirsən. Özü də fala baxmaq günah olduğu kimi, fala baxdırmaq da günahdır. Peyğəmbərimiz (s.ə.s) deyir: «Hər kəs qeyb işləri üçün (itən əşya, sehr etdirmək, kimisə sehrlətdirmək, kiminsə cadu olunub-olunmadığı haqda öyrənmək, bəxt bağlamaq və ya bəxt açmaq, taleyə baxdırmaq, qız ərə vermək və ya evdə saxlamaq üçün dua yazdırmaq, ərin dil-ağzını bağlatdırmaq və s.) sehrkar (falçı, cadugər) və ya hər hansı bir yalançının yanına gedib, onun sözlərini təsdiqləyərsə, Allah-Təalanın göndərdiyi bütün səmavi kitabları inkar edib və kafir olubdur».
Bir az ayıq olaq. Yeganə qüdrət sahibi olan Allaha sığınsaq, Ona sadiq bəndə olsaq, hətta kimsə həqiqətən bizə qarşı cadu etdirmiş olsa belə, onun əsla təsiri olmaz! Allahın sadiq bəndələrinə heç bir cadu təsir edə bilmir.
Arayış
Əslində, cadu deyilən bir şey var. Lakin nəinki ərəb dilində, heç ana dilində adını düzgün yaza bilməyən cadugərlərin bu elmdən baş çıxarması inandırıcı deyil. Ərə getməməyin, qayınana ilə dalaşmağın, sən demə, günahkarı «cadu»dur. Elə fikir yaranır ki, cəmiyyətdə hamıya cadu olunub, burnun axsa da, deyirlər cadulusan! Ailəni xoş münasibət qoruyar, hansısa fırıldaqçının yalandan etdiyi cızmaqara deyil. Qadın bu «cadu»lardan etsə, həyat yoldaşı ona bağlanar. Yoxsa cadu etdirsən də, xeyiri olmayacaq.
Top