Xose Raul Kapablanka

Xose Raul Kapablanka

AZADLIQ ADASINDAN OLAN ŞAHMATÇI
«Siz qətiyyətli olmalısınız! Əgər düşünürsünüzsə ki, gediş yaxşıdır, onu əldən buraxmayın. Təcrübə ən yaxşı müəllimdir».
X. R. Kapablanka.
1888-ci il noyabrın 19-da uzaq Kuba adasında havanalı şahmat həvəskarının ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Onu həyatda öz vətənini şöhrətləndirmək, dahi şahmatçı və dünya çempionu olmaq kimi böyük səadət gözləyirdi. Bu, Xose Raul Kapablanka idi.

O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Balaca Xose bir neçə gün ərzində müstəqil olaraq şahmatın əsasını elə öyrəndi ki, atası zəif gediş edəndə onun səhvini tutdu. Oğlunun şahmatın sirlərinə bələd olmasından heyrətlənən atası balacaya şahmat oynamağı təklif etdi. Görüş dörd yaşlı Xosenin qələbəsi ilə nəticələndi.
Kapablanka nağıllarda olduğu kimi, anbaan böyüyürdü. Artıq 12 yaşında o, Kuba çempionu olur. Məktəbi qurtardıqdan sonra 15 yaşlı Xose təhsilini davam etdirmək üçün ABŞ-a gedir. 17 yaşında ikən Nyu-Yorkun məşhur Manhetti klubunda çıxış edən Kapablanka bütün rəqiblərinə qalib gəlir. Bir il sonra o, dünya mempionu Laskerin çıxış etdiyi sürətli oyun üzrə turnirdə (blits-turnir) bir-birinin ardınca qələbə qazanaraq, finalda oynamaq hüququ qazanır. Finalda 18 yaşlı Kapablanka dünya çempionu Laskeri ağır məğlubiyyətə uğradır. Gənc şahmatçının sürətli və dəqiq düşünülmüş gedişləri çempionu heyrətə salır. Qalibi təbrik edərkən Lasker deyir: «Əhsən, siz bir dəfə də olsun səhv etmədiniz».
Xose Raul Kapablanka1908—1909-cu illərdə Kapablanka ABŞ-da böyük qastrol səfərinə çıxır. Iki aya yaxın davam edən səfərdə o, 703 qələbə qazanır, 19 oyunu heç-heçə başa çatdırır və yalnız 12-dəfə məğlub olur. Bu səfər onu dünyanın ən güclü şahmatçılarından biri olan ABŞ çempionu Frenk Marşalla oynamağa ruhlandırır. Marşall qələbə qazanacağını güman edərək, asanlıqla onun təklifi ilə razılaşır. Lakin matçın nəticəsi hamını heyrətə salır. Kapablanka +8—1=14! hesabı ilə rəqibini ağır məğlubiyyətə uğradır.
Iki ildən sonra o, Avropanın ən güclü şahmatçıları ilə görüşmək qərarına gəlir. 1911-ci ildə Ispaniyanın kurort şəhəri San-Sebastyanda dünyanın ən güclü qrossmeysterlərinin iştirakı ilə turnir keçirilir, Turnirdə təkcə dünya çempionu Lasker və hələ gənc olan Alyoxin iştirak etmirdilər. Marşall üzərində qazandığı qələbəni nəzərə alaraq, Kapablanka da turnirə dəvət olunur. Lakin Nimtsoviç və Bernşteyn onun turnirdə çıxış etməsinə razı deyildilər. Kapablanka birinci yeri tutaraq, öz hüququnu müdafiə edir. O, 6 qələbə, (o cümlədən Nimtsoviç və Bernşteyn üzərində) qazanır.
San-Sebastyan turnirindən sonra Kapablanka Avropa və Şimali Amerikaya qastrol səfərinə çıxır. Havana, London, Paris, Berlin, Vyana, Peterburq və Moskvanın şahmat həvəskarları dahi şahmatçının oyunları ilə tanış olmaq imkanı tapırlar. Artıq onun nüfuzu o qədər böyük idi ki, hamı Kapablankanın şahmat tacına 1 nömrəli namizəd olduğunu söyləyirdi. A. Alyoxin yazırdı: «Kapablanka kimi heyrətamiz bir şahmat təfəkkürünə malik olan şahmatçını heç vaxt—nə əvvəllər, nə də indi görməmişəm. Peterburq ustalarına sürətli oyunda 5, özünə isə 1 dəqiqə götürərək, hamısına qalib gəlməsi faktı göstərir ki, o, böyük şahmatçıdır». P. Romanovski xatirələrində yazır ki, Alyoxin hələ 1914-cü ildə ona demişdir ki, bir neçə ildən sonra Kapablanka ilə Dünya çempionu adı uğrunda matçda görüşəcəkdir. «Axı, dünya Çempionu Laskerdir»,—deyə Romanovski heyrətini gizlədə bilməmişdir. Alyoxin inamla ona belə cavab vermişdir: «Kapablanka tezliklə dünya çempionu olacaq».
Birinci dünya müharibəsinin başlanması şahmat tacı uğrunda mübarizənin keçirilməsinə mane oldu. Yalnız 1921-ci ildə Havanada Kapablanka ilə Lasker arasında dünya çempionu adı uğrunda mübarizə başlandı. Rəqiblər 24 oyun keçirməli idilər. 14-cü görüşdən sonra hesab +4=10 olarkən Lasker özünü məğlub sayır. Beləliklə, Kapablanka dünyanın üçüncü şahmat çempionu adına layiq görülür.
Yeni çempionun növbəti yarışlardakı qələbələri sübut edir ki, o, bu adı təsadüfən qazanmayıb. 1916-cı ildən 1924-cü ilədək Kapablanka bir dəfə də olsun məğlubiyyətə uğramır. Indi hamını bir məsələ düşündürürdü: ümumiyyətlə, ona qalib gəlmək mümkündürmü? Lakin bu müvəffəqiyyətlər yeni dünya çempionuna pis təsir edir. O, mürəkkəb oyuna az meyl edir. Tezliklə müvəffəqiyyətdən başı gicəllənən Kapablanka 1924-cü ildə Nyu-York turnirində məğlub olur. Ötən 8 il ərzində ilk dəfə olaraq o, 2-ci yeri tutur. Bir il sonra isə Moskva turnirində 3-cü yerlə kifayətlənir.

