Övladlarım yoxdur, bəlkə, ana olsaydım, dünyaya daha fərqli baxardım...
Tərəf-müqabillərimdə ən çox ağıla, cazibəyə və seksuallığa üstünlük verirəm...
Dünya ailə, danışmaz əmlak, ev tikintiləri ətrafında fırlanır...
Jaklin Bisset yetmişdən çox filmdə çəkilib. Onun tərəf-müqabilləri arasında Frenk Sinatra, Jan-Pol Belmondo, İnqrid Berqman, Şon Konneri, Pol Nyumen, Entoni Kuinn kimi ulduzlar olub. Tamaşaçılar Jaklini daha çox “Napoleon və Jozefina”, “Anna Karenina”, “Varlılar və tanınmışlar” filmlərindən tanıyır.
“Uçurum” filminin uğurlu sualtı çəkilişlərindən sonra Jaklin Bisset yetmişinci illərin seks-simvoluna çevrildi… Sözügedən filmdən sonra bədənəyapışan köynəklər dəbə mindi...
Kino karyerasındakı uğurlara rəğmən, Jaklinin şəxsi həyatı heç də ideal, göründüyü kimi, xoşbəxt deyildi...
Jaklin Bisset: “Veybricdə, imkanlı həkim ailəsində anadan olmuşam. Uşaqlıqda baletlə məşğul olurdum. Atam bizi atmışdı, anam sklerozdan əziyyət çəkirdi. Onun qayğısına qalırdım. Əmək yoluma Çin restoranında ofisiant işləməklə başlamışdım.
Sonradan aktyorluq kurslarının xərclərini ödəmək üçün model kimi fəaliyyət göstərməyə başladım. Zənn edirəm ki, kino aləminə sırf xarici görünüşüm sayəsində düşdüm. Onda iyirmi yaşım vardı. Üç ildən sonra Mia Ferrou “Detektiv” filmində çəkilməkdən imtina etdi və o rola məni dəvət etdilər. Bu rol mənə dünya şöhrəti gətirdi...”
Məşhur “Napoleon və Jozefina” serialı haqqında aktrisa heyranlıqla danışır: “Çəkiliş qrupu ilə birgə Fransanın ən gözəl yerlərində olduq. İnandırıcı olması üçün çəkilişlər Napoleonun bir vaxtlar yaşadığı saray və qəsrlərdə gedirdi. Həmin dövrə aid çoxlu sayda kostyumlar vardı. Yeri gəlmişkən, prodüserdən sevgi səhnələrindən birini Moskvada çəkməyi də xahiş etmişdim. Hər şey həqiqətəuyğun olmalı idi. Jozefina ərinin yanına Rusiyaya gəlmişdi. Təəssüf ki, bu təşəbbüsümü dəstəkləmədilər. Mən Kremli, Qırmızı meydanı görmək istəyirdim. Arzum filmin çəkilişlərindən beş il sonra həyata keçdi”.
Görünür, Jaklin Bisset yaratdığı Jozefina obrazını çox sevir: “Onun haqda bacardığım qədər çox məlumat topladım. Maraqlı tarixi faktlar öyrəndim. Məsələn, o, əri üçün kitab oxuyurdu. Yəqin, onun Napoleonu cəlb edən gözəl səsi olub. Onu da öyrəndim ki, qəhrəmanım yüngülxasiyyətli, ekstravaqant olmaqla yanaşı, pulları sevib. Amma o, ağıllı qadın olub və özünə diqqət cəlb etməyi bacarıb. Təəssüf ki, bütün bu detalları göstərmək üçün imkan olmadı. Aktyor yazılan ssenaridən çıxmaq hüququna malik deyil. Bu səbəbdən, Jozefinanın yaşadığı faciəni tam dolğunluğu ilə çatdıra bilmədim”.
Jozefina obraz olaraq, Jaklinin özünə çox bənzəyirdi. Bir neçə il bundan əvvəl bütün incəsənət dünyası onun İsanın anası rolunu canlandırdığını öyrəndi. Məryəm ana obrazını. Hamı təəccüb içində idi. Jaklinin özündən savayı:
“İngilis kilsəsində xaç suyuna salınmağıma baxmayaraq, dinə bir o qədər meylli insan deyiləm. Məryəm ana haqda ildə bir dəfə düşünərdim ya yox — o da Milad bayramı ərəfəsində. Əlbəttə, bu gün bu obraz mənə daha maraqlı, daha yaxındır. Otuz üç yaşlı oğul anasını oynamaq maraqlı idi...”
