Qısa zaman ərzində gözəlliyi və oynadığı rolların bənzərsizliyi ilə bütün Amerikanı fəth edən aktrisa Qreta Qarbo 18 sentyabr 1905-ci ildə İsveçrənin Stokholm şəhərində tualet təmizləyicisi Karl Alferdin və Anna Qustafson ailəsinin üçüncü uşağı olaraq dünaya göz açır. Əsl adı Qreta Luiza Qustafson olan aktrisa evdə Qreta Luiza və ya Keta adı ilə əzizlənir. Valideynlər çox kasıb olsalar da, çox böyük əziyyətlə Qretanı orta məktəbə yazdıra bilirlər. On dörd yaşı olanda çox sevdiyi atası vərəm xəstəliyinə tutulur. Onsuz da maddi vəziyyəti yaxşı olmayan ailənin atanı sağaltmaq imkanı olmur. 1920-ci ildə gələcək aktrisanın atası dünyasını dəyişir. Bu itkidən sonra dolanışıqlarına kömək üçün Qreta həm məktəbdə oxumaq, həm də işləmək məcburiyyətində qalır.
Sonralar uşaqlıq illərini xatırlayarkən aktrisa bunları yazırdı: «Mən çox qəribə uşaq olmuşam. Gecələri demək olar ki, yatmayıb, evdə gəzirdim. Heç vaxt özümə arxayın deyildim. Həmişə elə hiss edirdim ki, indicə nə isə bədbəxt bir hadisə baş verəcək». Atasını itirdikdən sonra aktrisa özü üçün qəti and içdi: «O, özünə elə bir həyat quracaq ki, heç vaxt heç kimin güzaranına baxıb köks ötürməyəcək.» O, bu andını düz iyirmi il sonra gerçəkləşdirməyi bacarsa da, dünyanın ən varlı qadını olan Qreta Qarbonun qadın xoşbəxtliyi olmur.
Həmin iyirmi ildən əvvəl isə on dörd yaşlı bu qızcığaz Stokholmun ən məşhur qadın paltarları satılan mağazlarının biri olan qadın şlyapaları bölməsində satıcı kimi işə başlasa da, tale bu gənc və valehedici gözələ başqa bir gələcək hazırlayır.
Kəndçi qızına ulduz demək olarmı…
Mağazada işləyərək o, həm də İsveç Dram Teatrına qəbul olunur. Həmin teatrda o, bir reklam rolikinə çəkilir. Həmin vaxt onu İsveçrənin tanınmış rejissorlarından olan Moris Stillerin diqqətini cəlb edir. Gələcəyin bənzərsiz aktrisasını kəşf etdiyini duyan rejissor elə həmin an Qretaya özünün çəkəcəyi filmdə vacib rollardan birini oynamağı təklif edir. Qreta bu təklifi qəbul edir. Və beləliklə onun film həyatı başlayır. Həmin film çox böyük uğur qazanır. Moris Stiller Qretaya Qarbo təxəllüsünü verir. Onlar tezliklə Amerikaya yola düşürlər. Və Hollivuddun ən məşhur şirkətlərindən biri olan Metro Goldvin Mayerlə işləmək təklifi alırlar. İlk filmdən qazandığı uğurun səbəbini Qreta əcnəbi qadınlara oxşamasında görür. Lakin olduqca təcrübəli və öz işinin ustası olan Stiller bu debütant aktrisanı ilk dəfə görərkən peyğəmbərcəsinə bu sözləri deyir: «Belə bir sima ekran qarşısına yüz ildən bir gələ bilər. O, çox böyük aktrisa olacaq!»
1924-cü ildə Qreta alman rejissoru Georq Pabstın «Fərəhsiz döngə» filminə çəkilir. Qreta Hollivudda özünün həmişə yad hesab edir. Bənzərsiz gözəlliyi, qazandığı şöhrət və Hollivudda var olması bir çoxlarında çaşqınlıq yaradır: Onun haqqında bu sözləri deyirlər: «Qaba corabların üstündən tufli geyinən bu kəndçi qızına ulduz demək olarmı?» Bu cür rişxəndlər onun ləhcəsinə, dik burnuna, saçlarına qarşı da edilirdi. Tezliklə «isveçrəli kəndçini» Hollivud standartlarına uyğunlaşdırmaq lazım gəldi. O, tez bir zamanda dieta ilə on dörd kilo arıqladı. Onun üçün ən çətin dönəmlər isə çəkiliş meydançasında olan vaxtları idi. O, çəkiliş üçün hazır olan vaxtı onu çəkiliş meydançasından qovurdular. Elə ki, yatmağa hazırlaşırdı, onu yenidən çəkilişə dəvət edirdilər.
