Diplomatiya nədir?

Diplomatiya nədir?

Məlum olduğu kimi, diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir. Xarici siyasət diplomatiyanın məq­sədləri və vəzifələrini müəyyən edir, diplomatiya isə öz növbəsində, özündə xarici siyasətin həyata keçirilməsi üçün istifadə edilən praktiki tədbirlərin, həmçinin forma­lar, metodlar və vasitələrin məcmusunu ehtiva edir. Dip­lomatiya və xarici siyasət ayrılmaz və vahid bütövlük təş­kil edirlər, eyni bir prosesin bir-birini tamamlayan tərəfləridirlər.
Hesab edilir ki, diplomatiya onun müasir klassik anlamında gündəlik dövlət fəaliyyətinin xüsusi növü kimi XVI əsrin sonları-XVII əsrin əvvəllərində formalaşmışdır. Məhz bu zamanlardan  kralların və hökmdarların saraylarında daimi diplomatik nümayəndəliklər yaranır, həmçinin xarici nümayəndə heyətlərinin qəbulu, diplomatik danışıqlar və yazışmalar üzrə xüsusi dövlət qurumları fəaliyyət göstərməyə başlamışdı. Beynəlxalq münasibətlər tarixində diplomatiyanın mahiyyətini və ayrı-ayrı tərəflərini açıqlayan müxtəlif təriflər məlumdur.
I Napoleon hesab edirdi ki, diplomatiya təmtəraqlı libas geyinmiş siyasətdir. Ingilis diplomatı E.Satou diplomatiyanı «müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağlın tətbiqetməsi» kimi tərif edir.
Fransız diplomatı Ş. de Martens isə diplomatiyaya bu cür tərif verir: «Dövlətlərin xarici əlaqələri, yaxud xarici işləri haqda elm, daha dar mənada isə danışıqlar aparmaq elmi və məharəti».
Oksford lüğəti diplomatiyanı «danışıqlar vasitəsilə beynəlxalq münasibətlərin aparılması», «beynəlxalq münasibətlərin nizamlanması və səfirlər və elçilər tərəfindən aparılması metodu», «diplomatın işi, yaxud məharəti» kimi tərif edir.
Rusdilli mənbələrdə bu terminin ən dolğun izahına bir neçə dəfə nəşr edilmiş üçcildli «Diplomatiya lüğəti»ndə tapmaq olar  (M., 1984. I cild. S.327).
__________________________________
Diplomatiya – həll edilən məsələlərin xarakteri və konkret şərtlərini nəzərə alaraq, tətbiq edilən qeyrihərbi praktiki tədbirlər, metod və üsulların məcmusundan ibarət dövlətin xarici siyasətini həyata keçirmə vasitəsidir; dövlətin xarici siyasətinin məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin hüquq və maraqlarının, onun xaricdəki qurumlarının və vətəndaşlarının müdafiəsi üzrə dövlət başçıları və hökümətlərin, xarici işlər nazirliklərinin, xarici işlər qurumlarının, xaricdəki diplomatik nümayəndəliklərinin, beynəlxalq konfranslarda nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.
__________________________________
Diplomatiya anlayışı ilə beynəlxalq münaqişələrin qarşısının alınması, yaxud nizamlanması, kompromis və bütün tərəflərin qəbul edəcək həll yollarının axtarışı, həmçinin beynəlxalq əməkdaşlığın genişlənməsi və dərinləşdirilməsi məqsədləri üzrə danışıqların aparılması məharətini də əlaqələndirirlər.
Diplomatiya termini «diplomat» sözündən əmələ gəlib. Ilkin olaraq diplomat sözü diploma tutan kimi tərcümə edilirdi – məhz bu cür, yunan terminologiyasına riayət edərək, Qədim Romada əyalətlərə, yaxud xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət məktubu, yaxud etimadnamə adlanırdı.
Diplomas sözü hökmdarların rəsmi sənədləri (aktları) demək idi, diploma sözü isə yunancadan «ikiqat artırmaq», yəni onların qatlanması üsulundan əmələ gəlmişdi. Diploma dedikdə, imtiyaz verən sənəd, yəni  dövlət kağızı, rəsmi sənəd başa düşülürdü.