Jaklinin öz uşaqları yoxdur. Jaklin özü bu məsələyə fəlsəfi yanaşır: “Niyə belə oldu? Mənə elə gəlir, bunların hamısına — işə, kişilərə və uşaqlara vaxtım çatmazdı. Düzdür, həyatımda çox kişilər olub, ancaq onlar o qədər problem törədiblər ki...”
Bəli, “möhtəşəm bədən” sahibəsinin həyatında kifayət qədər kişi olub. Üstəlik məşhur, yaraşıqlı kişilər… Onlardan bəziləri ilə sadəcə dost olublar, məsələn, Belmondo ilə: — “Belmondo işləməli olduğum aktyorlar arasında ən istedadlı, ən məqsədyönlülərdən biridir. Jan-Pol bir neçə şeyi eyni anda etməyi bacarır. O, qara bəbirə bənzəyir. Eyni zamanda, uşaq kimi şən, ağıllı və gülməli ola bilir.
Tərəf-müqabillərimdə ən çox ağıla, cazibəyə və seksuallığa üstünlük verirəm. Bir neçə il əvvəl Nik Stalla bir filmdə çəkildim. Gənc olmasına baxmayaraq, çox istedadlıdır. Bizim işdə intellekt də çox mühüm amildir. Amma aktyor seksual olmayanda kədərlənirəm...”.
Aleksandr Qodunovda kişiyə lazım olan hər şey vardı: ağıl, şarm və seksuallıq. Əks halda, təcrübəli Jaklin Bisset rusiyalı rəqqasa aşiq olmazdı. Bu əsl sevgi faciəsi idi. Jaklinin bioqrafları yazır: “Jaklin Aleksandrla 1981-ci ildə tanış olmuşdu. Qodunov artıq iki il idi ki, Amerikada yaşayırdı. Öz sahəsində uğur qazanmış məşhur və çox yaraşıqlı kişi idi. Jaklin bu cür kişini yanından düz keçə bilməzdi. Bu səksəninci illərin ən səs-küylü eşq macəralarından biri idi. Onların birgə olduqları yeddi il ərzində Amerika KİV-i bir anlıq da olsa, onları gözdən qoymadı. Heç kim bu sevginin belə faciəvi sonluqla bitəcəyini ağlına gətirmirdi...
Münasibətlərdə çat Qodunovun uşaqlıq dostu, kolleqası onu heç bir əsas olmadan teatrdan qovduqdan sonra başladı. Aleksandr zəiflik nümayiş etdirərək içkiyə qurşandı.
Jaklin Aleksandrı uçurumdan xilas etməyə çalışaraq, ona kinoda çəkilməyi təklif edir. Lakin Qodunov Hollivud sınağından keçə bilmədi. İlk səbəblərdən biri ingilis dilinin mükəmməl olmaması idi. Yeddi ildən sonra onlar ayrıldı. Deyilənə görə, səbəb Jaklinin uşaq dünyaya gətirməmək istəyi idi. Bir neçə ildən sonra Aleksandr vəfat etdi...
Altmış doqquz yaşlı aktrisa günü bu gün də gözəl, ağıllı və seksualdır. Bu haqda Jaklin deyir: “Kinoya düşməyimin səbəbi valideynlərimin zəhməti olan xarici görünüşüm idi. Məndən tələb olunan o idi ki, bu gözəlliyi qoruyum, sağlam həyat tərzi keçirim – düzgün qidalanım, idmanla məşğul olum. Amma bəzən rahatlanıram, belə deyək, şuluqluq edirəm...
Məşuqlarım xırda detallara çox önəm verdiyimi söyləyirdilər. Ümumiyyətlə, hər şeyə çox sentimental yanaşıram. Cavanlıqda düşünürdüm ki, dünyanı romantik məhəbbət idarə edir… Çox-çox sonralar bunun həqiqət olmadığını gördüm – dünya ailə, danışmaz əmlak, ev tikintiləri ətrafında fırlanır. Övladlarım yoxdur, bəlkə, ana olsaydım, dünyaya daha fərqli baxardım...”
Aytən Cavanşir