Miloslu Venera, Qərib gözəl və İsveç Sfinksi…
1926-cı ildə Qarbo Leonardo Morenonun «Axın» filmində çəkildikdən sonra kino ekspertləri onun haqqında çox yüksək fikirlər yürütməyə başlayırlar. Qretanın sifət quruluşu o qədər unikal və cəlb edici idi ki, onu hər bucaqdan kameraya çəkmək uğurlu olurdu. Bədən quruluşunun zərifliyinə görə onu çox vaxtı Miloslu Venera heykəli ilə müqayisə edirdilər. Firuzə rəgli mavi və kədərli gözləri, uzun kirpikləri, oval sifət qurluşu, qeyri-təbii sıx saç düzümü ona seksual görüntü verirdi. Tezliklə onu «qərib gözəl» və "İsveç Sfinksi" ləqəblərini də verdilər. «Axın» filmindən sonra Qarbo romantik məhəbbət filmlərinin əvəzolunmaz qəhrəmanına çevrildi. Rejissorlar tezliklə onun faciəvi simasını yaratdılar. Nazik qaşların altından süzgün, yorğun, lakin ehtiraslı baxışlar. Ümidsiz, kədərli və soyuq oval sima onu «Yoldançıxaran» 1926, «Bədən və iblis» 1927, "İlahi qadın" 1928, "Əgər məni arzu edirsənsə" 1932 kimi filmlərin qəhrəmanına çevirdi.
Yaradıcılığı boyu bir çox rejissorlarla və şirkətlərlə qalmaqal yaşayan aktrisa xaraktercə realist və tələbkar olmuşdur. Müqavilə bağladığı film şirkətləri onu daha çox əyləncəli rollara çəkmək istəmişlər. Lakin aktrisa mənalı və yaddaqalan rollar oynamağa can atmışdır.
Mən tək qalmaq istəyirəm!
Bacısı Alvanın vəfat etmə xəbərini eşidən kimi İsveçrəyə getmək istəyən aktrisaya rejissorlar tərəfindən qadağa gəlir. O zaman bacısının dəfnində iştirak edə bilməyən aktrisa yazıçı Lars Saksona ünvanladığı məktubunda yazır: «Başa düşə bilmirəm ki, allah məni niyə belə cəzalandırır. Mən çox istəyirəm ki, evimə gedim. Lakin hamı mənə mane olur. Onlar deyirlər ki, mən qarşıdakı üç filmə çəkilməmiş heç bir yerə getməməliyəm. Ancaq mən fürsət düşən kimi İsveçrəyə gedəcəm». «Mata Xari», «Kraliça Kristina», «Anna Karenina», «Kamelyalı qadın» kimi bir çox filmlərə çəkilir. Və həmin filmlər ona dünya şöhrəti qazandırır. Ata Aleksandr Dümanın «Kamelyalı qadın» əsəri 26 dəfə ekranlaşdırılıb. Ancaq Qreta Qarbonun yaratdığı obrazın şöhrəti onun sələfləri olan Sara Bernarı Eleanor Duzeni belə ötüb keçir.
Qarbo heç vaxt çəkiliş vaxt məşq etməyi xoşlamazmış. O, hesab edirmiş ki, çəkildiyi ilk kadr hamısından yaxşı olur. Və belə də olurmuş. Aktrisa heç vaxt avtoqraf verməyib. Həmçinin pərəstişakarları ilə görüşməkdən və onların məktublarına cavab verməkdən imtina edir. 1939-cu ildə aktrisa «Ninoçka» komediyasına çəkilir. Daha sonra 1941-ci ildə "İkiüzlü qadın" filmində baş rolu ifa edir. Bu filmdən sonra aktrisa ona gələn bütün film təkliflərini və müqavilələrini rədd edib mətbuata belə bir açıqlama verir: «Mən tək qalmaq istəyirəm». Daha sonra isə aktrisa kinomatoqrafiya sahəsini həmişəlik tərk edir.* Onun kinodan getməsini bir çoxları onun yaşlanmaqla olan qorxusu ilə bağlayırlar. Çünki o, pərəstişkarlarının yaddaşında həmişə gözəl qalamq istəyir.
