Əgər fransızlara sual verilsə ki, Anuk Eme kimdir? ”O, cazibədar olduğu qədər də sirrli qadındır” cavabını alarasız. Bəlkə də əsl fransız qadınları ömürlərinin sonuna kimi özlərini sirrli göstərməlidi. Hər halda Anuk Eme bunu bacarıb. Hərçənd buna heç bir cəhdi, xüsusi istəyi olamayıb. Sadəcə belə alınıb…
Əsl adı Fransuaza Sorya Dreyfus olan Anuk 1932-ci il aprel ayının 27-də aktyor ailəsində dünyaya gəlib. Uşaqlıqda kinoya, teatra elə də böyük maraq göstərməyib. Əslində, uşaqlığı müharibə illərinə təsadüf etdiyindən buna heç imkanı da olmayıb. Müharibənin acısı onun ailəsindən yan keçməyib — nənəsi və babası Osvensimdə həlak olublar. Anuk onları xatırlamasa da hər dəfə “müharibə” sözündən qeyri-ixtiyarı sıxılıb, sanki kimdənsə gizlənməyə çalışıb. Amma böyüyəndə Osvensimə gedib. Ona nədənsə elə gəlirdi ki, buranı ziyarət etsə, mütləq rahatlanajaq. Əriylə maşında bir neçə kilometr gedəndən sonra halı pisləşib və o, təngnəfəs olub. Ölüm düşərgəsinin ərazisinə daxil olanda isə hönkürtüylə ağlamağa başlayıb.
Anukun ömrünün sonuna kimi valideynlərinin faciəli itkisinə görə əzab çəkən atası Henri Myürer (bu onun təxəllüsüdür, əsl soyadı Dreyfusdur) qızına da müharibəyə nifrət hissini aşılamışdır. Buna baxmayaraq, Anukun uşaqlığını əzab içində keçirdiyini də demək olmaz. Uşaqlıqda Anuk baletə aludə olub. Əvvəlcə köklüyünə görə onu balet məktəbinə qəbul etmək istəməsələr də, ondakı istedadı görən müəllimlər sonradan fikrilərindən daşınıblar. Lakin bu vaxt artıq Anukun genləri özünü göstərib və o, böyük balerina olmaq istəyindən daşınıb aktyorluq məktəbinə daxil olub.
On beş yaşında Anuk artıq kiçik rolla ekranlarda görünməyə başlayır. Əvvəlcə titrlərdə sadəcə “Anuk” yazmaqla kifayətlənib heç onun soyadını da vermirdilər. Elə onda qızcığaz soyadını dəyişmək fikrinə düşür. Buna çox vaxt sərf etmir. Dalğın halda növbəti bəxtsizin sevgi etirafını dinləyəndə birdən sevincindən qışqırır. Gözünün qabağına titrdə “Baş rolda Anuk Eme” yazılmış sözlər gəlir. “Eme”, “aimee” — tərcümədə sevgilim deməkdir, yəni “Sevgilim Anuk”. Onunçün bundan yaxşı ad ola bilərmi?
17 yaşında “Veronalı aşiq” filmində Culyetta obrazıyla ilk böyük rolunu oynayır. Sirrli, qaradinməz Anuk gözlərinin dərinliyində ehtiras gizlənmiş çılğın yeniyetmə qızların rolunu ifa etmək üçün çox yarayırdı. Aktrisa onu ilhamlandıran romantikadan bezənə kimi onlarla belə rolda çəkildi. Cansıxıcı həyatının müqabilində elə həmin il ailə həyatı qurdu və bu onu bir az şənləndirdi. Xoş sevgi macərası bitəndən sonra isə çox düşünmədən rejissor Nikos Papatakisə ərə getdi və ondan Manuel adlı qızı oldu. Onun bu nigahı da uzun sürmədi. Üç ildən sonra qızı əlində Anuk özünə yeni səadət axtarmağa başladı. Bu dəfəki səadətini yeni ərinin yanında yox, işdə tapdı- Federiko Fellininin filminə çəkilməklə parlaq ulduz oldu. Beləliklə Anuk şöhrətə aparan düz yola çıxdı. “Ulduz olmaq üçün tikanlı yollar keçməlisən» sözləri Anuka aid deyildi. Onun yaradıjılıq yolu heç vaxt tikanlı olmadı. Amma illərlə “sürüşkən aktyorluq yolunda” öz çəkisini saxlamaq hər kəsə də müvəffəq olmur. Bu da Anuk Emenin sirrlərindən biridir. Sirrli intellektual görünüşünə görə amansızcasına istismar olunduğunu anladığı bir vaxtda titrlərdə yazılan adının əks etdiyi soyuq şöhrətin heç bir hiss döğurmadığını bir dəfəlik qət etdi: yalnız ürəyincə olan obrazları yaradacaq. Karyera üçün, pul qazanmaq üçün çəkilməyəcək. Çünki incəsənətdən nəyinsə xatirinə istifadə etmək olmaz. O, bu qərara Fellininin “Şirin həyat” filmindən sonra gəldi. Onun qəhrəmanı soyuq təbiətli, bədbəxt, hər şeydən usanmış intellektual aristokrat qadın zərifliyini itirərək kişilər dünyasını məğlub etməyə qalxmış tükənməkdə olan bütöv bir zümrənin faciəvi təcəssümüdür. O bu rolunu uğurla oynadı. Məgər Fellininin filmində ayrı cür oynamaq olarmı?
