Şöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur.
Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfəri — birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb.
1910-1018-ci illərdəki həyat yoldaşı Nikolay Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə Anna Axmatovanın əsərlərinə qadağa mövcud olub. «Vətən xaini»nin anası və «vətən xaini»nin arvadı Anna Axmatovanın «təcrübəsi» öz əksini «Rekviem» poemasında tapıb.
Əsərlərinə qoyulan qadağalara, Kommunist Partiyasının ona qarşı «personal» nifrətinə baxmayaraq, Anna Axmatova sağlığında rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri ilə əhatə olunub. Məşhur rus şairəsinin həyat hekayətini sizə təqdim edirik.
Qorenko Anna niyə Anna Axmatova oldu?
Anna Andreyevna Axmatova (Qorenko) 1889-cu ilin iyun ayının 11-də Odessada, Böyük Fontanda, təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub. 1980-ci ildə onun ailəsi Tsarskoe Seloya köçüb. 1900-1905-ci illərdə Tsarskoselskoe Gimnaziyasında təhsil alıb. 1906-1907-ci illərdə Kiyevdəki Funduklevo gimnaziyasında oxuyub. 1908-1910-cu ildə Kiyevdəki ali qadın kurslarına və Peterburqdakı ali ədəbi-tarixi kurslara gedib.
Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə çap olunmağa başlayıb. Qeyd edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan nəsli axmatovların nəslindən idi.
Evliliklər və boşanmalar…
1910-cu ildə Anna Axmatova Nikolay Qumilyova ərə gedir. 1910-1912-ci illərdə iki dəfə Parisə, İtaliyaya səfər edir. Parisdə Amadeo Modilyani ilə tanışlıq onun yaradıcılığına ciddi təsir edir. 1912-ci ildə onun oğlu Lev Nikolayeviç Qumilyov dünyaya gəlir. 1912-ci ildə «Axşam» adlı ilk şeirlər toplusu 300 nüsxə ilə işıq üzü görür.
1918-ci ilin avqustunda Nikolay Qumilyovdan boşanır. Elə həmin ildə assiroloq-alim və şair Şileyko ilə ailə qurur. 1921-ci ilin avqust ayının 3-dən 4-ə keçən gecə Nikolay Qumilyov həbs olunur, «vətən xaini» elan edilir və üç həftədən sonra güllələnir. Bu arada Axmatovanın kitabları bir-birinin ardınca nəşr olunurdu.
1922-ci ildə Anna Axmatova Şileykodan ayrılır və sənətşünas N.N.Puninlə vətəndaş nikahına girir. 4 ildən sonra Şileykodan rəsmi olaraq boşanır. 1935-ci ildə oğlu Lev Qumilyovla vətəndaş nikahında yaşadığı həyat yoldaşı Punin həbs olunurlar, amma bir həftədən sonra sərbəst buraxılırlar.
1938-ci ildə Lev Qumilyov həbs edilir və 5 il müddətinə islahedici əmək düşərgəsinə göndərilir. 1923-cü ildən 1934-cü ilə qədər Anna Axmatova demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə yazdığı şeirlərin çoxunu yollarda itirib. Anna Axmatova o vaxtlar «Özüm haqda bir-iki kəlmə» başlıqlı qeydlərində yazırdı: «Mənim köhnə şeirlərimi yada salan, təzələrini isə çap edən yoxdur». Cüzi sayda işıq üzü görən şeirlər isə ciddi senzuraya məruz qalırdı.
Qeyd edək ki, 1922-ci ildən 1960-cı ilə qədər Anna Axmatovanın nəşr olunan bütün kitabları ciddi senzuradan, düzəlişlərdən, ixtisarlardan keçib. 1935-ci ildə avtobioqrafik motivli, 1930-cu il repressiyaları qurbanlarına həsr olunmuş «Rekviem» poemasını yazıb. Bu poemanı repressiya qurbanlarına həsr olunmuş ilk kitab hesab etmək olar. 1938-ci ildə Punindən ayrılıb. 1940-cı ildə altıncı şeirlər toplusunu nəşr etdirir.
