Mübariz qadın Şəfiqə Əfəndizadə

Mübariz qadın Şəfiqə Əfəndizadə

XX əsrin əvvəllərində Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuş Şəfiqə xanım Əfəndizadə Azərbaycan ictimai fikrinə, Azərbaycan qadınının savadlanmasına öz dəyərli töhfə­lərini vermiş maarifpərvərlərimizdəndir.
Şəfiqə Əfəndizadə 1883-cü il mart ayının 19-da Tiflis quberniyasının Axalsıx qəzasının Azqur kəndində tanınmış pedaqoq Məhəmməd Əmin Hafiz Şeyxzadənin ailəsində anadan olmuşdur. Qeyd edək ki, Şəfiqə xanımın adı Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və III Aleksandrovski kişi gimnaziyası tərəfindən verilmiş sənədlərdə “Əsma Soltan” kimi qeyd edilmişdir.
Şəfiqə Əfəndizadə kiçik bacısı Səidə ilə birgə ilk təhsilini Şəfiqə Əfəndizadəevdə atasından almışdır. Sonradan ailələri Şəkiyə köçür və Şəfiqə xanım hələ 14 yaşında ikən atasının orada açdığı məktəbdə qızlar üçün təsis olunmuş sinifdə dərs deyir. 1901-ci ildə isə həqiqi müəllim kimi Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Aleksandriyski rus-müsəlman qızlar məktəbində Azərbaycan dili fənnini tədris etməyə başlayır.
Şəfiqə xanım özü kimi pedaqoq olan Əlaəddin Əfəndizadə ilə ailə qurur və 1907-ci ildə ilk övladı Adil, 1909-cu ilin fevral ayında isə oğlu Fuad dünyaya gəlir. Bu səbəbdən o, 1906-1909-cu illərdə işindən müvəqqəti ayrılmalı olur.
1909-cu il 13 oktyabr tarixli ərizə ilə Bakı Məktəb Komissiyasının sədrinə müraciət edən Şəfiqə xanım I rus-tatar qadın məktəbinə Azərbaycan dili müəllimi təyin edilir. 1911-ci ildə isə Şəfiqə xanım öz xahişi ilə Sara xanım Vəzirovanın müdiri olduğu II rus-tatar qadın məktəbinə keçirilir və 1918-ci ilədək həmin məktəbdə çalışır.
1918-ci ilin qanlı mart hadisələri Bakının müsəlman əhalisini evlərindən didərgin salır, bəziləri ailəsini də götürüb İrana, Türki­yəyə, Rusiyanın müxtəlif şəhərlərinə qaçır, vəziyyətin sabitləşməsini gözlə­yirlər. Şəfiqə xanım da öz ailəsi ilə birgə bir müddət Bakıdakı ağır vəziyyətə dözür, lakin avqustun sonlarında Bakını tərk edərək əvvəl Ahısqaya, doğma Azqur kəndinə gedir, lakin Ahısqada vəziyyətin daha da faciəli ol­duğunu görüb, oradan da İstanbula yollanır. Bu səfər Şəfiqə xanım üçün çox üzücü olur. Səfər zamanı o, ailəsinin iki üzvünü itirir – həyat yoldaşı Azqurda vəbadan, gənc bacısı Səidə isə İstanbulda vəfat edirlər.
1919-cu ilin aprelində Bakıda vəziyyətin yaxşılaşdığını eşidən Şəfiqə xanım geri dönmək qərarına gəlir. Geri döndükdən sonra Şəfiqə xanım müəllim kimi öz işinə bərpa oluna bilməsə də, Azərbaycanın ilk parlamentində dəftərxana müdirinin köməkçisi vəzifəsinə təyin olunur. Onu da qeyd etmək lazımdır ki, dəftərxananın 70-dən çox işcisindən 6-sı qadın idi və bu, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan qadınına verdikləri dəyərin və etimadın bariz nümunəsi-dir.
