Kinoda beş dəfə ərə getmişəm, üç uşağım və sonsuz evlilik təkliflərim olub.
Aktyor olmaq müşahidə etməyi bacarmaq deməkdir...
Məni yaxşı kitab, yaxşı qida və dostlarla görüş xoşbəxt edir.
Yəqin, bunu demək ağılsızlıqdır, amma heç vaxt uşaq olmaqdan xoşum gəlməyib. Həmişə istəmişəm ki, insanlar məni daha ciddi qəbul etsinlər.
İyirmi səkkiz yaşım tamam olanda düşündüm: “Bax belə, yəqin, bu gün böyüdüm. On yaşımdakı şəkli əlimə aldım. Əynimdə cins kombinezon vardı. Dərhal qərarlaşdırdım ki, eyni kombinezondan yenisini alım. Birdən kimsə mənə pəri qanadları hədiyyə etdi. Bir sözlə, 28 yaşımı arxasında qanadları olan cins kombinezonda keçirdim. Heç vaxt belə xoşbəxt olmamışdım.
Böyük qardaşım dünyaya gəldikdən sonra anam ikinci uşaq arzusunda idi. Lakin atam (teatr və televiziya aktyoru Uill Naytli – red.) bunun ancaq bir şərtlə mümkün olduğunu söyləyirdi. Anam (Şarman Makdonald, tanınmış ssenarist – red.) uğurlu pyes yazmalı idi. Beləcə, mən dünyaya gəldim, anam isə “Uşaq olanda ağlayır və qışqırırdım” adlı ilk pyesini yazdı.
Mən “o oynaya bilmir” ifadəsindən “Oskar”a qədər yol keçmişəm. Bu əladır.
Bütün tədbirlərdə əlimdə şampan badəsi küncdə dayandığımı görəcəksiniz. Hər dəfə sıxılıram və özümü narahat hiss edirəm, ona görə sakitcə küncdə dayanıb üzümdə mənasız təbəssüm yaradaraq bütün bunların nə zaman bitəcəyini gözləyirəm. Kimə və nə söyləməli olduğumu bilmirəm.
Qırmızı xalıda heç bir individuallıq mövcud deyil və fotoqrafların bütün səylərinə baxmayaraq, şəkillər eyni alınır. Bəzi şəkillərdə əxlaqsız qadına bənzəyirəm, düzdür, bahalısına...
Jurnallarda məni Britaniyanın pinti qadını adlandırırlar, bununla fəxr edirəm, çünki bu, həqiqətdir.
Məndən müsahibə alan insanları daim təəccübləndirirəm. Çox güman ki, bir çoxları həyatda daha gözəl olduğumu düşünür.
Balanslaşdırılmış qida haqda düşünmürəm. Pəhriz haqda fikirləşən kimi çips və dondurma istəyirəm. İdman zalına da getmirəm, ordan zəhləm gedir. Çəkimin nə qədər olduğunu bilmirəm, heç tərəzim də yoxdur. Fikir vermişəm ki, bunları zərif olmayan xanımlara söyləyəndə onlar əməlli-başlı qıcıqlanırlar.
Çox tənbələm. Mütəmadi olaraq etdiyim yeganə hərəkət televizoru yandırmaqdır. Evdə televizorun olmasının yeganə səbəbkarı futboldur. Axı futbola noutbukda baxmaq əsl cəfəngiyatdır. Həyatda ən çox sevdiyim iş piyada gəzməkdir. Bilirəm, gülünc səslənir, amma nə etmək olar?
Heç bilmirəm, normal insan olduğumu deyə bilərəm, yoxsa yox? Bugünkü dünya birmənalı olaraq, anormaldır. Ətrafımdakı insanları və özümü incitməməyə çalışıram.