K.Leybnits 1693-cü ildə nəşr etdiyi «Beynəlxalq diplomatik hüququn külliyatı» kitabında diplomatik sözünü əsl dövlət sənədləri toplusuna şamil etmişdi.
Fransada la diplomatique (diplomatika) termini qədimi sənədlərin şifrlərini açma məharəti mənasını daşıyır.
Klassik anlamda diplomatiya XVI əsrin sonu-XVII əsrin əvvəllərində formalaşsa da, onun spesifik fəaliyyət növü kimi yaranması bilavasitə dövlətlərin yaranması ilə bağlıdır. Çin, Babilistan, Misir kimi qədim dövlətlərin tarixindən məlumdur ki, artıq o vaxt diplomatik fəaliyyət kifayət qədər müəyyən və eyni zamanda mürəkkəb formaya malik idi.
Qədim Şərq diplomatiyası hərbi-teokratik şahlıqların xarici siyasətini əks etdirirdi. Məhz həmin dövrdə müxtəlif saziş, müqavilə növləri yaranır, problemlərin həlli üçün səfirliklər göndərmək ənənəsi formalaşmışdı. Qədim Misirdə köçəri tayfalarla müharibələr zamanı hərbi əməliyyatlara başlamazdan öncə diplomatik danışıqlar aparmaq kimi inkişaf etmiş praktika mövcud idi. Misirdə diplomatik yazışma ilə xarici işlər üzrə xüsusi dövlət dəftərxanası məşğul olurdu.
Qədim Şərq diplomatiyasının çoxsaylı abidələri arasında daha böyük maraq kəsb edən Əl-amar n yazışması və firon II Ramzeslə Het çarı III Xatuşili arasında e.ə. 1296-cı ildə bağlanmış müqavilədir. Əl-amar n arxivi XVIII sülalə fironlarının diplomatik yazışmasından, təxminən 360-a yaxın gil lövhəciklərdən ibarətdir. Mətnlər arasında o dövrün ən yaxşı protokol qaydalarında, o cümlədən qarşılıqlı salamlama və iltifatlar mübadiləsi ilə yazılmış Suriya və Fələstin hakimlərinin firona məktubları da var.
Qədim Şərq diplomatiyasının və beynəlxalq hüququn başqa diqqətəlayiq abidəsi Manunun qədim Hind qanunlarıdır. Onların əsl, orijinal mətni bizim zəmanəyə gəlib çatmamışdır və bu barədə məlumatı xeyli sonralar nəzm formasında yazılmış əsər vasitəsilə əldə edilib.
Manu qanunlarına əsasən, diplomatiya məharəti müharibənin qarşısını almaq və sülhü möhkəmləndirmək bacarığından ibarətdir. Sülh və onun əksi olan müharibə elçilərdən asılıdır, çünki məhz onlar müttəfiqləri yaradır və bir-birinə qarşı qoyurlar. Hökmdarlar arasında sülhün bərqərar olmasına, yaxud müharibələrin baş verməsinə səbəb olan işlər məhz onların sərəncamındadır, onların fəaliyyətindən asılıdır. Manu qanunları diplomat qarşısında çox yüksək tələblər qoyurdu: o, nüfuzlu, cəsarətli, məsuliyyətli, dürüst, bacarıqlı, bəlağətli, uzaqgörən, mötəbər yaşda olan, bütün elmlərdən xali və digər insanlarda özünə qarşı rəğbət oyatmağı bacaran insan olmalıdır. O, yaxşı hafizəyə malik olmalı, atacaq addımlarının yeri və vaxtını bilməli, başqa ölkələrin hökmdarlarının planlarını nəinki onların sözləri və hərəkətlərinə əsasən, hətta jestləri və üz ifadələrinə görə oxumağı bacarmalıdır.