Şəfiqə Əfəndizadə Azərbaycan dilinin tədrisilə məşğul ol­muş ilk azərbaycanlı qadın olmaqla yanaşı, həm də ilk azər­baycanlı qadın jurnalist hesab edilir. O, dövri mət­buat­­da fəaliyyətinə “Şərqi-Rus” qəzetinin 16 aprel 1903-cü il tarixli 7-ci sayında nəşr olunmuş “Maarif­pərvər rüfətli Məhəmməd Ağa Şaxtaxtinski hüzuri-alilərinə” adlı ya­­zısı ilə qədəm qoyur və ölkədə sovet hakimiyyəti qurulanadək “Şərqi-Rus”la yanaşı “Həyat”, “İrşad”, “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Azərbaycan” qəzetləri, “Dəbistan”, “Dirilik”, “Məktəb”, “Füqəra füyuzatı”, “Mədəniyyət” jur­nallarında öz ictimai-siyasi, ədəbi-bədii yazıları ilə çıxış edir.
Bu yazılarında Şəfiqə xanım dövrün ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə işarə edir, qadın hüquqsuzluğu və savadsızlığından, bu savadsızlıq üzün­dən millətin gələcəyində baş verə biləcək fəlakətlərdən, qaç­qın problemindən, uşaqların təlim və tərbiyəsindən, məktəb həyatından və bu kimi mühüm problemlərdən bəhs et­məklə kifayətlənmir, bu problemlərin aradan qaldırıl­ma­sı yollarını arayaraq, dövrün ziyalılarını və maarifpərvərlərini birliyə, həmrəyliyə, köməyə səsləyir.
Ş.Əfəndizadənin qadınların acınacaqlı vəziyyətindən bəhs edən məqalə və hekayələri onun özü üçün də böyük çətinliklər yaradır, dəfələrlə bu yazılarına görə təhdid olunur. Bir dəfə (1918-ci ilə qədərki dövrdə) onun başına belə hadisə gəlir: bir yazısında Ş.Əfəndizadə sanki bir ailənin prob­le­mi­ni gözü ilə görmüş kimi, təsadüfən adları da eyni olmaqla, o ailənin güzəranını qələmə alır. Ailənin başçısı bundan xəbər tutub, əvvəl məktəbə gələrək səs-küy qaldırır. Bir müddət sonra isə yenə də bir şəxs Şəfiqə xanımın həyat yoldaşına məktub yazaraq ona: “Əgər sən də arvadınla bacarmırsansa, onda biz yaxşı bacararız, o vaxt özünüzü sağ bilməyin”, – deyə xəbərdarlıq edir. Bu vəziy­yətlə bağlı Şəfiqə Əfəndizadə bir müddət mətbuatda çıxış etmir. Öz xatirələrində Şəfiqə xanım bu barədə belə yazır: “Bundan sonra neçə il susdum, daha qəzetələrə heç bir şey yazmadım”.
1923-cü ilin noyabr ayında Azərbaycan qadınının mət­buat həyatında mühüm bir hadisə baş verir: AK(b)P MK Qadın şöbəsinin orqanı olan “Şərq qadını” jurnalı təsis edilir. Redak­toru Ayna Sultanova olan bu jurnalın redaksiya heyətində Şəfiqə Əfəndizadə də yer alır və jurnalın bədii ədəbiyyat şöbəsinin müdiri təyin edilir. Şəfiqə xanım “Şərq qadını”nda nəşr olunan “Qız ilə anası arasında mühavirə”, “Bəhirədən Münirəyə”, “Al qırmızı kofta”, “İki sima”, “Rəna”, “Evlənmək” kimi hekayələrində də Azərbay­can qadınının həyatını əks etdirir, onları cəhalətlə, əsarətlə mübarizəyə səsləyirdi.
