Kleopatra haqqında

Kleopatra haqqında

Əfsanəvi Kleopatra – ecakar cazibəsi ilə dünyanın bir çox güclülərini qarşısında baş əyməyə vadar edən və uğurlu karyera qurmağı bacaran qadın siyasətçi olub. Analitik.az böyük imperatorların ağlını başından çıxaran bu qadının həyatının mühüm detallarını təqdim edir. Romanın qüdrətli siyasi xadimləri – Qay Yuli Sezar və Mark Antoni onun cazibəsi qarşısında aciz idi.

“Sirli qadın yoxdur, amma bunu duymayan kişilər var”

Bu gün onun zahiri görünüşü haqda çox mübahisələr edirlər. Elə də ideal zahiri görünüşə malik olmayan, bir qədər alçaqboylu və bir qədər dolu bədənli, cəlbedici uzun burnu və sivri çənəyə malik bu qadının mahir cəzbetmə qabiliyyəti əfsanələr yaradaraq, əsrlərin sədlərini aşıb, onun real cizgilərini tarixdən silib. Lakin antik müəlliflər onun ağlını gözəlliyindən üstün tuturdular, bu böyük qadın nəinki öz iradəsinin gücü ilə, həm də əks cinsin nümayəndələrini yola gətirmək qabiliyyəti ilə məşhur olub, onun haqqında əfsanələr gəzib. Ona görə gözəl, qarasaç çariçanı Misirdə ilahəyə bərabər tuturdular. Ağıllı və savadlı Kleopatra, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri idi. Kleopatra insanları məftun etmək kimi nadir qabiliyyətə malik idi. Yaşadığı dövrdə bütün səlahiyyətlər güclü cins olan kişilərin əllərində olduğundan, misirli qadın öz istedadından sevgi, ehtiras meydanında uğurla istifadə edə bilib.
Əgər real həyatda mövcud olmasaydı belə, onu uydurmağa dəyərdi: Onun həyatı əvvəlcə rəssamların və şairlərin, sonra isə dramaturqların və kino sənətinin ilham mənbəyi olaraq, gözəl sənət əsərlərinin yaranmasına səbəb olmuşdu. Onun Mark Antoni və Sezar ilə münasibətlərini klassik məhəbbət üçbucağı şəklində təqdim etməyi sevirlər: Bəzi müəlliflər hesab edirlər ki, o, Sezarı həqiqi məhəbbətlə sevirdi, digərləri isə əmindirlər ki, onun həyatının yeganə əsl məhəbbəti – Mark Antonidir.
Kleopatra
Kleopatra VII – qədim Misirin Ptolemey yunan sülaləsinindən olan sonuncu çariçasıdır. O, eramızdan əvvəl 69-ci ildə anadan olub. Kleopatranın atası Ptolemey ХI Avlet olub. Tarixdə qəddarlığı ilə yadda qalan bu Misir hökmdarı e.ə. 51-ci ilin iyulunda taxt-tacını övladları – 16 yaşlı Kleopatraya və 13 yaşlı Dionisə vəsiyyət edərək ölüb. Misir adətlərinə riayət edərək, onlar dərhal bir-biri ilə nikaha daxil olub. Kleopatra o vaxtlar sivizasiyanın mərkəzi sayılan İsgəndəriyyədə böyümüşdü. Poeziya, sənət, elmin vətəni olan bu şəhərdə Misir çar saraylarının bir çox görkəmli şair və rəssamları yetişmişdi. Kleopatra onardan gözəl təhsil alıb, bir neçə dildə sərbəst danışırdı, fəlsəfəni öyrənirdi, ədəbiyyat ilə yaxşı tanış idi və müxtəlif musiqi alətlərində ifa etməyi bacarırdı. Əcdadlarından genetik olaraq mənimsədiyi siyasi zəkaya malik gənc qız, savadlı və ağıllı idi. Eyni zamanda o, şəhvani təbiətə malik idi. Kleopatra öz istəklərini ödəmək üçün sarayında çoxlu gözəl kişi saxlayırdı. O dövrdə bu, mənəviyyatsızlıq sayılmırdı … Bundan başqa, müasirlərinin yazdığına görə, Kleopatra öz sevgisinə çox baha qiymət qoymuşdu: onunla bir gecəlik eşq yaşayanlar, bunu canları bahasına ödəməli idilər. Maraqlısı budur ki, səhər öləcəklərini bilsələr də, bu ecazkar qadının cazibə alovunda yanıb kül olmaq istəyən pərvanələr ço idi. Səhərisi gün onların kəsilmiş başları Kleopatra sarayının qapılarını bəzəyirdi.

