Diplomatik missiyanın digər üzvlərinin diplomatik korpus siyahısına daxil edilmələri üçün qeyd olunan şəxslər barədə xarici işlər nazirliyini nota ilə məlumatlandırmaq lazımdır. Bir qayda olaraq, missiyanın yeni əməkdaşları rəsmi şəkildə xarici işlər nazirinə təqdim edilmirlər. Lakin məsələn, Fransada adətən missiya başçısı yeni əməkdaşlarını protokol rəhbərinə, onun müavinləri və müvafiq siyasi və inzibati şöbələrin rəhbərlərinə təqdim edir.
Yeni diplomatik əməkdaşların gəlişi barədə nota ilə məlumatlandırma çoxsaylı diplomatik korpusu olan paytaxtlarda xüsusən önəmlidir. Bu halda vizit kartlarının göndərilməsinə ehtiyac qalmayacaq. Əgər yeni gəlmiş diplomatik əməkdaş xanımdırsa, o, kişi əməkdaşla eyni qaydalara riayət edir, yəni hər ailə cütlüyünü iki vizit kartı göndərir. Cavab vizit kartları göndərmək lazım deyil.
Ölkəni tərk edərək yeni vəzifəyə keçən diplomatlar diplomatik korpusun şəxsən tanış olduqları üzvlərinə, həmçinin xarici işlər nazirliyinin bəzi rəsmi şəxslərinə üzərində p.p.c. (pour prendre conge – fr. vida ilə bağlı) qeydi olan öz vizit kartlarını göndərməlidirlər.
Qaydalardan müəyyən istisna təşkil edən hərbi, hərbi-dəniz və ya hərbi-hava attaşenin təyin edilməsi qaydasıdır. Bir çox ölkələrin praktikası tələb edir ki, bu şəxslərin təyinatı və onların tərcümeyi-hal məlumatları hərbi qurumu məlumatlandırmaq xahişi ilə əvvəlcədən xarici işlər nazirinə göndərilsin. XIN hərbi qurumu bu fakt barədə agah edir və onun rəyini soruşur. Etiraz olmadıqda XIN diplomatik nümayəndəliyə hərbi, hərbi-dəniz və ya hərbi-hava attaşenin təyin edilməsi haqqında hərbi qurumun məlumatlandırılması barədə verbal nota göndərir. Eyni zamanda ona giriş vizasının verilməsi barədə göstəriş verilir. ___________________________________
Diplomatik missiyanın başçısı gəlişinin (missiyasını bitirməklə əlaqədar ölkədən gedişi) tarixi, zamanı və məkanı, həmçinin missiyanın digər üzvlərinin, onların ailələrinin gəlişi və gedişi haqqında təyinat ölkənin xarici işlər nazirliyinin protokol şöbəsini əvvəlcədən məlumatlandırmalıdır.
___________________________________
Bundan başqa, bəzi ölkələrdə missiyanın yerləşdiyi ölkənin xarici işlər nazirliyinə ölkəsinin vətəndaşlarının müəyyən vəzifələrə təyinatları yaxud azad edilmələri barədə detallı şəkildə məlumatın çatdırılması praktikası mövcuddur.