Şəfiqə xanım xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Birinci dünya müharibəsi illərində, daha doğ­rusu 1914-cü il dekabr ayının sonlarında Rusiyanın Qafqaz Ordusu və erməni silahlı dəstələrinin Şərqi Anadoluda – Qars, Ərzurum və Ərdəhanda dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində başsız, evsiz-eşiksiz qalmış yüzlərlə uşaq, qadın və yaşlıya yardım üçün Azərbaycanda bö­yük bir hərəkat başlanır. Qaçqınlara kömək üçün ziya­lı­lar, zənginlər bir araya gəlirlər. Elə həmin günlərdə Mur­tu­za Muxtarovun həyat yoldaşı Liza xanım Muxta­rova Hənifə xanım Zərdabinin təşkil etdiyi ilk qadın xeyriy­yə cəmiyyəti əsasında Bakı Qadın Xeyriyyə Cə­miyyətini yara­dır. Cəmiyyətin səd­ri Liza xanım Muxtarova, müavini Rəhilə xanım Hacı­ba­ba­bəyova, katibəsi isə Şəfiqə xanım olur. Cəmiyyət müxtəlif məclislər, bayram şənlikləri təşkil edərək pul toplamağa müvəffəq olur, qəzet sütun­la­rında qaçqınlara ianə dəftəri açır və topladığı pullarla Sarıqamış ərazisinə, mühari­bədən zərər çəkmiş məzlum türklərə kömək edirdi. Şəfiqə xanım özü də iştirak etdiyi məclislərdə cəmiyyətin işini təbliğ edirdi. Onun vasitəsilə dəfələrlə qaçqınlara, müharibə qurbanlarına xeyli yardım toplanmışdı. Həmçinin, o, mət­buat­da da bir sıra məqalələrlə çıxış edərək, ictimaiyyətin nəzər-diqqətini qaçqın, müharibə qurbanları məsələsinə yönəltməyə çalışır­dı ki, onun “Allah düşgün olanlara yardım edəni sevər”, “Qurban bayramı gəldi”, “Qar­daş köməyi” (keçən yılkı xatirəmdən), “Təəccüb deyilmi?”, “Millətini sevəni Allah da sevər” adlı məqalələri buna nümunə ola bilər.
Şəfiqə Əfəndizadə müxtəlif qurultaylarda – 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayında, 1917-ci ildə Bakıda Zaqafqaziya müsəl­man­ların, Kazanda Ümumrusiya müsəlman qadınları və Moskva­da Ümumrusiya müsəlmanları qurultayında, 1921-ci ildə Azərbaycanın bitərəf qadınlarının I qurultayında iştirak etmişdir. Bu qurultaylar arasında ən maraqlısı, əlbəttə ki, 1917-ci ilin aprel ayında Bakıda İsmailiyyə binasında keçirilmiş Zaqafqaziya müsəlmanları qurultayıdır. Bu qurultaya hər bir sosial təbəqənin nümayəndəsi dəvət olunsa da, əvvəlcə qadınlar dəvət olunmur və onların hüquqlarını qoruya­caq “nümayəndə” kimi Qafqaz müsəlmanları qurulta­yı­nın rəyasət heyətinin üzvü, mühəndis İbrahim bəy Heydərov təyin edilir. Qadın Xeyriyyə Cəmiyyətinin üzvləri bu məsələdən xəbər tutduqda, təcili iclas çağırırlar, “Nicat” Xeyriyyə Cəmiyyətinə və qurultay komis­si­ya­sına üç nəfərdən ibarət nümayəndə heyəti göndərərək öz hüquqlarını tələb edir və bildirirlər ki, ya qadınlardan qurultaya nümayəndə seçilməlidir, ya da qadınlar adından qurultayda kişinin çıxış etməsinə onlar razı olmayacaqlar. Bu müraciətdən üç gün sonra qadınlara cavab verilir ki, qurultayda yalnız iki qadın iştirak edə bilər. Daha bir şərt isə həmin iki qadının qurultay iştirakçıları qarşısında kəlağayı və əlcəkdə çıxış etmələri olur. Nümayəndə olaraq Şəfiqə Əfəndizadə və Nəcəf bəy Vəzirovun qızı Sara Vəzirova seçilirlər.
