Aqreman

Aqreman

Səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqrement (fr.) latın sözündən əmələ gəlib və qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq mənasını daşıyır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir. Adətən aqreman sorğusuna mənfi cavab verilmir, cavabda gecikdirmə artıq onu vermək istəməmə haqqında xəbər verir. Aqreman sorğusunun incə xarakterini nəzərə alaraq, sorğu ilə müraciət edilən hökumət bir qayda olaraq, cavabı gecikdirməməyə çalışır. Burada qarşılıqlıq prinsipi, yəni bu hökumətin öz səfirinə aqremanı hansı müddətə alması nəzərə alınır.
Aqreman sorğusu zamanı tərcümeyi-hal arayışı gerbsiz, imzasız, tarixsiz və möhürsüz təmiz vərəqdə çap edilir. Bütün məlumatlar mütləq dürüst olmalıdır, çünki hər hansı qeyri-dəqiqliklər aşkar edildiyi halda arayışda söhbət gedən diplomat üçün arzuolunmaz və qarşısıalınmaz fəsadlar yarana bilər. Gələcək diplomatik nümayəndə haqqında dəqiqləşdirici məlumatlar məcburi deyil. Onun tərcümeyi-halı haqqında ümumi təsəvvür yaradan qısa məlumatları göstərmək kifayətdir. Bəzi ölkələr aqremanı yazılı şəkildə şəxsi söhbət zamanı verilən şəxsi yaxud verbal nota formasında tələb edirlər. Çox nadir hallarda aqreman telefonla tələb edilir.
Sorğu verilmiş aqreman haqqında məruzəni və öz fikirlərini hökumətə təqdim etməzdən öncə xarici işlər nazirliyi namizəd barədə informasiya toplayır, onu ümumiləşdirir və sonra hökumətə öz nəticəsi ilə birgə məruzə göndərir.
Aqreman sorğusu haqqında xatırlatmaq və xarici işlər nazirliyini cavab verməklə bağlı tələsdirmək məqbul sayılmır. Aqremanın verilməsi ilə bağlı cavab onun sorğu edildiyi yolla verilir. Xarici işlər nazirliyi aqreman istəmiş diplomatik nümayəndəni dəvət edərək, şifahi şəkildə ona hökumətinin müsbət cavabını çatdırır. Bu zaman heç bir sənəd verilmir. Əgər sorğu yazılı formada edilmişdirsə, cavab eyni formada verilməlidir.
Tarixdə aqremanın verilməsi ilə bağlı çoxsaylı maraqlı əhvalatlar məlumdur. Məsələn, Rusiya diplomatiya praktikasından çar I Nikolayın 1832-ci ildə Stredford-Kanqinqinin Peterburqa ingilis səfiri təyin edilməsi haqqında aqremana rədd cavab verməsi faktı məlumdur. Akademik Tarle özünün «Krım müharibəsi» əsərində bu barədə belə yazır: «I Nikolayın nümayişkarənə addımında istedadlı ingilis diplomatının Konstantinopol və Yunanıstanda məharətlə apardığı antirus intriqaları və fəaliyyəti haqqında bol-bol məlumatlar da mühüm rol oynadılar. Axı Palmerston 1831-1832-ci illərdə onu Konstantinopola məhz bu məqsədlə göndərmişdi». Təklif olunan namizədə aqremanın verilməsində inadkarlıq nümayiş etdirən Palmerston Stredford-Kanqinqinin Peterburqda çara təqdim edildikdən sonra həmişəlik şəhəri tərk etmək şərti ilə sonuncunun çar tərəfindən qəbul edilməsinin mümkünlüyünü araşdırdı. Buna cavab olaraq I Nikolay cavab verdi ki, o, Stredford-Kanqinqinə Rusiyanın ən ali ordenlərindən birini verməyə hazırdı, təki sonuncu ümumiyyətlə Peterburqda görsənməsin. Bu əhvalatla bağlı bəzi tarixçilər hesab edir ki, sonralar Türkiyədə ingilis səfiri qismində çalışmış Stredford-Kanqinq 1853-1856-illərin Krım müharibəsinin başlanmasında mühüm rol oynamışdı.
Aqreman alınan kimi təyinat ictimaiyyət üçün aşkar edilir. Işlər müvəkkili missiya başçısının gəlişi zamanı haqqında xarici işlər nazirini məlumatlandırır və nazirin onu ilk vizitlə nə vaxt qəbul ediləcəyi barədə məlumat alır. Etimadnamənin verilməsi anına qədər diplomat vəzifəsinə keçməmiş sayılır. Lakin ənənə tələb edir ki, xarici hakimiyyət orqanları ona və onu müşayiət edənlərə müxtəlif diqqət əlamətləri göstərsinlər: sərhəddə gömrük və sərhəd güzəştləri, gəlmə məntəqəsində protokol şöbənin əməkdaşı tərəfindən qarşılanma.

Top