Konsul (lat. konsul) – iki ölkə arasında qurulmuş konsul münasibətləri çərçivəsində funksiyaların icrası üçün digər dövlətin hər-hansı şəhəri yaxud vilayətində daimi nümayəndə qismində təyin edilən vəzifəli şəxs. Konsul funksiyaları 1963-cü ilin Konsul əlaqələri haqda Vyana konvensiyası, bir sıra çoxtərəfli razılıqlar, həmçinin ikitərəfli konsul konvensiyaları və dövlətdaxili qanunvericiliklə təsbit edilir. Konsul qəbul edən dövlətin qanunvericiliyi ilə verilən bütün hüquqlardan öz ölkəsinin vətəndaşlarının mümkün qədər tam şəkildə istifadə etmələri üçün tədbirlər həyata keçirir, konsul dairəsi hüdudlarında olan ölkəsinin vətəndaşlarının qeydiyyatını aparır, onlara lazımi hüquqi yardım göstərir, vətəndaşların qanunla təsbit edilmiş sənədlərini (pasportlar, şəhadətlər və s.) verir, uzadır və onlara dəyişiklik edir, öz ölkəsinə daxil olması üçün vizaları verir, vizaların vaxtını dayandırır və uzadır, notarial hərəkətləri, həmçinin təmsil etdiyi dövlətdə verilmiş sənədlərin konsul leqallaşmasını icra edir.
Konsullar institutu XI əsrin sonlarında Şərq ölkələrində avropalı tacirlərinin maraqlarını qorunmaq üçün yaranmışdı. Ticarət inkişaf etdikcə o daha da geniş yayılır və XVIII əsrin sonlarına bu gün də mövcud olan cizgilərinə sahib olur.
Dövlətlər arasında diplomatik münasibətlərin qurulması avtomatik olaraq konsul münasibətlərin qurulmasını nəzərdə tutur. Digər tərəfdən, diplomatik münasibətlərin kəsilməsi avtomatik olaraq konsul münasibətlərin kəsilməsi mənasını daşımır.
Hamı tərəfindən qəbul edilib ki, konsul təmsiledici xarakterli səlahiyyətlərə malik deyil və bu xassə yalnız diplomatik missiya başçısına şamil edilir. Hər dövlət konsul korpusunun vəzifələri, status və səlahiyyətlərini özü müəyyən etsə də, konsul öz vəzifələrini yalnız fəaliyyət göstərdiyi ölkənin tanıdığı çərçivələrdə yerinə yetirə bilər. Bu mənada konsulluqların səlahiyyətləri iki dövlətin qanunvericiliyi, yaxud xüsusi olaraq təsbit edilmiş rejimlə məhdudlaşdırılır.
Konsul xarici ərazinin müəyyən hissəsində dövlətin rəsmi agentidir. Bu dairə çərçivəsində o, dövlətin ərazisindən kənarda yaşadığı vətəndaşları üzərində saxladığı hakimiyyətə malikdir. Konsulun vəzifələrinə onlara yardımçı olmaq, onların müdafiəsini təmin etmək və ümumən vətəndaşların yerdəyişməsi, ticarət, dənizçilik və s. haqqında müqavilələrə riayət olunmasına nəzarət etmək aiddir. Hər dövlət konsul xidmətinin statusunu, funksiya və səlahiyyətlərini sərbəst şəkildə müəyyən edir. Lakin bütün millətlərin konsulları arasında müəyyən ümumi iyerarxiya formalaşıb.
Konsulların fəaliyyətinə onların tabe olduqları diplomatik missiya başçısı, yaxud missiya başçısının bu işi tapşırmağı lazım bildiyi diplomat tərəfindən nəzarət edilir.
Son zamanlar konsulluqların əhəmiyyəti artıb. Bu konsulların vəzifələrinin, missiyalarını yerinə yetirə biləcəkləri şərtlərin, həmçinin vəzifələrini uğurla yerinə yetirmələri üçün onlara verilməsi lazım olan imtiyaz və toxunulmazlıqların sadələşdirilməsi və unifikasiya edilməsi (vahid şəklə salınması) ehtiyacını yaratdı.