Sonra “ 8 1/2” filmi gəlir. Burada sevilməyən, lakin iri gözlərindən kədər yağan zövcə obrazını yaradır. Onda dahi rejissor Anuk Emeni ciddi görünüşü altında hissləri tüğyan edən bütün zamanların və xalqların ən yaxşı aktrisanı adlandırır. Bu Emeyə xoş gəlsə də, yaradıcı kişilərlə ünsiyyət təcrübəsindən bilirdi ki, Fellini beş dəqiqədən sonra onu bütün dövrlərin və xalqların ən istedadsız aktrisası da adlandıra bilər. Düzdür, bu dərəcəyə çatmasalar da, möhkəm mübahisələr edirdilər. Onları həmişə Mastroyani barışdırardı. Açığı Mastroyaninin də xasiyyəti ipək deyildi, amma çox sülhsevər adam idi. Fellini barıt çəlləyi kimi heç nədən partlayanda Anuk başını döndərib səssizcə kənara çəkilərdi. O anlarda xatırlayırdı ki, o bütün dövrlərin və xalqların ən yaxşı aktrisasıdır və hər şeyə tüpürərək, «Fellini özünə başqa aktrisa tapsın» deyərək getmək qərarına gələrdi. «Dərd eləmə, gəl, biz sənə pitsa hazırlamışıq» deyə Mastroyani onu səsləyərdi. Anuk isə: «belə küsüb durmağa dəyərmi, bəlkə elə bir dəfəlik çıxıb gedim?» deyə düşünər, bir anlıq tərəddüddən sonra pitsanı yeməyə qaçardı.
Əvvəllər Anuk Felliniyə çəkiliş meydançasında yaxınlaşıb ondan bir söz soruşmağa belə qorxurdu. Çünki tanışları Anuka xəbərdarlıq etmişdilər ki, Fellini despotdur. Əslində, ilk baxışdan bu gözə çarpmırdı. Fellini heç vaxt deməzdi ki, necə oynamaq lazımdır. O, “ssenarini xatırlayırsanmı?” soruşanda Anuk başıyla “hə” cavabını verən kimi aktrisanı çəkiliş meydançasına dəvət edər və «motor!» komandasını verərdi. Fellini Anuku bütün dövrlərin və xalqların ən yaxşı aktrisası adlandırsa da, bu sözlərə həmişə balaja əlavə edərdi: «Culyetta Mazinadan sonra».
Bir neçə il bundan əvvəl Anuk Eme Berlinin Brandenburq darvazasının qarşısındakı beşulduzlu oteldə müsahibə verərkən bir səhnənin şahidi oldu. Şən halda danışdığı yerdə birdən pəncərəyə baxaraq susdu. Pəncərədən otelin qarşısındakı qazona ehmallıja bir ağ heykəl salırdılar. Bu eynən «Şirin həyat» filmindəki məşhur epizodu xatırladırdı. Uzun müddət nəzərini bu mənzərədən çəkməyən aktrisa pəncərəyə işarə edərək, dərin ah çəkdi: «Bu mənim həyatımda ən xoş an idi. Bilirsiniz, mən indi də Fellini və Marçello üçün çox darıxıram».Əslində, Anuk üçün onun filmə kim tərəfindən dəvət edilməsi əhəmiyyətli deyil. Bu lap Orson Uells də ola bilərdi. Əgər ssenari xoşuna gəlməzsə, heç bir danışıqlara getməzdi. Əksinə, əgər əlinə ürəyincə olan ssenari düşürdüsə, rejissorun kimliyindən asılı olmayaraq, razılıq verərdi. Əgər Anuk “ yox” deyirdisə, hamı bilirdi ki, aktrisanı məcbur etmək, dilə tutmaq qeyri- mümkündür.