Bacı-qardaş nikahı və savaşı

Azyaşlı qardaşıyla nikah ona ölkənin idarəsində çox əlverişli idi. Amma qardaşı Ptolomeyi xacə Pofin tərbiyə edirdi. Pofin belə güman edirdi ki, Ptolemeyi himayə etdiyinə görə, hakimiyyətə sahib ola bilər. O xalqı Kleopatraya qarşı qiyama qaldıra bilmişdi. Bacı-qardaş, ər- arvad indi ölkəyə olan hüquqlarını qanla sübut eləməyə çalışırdı. Elə bu vaxt səhnəyə Yuli Sezar çıxır. O dövrdə Roma imperiyasında Yuli Sezar və Pompey arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Döyüşdə uduzan Pompey, İskəndəriyyə şəhərinə qaçır. Lakin Misirin yüksək mənsəb sahibləri Sezar qarşısında ucalıq qazanmaq üçün, azyaşlı fironun gözü önündə Pompeyin başını kəsirlər. Üç gündən sonra Pompeyin başını XIII Ptolemeyin adından Misirin paytaxtına gələn Roma imperatoruna hədiyyə edirlər. Belə bir hədiyyə hətta sərt romalını da dəhşətə salır, o, Ptolomey və Kleopatraya hərbi əməliyyatları dayandırmağı, izahat üçün yanına gəllməyi əmr edir. Amma xacə Pofinin kələyi ilə bu əmri Kleopatraya çatdırmırlar. Ptolomey Sezarın qarşısında bacısından şikayət eləməyə çalışsa da, duyuq düşən sərkərdə Kleopatraya da dəvət göndərməyi lazım bilir. Sezarın dəvətini alan Kleopatra paytaxta necə gələcəyini bilmirdi. Gecənin bir aləmi vəfalı nökəriylə birgə şəhərə balıqçı qayığında girir. Nökər onu parça tayı kimi belinə şələləyir. Sonra Sezarın sarayına daxil olub, qiymətli yükünü sərkərdənin ayağının altına sərir. Yəqin, bu an xacə Pofinin qorxduğu bir şey baş verir: Sezar Kleopatranın sevgi ovsunu qarşısında dayana bilmir. 19 yaşlı Kleopatranın gözəlliyi qarşısında 52 yaşlı Sezar başını itirmişdi. Hadisələrin belə gedişatını gözləməyən qardaşı Ptolemey, hikkəsindən özünü dənizə atır, xacə Pofin isə ölkədən qaçır. Tarixə «Kleopatranın müharibəsi» adı altında daxil olmuş bacı-qardaş savaşı beləcə bitir.

Saysız məşuqələrilə hamının gözü qarşısında…

İskəndəriyyədə nəhayət ki, sakitlik bərqərar oldu. Lakin o dövrün qanunlarına görə qadın ölkəni tək idarə edə bilməzdi. Ona görə də Kleopatra təm-tələsik kiçik qardaşı, xəstə olan 16 yaşlı gənc 13-cü Ptolomeye ərə gedir. Kleopatra ilə Sezar romantik bir sevgi yaşayırlar. Romada iğtişaşlar baş verir, qan tökülür, amma Sezar heç yerə tələsmir. Borc, maraqlar, vəzifə – her şey unudulur, çünki çox işlər bu işvəkar çariçanın əlindədir. Sezar vətəniniə dönmək istəyəndə də Kleopatra onu qaytara bilir: bu dəfə Kleopatra oğlan uşağı dünyaya gətirir. Uşağın adını Sezarioni, yeni kiçik Sezar qoyurlar.
Sezarın həyat tərzi də nümunəvi deyildi. Onun saysız məşuqələri bəlkə də Romada heç kimin vecinə olmazdı, amma onlarla hamının gözü önündə təntənəylə cinsi əlaqədə olan Sezar, bununla respublikanı təhqir etmiş sayılırdı. Bundan başqa, şəhərdə şaiyə gəzirdi ki, Sezar Kleopatranın oğlunu varis elan edəcək. Elə bu şaiyələr də Sezarın ömrünü qısaltdı. Bunlara görə onu öldürürlər. Sezarın iskəndəriyyəli gözəllə sevgi hekayəti belə faciəvi şəkildə bitir.
Kleopatra sevgilisinin ölümündən sonra daha bir zərbə alır. Tezliklə Sezarın vəsiyyətini açılayırlar. Məlum olur ki, Sezar hakimiyyəti bacısı oğlu Oktaviata vəsiyyət etmişdi, hətta orada doğma oğlunu yada belə salmamışdı. Axı qüdrətli Roma imperatoru ilə əlaqələri sayəsində Misir nisbətən təhlükəsiz idi, hətta müstəqilliyə nail olmuşdu, amma indi onun Roma tax-tacına sahib olmaq ümidi tamam puç olmuşdu. Çariça oğlu ilə bərabər şəhəri tərk edərək İskəndəriyyə qayıdır.
İskəndəriyyəyə qayıdandan bir il sonra qardaşı-əri vəfat edir. Kleopatranı onun ölümündə günahkar bilsələr də, ona heç nəyi sübut edə bilmirlər. Oğlunun qəyyumu kimi o, ölkəni əri olmadan da idarə etmək hüququ qazanırdı. Kleopatra Misirin yeganə padşahı olaraq Sezarionu öz varisi elan edir.
Yuli Sezarın ölümündən sonra Roma imperiyasında, imperatoru öldürənlərlə Oktavian tərəfdarları arasında müharibə gedirdi. Triumvirat qalib gəldi, Mark Antoni şərq vilayətini nəzarət altına aldı. Kleopatra Romanı tərk edəndə, bəlkə də özü bilmədən sonuncunun qəlbində sevgi qığılcımı yandırmışdı…

