Bayraq, gerb və himn kimi daha bir dövlət rəmzi milli bayramdır. Beynəlxalq protokol xarici dövlətlərin milli bayramlarını qeyd etmək öhdəliyi qoyur. Bununla bağlı tədbirlər ölkələr arasındakı münasibətlərin vəziyyətindən asılıdır.
_________________________________________
Milli bayramla əlaqədar həmin dövlətin başçısına digər dövlətlərin başçıları ənənəvi olaraq təbrik teleqramları göndərirlər. Bu cür təbriklər vacib diplomatik sənədlərdir və həmin an üçün iki ölkə arasında münasibətlərin vəziyyətini əks etdirirlər.
_________________________________________
Bəzən teleqramlar səfirlər vasitəsilə çatdırılır. Sonuncular qəbul edən ölkənin protokoluna müvafiq olaraq dövlət başçısına vizit edir və təbriki şəxsən təqdim edirlər. Bütün ölkələrin nümayəndələri üçün hər hansı bir ayrıseçkilik olmadan teleqramların digər çatdırılma formaları da mövcuddur.
Diplomatik korpus milli bayramla əlaqədar, həmçinin dövlət başçısının şəxsi iştirakı ilə mərasimlərdə tam tərkiblə iştirak edir. Diplomatik korpusun iştirakı ilə bağlı seremonial məsələlərində yeganə nüfuzlu orqan hər dövlətin protokol xidmətidir.
Protokol şöbələri qəbul edən ölkənin və diplomatik münasibətlər saxlanılan ölkələrin bütün protokol tədbirləri, milli bayramları, tarixi əhəmiyyətli və yaddaş tarixləri nəzərə alınmış diplomatik təqvimlər aparırlar.
___________________________________
Dövlət mərasimlərinin planlaşdırılması və keçirilməsi də protokol şöbənin səlahiyyətindədir. Bayram tarixlərindən başqa, bura inaqurasiyalar, vizitlər, dövlət əhəmiyyətli yubileylər və s. aid edilir. Bu tədbirlər üçün bir neçə həftə və hətta bir neçə ay öncə detallı planlar tərtib edilir, nazirlik diplomatik korpusun duayeni ilə (sonuncu bu planların tərtibatına cəlb edildiyi halda) məsləhətləşmələr aparır. Planlaşdırma üzrə xüsusi komitələrin və əlaqələndirmə komitələrinin (ad hoc lat. qeyd olunan hal üçün, xüsusi) yaradılması adi normaya çevrilib. Sonuncuların tərkibinə hüquq-mühafizə orqanlarının (maşınların park edilməsinə və yol hərəkətinin tənzimlənməsinə nəzarət üçün), ordunun (orkestr və fəxri qaravulun formalaşdırılması üçün), mətbuat və yerli mülki hakimiyyət orqanlarının nümayəndələri və xarici qonaqların (istənilən sayda) iştirakı gözlənilirsə, gömrük, immiqrasiya və aeroport işçiləri daxil ola bilər.
____________________________________
Milli bayram günləri qəbul edən ölkələrin çoxunda səfirlər televiziyada çıxış edir. Yerli mətbuatda ölkə barədə materiallar nəşr edilir, televiziyada informasiya verilişləri hazırlanır.
____________________________________
Adətən səfir, yaxud elçi milli bayramlar günlərində qəbul edən ölkənin paytaxtında öz vətəndaşlarının koloniyasını (milli icmanı) qəbul edir. Əyalət şəhərlərində koloniyanı konsul qəbul edir. Qəbulda xüsusi tostlar söylənilir. Həmçinin dövlət başçısına səmimi, dost hisslərini ifadə edən namə göndərilə bilər.
Səfirə onun ölkəsinin milli bayramı ilə əlaqədar yerli və xarici hakimiyyət nümayəndələri tərəfindən vizit edilir və buna cavab olaraq gecikdirilmədən cavab viziti edilmədilir. Əgər nümayəndəlik başçısına xüsusi ehtiram nümayiş etdirilMişdirsə, o dərhal üzərində p.r. inisiallı minnətdarlıq əks edilmiş vizit kartını göndərməlidir.