Qədim yunan polislərinin diplomatiyasının mər­kəzi xəttini milli azadlığın müdafiəsi ideyası təşkil edirdi. Müntəzəm olaraq danışıqlar, səfirliklər mübadiləsi aparılır, dövlətlərarası  müşavirələr çağırılır, hücum və müdafiə xarakterli müqavilələr bağlanırdı. Diplomatiyanın təşkili formaları, metodları və vasitələri daima işlənib hazırlanırdı. Xüsusi missiyalarla başqa ölkələrə göndərilən Qədim Yunanıstanın səfirləri xalq yığıncaqlarında seçilir, missiyalarını başa çatdırdıqda isə onların qarşısında hesabat ve­rirdilər. Femistokl, Perikl, Makedoniyalı Filipp kimi məş­hur tarixi şəxsiyyətlər bir müddət Qədim Yunanıstanın səfiri vəzifəsində çalışmışdılar.
Qədim Romada diplomatiya daimi müharibələr, ekspansiya, işğal siyasəti şəraitində inkişaf edirdi. Üç Pun müharibəsi dövründə diplomatiya xüsusilə fəal şəkildə aparılırdı. Yunanıstandan fərqli olaraq, Romada ümumi yığıncaqlarda yalnız ən önəmli məsələlər – hərb və sülh məsələləri həll edilirdi. Qədim Roma   diplomatiyasının texnikası üsullar və formaların mürəkkəb və eyni zamanda incə işlənib hazırlanması ilə seçilirdi. Hannibal qeyd edirdi ki, Romanın qüdrəti onun hərbi gücündə yox, düşmənlərinin qüvvəsini parçalamaq məharətindədir.
Feodal monarxiyaların xarici siyasəti və diplomatiyası siyasi dağınıqlığın tez bir zamanda aradan götürülməsinə, hərbi birliyə və rəqiblər üzərində ticari üstünlüyə malik olmaya yönəlmişdi. Digərləri ilə müqayisədə kapitalist münasibətləri daha erkən inkişaf etməyə başlamış orta əsr Italiya şəhər-dövlətləri xarici bazarlar uğrunda fəal mübarizə aparırdılar. Bu mübarizədə onlar antik, Bizans təcrübəsinin, Şərq dövlətlərinin praktikasının ən yaxşı nümunələrindən bəhrələnərək, incə diplomatiyanın müxtəlif üsullarından istifadə edirdilər.
Feodal Italiyanın tanınmış siyasi xadimi və diplomatı Makiavelli öz dövrünün ən məharətli diplomatı kimi məşhurdur (düzdür, zəmanəsinə uyğun bir çox mənfi cizgilərlə bahəm). Makiavelli özünün «Hökmdar» əsərində diplomatiya sənətinin özünəməxsus nəzəriyyəsini əks etdirmişdi: «Nəzərə almaq lazımdır ki, mübarizənin 2 növü var: biri - qanun, digəri isə – güc vasitəsi ilə. Birinci yol insanlara, ikinci yol isə heyvanlara xasdır, lakin çox vaxt birinci kifayət etmədiyi üçün ikincisinə əl atmaq məcburiyyəti yaranır».
Makiavelli hesab edirdi ki, diplomatiyada ən son ali məqsəd dövlət marağıdır və ona nail olmaq üçün istənilən vasitələrdən istifadə etmək olar. Bu siyasətçinin təbliğ etdiyi diplomatiya makiavellizm adını aldı və özündə mənfi diplomatiyaya xas olan dönüklüyü, hiyləgərliyi ehtiva edir. Buna baxmayaraq, Makiavellinin adı diplomatiya tarixinin müəyyən mərhələsi ilə üzvi surətdə bağlıdır.
Makiavellinin ideyaları tamamilə yox olmamış, və tez-tez yeniləşdirilmiş formada beynəlxalq münasibətlərin və diplomatiyanın  müasir nəzəriyyələrində istifadə olunur. Ikinci Dünya müharibəsindən sonra siyasi realizm məktəbinin banisi Q.Morgentau yazırdı: «Diplomatiyanın sərəncamında üç vasitə var: inandırma, kompromiss və zorla təhdid. Diplomatiya ustalığı hər konkret anda sərəncamında olan üç vasitədən biri üzərində düzgün seçim etmək məharətindən ibarətdir. Digər funksiyaları da uğurla həyata keçirən diplomatiya şərtlər ilk növbədə kompromiss tələb edən vaxt inandırmaya üstünlük verdikdə, öz milli maraqlarının müdafiəsi və sülhün qorunmasında uğursuzluğa düçar ola bilər. Şərtlər dövlətin hərbi qüdrətini nümayiş etdirməyi tələb edən vaxt kompromissə üstünlük verən, yaxud siyasi vəziyyət inandırma və kompromissi tələb edərkən hərbi qüdrətini önə çəkən diplomatiya da uğursuzluğa düçar olur».