Məşhur sərkərdə Kleopatraya aşiq olur

Mark Antoni – məşhur Roma siyasi xadimi və sərkərdəsi, Sezarın dostu və vəkili, təxminən e.ə. 83-cü ildə anadan olub. E.ə. 51-ci ildə Mark Sezarın maliyyə işlərini idarə edən məmur seçilib. 40 yaşlı Mark Antoni ilə tanış olanda Kleopatranın 29 yaşı vardı. Yunanıstan və Kiçik Asiyanı dolaşıb xərac yığarkən, onu hər yerdə alqışlayırdılar. Təkcə Kleopatra ona gözlədiyi diqqəti vermirdi. Antoni çariçanı Sezarı öldürənlərlə əlbir olmaqda ittiham edib, çoxlu pul qoparmaq fikrindəydi. Bir neçə dəfə Antoninin təklifini rədd dən Kleopatra vaxt qazanır və Antoninin xasiyyətini yaxşıca öyrənir. Ağıllı Kleopatra başa düşmüşdü ki, Sezarın sevgisini zəkası və səmimyyəti ilə qazana bilmişdisə, Antoniyə tamam başqa münasibətlər lazım idi.
Kleopatra bu görüşə arxası qızılı rəngə boyanmış, gümüş suyuna salınmış avarları olan al rəngli yelkənli gəmidə gəlmişdi. Kleopatra taxta Afroditanın geyimində oturmuşdu. Yanında erot görkəmində balaca oğlanlar və nimfa geyimində qulluqçu qızlar dayanmışdı. Suda hərəkət eləyəndə fleyta və kifaraların sədası gəlir, ətrafa gözəl qoxular dumanı yayılırdı. Qadınları, dəb-dəbəni sevən Antoni bu tamaşaya valeh olur, bütün qəzəbini unudan Antoni, Kleopatranı ikilikdə nahar etməyə dəvət edir. Beləcə, 10 il sürəcək sevgi macərası belə başladı…
Triumviratın dəvətinə cavab olaraq Kleopatra da onu sarayına çağırdı. Antoni yediyi təamların ləzzətinə görə Misir aşpazına bütün şəhəri, Kleopatraya isə bütün dünyanı bağışlamağa hazır idi. Ehtyatlı və ağıllı qadın hər şey etməyə hazır idi ki, oğlu Sezarionu qanuni varis etsin və xalqa təsir göstərəcəyindən qorxduğu bacısından canını birdəfəlik qurtarsın. Artıq Antoni Kleopatranın ayaqlarının altında idi. Ona dəlicəsinə aşiq olan Antoni, iki arzusunu reallaşdırır: Roma Sezarionu varis kimi qebul edir, Kleopatranın bacısı Arsinoya isə Diana məbədində sirli şəkildə öldürülür.

