Supermodel Həlimə Aden

Supermodel Həlimə Aden

Çılpaqlığın və seksuallığın hökm sürdüyü dəb dünyasında supermodel Həlimə Aden podiuma həmişə başı örtülü və qapalı geyimlərdə çıxır. Fanatları onun gözəlliyinə və cəsarətinə heyran qalırlar, tənqidçiləri isə bəzi şəkillərinə görə qınayır və deyirlər ki, inanclı müsəlman qız bu işlə məşğul olmamalıdır.
Somali qaçqını olan, çox mühafizəkar mühitdə böyüyən Həlimə cəmi iki il ərzində «başgicəlləndirən karyeraya» sahib olub, moda dünyasında ən çox tanınan şəxslərdən birinə çevrilib.
Hicablı top-modeli Həlimə Adendən müsahibə alıb, ondan sərt İslam qaydalarını model karyerası ilə birləşdirməyi necə bacardığını soruşulub. Eyni zamanda, bu sahənin ekspertlərindən müsəlman qızın moda dünyasına gəlişinin səbəbini soruşulub. Həlimə Aden
  • Bu qış nə dəbdədir? Dəb bloqçusunun məsləhətləri
  • Qadınların yenicə meyl saldığı “təvazökar moda” nədir?
  • Audrey Hepburn dəb dünyasına necə dərs keçir?
Həlimə deyir ki, gündə beş dəfə namaz qılmağa çalışır: «Amma hər dəfə alınmır. Bununla bağlı ən yaddaqalan xatirəm Nyu-York moda həftəsində əlimdə namaz xalçası ora-bura qaçıb dua etməyə yer axtarmağımdır. Çox vaxt bunu ya qrim otağında, ya da çəkiliş meydançasında edirəm».
İlk dəfə mən Həlimə ilə İstanbuldakı «Modest Fashion Week» («Təvazökür Dəb Həftəsi») tədbirində görüşdüm. Fotoqrafların və dizaynerlərin əhatəsində olan, meneceri və şəxsi cangüdəni də yanından ayrılmayan gənc qız rastlaşdığı adamlarla söhbət fürsətini qaçırmır, üstəlik, şou təşkilatçılarının yanında durub həvəslə selfie də çəkir.
22 yaşlı Həlimə Aden şəkli Britaniyanın «Vogue» jurnalının üz qabığında dərc olunmuş ilk hicablı modeldir. Amerikanın «Sports Illustrated» jurnalında isə onun burkinili (hicablılar üçün çimərlik geyimi) şəkli çıxıb.
Top-model üçün boyu xeyli alçaq olsa da (cəmi 166 sm) onu tez-tez lüks brendlərin, o cümlədən. «Max Mara» və «Yeezy»-nin moda nümayişlərinə dəvət edirlər. İki il əvvəl Həlimə ən böyük model agentliyi olan "İMG Models"-lə müqavilə bağlayan ilk hicablı model olub.
"Özünü yox, oyun qaydalarını dəyiş" — Həlimə belə deyir. Onun hədəfi moda sənayesini etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün qızlar üçün daha əlçatan etməkdir:
«Hər şey çox pis olanda, kastinqə getməyəndə, hətta məni hansısa moda nümayişinə dəvət etməsələr belə, ruhdan düşmürəm. Çünki mənim inancım həmişə mənimlədir. O, özümə inamımı azalmağa qoymur, məni bütünləşdirir».
Həlimə Aden
Həlimə Quranın ən çox hansı mesajını özü üçün vacib sayır?
«Heç vaxt qınama, çünki ancaq Allah hökm verə bilər. İnsanlara dəstək olmaq, onları sevmək, pis günlərində kömək etmək» — gənc qız heç düşünmədən belə deyir.
«Mən qaçqın düşərgəsində böyümüşəm və yaxşı bilirəm ki, bu lüks həyat bir anda bitə bilər. Mən buna hazıram».
"İnancımın vacib hissələrindən biri də budur — sənin fikirlərini bölüşməyənlərə, həyata sənin kimi baxmayanlara sənin münasibətin necədir".
Həlimə Keniyadakı qaçqın düşərgəsində doğulub. Ailəsi əslən Somalidəndir. 1990-cı illərin sonunda onlar Afrikanın ən qanlı müharibələrindən birindən qaçıblar. Keniyaya çatana qədər Həlimənin anası 12 gün piyada yol gedib. Həlimənin 6 yaşı olanda anası onu və qardaşını götürüb ABŞ-a köçüb. Onlar müharibədə atası ilə əlaqəni itiriblər.
«Amerikadakı dostlarım elə bilirdilər ki, mən Somali şahzadəsiyəm, çünki onlara Keniyada tez-tez bir yerdən başqa yerə köçməyimizi danışmışdım» — o vaxt ailəsi ABŞ-dakı ən böyük Somali diasporasının olduğu Minnesota ştatına köçən Həlimə belə deyir.
