“Jizel”in uğuru…
Əsl adı Marqarit Xukem olan Marqo Fonteyn 19 may 1919-cu ildə Böyük Britaniyanın Reyqeyt şəhərində mühəndis ailəsində doğulmuşdur. Atasının işi ilə əlaqədar olaraq Marqo ailəsi ilə birlikdə London, Şanxey kimi bir çox şəhərlərdə gəzərgi uşaqlıq keçirməyə məcbur olur. Yarı brazilyalı, yarı irland əsilli Marqonun anası Xilda olduqca gözəl və ağıllı idi. O, incəsənət və ədəbiyyatla dərindən maraqlanırdı. Qızındakı istedadın fərqinə varan da məhz Xilda olur. Marqonun dörd yaşı tamam olan kimi anası onu balet məktəbinə aparmağa başlayır. İlk balet dərslərini o, Olqa Preobrajenskayadan və Matilda Kşesinkayadan alır. On beş yaşı tamam olduqda isə Marqo rəqqas Serafim Astafevonun dərslərinə qatıldı.
Həmin ərəfədə dövrün məşhur balerinalarından olan Ninett de Valuqa yenicə qurub yaratdığı gənclərdən ibarət “Vik-Uells” balet məktəbinə yeniyetmə balerinaların qəbuluna başlamışdı. Məktəbləri gəzib konkurslar keçirən Ninett Marqonu nədənsə kitaylı qızlara bənzədərək kənarda dayanmış bu qızcığaza o qədər də əhəmyyət vermirdi. Lakin Marqo öyrəndiklərini səhnədə göstərdiyi zaman Ninett dərhal onu öz məktəbinə qəbul edir.
On beş yaşlı Marqo məktəbə qəbul olunan kimi“Şelkunçik” baletində iki il sonra isə səhnədə prima-balerina hesab olunan Alisa Markovu əvəz edəcək səviyyəyə qalxdı. Onun ilk baş rolu Jizel oldu. Marqo ona həvalə olunmuş rolun bütün partiyalarını məharətlə ifa edərək özünə inamı doğrulda bildi. Bir müddət sonra isə “Qu quşu gölü”, “Yatmış gözəl” kimi səhnə əsərlərində baş rolları ifa etdi. 1939-cu ildən eitbarən isə Marqo xoreqraf Fredrik Aştonla birlikdə işləməyə başlayır. Aşton Marqo üçün “Dafinis və Xloya”, “Silviya”, “Undina” kimi əsərlərin səhnə tərtibatını hazırladı.
Səhnədən getməsinə mane olan insan…
Ninnet de Valua gənc balerinasından gələcəyə dair çox şeylər gözləyirdi. O, bilirdi ki, istedadlı tələbəsi onun ümidlərini doğruldacaq. Marqonun rəqsindəki incə texnika, bənzərsiz zəriflik bir müddət sonra öz sözünü dedi. Və Marqo İngiltərə səhnəsinin ən yaxşı balerinasına çevrildi. Bir müddət sonra Marqo Nyu Yorka səfərə yola düşür. O, “Yatmış gözəl” baletindəki ifası ilə amerikalı tamaşaçılarını ovsunlayır. 1949-cu ildə Marqonun şöhrəti bütün dünyaya yayıldı.
Marqo qırx iki yaşının tamamında səhnədən uzaqlaşmağı qərara alır. Lakin, tale elə gətirir ki, o, hələ uzun müddət səhnədə qalmalı olur. Buna səbəb isə balerinanın özündən on doqquz yaş kiçik olan 23 yaşlı rəqqas Rudolf Nurievlə qarşılaşması olur. Onların tanışlığından bir müddət sonra tamaşaçılar bu cütlüyü 1962-ci il “Jijel” baletində tərəf müqabili kimi görürlər.
