Qadağan olunan arzu…
Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingilis qanı daşıdığı üçün anasının həbs olunması bir dövrə təsadüf edib.
Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki fahişəlik, alman əsgərləri, qəzəb və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı məqamalar olub.
Özünün artistlik istedadına güvənən Jannanın teatra və kinoya olan həvəsi bir zamanlar “Folli Berjer” müzik-xollunda balerina olmuş anasından qaynaqlanır. Səhnədən ərinin təkidi ilə ayrılmağa məcbur olan ana qızının bu sənəti davam etdirəcəyinə böyük ümidlər bəsləsə də, Jannanın atası qızının balerina və ya aktrisa olmaq arzusunu eşitmək beləistəmir. Və bu haqda danışmağı Jannaya qadağan edir.
Lakin teatr sənətinə olan həvəsi onu on beş yaşında Deni İnesanın yaratdığı aktyroluq kurslarına gedib məşqləri və tamaşaları izləməyə məcbur edirdi. Daha sonra o, konservatoriyanın dramatik incəsənət fakültəsinə daxil olur. Janna ilk dəfə səhnəyə “Antiqon” tamaşasında ifa edəcəyi Anuya rolu ilə çıxır.
Dəbdə sarışınlardı…
On doqquz yaşlı Janna tələbəlik dövründə Fransanın ən görkəmli teatr rejissorlarından biri olan Jan Vilar ilə tanış oldu. Həmin ərəfədə Jan Vilar sonralar məşhurlaşacaq Avinyon teatr festivalını yenicə ərsəyə gətirmişdi. O, festivalın açılışı üçün nəzərdə tutulmuş “Günorta terrası” tamaşasındakı baş rollardan birini Jannaya həvalə edir. Rejissorun aktrisaya olan ümidi özünü doğruldur. Jannanın ifa etdiyi rol o qədər böyük uğur qazanır ki, əsası XIV Lüdoviq tərəfindən hələ 1680-ci ildə qoyulmuş “Komedi Fransez” teatrının rəhbərliyi Jannanı fəaliyyət göstərmək üçün öz teatrına dəvət edir.
Qızının aktrisa olmasını bir ildən sonra xəbər tutan ata da məhz Jannanın Komedi Fransez teatrında fəaliyyətini öyrəndikdən sonra onunla barışırb susmalı olur.
Həm də “Molyerin evi” adlandırılan məşhur teatrda Jannanın ilk rolu Jan Meyerin quruluşunda hazırlanan İvan Turgenevin “Kənddə ay” pyesindəki Nataşa rolu olur. Teatrın üçüncü mövsümünün aşılışında Janna artıq həmin teatrda xeyli məşhur sənət adamları ilə tanış olur. Gənc aktrisa teatrda işlədiyi dörd il ərzində çoxlu təcrübə qazanır və xeyli klassik rolların ifaçısı olur. Teatr sahəsində aktrisanın işləri uğurlu getsə də, kinoya keçid onun üçün nisbətən çətin oldu. Çünki, onun kinoya gəlişi elə bir vaxta təsadüf edirdi ki, həmin ərəfədə “teatr aktyorlarının filmə çəkilməsi zərərlidir” kimi fikirlər geniş yayılmış və möhkəmlənmişdi. Filmlər və rollar həmin dövrlərdə meydana çıxan yeni tipajlar üçün nəzərdə tutulub hazırlanırdı. Dəbdə isə sarışınlar idi.
Jannanın debüt rolu 1953-cü ildə Jak Bekkerin “Əldə edilənə toxunmayın” filmindəki Jüzi obrazı olur. Həmin filmdə o, əfsanəvi Jan Qabenlə tərəf müqabili olur. Elə həmin ili aktrisa Mark Alleqrenin “Cülyetta” komediya filminə çəkilir.
Lui Malın filmləri və məhəbbəti…
Ondan çox filmə çəkilən aktrisa Fransada yaranan “yeni dalğa” cərəyanınlın rejiissorlarının da diqqətini cəlb edir. 1957-ci ilin yazında Lui Mal Jannanı izlədiyi tamaşaların birində görüb bəyənir və onu özünün çəkəcəyi “Lift eşafotda” filminin danışıqlarına dəvət edir. Janna həmin günləri Lui Malın ona söylədiyi sözləri belə xatırlayır: “Janna siz məşhur aktrisasınız. Ancaq təəssüf ki, işbilməz, şöhrəti olmayan və pulsuz adamlarla işləyirsiniz.”
Jannanın valehedici gözlərindən saçan sirli təbəssümün arxasında isə hər şeyi bilməyə can atan, gözəl, işvəkar bir aktrisa vardı. O, Lui Malın sınaq çəkilişlərində iştirak edərək onun fəaliyyətini yaxından izləyir. Sınaq çəkilişlərindən sonra operatorlar Mala məsləhət görürlər ki, Jannaya görə öz kinokaryerasını korlamasın. Məsələ burasındaydı ki, Janna fotogenik deyildi. Hətta çoxları onu “çirkin sima” hesab edərək filmə çəkilmək üçün yararlı hesab etmirdilər. Onun siması üzərində hədsiz incəliklə və xeyli müddət işləmək, qrimləmək lazım gəlirdi. Yalnız bu zaman Janna birdən-birə dəyişilə bilirdi.