Daha bir il sonra isə Kapablanka yenidən ən güclü şahmatçı olduğunu sübut edir. Laskerdən başqa, bütün güclü şahmatçıların çıxış etdiyi Nyu-York turniri onun inamlı qələbəsi ilə başa çatır. O, ikinci mükafatçı A. Alyoxindən 3,5 xal (!) aralanır. Bu müvəffəqiyyətdən Kapablankanın yenə də başı gicəllənir. O, tac uğrunda növbəti mübarizəyə lazımınca hazırlaşmır. 1927-ci ildə Buenos-Ayresdə keçirilən görüşdə A. Alyoxinə +3—6=2 hesabı ilə məğlub olur.
Kapablanka məğlubiyyətdən sonra da böyük turnirlərdə müvəffəqiyyətlə çıxış edir. Onun görüşləri yenə də sadəliyi və planlılığı ilə fərqlənirdi. Oyun texnikası isə hamını heyrətə salırdı. 1939-cu ildə IX şahmat olimpiadasında Kapablanka özünün sonuncu görüşünü keçirir. Kuba komandasının tərkibində birinci taxtada oynayan keçmiş dünya çempionu ən yaxşı fərdi oyuna görə olimpiadanın mükafatına layiq görülür.
1942-ci il martın 8-də Kapablanka 53 yaşında vəfat edir. Onun ölümünü eşidən A. Alyoxin yazırdı: «Kapablankanın ölümü ilə biz heç vaxt görə bilməyəcəyimiz dahi şahmatçını itirdik».

Top