Səhnəyə çıxmazdan əvvəl Marqo dəhşətli gərginlik içərisində olur. Rudolfla öz arasında olan yaş fərqini o konsertdən əvvəl hiss edir. Ətrafdakı dostlarına isə belə deyir: “Mən bir azdan səhnədə öz yumurtası ilə oynayan yaşlı toyuq kimi görsənəcəm.” Lakin, Marqo fikrində yanılır. Onların ilk işi çox uğurlu alınır. Səhnədə alqış səsindən qulaq batırdı. Həmin gecə tamaşaçılar Marqo və Rudolfu otuz dəfə səhnəyə dəvət etdilər. Bu mərasim isə düz qırx beş dəqiqə davam edir. Həmin vaxtdan iki il keçdikdən sonra cütlük Nyu-York səhnəsində görsənir. Teatr zalında əyləşən Jaklen Kennedi öz xatirələrində həmin gecə haqqında yazırdı: ”Həmin baletdən sonra tamaşaçılar Marqo və Rudolfu qırx dəfə səhnəyə dəvət etdilər. Tamaşaçıların əlləri onları alqışlamaqdan göyümtül rəngə çalırdı. Həmin gün mənim yaddaşımda ən güclü bədii yaradıcılıq nümunəsi kimi qaldı.”
O rəqqasə deyil, rəqsin özüdür…
Marqo Rudolfla iş birliyindən sonra yeni bir Marqo Fonteyn yaranmağa başladı. O, iyirmi il əvvəlkindən də yaxşı rəqs edirdi. Onlar birlikdə “Romeo və Culyetta”, “Qu quşu gölü”, “Yatmış gözəl”, “Raymond”, “Korsar” kimi baletlərdə tərəf müqabili olurlar. Daha sonra baletmeysterlər Peti Rolan məhz onlar üçün “İtirilmiş cənnnət”, Fredrik Aşton isə “Marqarita və Arman” baletlərini yazdılar.
Öz növbəsində isə Marqo Rudolfun rəqsini yüksək qiymətləndirib onun haqqında həmişə gözəl fikirlər söyləyirdi: “Mən onunla səhnədə olduğum zaman özümü çox yaxşı hiss edirəm. Rudolf elə gözəl rəqs edir ki, hətta məni də tamamlayır. O, məni məcbur edir ki, mən səhnədə istədiyim kimi rəqsedib, özümü əsərə həvalə edə bilim. Bəzən mənə elə gəlir ki, mən bütünlüklə ona məxsusam. O, rəqqas deyil, rəqsin özüdü.”
Qərb mətbuatı Rudol və Marqonun arasında sevgi məcarası olduğunu yazsalar da hər iki tərəf bu iddianı qətiyyətlə inkar etmişlər. Onlar yalnız səhnədə tərəf müqabili, həyatda isə yaxşı dost olduqlarını dilə gətirirlər. Lakin Marqonun xatirələrində onun haqqında yazdığı bu sözlərə rast gəlinir: “Rudolfla səhnədə rəqs edə bilmək üçün onu sevməliyəm…”
Həyatın ən uzun rolu…
Marqonun sevgi həyatı o qədər də zəngin olmayıb. O, çox ciddi, yığcam və işinə bağlı yaşayış tərzi sürüb. Marqonun ilk sevgilisi drijor Konstant Lembert olub. Nəcib ürəkli bəstəkar həm də gəzəyən biri olduğundan Marqo ona qarşı dərin sevgi hissləri bəsləməyib. Üstəlik Lembert evli olub.
Otuz dörd yaşında Marqo subaylığın daşını ataraq panamalı siyasətçi Tito de Arias ilə ailə həyatı qurur. Həmin evlilikdən onların bir oğlu olur. Tito Marqonun hələ on yeddi yaşı olarkən bir konsertdə görüb bəyənsə də onunla tanış olub evlənməsi Böyük Britaniyada Panamanın səfiri kimi fəaliyyət göstərdiyi vaxtda baş verir.
Tito ilə Marqonun evliliyi uzun sürsə də uğursuz olur. Marqo bu evliliyi həyatının ən uzun rolu adlandırır.