Lakin, aktrisaya olan inam həm də sevgi Lui Mala əsas verir ki, Jannanı öz filmində görsün. Janna isə öz növbəsində Lui ilə birgə işləmək üçün Stenli Kubrikin çəkəcəyi “Spartak” filmindən imtina edir. Elə həmin filmdən sonra Lui ilə Jannanın arasında böyük bir məhəbət başlayır. Sonralar Janna müsahibələrinin birində deyirdi: “Lui Malla mənim sevgim dərin və valehedici idi. Hərçənd ki, rejissorlarla aktrisalar arasında çox zaman məftunedici münasibətlər, əlaqələr mövcud olur. Çünki rejissor film üzərində işləyən zaman tez-tez müxtəlif obrazların sayrışan baxışlarını görür. Bunun üçün də rejissorla aktrisa arasında əlaqə o qədər güclü olmalıdır ki, rejissor ondan istədiyini əldə edə bilsin.”
“Lift eşafotda” filmindən sonra aktrisa Lui Malın daha üç filminə də çəkilir. “Sevgili”, “Fırlanan qığılcım”, “Viva Mariya” filmləri Jannanı Fransanın ən məşhur aktrisasına çevirir. Daha sonra aktrisa digər tanınmış rejissor Fransua Trüffonun “Jül və Cim” filminə dəvət alır. Həmin filmdəki rolu Jannanın ən parlaq obrazlarından biri hesab olunur. Film Kannda mükafata layiq görülür.
50-ci illərin sonlarından başlayaraq Janna Fransa kinomatoqrafiyasının azad simvoluna çevrilir. Klod Şarbol, Fransua Trüffo, Jan Lyuk Qodar, Mikelancelo Antonioni, Orson Ueles kimi rejissorlarla işləyən Janna artıq təklif olunan rollar üzərində seçim etməyə haqqı çatan aktrisa olur. Deyilənə görə Lukino Viskonti Jannanya “Rokki və onun qardaşları” filminə çəkilməyi təklif etsə də Janna bu roldan imtina edib.* Bir çoxlarının onu “yeni Qreta Qarbo”, “Betti Devisin layiqli davamçısı” kimi adlandırmalarına aktrisa həmişə istehza ilə yanaşıb.
Hollivuddakı illər…
70 ci illərin ortalarında Janna bir müddət yazıçı Henritta Yelinekle birlikdə Beverli-Xilz şəhərində yaşamağa başlayır. Hollivud aktrisaya öz qapılarını açmışdı. Həmin ərəfədə Yelinek rejissor kimi özünü ikinci filmində sınamaq istəyirdi. 1979-cu ildə lentə alınan “Yeniyetmə qız filmi”ndəki rolu Janna Moroya böyük uğur qazandı. Daha sonra o, Elis Kazanın “Sonuncu maqnat” filminə çəkilir. “Brodvey” səhnəsində bir neçə tamaşada rol alır. Elə həmin ərəfədə Janna məşhur Hollivud rejissoru Uilyam Fridkinlə tanış olur. Daha sonra bu tanışlıq evliliklə nəticələnir. O, bir müddət film sahəsindən kənar durur.
Aktrisanı yaxın ətrafı onu həmişə təvözokar insan olduğu üçün daha çox sevdiklərini bildiriblər. Bir çox məşhur və novator rejisorlarla işləyən aktrisa heç vaxt rolları haqqında öyünməyib. Filmlərinin bütün zəhmət və uğurlarını rejissorların adı ilə bağlayıb.
Fridkindən ayrıldıqdan sonra Janna yenidən Fransaya qayıdır. 1999-cu ildə aktrisa sovet rejissoru Rüstəm Həmdətovun ekranlaşdırdığı “Anna Karamazoff” filminə çəkilir.
Aktrisa iki dəfə Kann film festivalında ən yaxşı qadın aktrisa roluna görə mükafat alıb. Bu baxımdan “Cül və Cim” və “Moderato Kantabil” filmi onun ən uğurlu filmləridi. Bununlarla yanaşı aktrisa bir neçə dəfə “Sezar” mükafatına və uzun illik yaradıcılıq fəaliyyətinə görə “Hörmətli oskar”a layiq görülür.
Aktrisa heç bir zaman estetik əməliyyat etdirməyib. O. Yaşlansa belə özünü həmişə şarmlı və gözəl hesab edərək deyib: Yaş insanı təhlükəli sevgidən xilas etmir. Amma sevgi isə sizi qocalığın təhlükəsindən xilas etmək gücündədir.
Janna Moro hal-hazırda 87 yaşındadı. O, Parisdə birinci nikahından olan oğlu ilə birlikdə yaşayır.