Mükəmməl incə gözəlliyə sahib Dodo Çoqovadze hələ yeddi yaşında ikən kinoya çəkilmişdi. Geniş tamaşaçı auditoriyası isə onu 15 yaşında çəkildiyi Şərq gözəli, şahzadə Budur rolu ilə sevdi...
Dodo Çoqovadze 1 fevral 1951-ci ildə Tbilisidə anadan olub. Atası Aleksandr Çoqovadze aqronom, anası İraida Kitayeva evdar qadın idi. Müharibə vaxtı anasının ailəsi Tbilisiyə evakuasiya olunmuşdu. Deyilənə görə, anası gözəllikdə amerikalı kinoulduz Eva Qardnerə oxşayırmış, qızı Dodo da anasına bənzəyib.
O, uşaqlıqda rəqs etməyi çox sevirdi. Bunu görən valideynləri Dodonu xoreoqrafiya məktəbinə qoyurlar. Burada onun müəllimi tanınmış rəqqas Vaxtanq Çabukiani idi.
Dodo Çoqovadze ilk dəfə 1958-ci ildə “Manana” filmində epizodik rola çəkilir. 1963-cü ildə “Kiçik cəngavərlər” filmində əsas rollardan birini (Nana) oynayır. Xoreoqrafiya məktəbinə müxtəlif yerlərdən rejissor və rejissor köməkçiləri gəlirdi. Rejissor Stanislav Rostotski M.Y.Lermontovun romanı əsasında çəkdiyi “Zəmanəmizin qəhrəmanı” filmində (1965) Bela roluna aktrisa axtararkən məktəbdə Dodonu görür və onu Moskvaya sınaq çəkilişinə dəvət edir. Qızın gözəlliyi, istedadı rejissorun çox xoşuna gəlir və bu haqda onun anasına da deyir. Lakin qızın 14 yaşı olduğunu öyrənəndən sonra onu bu rola çəkməyə ehtiyat edir. Rejissor yetkinlik yaşına çatmayan uşağı bu cür rola çəkə bilməyəcəyini bildirir. Dodo və anası peşmançılıq hissi ilə Tbilisiyə qayıdırlar. Lakin Dodonun şəkilləri kinostudiyanın kartotekasında qalır.
Bir il sonra – 1966-cı ildə rejissor Boris Rıtsarev “Ələddinin sehrli çırağı” nağıl-filminin çəkilişlərinə başlayarkən təsadüfən Dodo Çoqovadzenin şəklini görür və onu da Şahzadə Budur rolunun sınaq çəkilişlərinə dəvət edir. Bu rola müraciət edənlər həddindən artıq çox idi, onların arasında məşhur aktrisa İrina Peçernikova da var idi. Nəhayət, rejissor B.Rıtsarev D.Çoqovadzeni Budur roluna təsdiqləyir. O da rolun öhdəsindən məharətlə gəlir və milyonların yaddaşında şahzadə Budur kimi qalır. Yeri gəlmişkən, bu filmdə bizim sevimli aktyorumuz Hüseynağa Sadıqov da Baş vəzir rolunda çəkilib.
Aktrisa 1981-ci ildə isə rejissor Yevgeniya Juqlenkonun “Göydə gecə cadugərləri” filmində Sofiko rolunu oynayır. Bundan sonra kinoya çəkilmir.
Dodo Çoqovadze Tiflis Teatr İnstitutuna daxil olur və onu müvəffəqiyyətlə bitirir. Müəllimi Vaxtanq Çabukiani onu Zakaria Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrına işə düzəldir. Bir müddət sonra aktrisa Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna xoreoqraf ixtisası üzrə oxumağa gedir. Tbilisiyə qayıtdıqdan sonra teatrda xoreoqraf olaraq işləməyə başlayır.
Şəxsi həyatına gəlincə, aktrisa Opera və Balet Teatrının müğənnisi David Şuşaninlə ailə həyatı qurur. Cütlüyün bir qızları dünyaya gəlir, adını da Nina qoyurlar. Lakin bir müddət sonra ayrılırlar. Nina konservatoriyanı (piano bölməsi) qurtarsa da, musiqi onun peşəsinə çevrilmir. Sonradan universitetin psixologiya fakültəsini bitirir.
Bu yaxınlarda 69 yaşını qeyd edən Dodo Çoqovadze Tbilisi Dövlət Teatr və Kino Universitetində ritm və rəqsdən dərs verir. O, müsahibələrinin birində deyib: “Tələbələrlə işləmək mənim üçün çox maraqlıdır. Lakin onlara baxanda fikirləşirəm ki, tələbələrimi asan tale gözləmir. Çünki hazırda Gürcüstanda filmlər az çəkilir, teatrda maaşlar azdır. İstedadlı bir tələbəmi restoranda ofisiant işləyən görəndə çox pis oluram. Düzdür, mən özüm də həyatda çox şeyi əldən vermişəm və bu gün yaradıcı aclıq hissi keçirirəm. Hiss edirəm ki, hələ də filmlərdə rol almağa, oynamağa gücüm var və mənə elə gəlir ki, bu, məni xatırlayan tamaşaçıları da sevindirər...”.
Dodo Çoqovadze deyir ki, xalası Moskvada tək yaşayır və vaxtilə oraya köçüb Rusiya vətəndaşlığı almadığı üçün təəssüf edir. O zaman yaradıcılıq fəaliyyətini daha dolğun davam etdirə bilərdi...
Müəllif: Səbinə Əlibalaqızı
Mənbə: medeniyyet.az