Milli rəmzlər

Milli rəmzlər

Dövlət bayrağı, gerbi və himni – dövlətin rəsmi rəmz­ləridir və müvafiq hörməti tələb edirlər. Milli qanunlara əsasən, gerb və himn ölçülərindən asılı olmayaraq həmişə təsdiqlənmiş rəngli, yaxud ağ-qara təsvirinə tam müvafiq şəkildə yaradılırlar. O cümlədən gerb möhürlərdə, rəsmi sənədlərin blanklarında, bəzi dövlət qurumlarının binalarının, xüsusi nəqliyyat vasitələrinin, poçt markalarının və ayrı-ayrı döş nişanları üzərində təsvir edilir.
Əksər ölkələrdə dövlət gerbinin təsvirinin blanklar və digər hallarda tətbiqinə dair müəyyən məhdudiyyətlər və qaydalar mövcuddur. Bu dövlət hakimiyyət orqanlarının səlahiyyətindədir.
Ayrı-ayrı şəhərlərin, dövlət orqanlarının, dövlət qurum­larının, hətta ayrı-ayrı şirkət və fiziki şəxslərində gerbləri var. Bir çox ölkələrin təcrübəsində fiziki şəxslərdə irsi keçən gerbin mövcudluğu onların nəslinin qədimliyinə, çox vaxt zadəganlara aid olmasına dəlalət edir. Tarixən gerbə mütləq hörmət qaydası qüvvədədir. Ona hörmətsizlik ən ağır təhqirlərdin biri kimi qiymətləndirilir.
____________________________________
Dövlət bayrağına rəsmi ehtiramın nümayiş etdirilməsi ümumi qəbul edilmiş  beynəlxalq normaya çevrilib.
____________________________________
Dövlət bayrağı xüsusi flaqştokda (bayraq ağacı, bayraqtac) qaldırılır. Eyni zamanda bir neçə bayraq qaldırılırsa, flaqştoklar və bayraqlar eyni ölçüdə olmalıdır. Bir qayda olaraq, bayraqlar razılaşdırılmış dildə dövlətlərin adı əsasında əlifba sırası ilə düzülür, lakin bununla bağlı ciddi normalar mövcud deyil. Məsələn, britaniya protokoluna görə milli bayrağa hörmətli, fəxri yer ayrılır, digər bayraqlar isə (xaricə açılmış şəkildə) milli bayraq­dan sağ və solda dövlətlərinin adları üzrə əlifba sırası ilə düzülür.
Ali əcnəbi qonağın qəbulu zamanı çox vaxt onun milli bayrağı qəbul edən ölkənin bayrağı  ilə eyni yerdə, yəni mərkəzi tribunanın hər iki tərəfindən qaldırılır. Bu halda meydançada olan əsas qonağın sağ tərəfindəki bayraq yeri qonağın bayrağına verilir.
Həm qəbul edən ölkə, həm də təmsil olunan ölkə tərəfin­dən milli matəmin rəsmi elanı zamanı bayraqlar yarıyadək endirilməlidir. Əvvəl bayraqlar flaqştokların tam yüksəkliyinə qədər qaldırılır, sonra yavaş-yavaş yarıyadək endirilir və dəfn günü ərzində bu cür vəziyyətdə qalır; lakin monarxiya dövlətlərində ölkə başçısının vəfatı halında bayraqlar ənənəvi olaraq ölüm günündən dəfn gününə qədər endirilmiş şəkildə qalırlar. Yeni hökmdarın elanı günü bayraqlar yenidən əvvəlki vəziyyətinə qaytarılır.
Diplomatik nümayəndəlik başçıları dövlətlərinin bay­raqlarını istənilən vaxt qərargahlarında və nümayəndəliklərinin binalarında qaldırmaq hüququna malikdirlər. Həmçinin onlar milli bayrağı xidməti avtomobillərində quraşdıra bilərlər, lakin əksər nümayəndəlik başçıları bunu sırf rəsmi tədbirlərlə bağlı və ya təhlükəli hallarda etməyə üstünlük verirlər.
Adətə görə, bayraqlar səhər saat 8-də qaldırılır və qaş­qaralan vaxt endirilirlər. Əgər bayraq gecə-gündüz yüksəlmiş halda olursa, qaranlıq vaxtı xüsusi işıqlandırma işə salınır.
Öz fəaliyyətini limana da yayan konsul işçilərinə rəsmi tədbirlər zamanı milli bayraqlarını gəminin burnunda ucaltmağa icazə verilir (mövcud müqavilələr və yerli adətlərdən asılı olaraq). Konsulluq qurumlarının başçıları yerli hakimiyyət orqanlarının nümayəndələrinin yanına rəsmi vizitlər, yaxud təntənəli və bayram tədbirlərində rəsmi iştirak zamanı bayrağı xidməti maşınlarının üzərinə quraşdıra bilərlər; konkret şərtlər çox vaxt konsul konvensiyası ilə təsbit edilir.
Adətən konsulların maşınları üzərində rəsmi bayrağa malik olmaları aşağıdakı hallarda tanınır: yerli, yaxud öz dövlətinin milli bayramında iştirak; konsulun da dəvət edildiyi öz və xarici dövlətlərin ali xadimlərinin rəsmi sə fərləri. Əgər avto­mobildə bayraq quraşdırılıbsa, ən fəxri yer onun arxa­sındakı yer hesab edilir.
Bəzən, bu şəhərdə həmçinin diplomatik nümayəndə­lik olduğu halda, konsul qurumu üzərində milli bayrağı ucaltmağa icazə verilmir.
Fərdi qaydada ayrı-ayrı şəxslər öz evi üzərində milli bayrağı yerli hakimiyyət orqanlarının icazəsi ilə qaldıra bilər.
Həmişə nəzakət qaydalarına riayət etmək lazımdır. Onlara əsasən, milli bayraqla eyni zamanda adətən qəbul edən ölkənin bayrağı qaldırılır. Ümumi qaydaya görə, o, iki bayraq olanda, sağda, daha çox bayraq olduqda mərkəzdə yer tutmalıdır.
Kobud səhv buraxıb bununla dövlətlərarası münasibətlərə xələl yetirməmək üçün milli bayraqlara qarşı mümkün qədər diqqətli və dəqiq olmaq lazımdır. Bəzi ölkələrdə tərsinə çevrilmiş bayraq müharibə vəziyyəti kimi dəyərləndirilir.

Top