Anna Axmatova və Böyük Vətən Müharibəsi
Anna Axmatova Böyük Vətən Müharibəsini 1941-ci ildə Leninqradda qarşılayıb. Həkimlərin məsləhəti ilə sonradan Moskvaya, daha sonra isə Çistopola köçürülüb. Buradan da Kazan yolu ilə Daşkəndə keçib. Daşkənddə Anna Axmatovanın yeddinci şeirlər toplusu işıq üzü görür. 1943-cü ildə Lev Qumilyovun cəza müddəti başa çatır. Onu Zapolyaryeyə sürgün edirlər.
1944-cü ildə L. Qumilyov könüllü olaraq cəbhəyə gedir, Berlinə qədər gedib çıxır. Müharibədən sonra Leninqrada gəlir və burada dissertasiya müdafiə edir. 1945-ci ildə Anna Axmatova Moskvaya qayıdır.
Qovulma və susqunluq
1946-cı ildə Mərkəzi Komitə «Zvezda» və «Leninqrad» jurnalları haqda qərar qəbul edir. Bu jurnallarda çap olunan Anna Axmatova və Mixail Zoşenkonun yaradıcılığı ciddi tənqid hədəfinə çevrilir. Onların ikisini də Sovet Yazıçıları Birliyindən xaric edirlər.
1949-cu ilin avqustunda N.Punini, noyabrında isə Lev Qumilyovu təzədən həbs edirlər. Qumilyov və Punin cəzasını əmək-islah düşərgələrində çəkmək şərti ilə 10 il azadlıqdan məhrum edilirlər. Oğlu həbsdə olan müddətdə Anna Axmatova onu qurtarmağa cəhd edir. 1935-ci ildən sonra o hakimiyyət barədə bəyanatlarında çox diqqətli olmağa çalışır və hətta 1950-ci ildə yazdığı «Sülhə eşq olsun!» şeirlər silsiləsində rejimə qarşı loyallıq nümayiş etdirməyə çalışır. Sonradan Axmatova bu silsiləni öz toplularına daxil etmirdi.
«Bəraət»
1951-ci ilin yanvarında A.A.Fadeyevin təşəbbüsü ilə Anna Axmatova Sovet Yazıçıları Birliyinə bərpa olunur. İki il sonra N.Punin cəza çəkdiyi düşərgədə dünyasını dəyişir. 1956-cı ildə XX Qurultaydan sonra Lev Qumilyov bəraət alır və düşərgədən qayıdır.
Lev Qumilyov elə bilirdi ki, anası onun azadlığa çıxması üçün heç nə eləməyib. Amma Axmatovanın müraciətlərindən xəbər tutduqdan sonra ana ilə oğulun arasında münasibətlər gərginləşdi. 1962-ci ildə Anna Axmatova Ədəbiyyat üzrə Nobel mükafatına təqdim olundu. Elə həmin il də İtaliyada «Etna-Taormina» ödülünə layiq görüldü. 1965-ci ildə Oksford Universitetinin fəxri doktoru diplomunu alır. Elə həmin il də «Vaxt Tanrısı» adlı şeirlər toplusu işıq üzü görür.
1966-cı ilin mart ayının 7-də İttifaq radiosu dahi şairə Anna Axmatovanın ölüm xəbərini yaydı. O, iki gün əvvəl, Moskva yaxınlığında, Domodedovodakı sanatoriyada, ürəyinin kardioqrammını çıxarmaq üçün başına toplaşan həkimlərin və tibb bacılarının əhatəsində dünyasını dəyişmişdi. Rus poeziyasının «Gümüş dövrü»nün ən parlaq, ən istedadlı adlarından biri olan Anna Axmatovanı Sankt Peterburq yaxınlığındakı Komorovo adlanan yerdə dəfn etdilər.