Qurultayda qadınların çıxışı mühafizəkarlar arasında böyük səs-küyə səbəb olur. Sabiq Bakı qazısı Mir Məhəmməd Kərim ağaya söz verildikdə o, kürsüyə qalxaraq qadınların kişi qarşısında çıxışına öz mənfi münasibətini bildirir. Maarifpərvərlər buna etiraz olaraq qazının çıxışını kəsirlər. Qazı sözünün kəsilməsindən çox nara­hat olub kürsüdən enir. Bununla da onun tərəfdarları ilə ziyalı gənclər arasında iğtişaş yaranır. Qadınları güclə aradan çıxarırlar. Qadın nümayəndələrin 1917-ci il Ümum­qafqaz müsəlmanlarının qurultayında iştirakı elə bunula da bitir, bir daha onları iclasa burax­mırlar. Qurul­taydan sonra küçələrdə mütərəqqi geyimli müsəlman qadınlarına münasibət daha da pisləşir. Təzəpir məscidində böyük mitinq təşkil olunur, bütün mollalar məscidə yığılırlar. Minbərdən bir çox nitqlər söy­lə­nilir, şəriətdən, Qur`andan bəhs edilir. İş o dərəcəyə gəlir ki, artıq dini bir dövlət yaradılması, “yolunu azmış” qadınların qarşısının qəti surətdə alınması haqqında qərarlara yol açacaq fikirlər söylənilir. Tez bir zamanda müfti, şeyxülislam və Məhəm­məd Yusif Cəfərov özlərini yetirib camaatı başa salır və mitinqi dağı­dırlar. Bundan sonra qadınlara qarşı şiddət azalsa da, gərginlik uzun müddət davam edir.
Şəfiqə Əfəndizadənin ölkənin ictimai həyatında olduğu kimi, siyasi həyatında da yaxından iştirak etməsi Azər­baycan qadını üçün bir yenilik idi. O, hətta Şamaxı Milli Komi­təsinin xahişi ilə 1917-ci il oktyabrın 3-də Şamaxıda keçiriləcək bələdiyyə seçkilə­rin­də qadınlar arasında rəhbərlik üçün Şamaxıya göndə­rilmişdir. Şəfiqə xanım tərəfindən “Açıq söz” qəzetində dərc edilmiş “Şamaxıda qadınlar seçkisi” adlı məqalədə həmin seçkilərdə qadınların iştirakının təşkili problemləri şərh olunmuşdur.
1917-ci il mayın 21-də ərzaq komitələrinə keçirilən seçkilər zamanı isə Şəfiqə Əfəndizadə Fatmanisa Məli­kova adlı bir qadın tərəfindən məhkəməyə veriləcəyi ilə hədə­lənir. Həmin xanımın ittihamlarına cavab olaraq, Şəfiqə xanım “Açıq söz” qəzetində “Fatmanisa xanıma cavab” adlı məqaləsini nəşr etdirir. Həmin məqalədə o dövrdə seçkilər zamanı qadınların səs vermə qaydaları ilə bağlı məlumatsızlığı və bunun yaratdığı problemlərdən bəhs olunur.
AXC-nin süqutundan sonrakı illərdə də Şəfiqə Əfən­di­zadə öz pedaqoji fəaliyyətini davam etdirir. O, Bakıda Qızlar üçün Birinci pedaqoji məktəbdə və müsəl­man qadın­ları arasında savadsızlığın ləğvi üzrə tədris mərkəzi olan Əli Bayramlı klubunda çalışmış, Partiya Məktəbində dərs demiş və 1930-cu ildən təqaüdə çıxaraq müəllimlik sənəti ilə vidalaşmışdır.
Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Yasamal rayonunda 13 saylı məktəb onun adını daşıyır. Qeyd edək ki, bu maarifpərvər qadının hər iki övladı da Azərbaycan xalqının layiqli nümayəndələri olmuşlar. Onun böyük oğlu Adil Əfəndiyev alim, tərcüməçi, jurnalist, şair, Bakı Sovetinin 2-ci, 4-cü, 5-ci, 6-cı, 8-ci və 9-cu çağırışının deputatı olmuşdur. Adil Əfəndiyev on ilə yaxın bir müddət ərzində “Azərnəşr”in müdiri kimi məsuliyyətli vəzifəni daşımışdır. Bir maraqlı faktı da qeyd edək ki, Adil müəllim 1972-1973-cü illərdə bizim Arxivdə, o zamankı Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur.
Şəfiqə xanımın kiçik oğlu Fuad isə görkəmli alim, cərrah, Azərbaycan Ekspertimental və Klinik Tibb İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. 4 saylı Bakı şəhər xəstəxanası fəaliyyət göstərdiyi illərdə Fuad Əfəndiyevin adını daşımışdır.

Mənbə: libre.az
Top