«Onlar bilmirdilər ki, bizim yaşadığımız evlər plastik butulkalardan və tikinti zir-zibilindən düzəldilmişdi və güclü külək əsəndə, ya da yağış yağanda uçulub dağılırdı. Anamın bundan yaxşısını tapmaq imkanı yox idi.
Sinif yoldaşlarım mənə gülürdülər, deyirdilər ki, saçlarım kirli olduğu üçün başımı örtürəm. Bəzən də terrorçu qadınlar barədə zarafat edirdilər. Amma orta məktəbdə belə şeylər olur».
Həlimənin 19 yaşı olanda «Miss Minnesota» gözəllik müsabiqəsinə hicabda və burkinidə qatılan ilk iştirakçı olur.
«Gözəllik müsabiqəsində iştirak etmək mənim arzum idi, ancaq Somalidə mənə qədər heç biq qız bunu etməmişdi. Müsabiqədən sonra rəfiqələrimə dedim ki, hətta burkinidə belə açıq çimərlik paltarları geymiş qızların yanında özünü inamlı hiss edə bilərsən. Düzdür, biz hamı kimi görünmürük, amma heç kim bizə hansısa yeni bir başlanğıcı qadağan edə bilməz».
Müsabiqədən sonra Həlimə dünyanın ən böyük model agentliklərindən biri olan "İMG Models"-dən əməkdaşlıq təklifi alıb.
Həlimə Aden
O razılaşıb, amma şərt qoyub: çəkilişlərə və moda nümayişlərinə hicabla qatılacaq: «Mən uşaqlıqdan hicab taxıram. Ayaqqabı kimi, mənimçün hicab da qarderobumun əzəvolunmaz hissəsidir».
Həlimənin reklam etdiyi geyimlərlə bağlı da şərtləri var. Onun inancı adam içində ancaq üzünü, əllərini və ayaqlarını açıq qoymağa icazə verir. Bu, onun şirkətlə müqaviləsində də yazılıb.
Həlimə deyir ki, onun kimi modellərlə işləməyə alışmamış dizaynerlərin işini yüngülləşdirmək istəyir: Əvvəllər hər yerə özümlə içi hicab, boğazlı sviter və alt şalvarı dolu çanta aparırdım.
Mən həmişə öz menecerimlə səyahət edirəm və menecerlərim də həmişə qadın olur. Çəkiliş meydançasındakıların hamısı kişi olanda, o, mənə geyinməyə kömək edir".
«Təvazökar dəb» nə deməkdir?
«Təvazökar dəb» — qadın geyimində populyarlaşmaqda olan «təvazökar, təmkinli və ya ləyaqətli» modadır, tam izahı yoxdur, müxtəlif ölkələrdə və mədəniyyətlərdə fərqli çərçivələri var. Amma bəzi ümumi əlamətləri də olmamış deyil:
  • Təvazökar və qapalı geyimlər;
  • Qadın bədənin cizgilərini bildirməyən, onun seksuallığını nümayiş etdirməyən paltarlar;Hər hansı dinə bağlılığı olmasa da, daha çox müsəlman aləmində populyardır; bundan başqa, iudazim, konservativ xristianlıq tərəfdarları da onu bəyənir və bu dəbi şəxsi zövqü olaraq seçənlər də var;
  • «Təvazökar dəb həftəsi» il ərzində bir neçə şəhərdə, o cümlədən, İstanbulda, Dubayda və Londonda da keçirilib, vaxt keçdikcə, daha çox dizaynerin, brend şirkətin və alıcının diqqətini cəlb edir;
  • Dəbin çərçivə və kriteriyalarını hər kəs özü müəyyənləşdirir.

Bəzi tədbirlərdə Həlimə üçün qara kartondan xüsusi otaq düzəldirlər. Gənc qızı yad gözlərdən qoruyan bu yer həm qrim, həm də soyunmağa otağı olur.
«Mən müsəlmanam və bunu podiumdan kənarda da xatırlamalıyam. Ona görə də dizaynerlər və təşkilatçılar mümkün olan hər şeyi edirlər ki, mənim rahat olacağım kiçik bir yer düzəltsinlər».
Moda işçiləri Həlimə üçün ideal şərait yaradırlar, amma «Təvazökar moda həftəsi»nin digər içtirakçıları ümumi otaqda, hamının gözü qabağında geyinib-soyunurlar.
Həlimə bu barədə nə düşünür?