Qarmaqarışıq sevgi macəraları…
1928-ci ildə «Sevgi» filminə çəkilən Qarbo həmin filmdəki tərəf-müqabili Con Gilbertdən evlənmək təklifi alır. Evlilk təklifinə razılıq verən aktrisa toy günü evlilikdən imtina edir. Bu hadisə yaraşıqlı aktyorun karyerasına çox pis etsə də sonralar bir neçə dəfə də Con Qarboya yenidən evlənmək təklifləri etsə də ondan bu cavabı alır: «Kiminsə arvadı olacağımı bilmək mənim üçün iyrəncdir».
Aktrisanın bir çox məşhur insanlarla eşq macəraları olsa da, heç vaxt heç kimlə evlənməmişdir. Britaniya əsilli aristokrat fotoqraf Sesil Bitonla böyük eşq məcərası yaşasa da onunla da olan münasibətləri bir müddət sonra sona çatmışdır.
Qreta Qarbonun intim həyatı çox qarışıq olmuşdur. Belə ki, onun bir çox məşhur qadınlarla da eşq macəraları olmuşdur. Biseksual aktrisanın ilk qadın sevgilisi aktrisa Mimi Pollak, Lilian Teşman, Fifi Dorse daha sonra Marlen Ditrix olmuşdur. 1931-ci ildə Qarbo həmin dövrün ən məşhur feminist və lesbiyan qadınlarından biri olan Mersedes de Kosta ilə tanış olur. Mersedes Qretadan on iki yaş böyük olur. Bu dostluq və məhəbbət uzun illər davam etsə də gizli qalır. Lakin, Mesedesin öz həyatından bəhs edən kitabda qadınlarla olan məhbəbətindən yazması onun Qreta ilə olan məhəbbəti ilə yanaşı Marlen Ditrix, Aysedora Dunkanla olan məhəbbət sirrlərini açır. Rəfiqəsinin bu hərəkətindən utanan Qarbo onunla olan bütün əlaqələrini bitirir və ömrünün sonunadək onu bağışlamır. Lakin Mersedesin ölüm xəbəri yayılanda Qreta onun tabutu üzərinə bir dəstə ağ liliya çiçəkləri yollayır. Bunula da o, öz rəfiqəsini son dəfə yad edir.
Üzə çıxan sirli məhəbbət məktubları və ölüm…
27 filmə çəkildikdən sonra həyatının əlli ilini dünyadan təcrid olunmuş vəziyyətdə yaşayan aktrisanın ən böyük və gizli məhəbbəti İsveçrədəki Teatr məktəbində birgə oxuduğu Mimi Pollak olmuşdur. Bu iki qadın arasında düz altmış il davam edən məktublaşama Tin Anderson Axell tərəfindən kitab halında dərc olunmuşdur.
Məktublarında Mimini Mimoza adlandıran Qreta «Səndən gələn hər məktub içimdəki sevgi fırtınasını daha da gücləndirir. Sənsiz asta, sıxıcı və yorğun bir qadınam. Səni görməyi xəyal edirəm. Səni gördüyüm anda məni əvvəlki kimi sevib, sevmədiyini anlayacağam balaca mimozam».
Mimi Pollakın 1928-ci ildə ailə həyatı qurması, iki il sonra isə onun ana olması belə Qretanın ona olan münasibətini dəyişmir. Belə ki, o, Mimiyə yazdığı təbrik məktubuna bu sözləri də əlavə edir. «Bilirəm ki, allah bizi belə yaradıb. Və təbiətimizə qarşı üsyan edə bilmirik. Ancaq bizim mən həmişə səni arzuladım. Həyatım boyunca bir-birimizə aid olduğumuzu düşündüm. Sənin ana olduğunu eşitdim. Mən isə ata olmaqdan qürur duyuram».
1955-ci ildə aktrisa «ekranda yaratdığı unudulmaz rolları»na görə «Oskar» mükafatına layiq görülür.
Kinodan ayrıldıqdan sonra aktrisa çox ciddi rejimlə həyat sürür. O, yoqayla məşğul olur, hind filosofların kitablarını mütaliə edir. Günün xeyli hissəsini piyada gəzintilər edir. Yalnız yaxın ətrafında olan insanlarala əlaqələr saxlayır.
Hələ Hollivudda olarkən Qreta çox tez-tez xəstələnir. Son on bir ayda isə o, üç dəfə böyrək dializi etdirir. 1990-cı il aprel ayının 15-də səhər saat 11.30-da Qreta Qarbo 84 yaşında böyrək sətəlcəmi və çatışmazlığından dünyasını dəyişir. Bütün varidatını qardaşı qızına vəsiyyət edən aktrisanın vəsiyyətinə uyğun olaraq meyit yandırılır. Külü isə doqquz il sonra İsveçrədəki qəbiristanlıqda basdırlır.