Klod Leluş indiyə kimi anlaya bilmir ki, vaxtilə Anuku nejə dilə tuta bilib. Bununla belə “ Kişi və qadın” filmini çəkməklə Leluş Anuk Emenin “ vizit kartı”nı yarada bildi. O vaxt Leluşun heç otuz yaşı da yox idi. Amma hələ ssenari hazır olmamışdan recissor bilirdi ki, baş rolları Anuk Eme və Jan- Lui Trentinyan oynayacaqlar. Trentinyan ssenarini oxumasa da Leluşun hər hansı bir filmində çəkiləməyə hazır idi. Ancaq Anuka gələndə Leluş təşvişə düşərək, aktrisaya zənq vurmağa tərəddüd etdi. Anuku yaxşı tanıyan Trentinyan özü zəng edib Anuka qadın rolunu təklif etdi. Anuk asanlıqla razılıq verdi. O an Leluşa sanki dünyanı bəxş etmişdilər. Lakin bunlar əbəs imiş. Çəkilişə gələn Eme heç bir etiraz qəbul etmədən bahalı qadın bərbəri və vizajisti tələb etdi. Leluşsa kasıb olduğundan bu tələblərin qarşısında aciz qaldı. O, Anukla dost olana qədər hələ cox belə gərginliklər keçirəcəkdi. O zamansa Klod nəinki bahalı vizajisti, heç rəngli plyonkaya vəsaiti olmayan, lakin böyük ümidlərlə yaşayan gənc rejissor idi.
Kim indi 60-cı illərin şedevri sayılan “ Kişi və qadın” filmini rəngli təsəvvür edə bilər? Bəzən pulun olmaması işin xeyrinə işləyir… İtalyan neorealizminin banisi Roberto Rossilini qeyri-peşəkarları dəvət etməklə küçələrdə çəkilişlər etməyə başlayanda bu ona görə deyildi ki, o, kinoda yeni cərəyanın əsasını qoymaq istəyirdi, sadəcə peşəkar aktyorlara böyük məbləğdə pul ödəməyə imkanı yox idi. Eləcə də Klod Leluş keyfiyyətli rəngli film çəkmək istəyirdi, lakin imkanı ağ-qaralı melodram çəkməyə çatırdı…Beləliklə, filmin az qala yarı büdcəsini ayıraraq Anuka bərbər və vizajist gətirdilər. Amma bu hələ son deyildi. İlk çəkiliş günündə qəhrəmanlar uşaqlarıyla katerdə üzməli idilər. Anuk bu səhnədə çəkilməkdən qəti surətdə imtina etdi: “Bu katerə ayağımı da basmaram!”- deyəndə, rejissor onu inandırmağa çalışdı ki, bu səhnə filmin əsas məğzidir, onun mənasını təşkil edir. Anuk heç nə eşitmək istəmirdi, recissora yalnız: «onda ririoreksiyada çəkin» — demişdi.
Rejissor ririoreksiya ilə çəkilişin filmin bütün büdcəsini yediyini düşünüb, çıxış yolunu aktrisanı dəyişməkdə gördü. Gecə yarısı tanış aktrisalara zənq edib təklifini bildirib səhər saat 8-də Davillda olmalarını xahiş edəndə, qadınlar dərhal dəstəyi asdılar. Yeganə Anni Jirardo ona gecə saat ikidən sonra zəng edəcəyini bildirdi. İkiyə kimi Leluş mehmanxananın ətrafında dolaşıb nömrəsinə qayıtdı. Bu zaman zənq çalındı. Dəstəyi qaldırıb: “Hə, nə oldu, madam Jirardo?!”- soruşanda, xəttin o biri başında Anukun istehzalı səsi eşidildi: “Sənə təklifim var. Sabah sənin o çirkli katerinə minərəm. Bir saatın içərisində heç nə baş verməyəcəksə, filmində çəkiləcəyəm. Gecən xeyrə qalsın!”. Jirardo heç zəng də etmədi. Hərdən insan məsuliyyətsizliyi nəyəsə kömək edir...Elə çəkilişin birinci günündən Leluş Anuk Emeyə vuruldu. Amma ona yaxınlaşıb sevgisini etiraf etmək üçün fürsət gözləyirdi. Bu yandan isə Anuk «Kişi və qadın»da qəhrəmanın ölən ərini oynayan Pyer Baruya aşiq olmuşdu. Məhəbbət qarşılıqlı olduğundan, çəkilişlərin sonunda bütün heyət Anukla Barunun toyunda iştirak etdi. Leluş isə özünü danlayırdı: “Axı niyə mən belə astagələm?” Üç ildən sonra Anuk növbəti ərindən ayrıldı və ingilis aktyoru Albert Finniliylə evləndi. Bu nigah Anukun ən uzunömürlü (6 il) və sonuncu nigahı oldu.
1978- ci ildən Anuk Eme tək yaşayır. Qızı Manuel ailə qurmuş, Anukun nəvəsinin artıq 25 yaşı var. 80 filmə çəkilən Anuk Eme unudulmaqdan qorxmayaraq hazırda işinə bir neçə il fasilə verərək nətijəsinin dünyaya gəlməsini səbirsizliklə gözləyir …