Bu italyan kinodivası haqda çox danışmaq olar. Silva Koşina 60-70-ci illərin ən seksual aktrisası hesab olunurdu. Onun filmoqrafiyası 125 filmdən ibarətdir. Silva Koşina italyan əsilli olsa da, SSRİ ərazisində dünyaya göz açıb. 1994-cü ildə vəfatından sonra aktrisa unudulmağa başladı. Yeni gənc nəsil demək olar ki, bu aktrisanı tanımır. Amma Silvanın bir dəfə də olsa, ifa etdiyi hansısa rolunu görən olubsa, bu aktrisanı heç vaxt unuda bilməz. Hətta əgər Silva bu filmdə köməkçi obrazı canlandırıbsa da… Silvanın İtaliya ərazisindəki qazandığı şöhrət çox böyük idi. Hətta bəzən deyirlər ki, İtaliya aristokrat, eleqant qadın obrazlarının çoxunu onun simasında, onun ifası ilə görüb. Silva 1933-cü ildə Xorvatiyanın Zaqreb ərazisində doğulub. İkinci Dünya müharibəsi ərəfəsində Silva İtaliyaya – italyan kişi ilə evli olan bacısının yanına gəlir və ömrünün sonunacan burda yaşayır. Cazibədar, uzunboylu Silva idmanla professional şəkildə məşğul olur. 1954-cü ildə İtaliyanın velosiped turu müsabiqəsində birinci yerə çıxır. Silvanın gözəlliyi onu model biznesi ilə maraqlanmağa məcbur edir. Çox keçmir ki, o, özünü model kimi sınayır. Modellikdən sonra isə o, kinematoqrafiyaya qədəm qoyur.
1955-ci ildə Silva “Biz kişiyik, yoxsa kapral?” kinokomediyasında ilk kiçik rolunu alır. 1956-cı ildə isə bəxt onun üzünə gülür və Petro Cerminin “Maşinist” filmində rol ifa edir. “Maşinist” filmində öz istedadını nümayiş etdirməyi bacaran aktrisa bir il sonra “Quendalina” filmində əsas rollardan birini ifa edir. Bu filmdən sonra 60-cı illərdə o, ardıcıl bir neçə filmə çəkilməyə müvəffəq olur. Gözəlliyi və istedadı ilə tez bir zamanda şöhrət qazanan Silva artıq rejissorların maraq obyektinə çevrilir. 1957-ci ildə cazibədar aktrisa özünü yeni bir kino janrında sınayır. “Heraklın leyboristləri” filmində baş rol ifa edir. Bu filmdən sonra 1958-ci ildə “Heraklın leyboristləri: Herakl və kraliça Lidii” filmində çəkilir. Bu filmlər Silvanı kino ulduzuna çevirməyə kifayət edir.
Bir gün Silva tələsdiyindən səyahət bileti almağı unudur. Çıxılmaz vəziyyətdə qalan Silvaya yaxınlaşan polis işçisi aktrisanı tanıyır və ona getməyə icazə verir. Həmin günün axşamı Silva qonaq çağırıldığı verilişin canlı efirində ona köməklik göstərən polis əməkdaşına minnətdarlığını bildirir və ona efirdən “öpüş” göndərir. Silvanın bu hərəkəti mətbuatın gündəmində geniş yer alır. Bir müddət sonra isə – 1960-cı ildə bu hadisə “Polis” filmində canlandırılır və Silva kinoda özü-özünü ifa edir. 60-cı illərin birinci yarısında Silva Koşina birlikdə çalışdığı prodüseri ilə roman yaşayır. Onlar “Minevr film” studiyasında tanış olurlar. Raymondo Kastelliylə tanış olan aktrisa tez bir zamanda ona bağlanır. Lakin Kastelli evli olur. Boşanmaq cəhdləri heç bir nəticə vermir – Kastellinin arvadı boşanmaqdan imtina edir. 1967-ci ildə Silvayla Kastelli Meksikada evlənir, lakin onların evliliyi İtaliyada qüvvəyə minmir.
1967-ci ildə Silva Hollivuda dəvət olunur. “Almadakı üç dişləm” ( 1967 ), “Harri Friqqin gizli müharibəsi” ( 1967 ), “Ölməyin ən yaxşı yolu” ( 1968 ) filmlərində aktrisa böyük şəxsiyyətlərlə – Devid Mak Kallumla, Kirk Duqlasla, Pol Nyumanla – birgə çalışır. Bu, aktrisanın həyatında çox böyük rol oynasa da, ona uğur gətirmir. 1969-cu ildə Silva İtaliyaya geri qayıdır. Qayıtdığı ərəfədə İtaliyanın “Playboy” jurnalından açıq-saçıq fotosessiya təklifi alır. Məşhur fotoqraf Ancelo Frontoni tərəfindən çəkilən bu fotosessiya aktrisanın şöhrətini daha da artırır. Bundan sonra o, Mauro Boloninin filminə dəvət olunur.
Aktrisa qazandığı bütün pulları öz villasının tikilməsinə və bəzədilməsinə xərcləyir. Filmlərdən aldığı qonorarlarla o, evinə ХVI əsrdən qalan, tarixi mebellər alır. Lakin bir müddət sonra vergilərin əlindən aktrisa rahat yaşaya bilmir. O, maddi sıxıntılar çəkir. 1976-ci ildə çıxılmaz vəziyyətə düşən Silva öz villasını satmaq məcburiyyətində qalır. 1970-1990-cı illərdə Koşina filmlərdə aristokrat qadın obrazlarını ifa etməyə başlayır. Bu filmlərdən ən çox uğur qazananları “Tuz” ( 1981 ), “Sindirella – 80” ( 1980 ), “Rimini, Rimini” olur. 1993-cü ildə Silva Koşina sonuncu filminə – “Kim Novak telefonda”ya çəkilir. 1994-cü ildə o, Romada xərçəng xəstəliyindən vəfat edir.
Mənbə: kult.az