Tito qəribə ideyalar barədə düşünür. Panamanın həyatını dəyişərək inqilab edəcəyini fikirləşir. Bu iş üçün lazım olan vəsaiti isə Marqonun səhnədən qazandığı pullar vasitəsi ilə edəcəyini fikirləşir. Artıq Marqonun pullarının böyük hissəsi Titonun uğursuz ideyalarına xərclənir. Marqo isə bütün bunlara Titoya olan məhəbbəti ucbatndan göz yumur.
1964-cü ildə uğursuzluqlar özünü göstərir. Tito de Aries dörd güllə yarasıyla ağır vəziyyətdə yaralanır. Məhz onun günahı ucbatından həmin ərəfədə Marqo da qaçaqmalçılıqda ərinə kömək etdiyi kimi ağır ifadələrlə bir gecəni həbsxanada keçirtmək məcburiyyətində qalır. Titonun yaralanması və ömürlük əlil arabasına məhkum olunması Marqo üçün dəhşətli xəbər olur. Marqo Fonteyn düz iyirmi beş il şikəst ərə baxmaq məcburiyyətində qalır.
O, uzun illər ərinin qulluğunda durur,məşqlərə, tamaşalara az vaxt qalmış ondan uzaqlaşıb öz işinə gedir. Qazancını və qadın səxavətini Titoya xərcləməkdən yorulmayan Marqo ərinin bütün ərköyünlüklərinə dözür. O, ərini öz əlləri ilə yedirir, onunla balaca uşaq kimi rəftar edir. Getdiyi bir çox qastrol səfərlərinə onu da özü ilə aparır. Marqo ilə evləndikdən sonra ona dəfələrlə xəyanət edən Tito o günlərin əzabını Marqonu səhnə arxasından izləyərkən dərindən dərk edir.
Fonteyn 70-ci illərin sonlarında səhnədən uzaqlaşaraq şəhərdən kənarda kənd həyatı yaşamağa başladı. O, vaxtının çoxunu satın aldığı fermasında təbiətlə təmasda keçiridi. Qırx beş yaşdan sonra o, təqaüdlə dolanmaq məcburiyyətində qaldı. Çünki qazandığı pullar ərinin müalicəsinə sərf olumuşdu.
Rudolf Nuriev: Mən Marqoyla evlənməliydim…
1989-cu ildə Tito dünyasını dəyişdi. Ondan sonra Marqonun da səhhətində ciddi problemlər baş qaldırdı. Həkimlər balerinada xərçəng aşkar etmişdilər. O, ard-arda üç əməliyyat keçirməli, günlərlə xəstəxanada yatmalı oldu. Bəzən o, zaraftala öz dostlarına deyirdi: Mən teatrla birgə şəhərlərə qastrol etməyə öyrəşmişəm. İndi isə xəstəxanalara qastrol səfərləri edirəm. Balerinanın ən yaxın dostu Rudolf Nuriev onu son günlərinə qədər tərk etmir. Onlar başqa-başqa şəhərlərdə yaşasalar da Rudolf dəfələrlə təyyarəyə əyləşib Marqonu görmək üçün onun yatdığı xəstəxanaya gəlir. Və hər dəfəsində də Marqonun bütün xəstəxana xərclərini ödəyib gedərdi. 1991-ci il fevral ayının 21-də Marqo Fonteyn dünyasını dəyişdi. Ölüm xəbərini eşidən Rudolf dərhal xəstəxanaya gəlib küllü miqdarda xəstəxana xərclərini ödədi. Onun bu fədakarığından isə Marqo heç bir zaman xəbər tutmadı. O, öz vəsiyyətinə uyğun olaraq ərinin ayaqları altında Panama şəhər məzarlığında dəfn olundu.
Özündən on doqquz yaş böyük tərəf müqabili, sevimli dostu Marqonun ölümündən sonra adı Freddi Merkuri, Elton Con, Erik Bryun kimi məşhurlarla hallanan Rudolf Nuriev 1993-cü ilin yanvar ayında spid xəstəliyindən dünyasını dəyişir. Ölümündən bir neçə gün əvvəl isə əvəzolunmaz Marqosunu xatırlayan Rudolf bu sözləri deyir: “Mən Marqoyla evlənməliydim!”