Konsul fəaliyyətinin hüquqi bazası BMT Beynəlxalq hüquq Komissiyası tərəfindən işlənib hazırlanmış 24 aprel 1963 il tarixli konsul əlaqələri haqqında Vyana konvensiyasıdır.
19 mart 1967-ci ildə qüvvəyə minmiş 77 maddəyə əsasən, Vyana konvensiyası imzalanma üçün iki protokolu ehtiva edir: birincisi – fikir ayrılıqlarının məcburi nizamlanması; ikincisi – konsul qurumlarının əməkdaşlarının və onların ailə üzvlərinin fəaliyyət göstərdikləri ölkədə vətəndaşlıqlarına aid.
Konvensiyada 4 konsul dərəcəsi təsbit edilib: baş konsul, konsul, vitse-konsul, konsul agenti.
Baş konsulluq adətən ən mühüm mərkəzlərdə təsis edilir.
Konsulluğun təşkili üçün qəbul edən ölkənin icazəsi tələb olunur. Sonuncu səfirin (yəni baş konsul, konsul, vitse-konsul yaxud fəxri konsul) statusu və yerləşmə məkanı, konsulluğun yurisdiksiyasının həcmi barədə məlumat sorğusu göndərə bilər. Həmçinin bu müddəalarda istənilən sonrakı dəyişikliklərə qəbul edən ölkənin icazəsi tələb olunur.
Konsul işçiləri iki kateqoriyaya bölünür:
a) karyera (kadr) konsul işçiləri – hökümətin tam xidmətində çalışır və dövlət başçısı və xarici işlər naziri tərəfindən təyin olunurlar;
b) qeyri-karyer rəsmi işçilər – onlar üçün konsul vəzifələrinin icrası adətən əsas fəaliyyətlərinin yalnız bir hissəsini təşkil edir.
Kadr işçilər qəbul edən ölkənin ərazisində şəxsi gəlir əldə etmək məqsədi ilə peşə yaxud kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər və mütləq xidmət göstərdikləri dövlətin vətəndaşları olmalıdırlar. Qəbul edən ölkənin vətəndaşı yalnız dövlət icazəsinin mövcudluğu halında təyin edilir və bu icazə istənilən halda geri götürülə bilər. Fəxri konsul işçisi isə, əksinə, əksər hallarda fəaliyyət göstərdikləri dövlətin vətəndaşlarıdır.
Muzdlu konsul işçilərinə konsul vəzifələrinin icrası üçün cavabdehlik daşımayan əməkdaşlığı şamil edirlər; onlar inzibati və texniki işin icrası üçün muzdla tutulublar.
Konsul agentləri və prokonsullar bəzi dövlətlər tərəfindən təyin edilir, lakin bu terminlərin ümumən qəbul edilmiş tərifi yoxdur. Adətən onları ranqca vitse-konsuldan aşağı olan, məhdud məsuliyyətli konsul işçilərinə aid edilirlər, lakin onların konkret statusu və vəzifələri müxtəlif ölkələrdə fərqlidir.
Dövlət konsul təyin edərkən, onun rütbəsi və vəzifələri göstərilməsi, həmçinin onun səlahiyyətləri çərçivəsində olan dairənin müəyyən edilməsi ilə xüsusi sənəd verir. Konsul, sənədlə ona verilmiş rütbəni bütün fəaliyyət müddəti dövründə qoruyub saxlayır.
_____________________________________
Bu, bəzən konsul etibarnaməsi, yaxud patent (a Comission) adlanan sənəd diplomatik kanallar vasitəsilə qəbul edən ölkənin hökümətinə çatdırılır. Sonuncu, etirazı olmadığı təqdirdə, təyinatı tanıyan cavab sənədi – ekzekvaturanı (lat. an Exequatur – aydınlaşdırmaq, müəyyən etmək) hazırlayır. Ekzekvatura geri götürülə bilər; bu halı nəzərdə tutan konvensiyalar, adətən ekzekvaturanın geri çağırılmasının izah edilməsini tələb edirlər.