O, çiyinlərini çəkir:
«Bəzi qızlar etiraz etmirlər, onlar buna alışıblar. Hətta belə kiçik otaqları olmuş olsaydı belə, yenə hamı ilə bir yerdə olmağa üstünlük verərdilər. Amma mən başqalarının yanında soyuna bilmirəm, ona görə də mənə ayrıca bir yer lazımdır. Axı, çox da çətin məsələ deyil. Amma bu, dizaynerlərdən hansınısınsa xoşuna gəlməsə, dərhal qalxıb getməyə hazıram».
Həlimənin anası hələ də qızının seçimini bəyənmir, hesab edir ki, model işi inanca ziddir. Mühafizəkar dindar olan bu qadın bütün dini qaydalara əməl edir, başdan-ayağa qara geyinir və həmişə kölgədə qalmağa çalışır.
«Həlimənin hay-küylü tədbirlərdə olması və kişilərin zillənib ona baxması xoşuma gəlmir» — nadir hallarda müsahibə verən qadın «Al Jazeera» kanalına açıqlamasında belə deyib.
Ancaq Həlimə deyir ki, bu, onların yaxın və güvəncli münasibətlərinə mane olmur.
«Anam bilir ki, mənə etibar etmək olar. O, məni düzgün tərbiyə edib, ona görə də ürəyinin dərinliyində məni qınamır. Anam onu da bilir ki, xoşuma gəlməyən bir şey olsa, susmaram, yox deyərəm».
Anam da daxil olmaqla, mənim ətrafımda heç kim bu iş haqqında heç nə eşitməmişdi. Anam elə bilirdi ki, yarıçılpaq şəkillər çəkdirəcəm. Amma indi hamısı mənim uğurlarıma sevinir".
Buna baxmayaraq, anası heç vaxt onun iştirak etdiyi moda nümayişlərinə gəlməyib.
«Anam moda brendlərini anlamır və mən buna görə onu qınamıram. Onun üçün paltar geyinmək fikirləşmədən əyninə bir şey keçirmək, sonra da bu barədə heç düşünməməkdir».
«Təvazökar dəbin» simvolu, yoxsa dini təhqir edən qadın?
Həlimə çəkilişlərdən, publik çıxışlarından və dünyəvi məclislərdən olan şəkillərini milyona yaxın təqibçisinin olduğu "İnstagram" profilində paylaşır.
Hər şəklin altında on minlərlə bəyənmə və yüzlərlə şərh var.
Ancaq onu açıq-saçıq fotosessiyalara və «qeyri-müsəlman» həyat tərzinə görə qınayanlar da var.
«Səndən xahiş edirəm, dayan, sən bizim dinimizi səhv tanıdırsan, buna görə utanmalısan!» — Min_xi. adlı istifadəçi belə yazır.
«Hicablı qız sənin moda nümayişlərində yeridiyin kimi yeriməməlidir. Əgər özünü həqiqətən də müsəlman hesab edirsənsə, bunu etməməlisən» — bu isə _itsshahed_ adlı istifadəçinin sözləridir.
«Heç kim mənə düzgün davranış dərsi keçə bilməz. Bunu hər kəs özü müəyyənləşdirir» — Həlimə tənqidlərə belə cavab verir.
Bütün dünya Həliməni «təvazökar dəb»-in qadının seksuallığını gizlədən geyim dəbinin siması hesab edir.
Qapalı geyim tərəfdarı olan bir neçə regiona sahib Rusiyada bu meyl xüsusi maraq doğrurur və ekspertlərin sözlərinə görə, getdikcə məşhurlaşır.
«Modest Russia»-nın media-konslatinq platformasının rəhbəri Dilarə Sədriyeva deyir ki, bu meyilin hər hansı dinlə əlaqəsi yoxdur, amma qapalı geyim tərəfdarlarının çoxu müsəlman qızlardır.
«Müsəlman olmayan cəmiyyətlərdə qəbul olunmaq istəyən qızlar üçün Həlimə hicabla karyera qurmağın mümkünlüyünü sübut edən simvoldur, aparıcı moda sənayesinin onların dəyərlərini bölüşməsi və dəstəkləməsi qızların xoşuna gəlir».
«Amma Həlimənin bəzi obrazları onun dini bəyanlarına uyğun gəlmir. Bu, dinin tələblərinə daha ciddi yanaşan qızları ondan uzaqlaşdırır. Bəzi şəkillərdə Həlimənin ayaqları dizdən yuxarıya qədər açıq, geyimləri şəffafdır. Effektli, amma həm də şəhvətli obrazlardır. Belə şəkillər çoxlarının narazılığına və narahatlığına səbəb olur».
Artıq çoxdandır ki, həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində hicab qarderob elementi deyil. Bəzilər üçün o, qadınların əsarətinin və hüquqsuzluğunun simvoludur, digərləri isə hicabı lazımsız diqqətdən yayınmaq və daxilən azad olmaq vasitəsi hesab edir.