Məsələn, Fransada təkcə tarixi xarakterli yox, həmçinin katolik bayramlar da milli hesab edilir. May ayının birinci bazar günü Janna d’Ark bayramıdır; 14 iyul Bastiliyanın tutulmasının ildönümüdür; həmçinin 1918-ci ilin atəşkəsinin ildönümü və 1945-ci il müharibəsinin bitməsi tarixini qeyd edirlər. Bəzi günlər Fransada qanuni bayramlar hesab edilir: 1 yanvar, pasxa bazar ertəsi, Vozneseniye cümə axşamı, Troitsa bazar ertəsi, 15 avqust (Uspeniye), 1 noyabr (bütün müqəddəslərin günü), 25 dekabr (Milad).
_________________________________________
Dövlət başçıları arasında Yeni illə əlaqədar təbrik və arzular mübadiləsi ənənə şəkli alıb (Əlavə 9).
_________________________________________
Bu məqsədlə gözəl tərtib edilmiş açıqcalar buraxılır. Yeni il təbrikləri üçün çox vaxt vizit kartlarından istifadə edilir. Bəzən o, təbrik açıqcası, yaxud suvenirini müşayiət edir və r.f.N.A. qeydi ilə tamamlanır.
____________________________________
Bəzi ölkələrdə dini bayramlar geniş qeyd edilir. Dini mərasimlər zamanı protokol məsələləri ilə adətən kilsə özü məşğul olur.
____________________________________
Dövlət başçısının vəzifə başına keçməsi də ali səviyyədə müxtəlif ünsiyyət formaları üçün səbəb hesab edilir. Beynəlxalq etiketə müvafiq olaraq, yeni dövlət başçısına təbrik teleqramları, məktublar, namələr göndərmək qəbul edilib (Əlavə 10). Ölkənin protokol şöbəsi qəbul edilmiş təbriklərin qeydiyyatını aparır, onlara cavablar hazırlanır. Bəzi ölkələrdə mərasimə xarici nümayəndə heyətləri dəvət edilir.
Rəsmi matəmi hökumətin başçısı elan edə bilər. Bu halda ona qeyd edilən nümayəndəliyin başçısı və işçiləri də riayət edir; əgər matəmi qəbul edən dövlətin hökuməti elan edibsə, ona həmin ölkədə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin üzvləri riayət edir.
Qəbul edən ölkənin dövlət başçısının, hökumət başçısı, yaxud kral ailəsinin üzvünün vəfatı, yaxud milli faciə ilə əlaqədar nümayəndəlik başçısı öz nazirliyindən matəmin müddəti, bayrağın endirilməsi və s. aid təlimatlar alır. Matəm zamanı nümayəndəlik başçısı və işçiləri adətən qara rəngli qalstuk, yaxud onun ekvivalentini taxır (müvafiq geyim formasına qadınlar da riayət etməlidir), və nümayəndəlik başçısı ictimai tədbirləri ziyarət etməkdən mümkün qədər çəkinməlidir. Öncədən planlaşdırılmış tədbirlər ləğv oluna bilər; bu qayda dövlət səviyyəsində qəbullara şamil edilmir. Özəl qəbullar kifayət qədər təmkinli və təntənəli xarakter daşımalıdırlar. Başsağlıqları kitabı adətən səfirlikdə, yaxud nümayəndəlik başçısının iqamətgahında vizit kartları üçün qutu ilə yanaşı olur; başsağlığı bildirmək istəyənlərin hamısı burada öz qeydini edə bilər. Bəzi hallarda üzərində qara matəm lenti olan mərhumun şəkli də qoyula bilər. Diplomatik yazışmada bir müddət qara rənglə nişanlanmış dəftərxana ləvazimatlarından istifadə edilir.
Əgər qəbul edən ölkədə rəsmi matəm elan edilirsə, diplomatik korpus protokol şöbənin başçısı ilə sıx əlaqə saxlayan duayenin rəhbərliyi altında nizamlı şəkildə hərəkət edirlər. Diplomatik korpus üzvlərindən bayraqlarını yarıyadək endirmək və qeyri-formal tədbirlərin çoxunu ləğv etmək xahişi edilə bilər. Diplomatik missiya başçıları başsağlıqları ifadə edilmiş rəsmi məktubu şəxsən göndərir və diplomatik nümayəndəliyin hər işçisi müvafiq toplantı keçirilən nazirlikdə, başsağlıqları kitabı ilə yanaşı üzərində p.c. qeydi olan öz vizit kartını qoyur.
Diplomat-həmkarların hər hansı birinin təmsil etdiyi dövlətin ali şəxsi vəfat edirsə, diplomatik nümayəndəlik başçıları başsağlığını eyni formada bildirirlər. Başsağlıqları məktub, yaxud vizit kartı vasitəsilə bildirilir.