Afişalarda döşlərim başqa cür görünür. Məsələn, “Kral Artur”un (film, 2004-cü il istehsalı – red.) afişalarında da mənimki deyildi sanki… Elə düzəldirdilər ki, bərbad bir şey alınırdı. Axırda dözməyib dedim: “Uşaqlar, əgər hər dəfə kompyuterdə mənə döş düzəldəcəksinizsə, heç olmasa, elə edin ki, onlar sallanmasın”.
Bəli, mənim döşlərim var, amma planetin 50 % əhalisinin döşləri var. Odur ki, gəlin, mənimkilər barədə danışmağa vaxt ayırmayaq.
Yaxşı ki, insanlar müxtəlif cür fikirləşirlər. Belə yaşamaq daha maraqlıdır. Aktyor olmaq müşahidə etməyi bacarmaq deməkdir. Kafedə oturub, saatlarla insanlara baxmaq məcburiyyətindəsən.
Həyatda ən gözlənilməz şeyləri özümüz haqda öyrənirik. Əgər hansısa qaranlıq tərəfim varsa belə, hələ onu aşkarlamamışam. Bəli, belə darıxdırıcı insanam.
Lüt səhnələr məni qorxudur, ancaq ssenari bunu tələb edirsə, çəkilirəm.
Həyatımı gözəl yaşayacağımı qətiləşdirmişəm, bunun üçün bütün vasitələrdən istifadə edəcəm. İlk növbədə, müsahibələrimin sayını azaldacam.
Bəli, barmağımda üzük var, bu, şəxsi həyatım barədə deyə biləcəyim yeganə şeydir. Ekrandakı evliliklərimdən, toy səhnələrindən bezmişəm. Kinoda beş dəfə ərə getmişəm, üç uşağım və sonsuz evlilik təkliflərim olub.
Heç vaxt aktyor dostlarımdan həyatları barədə heç nə soruşmuram, çünki bu mənə maraqlı deyil. Ola bilsin, sadəlövh səslənir, lakin onların necə və kiminlə yaşadıqlarını bilmək istəmirəm. Əgər onların həyatda bir çox pis işlərlə məşğul olduqlarını öyrənsəm, onlara ekranda baxmaq istəməyəcəm.
Məndən daim soruşurlar: “Deməli, siz feminist olduğunuzu söyləyəndə zarafat etmirmişsiniz?”… İşə bir bax!
Əgər ailən, ərin və dostlarınla yaxşı münasibətdə olmaq istəyirsənsə, bütün vaxtını internetdə keçirəcəksən, telefon da əlindən düşməyəcək.
Karaokeyə nifrət edirəm. Gərək elə sərxoş olum ki, kiminsə qarşısında oxumaq cəsarətini tapa bilim. Təsəvvür edin, ətrafımda gözəl səsi olan dostlarım, həqiqətən, çoxdur. Birdən mikrofonu mən götürürəm. Bu onlara “bilirsiniz, gedin işinizlə məşğul olun” demək kimi bir şeydir.
Söyüş söymək əsas günahlarımdan biridir, ancaq bundan həzz alıram. Nəzərə alın ki, anam çox az, atam isə ümumiyyətlə, söyüş söymür.
Əvvəllər “Rage Against the Machine” qrupunu çox sevirdim. Onların bütün mahnılarında söyüş vardı. Uşaqlıqda həkimlər mənə disleksiya diaqnozunu qoymuşdular, odur ki, asta oxuyuram. Lakin sözləri sevirəm, onların öhdəsindən çətinliklə gəlməyimə rəğmən...
Tamamilə hər şeyi unuduram, hətta simaları belə. Disleksiyanın əlamətlərindən biri.
Nə etmək lazım olduğunu bilməyəndə huşunu itir.
Həyat təkcə öyrənmək, öyrənmək və öyrənməkdən ibarət deyil. Həyat öyrənmək — unutmaq, öyrənmək – unutmaq, unutmaq və yenidən öyrənməkdən ibarətdir...
Tərcümə: Aytən Cavanşir