Bəzi ölkələrdə qadının küçəyə başıaçıq çıxması ya publik olaraq döyülmək, ya da həbsə atılmaqla nəticələnə bilər. Tənqidçilər deyirlər ki, jurnallarda və podiumlarda başıörtülü görünməklə Həlimə bilərəkdən, ya da bilməyərəkdən hicabı qadınlar üçün məcburi aksesuar olaraq təbliğ edir, bu məhdudiyyəti normal bir şey kimi təqdim edir.
Həlimə deyilənlərlə razılaşmır: «Dünyanın heç bir ölkəsində heç bir qadın hicabı öz iradəsi əleyhinə taxmamalıdır və heç biri də məcbur edilərək ondan imtina etməməlidir. Mən hicabı məni gözəl göstərdiyi üçün, özümə inamımı artırdığı üçün taxıram».
Həlimədən soruşuram ki, seçim azadlığı olmayan qadınlara bunun mümkün olduğunu göstərmək üçün bir gün podiuma hicabsız çıxa bilərmi?
«Bu, ideyanın əleyhinə getmək olardı, onu mənasızlaşdırardı. Biz qadınların özü ilə bağlı qərar vermək hüququna malik olduğu cəmiyyətdə yaşamaq istəyiriksə, məndən bunu xahiş etmək doğru deyil. Çünki bu, məni gözəl göstərən və özümə inamımı artıran bir şeydən istifadə hüququmu əlimdən alır. Həmin şey mənim hicabımdır».
«Hansı tərzdə geyim seçməyinizdən asılı olmayaraq siz dəstəyə, hörmətə və sevgiyə layiqsiz. Mənim mesajım budur».
Bu il bir neçə lüks marka, o cümlədən, Michael Kors və «Burberry» öz kolleksiyalarına hicablı geyimlər daxil ediblər.
Mütəxəssislərin rəyinə görə, 2023-cü ildə müsəlman dünyasına hesablanmış geyimlərin satışı 361 milyard dollar təşkil edəcək — 2017-ci illə müqayisədə 1/3 dəfə çox.
Həlimənin uğuru və İslam dəbinin populyarlaşması arasında əlaqə varmı?
"İMG Models" agentliyinin direktoru Ayvan Brat belə düşünmür: «Karli Kloss və Coan Smolsdan Cici Hadidə qədər bizim bütün digər modellərimiz kimi, Həlimə də görgəmli şəxsiyyətdir».
«O, olduğu hər yeri işıqlandırır. Əgər kefiniz yoxdursa, sadəcə ona zəng vurun. Otaqda hamıdan gözəl olmaq azdır, hamıdan yaxşı olmaq, parlaq individuallığa sahib olmaq lazımdır. Bu, Həlimədə var» — 20 ildən çoxdur ki, model biznesində çalışan Ayvan belə deyir.
Kommunikasiyalar üzrə professor və «Metro Models» agentliyinin direktoru Devid Ratmoko hesab edir ki, mətbuat və siyasi polemikalar moda brendlərinə təzyiq edir: "İnklüzivlik çatışmazlığında günahlandırılmamaq üçün dizaynerlər öz kolleksiyalarında bütün etno-mədəni spektri əhatə etmək məcburiyyətindədirlər. Uzun illər boyu model standartı birtipli idi. Artıq dünya dəyişib, ona görə də brendlər sürətlə bu bərabərsizliyi aradan qaldırmağa məcburdurlar".
Həlimə deyir ki, dəyişiklik istəyirsənsə, özünü yox, oyun qaydalarını dəyişməlisən. Deyəsən, o, bunu bacarır.
İndi podiumda hicablı modellər çoxdur, bizim agentlikdə də var. Məncə, bu, artıq normaya çevrilir".
Hicablı qadınlar haqqında çox vaxt mənfi fikirlər deyilir və mövzu siyasiləşdirilir. Mən bunu dəyişmək istəyirəm. Mən gəncəm, modanı və dizayner geyimlərini çox sevirəm. Mənim ürəyim və hisslərim var, heç nə ilə başqalarından fərqlənmirəm.
Belə görünür ki, Həlimə arzusuna çatıb: məşhur dizaynerlər onunla çalışmaq üçün növbəyə dururlar, fanatları onun iştirak etdiyi bütün nümayişlərə gəlirlər, dünyanın ən böyük KİV-ləri onu müsahibəyə dəvət edir, onun haqqında film çəkirlər.
Ancaq Həlimənin hələ reallaşmamış bir arzusu var:
"Çox istəyirəm ki, bir gün anam birinci cərgədə oturub məni izləsin. Amma bu, həyatımın ən böyük şousu olmalıdır". Ümid edirəm, bir gün bu olacaq .


Mənbə: BBC Azərbaycan
Top