Pol Morfi

Pol Morfi

METEORA BƏNZƏR
Ilk beynəlxalq London turnirinin başlanmasına 1 il qalmış həmin yarışların gələcək iştirakçısı, Macarıstan çempionu, usta I. Levental ABŞ-da qastrol səfərində idi. 1850-ci il mayın 22-də Yeni Orleanda olarkən ondan 12 yaşlı oğlanla oynamağı xahiş etdilər. Görkəmli usta ev sahiblərinin xətrinə dəyməmək üçün təklifə razı oldu.
Taxtada rus görüşü oynanılarkən, 8-ci gedişdə balaca oyunun sürətli inkişafını davam etdirmək üçün fili atla dəyişir. 13-cü gedişdə isə kombinasiya quraraq, uduşlu sonluğa nail olur. Levental çox fikirləşsə də oyunda dönüş yarada bilmir. Rəqibinin gedişlər üzərində çox düşünməsindən yorulan balaca şahmatçı 57-ci gedişdə səhvə yol verir. Macarıstan çempionu bundan istifadə edərək, oyunu heç-heçə başa çatdırmağa müvəffəq olur.
Levental yorulduğunu bəhanə edərək, üç gündən sonra yenidən görüşməyi təklif edir. Mayın 25-də rəqiblər taxta arxasında otururlar. Çox keçmir ki, balaca şahmatçı üstünlüyü ələ alır. 45-ci gedişdə onun kombinasiyalarından çaş-baş olan Levental məğlub olduğunu bildirir. 13 yaşlı oğlanın oyunundan heyrətə gələn Macarıstan çempionu ayağa qalxaraq qələbə münasibətilə onu təbrik edir və təntənəli surətdə deyir: «Ümidvaram ki, sizin dünya çempionu olacağınız günü görəcəyəm».
Həmin balaca oğlan sonralar dünya şahmat səmasının ən parlaq ulduzlarından biri olan Pol Morfi idi. 1837-ci il mayın 22-də Yeni Orleanda anadan olan Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı. Atası, böyük qardaşı, dayısı isə Yeni Orleanın ən güclü şahmatçılarından sayılırdılar. 10 yaşında ikən atası ona şahmat oynamağı öyrədir. Bir ildən sonra isə Pol ailələrindəki şahmatçıların hamısını məğlubiyyətə uğradırdı.
Levental üzərindəki qələbədən sonra Pol 6 il ərzində elmlə məşğul olaraq, əvvəlcə kolleci, sonra isə universiteti bitirib vəkil ixtisasına yiyələndi.
Birinci beynəlxalq London turniri nəinki Avropada, eləcə də ABŞ-da böyük maraq doğurdu. Ona görə də Amerika şahmat həvəskarları birinci Amerika turniri keçirməyi qərara aldılar. 1857-ci ildə Nyu-Yorkda start götürən turnirdə ABŞ-ın ən güclü şahmatçıları çıxış edirdilər. Morfi bütün rəqiblərinə asanlıqla qalib gələrək, birinci yeri tutur. Çempion olandan sonra o, Avropa şahmatçıları ilə görüşməyi qət edir və 1858-ci ildə Avropaya yola düşür.
Londonda Morfi ilk beynəlxalq görüşlərini keçirərək, bütün ingilis şahmatçıları üzərində qələbə qazanır. Sonra o, Parisə yola düşərək, Fransanın şahmatçıları ilə görüşdə də inamlı qələbə qazanır.1858-ci ilin dekabrında şahmat aləminin çoxdankı arzusu yerinə yetir. Morfi birinci beynəlxalq London turnirinin qalibi Andersen ilə görüşür. Ilk görüş Andersenin qələbəsi ilə başa çatır. Ikinci görüş heç-heçə nəticələnir. Sonra isə Morfi qələbə estafetinə başlayır. O, dalbadal 5 görüşdə qələbə qazanaraq, matçı öz xeyrinə başa çatdırır.
Matçdan sonra hər iki şahmatçı şah qambiti tətbiq etməklə, daha 6 görüşdə öz qüvvələrini sınamağı qət edirlər. Morfi yalnız 1 görüşdə məğlub olaraq, yenə də qalan 5 oyunda qalib gəlir. Qələbələrdən sonra «Ən güclü şahmatçı kimdir?» sualının cavabı artıq hamıya məlum olur. Təəssüf ki, vətənə qayıdandan sonra Morfi ciddi şəkildə şahmatla məşğul olmur, güclü şahmatçıların heç biri ilə görüşmür. 1884-cü il iyulun 10-da Morfi vəfat edir.
Indiyədək yaşamış şahmatçıların ən görkəmlisi olan Morfinin şahmat həyatı cəmi 3 il çəkmişdir. Lakin Morfinin şahmatın inkişafına o qədər təsiri olmuşdur ki, indi də onun haqqında əfsanələr söylənilir. Şahmatçılar açıq oyunu məhz ondan öyrənmişlər. Məhz o, bizə açıq vəziyyəti düzgün qiymətləndirməyi və qəti qərar çıxarmağı öyrətmişdir. Fiqurların inkişaf etdirilərək döyüşə atılması nə qədər tez olsa, bir o qədər yaxşıdır. Debütdə üstünlüyü ələ alan kimi, qurban verməkdən qorxmayaraq, öz fiqurların üçün xətti açmalısan—Morfinin ən böyük kəşflərindən biri olmuşdur.
Beynəlxalq qrossmeyster M. Botvinnik Morfinin şahmat irsini belə qiymətləndirir: «Indiyədək Morfi açıq oyunların keçilməz ustası olaraq qalır. Onun əhəmiyyəti bundan görünür ki, Morfidən sonra, açıq oyunda yeni heç bir şey yaranmamışdır, Təzəcə oynamağa başlayan şahmatçıdan tutmuş ustayadək hamı dahi Amerika şahmatçısının yaradıcılığından öyrənməlidir».

Top