Nökər paltarı geyinib küçədə dava salan çariça və aşiqi

Antoni bütün işlərini atıb çariça ilə İskəndəriyyədə eyş-işrətlə məşğul olur. İndi Antoninin kobud instinktlərinə uyğunlaşan Kleopatra ehtiras düşkününə, ən əxlaqsız kurtizankaya çevrilir. Onlar tez-tez nökər, matros paltarı geyib şəhərin küçələrində qaçışır, yoldan keçənlərlə, sərxoşlarla dava salır, çox vaxt da döyülüb, sonra saraya qayıdandan sonra bədənlərinin göyü sağalmamış yeni ağılsızlığın planını çəkirdilər. Kleopatra heyrətləndirməyi bacarırdı.
Bir dəfə elan edir ki, 10 milyon sestersiya (o dövrün pul vahidi) içəcək. O, qulağındakı tayı-bərabəri olmayan mirvari sırğanı çıxarıb sirkədə əridir və hamının gözü qarşısında bir nəfəsə içir. Antoni belə qadına məftun olmaya bilməzdi. Antoninin Romada qalan qanuni arvadı, artıq ərini geri qaytarmaq üçün bütün ümidlərini itirmişdi. Onu Kleopatranın cəngindən yalnız müharbələr qurtara bilərdi.
Antonidən artıq 3 uşağı olan Kleopatra müharibələr ucbatından 3 il ondan ayrı qalmalı olur. E.ə. 36-cı ilin sonunda Antoni Suriya ilə müharibəyə gedir. Amma Asiya torpağına qədəm qoyan kimi, Antoni yenə də «Nil qırağının sirenası»nı yada salır. Bu dəfə Antonini itirməməkçün Kleopatra navazişini, nazını ikiqat eleyir. O, yemir, içmir, gününü ağlamaqla keçirir ve ölümcül məyusluq nümayiş etdirirdi. Amma bu dəfə səfərdən qayıdan Antoni qələbələrini onunla qeyd edir. Yeni torpaqlar Romaya yox, Kleopatra və onun uşaqlarına paylanır. Roma Senatı və xalq bunu qəbul edə bilmir. Lakin Antonini Kleopatranın sevgisindən başqa heç nə düşündürmürdü. Antoni üzərində Kleopatranın şəkli əks olunan pullar sifariş vermişdi, hətta legionçuların qalxanında da Kleopatranın adı yazılmışdı.
Öz ləzzətləriylə yaşamağa öyrənmiş bu cütlüyü, lovğalıq və özünə arxayınlıq məhv elədi. Onlar Romadan gələn təhlükəni elə bil ki, görmürdülər. Anioninin arvadının qardaşı Oktavian Kleopatraya müharibə elan eləyəndə onlar müharibəni başlamamış udacaqlarına əmin idilər, lakin gözlədiklərinin əksinə olaraq məğlub oldular. O vaxt artıq 50 yaşı olan Antoni, eyş-işrətdən əldən düşərək qocaya dönmüşdü. Heç qılınc tutmağa da taqəti yox idi. Kleopatra isə sərkərdəlik istedadını məhəbbət təcrübəsiylə qarışdırdığından elə bildi ki, dəniz komandanlığını ələ ala bilər. Ona görə sevgilisinin döyüş strateqiyasını anlamayaraq, ən lazımlı anda geri çəkilərək döyüşdə məğlub oldu. Antoni bu məğlubiyyətinin səbəbini Kleopatrada görür və onunla münasibətləri soyuyur. Bu zaman Kleopatra öz gələcək dəhşət dolu həyatını fikirləşərək, ilk dəfə olaraq özünüqəsd fikrinə düşür. Kleopatra dəniz qırağında öz məqbərəsinin tikintisinə əmr verir. Vaxtı gələndə onu burda bütün cəvahiratıyla birgə yandırmalıydılar. Amma həyat eşqi onu rahat buraxmırdı. Başını qatmaq üçün şer yazmağa başlayan Antonidən fərqli olaraq Kleopatra gələcəyini gözünün qarşısına gətirib öz xilasını düşünürdü.