_____________________________________
Konsul əlaqələri haqda Vyana konvensiyasının 12(1) maddəsində qeyd edilir: «Konsul qurumunun başçısı öz vəzifələrinin icrasına qəbul edən ölkənin ekzekvatura adlanan icazəsi ilə (bu icazənin formasından asılı olmayaraq) buraxılır».
Konsula ekzevaturanı verən fəaliyyət göstərdiyi dövlət onun yerli qanunvericilik və konsul konvensiyası ilə nəzərdə tutulan vəzifələrinin azad icra etmək hüququnu, həmçinin onun rütbəsinə şamil edilən imtiyaz və immunitetlərdən (üstünlüklərdən) istifadə etmək hüququnu təsdiqləyir. Yerli qanunvericiliyə uyğun olaraq konsulu qəbul edən dövlət ekzekvaturanı vermə aktı ilə siyasi və inzibati hakimiyyətləri konsulu həmin qisimdə tanımağı və konsul konvensiyaları və adətləri ilə konsula verilən imtiyazlar və üstünlüklərindən, səlahiyyətlərindən sonuncusunun istifadə etməsinə imkan yaratmağı tapşırırlar.
Eyni qayda konsul personalının işçilərinə münasibətdə də tətbiq edilir. Bu halda sadəcə lazımi məlumatları çatdıran vaxtında verilmiş bildiriş kifayətdir və bildirişin qəbulu halında ekzekvaturanın formal verilməsi mütləq deyil.
_____________________________________
Öz vəzifə yerinə çatıdqda konsulluğun başçısı protokola müvafiq olaraq bu barədə konsul korpusunun duayenini, yerli hakimiyyət orqanları və digər konsulluq başçılarını məlumatlandırır.
_____________________________________
Ekzekvatura, yaxud istənilən digər qaydanın qüvvəsi ilə vəzifələrinin icrasına buraxılmış və ilk dəfə vəzifəsinə keçən xarici konsullar onun konsul dairəsini təşkil edən ərazinin hakimiyyət orqanlarına, həmçinin bütün kateqoriyalı konsul nümayəndələrinə gəlişi və vəzifə başına keçməsi barədə yazılı şəkildə məlumat verir. Konsullar dərhal ali şəhər inzibati hakimiyyət orqanlarını rəsmi vizitlə ziyarət edir və sonuncular cavab viziti edirlər. Cavab vizitinin tezliyi hər yerdə hörmət əlaməti kimi qiymətləndirildiyi üçün onu qısa müddət, ən yaxşısı 24 saat ərzində etmək yaxşıdır. Konsulun xanımı mümkün qədər tez inzibati orqanların ali nümayəndəsinin xanımına və həyat yoldaşının həmkarlarının xanımlarına vizitlər edir.
Konsul başçısı vəzifələrin icrasına buraxılan kimi, qəbul edən hökümət bunun üçün bütün lazım şərtləri təmin edir.
Konsulluğun başçısı yerində olmadığı təqdirdə (xəstəlik, yaxud müvəqqəti vakansiyaya görə), qəbul edən ölkənin etirazı yoxdursa, onu konsulluğun diplomatı yaxud işçisi əvəz edə bilər. Fəaliyyət göstərən konsulluq başçısının adı əvvəlcədən qəbul edən ölkənin hökumətinə təqdim edilməlidir.
Konsulluq işçisi istənilən vaxt və heç bir izahat verilmədən arzuolunmaz şəxs elan edilə bilər. Bu halda onun ekzekvaturası ləğv edilir, o, artıq konsulluq işçisi hesab edilmir və geri çağırılır.
Konsul əlaqələrinin kəsilməsi zamanı konsulluğunun otaqları, əmlakı və arxivləri dərhal qəbul edən dövlətin müdafiə və mühafizəsi altına keçməlidir. Konsulun işləri əmlak və arxivləri ilə birgə təyinat ölkəsi tərəfindən qəbul edən ölkədə akkreditə olunmuş üçüncü ölkəyə etibar edilə bilər.