Orta əsrlərin beynəlxalq münasibətlərində kilsə böyük rol oynayırdı. Roma papaları öz nümayəndələri – nunsiləri digər ölkələrə göndərirdilər. Nunsi tərcümədə xəbərçatdıran, elan edən deməkdir. Beləliklə, nunsi fəaliyyət göstərdiyi ölkənin hökümətinə papanın iradəsini çatdıran adamdır. Lakin o zaman nunsilər, bir qayda olaraq müvəqqəti idilər, yəni müəyyən zaman çərçivəsində müəyyən missiya ilə səfər edirdilər.
Diplomatların peşəkar kadrları XV əsrin sonu-XVI əsrin əvvəllərində yaranmağa başlayırlar. Məhz bu dövrdə xaricə daimi işə göndərilən dövlət nümayəndələri təyin edilməyə, həmçinin digər ölkələrdə daimi fəaliyyət üçün missiyalar və səfirliklər təsis edilməyə başlanır.
1789-1794-cü illərin Böyük Fransa Inqilabı xarici siyasətin əsas tələbi qismində millətin aliliyi prinsipini irəli sürərək, feodal mütləq monarxiyaların diplomatiyasına sarsıdıcı zərbə vurdu.
Beynəlxalq münasibətlərin bəzi tarixçiləri hesab edir ki, «klassik diplomatiya» 1815-ci ilin Vyana konqresindən Birinci Dünya müharibəsinə qədər mövcud olmuş, kardinal Rişelyenin «siyasi vəsiyyətində» işlənib hazırlanan «daimi danışıqlar» nəzəriyyəsi isə müasir diplomatiyanın əsasını təşkil etmişdir.
1815-ci ildə Vyana konqresində qəbul edilmiş reqlament ilk dəfə olaraq, diplomatik nümayəndələrin vəzifə və rütbəsinə görə birinciliyini və onların iş qaydasını dəqiq və aydın müəyyən etmişdir. 1818-ci ilin Aahen beynəlxalq protokolu isə diplomatik nümayəndələrin hüquq və vəzifələrini dəqiqləşdirdi. Bu iki sənəd faktiki olaraq, bu gün də dünyanın bütün ölkələrində mövcud olan diplomatik nümayəndələrin vahid ranqlarının təsbit edilməsi üçün ənənəvi əsaslardır.
Yalnız XVIII-XIX əsrlərdə daimi ixtisaslanmış diplomatik aparat formalaşmağa başlayır. Bundan öncə dövlət başçısı yanında adətən xarici işlər üzrə mülki müşavir fəaliyyət göstərirdi, daimi aparat mövcud deyildi. XIX əsrdə bu cür aparat artıq bütün ölkələrdə təsis edilmiş, XX əsrdə isə o dövlət idarəetməsinin bütün sisteminin mühüm, qüdrətli və ixtisaslaşmış hissəsinə çevrildi.
Diplomatiya daima inkişaf edir, daha incə və transparent (aydın, şəffaf) olur. Onun metodları dəyişir, yeni, bəzən çox gözlənilməz formaları yaranır. A.Kovalyov «Diplomatiyanın əlifbası» kitabında belə bir misal gətirir. 1963-cü ilin sonunda Fransa hökuməti Leonardo da Vinçinin məşhur əsəri «Mona Liza»nı Luvrdan Vaşinqton milli qalereyasına göndərir. Bu şedevr prezident Con Kennedinin ən sevimli əsərlərindən biri idi və general  Ş. de Qoll Fransa-Amerika münasibətlərinin gərginləşməsi fonunda şəxsi diqqət əlaməti olaraq bu addımı atmaq istəmişdi. «Nyu-York Tayms» haqlı olaraq bu jesti diplomatiyanın incə forması kimi dəyərləndirmişdi.

Top