Meyitlərin içalatlarını çıxarırdı

Hindistana getmək üçün öz gəmilərini qulların, maşınların, yük heyvanlarının gücü ilə qurudan keçirsə də, Qırmızı dənizə çatan kimi ərəblər bütün gəmiləri yandırırlar. Kleopatra yenə də ruhdan duşmur. Xalqa silah paylatdırır, insanların hərbi ruhunu qaldırmaqdan ötrü oğlu Sezarionini əsgərliyə yazdırır. Bütün bunlar köməyə gəlməyəndə o, zəhərlənmək qərarına gəlir. Kleopatraya ağrısız, çabalamasız öldürən zəhər lazım idi. O, ölümə məhkum edilmiş qulların üzərində müxtəlif zəhərləri təcrübədən keçirir, nəhayət ki, özünə layiqini tapır. Kiçik Aspida ilanının zəhəri onu istəyinə daha tez çatdıracaqdı. Ölüm qorxusu hər kəsin həyatını zəhərləyə bilər. Ölümə də meydan oxumaq üçün onlar yeni «Ölümə can atanlar cəmiyyəti» yaratdılar. Məqsəd ölümü əhliləşdirmək – ev heyvanı kimi öz əlindən öz fikirlərinlə yedirməklə ram eləmək idi. Kleopatra məzarlıqlarda bayramlar təşkil edir, meyitləri dərmanlayır, balzamlayır, öz əlləriylə içalatını çıxarırdı. O, həyatdan getməyinin hər dəfə yeni ssenarisini yazırdı. Kleopatra məşuqundan gizli olaraq, Oktaviana qiymətli hədiyyələr göndərir. Axı o, həmişə qalibləri sevib. Yaşı 37-ni keçsə də, hələ də öz cazibə qüvvəsinə inanırdı. Üstəlik, qasidin ağzından çıxmışdı ki, Oktavian Kleopatraya çoxdan vurğundu. Lap yaxşı, qoy Antoni öz başına özü əlac qılsın. Lazım gəlsə, Antonini də öldürmək olar. Kleopatra bilirdi ki, onsuz da tezliklə Oktavian İskəndəriyyəyə girəcək və Antonini öldürəcək.
Bu arada çariça Antoni ilə barışmışdı. Bir neçə gündən sonra tale Antoninin üzünə gülür, Roma qoşunları ilə döyüşdə qalib gəlir. Çariçanın qəhrəmana olan sevgisini yenidən hiss edir. O, iki sadiq qullarla gizli qaçmağa qərar verir, lakin Antonini öldürmək əmrini də verməyə hələ cürət etmir.

Həyat məğlubları sevmir- fironların sonu

Artıq nə edəcəyini bilməyən Kleopatra, nökərini onun ölüm xəbərin çatdırmaq üçün Antoninin yanına göndərir. Sarayda dəli kimi ora-bura qaçan Antoni, Kleopatranın ona xəyanət etməsindən əmin idi. Bu vaxt Kleopatranın göndərdiyi nökərlər çariçanın ölüm xəbərini Antoniyə çatdırırlar. Antoni özünü qılıncın üstünə atır. Onun ölüm xəbəri Kleopatranı vicdan əzabı çəkməyə məcbur edir. O, Antonini sağ, ya ölmüş vəziyyətdə saraya gətirməyi əmr edir. Hələ ölməmiş romalı Kleopatranın ağuşunda, sevgilisinin öpüşləri altında dünyasını dəyişir.

Yataqda ölmüşdü

Romalılar bu arada İskəndəriyyəni ələ keçirirlər. Antonini dəfn edəndən sonra Kleopatra təmtəraqlı sarayına gəlir. Kleopatranın Oktavian ilə razılaşmaq üçün bütün məlum cəhdləri boşa çıxır. Romalı sərkərdə məşhur misirli qadının cazibəsini hiss etmədi… Oktavian Kleopatranı əli-ayağı qandalda triumfal arabanın arxasına bağlanmış şəkildə Romaya gətirmək fikrindəydi. Bu biabırçılığı yaşamamaq üçün, Kleopatra özünü öldürmək qərarına gəlir. Axı məğlublara qarşı rəhmsiz olan Kleopatra üçün özünü öldürmək çətin deyildi.
Oktavianın adamları Kleopatranı çara layiq bəzənmiş yataqda ölmüş vəziyyətdə tapdılar. Bir az əvvəl Kleopatranın yanına əncir dolu səbət gətirmiş kəndli girmişdi.Güman edilirdi ki, əvvəlcədən düşünülmüş planla ilanı otağa həmin səbətdə sadiq nökəri keçirmişdi. Amma ilanı otaqda tapmaq mümkün olmadı. Başqa bir versiyaya görə, Kleopatra zəhəri saç sancağında gəzdirirmiş. Onunla birlikdə hər iki qulluqçunun da ölməsi bu versiyanı təsdiqləyir. Çünki bir ilan 3 nəfəri eyni vaxtda öldürə bilməzdi. Kleopatranı Antoninin yanında ədəb-ərkanla basdırırlar. Yuli Sezarın və Kleopatranın oğlu Sezarion taxta namizəd kimi edam olunur. Bu da Misir fironlarının hakimiyyətinin sonu oldu!.. Kleopatranın Antonidən olan 3 uşağını isə Romaya apardılar və onların qayğısına Antoninin arvadı qaldı.
Kleopatra bütün həyatı boyu Misirin müstəqil olması üçün çalışsa da, zamanında onun 20 il müstəilliyini təmin etsə də, ölümündən sonra Misir, Roma imperiyasının vilayətlərindən biri olmaqdan xilas ola bilmədi.
Top