Yəhudi əsilli, Ukrayna doğumlu, amerikalı aktrisa. Məşhur kişi jurnalı FHM 2013-cü ilin ən cazibədar qadınlarının siyahısını açıqlamağa hazırlaşırdı. Siyahıda Beyons, Rihanna, Kim Kardaşyan kimi məşhurların olmasına baxmayaraq, nəticə hər kəsi təəccübləndirdi. Birinciliyi gənc və gözəl aktrisa Mila Kunis əldə etmişdi.
Yəhudi əsilli Mila Kunis 1983-cü ildə Ukraynanın Çernivits şəhərində mühəndis ailəsində dünyaya gəlib. Anası Elvira fizika müəllimi, atası Mark isə mühəndis-mexanik olan Mila 8 yaşına qədər Ukraynada yaşayır. 1991-ci ildə Ukraynada getdikcə vüsət alan antisemitzm Kunis ailəsini Amerikaya immiqrant olaraq köçməyə vadar edir. Bununla da, ailənin və Milanın çətin günləri başlanır.
Mila müsahibələrinin birində belə deyir: “Əgər mənə sual versələr ki, həyatınızın hansı illərini silmək istərdiniz? Mən tərəddüd etmədən deyərdim ki, Amerikaya köçdüyümüz ilk 1 ili. Çünki mən hər gün ağlayırdım. Mən mədəniyyət başa düşmürdüm. Mən insanları başa düşmürdüm. Mən dili başa düşmürdüm. Mən kollecə daxil olarkən, yazdığım ilk essenin ilk cümləsi belə olmuşdu: 7 yaşında özünü kor və kar hiss etmək”
Lakin Mila məğlub olmur. Amerika kanallarının birində baxdığı “Uğurun dəyəri“ verilişi ona ingilis dilini öyrənməyə kömək edir.
Daha sonra orta təhsilini Benkrofta və xüsusi məktəb olan Feyrfoksda davam edən Mila, bir müdddət çəkildiyi “70-ci illərin şousu” verilişinin çəkiliş meydançasında professional repetitor tərəfindən aktyorluq dərsləri alır.
Milanın səhnəyə gəlişi rol aldığı reklam fimləri ilə bağlıdır. O, 1994-cü ildə “Bizim həyatın günləri” operası ilə debüt edir. Bu operada o Houp Uilyamsın uşaqlığını canlandırır. İkinci filmi ilə rus-yəhudi qızı obrazını canlandırdığı “Arzu tut, Molli“ filmi olur. Bundan sonra o ard-arda “Göyün 7-ci qatı“ serialında, “Santanın əzələləri“, “Piranalar” filmlərində ikinci dərəcəli rolları ifa edir.
Milanın ulduzu 1998-ci ildə “70-ci illərin şousu” serialında Ceki Burhart obrazını canlandırdıqdan sonra parlayır. Əslində kastinqdə 18 yaşı tamam olmuş qızlar iştirak edə bilərdi. Lakin Mila ona verilən “Neçə yaşın var?” sualına“, “Bu yaxınlarda doğum günüm olacaq“ deyə cavab verir və yaşını gizlədir.
Beləliklə, o, baş rolda çəkilmək üçün kastinqi uğurla başa vurur. O, rolunu o qədər gözəl ifa edir ki, hər kəsin xoşuna gəlir, hətta yalanı haqqında xəbər tutulanda belə rejissor onu qovmaqdan imtina edir. Və yeniyetmə aktrisa bu serialın 8 mövsümündə çəkilir, 16 yaşında “Youngstar Awards” mükafatının qalibi olur.
1999-cu ildə Mila “Qriffini” cizgi filmində Meq obrazını səsləndirir. 2001-ci ildə gənc aktrisa “Sevgi virusu” filmində ikinci dərəcəli, daha sonra “Amerikalı pxis“ filmində baş rolu ifa edir.
2004-2007-ci illər aktrisanın həyatında durğunluq illəri olur. Onun səhnəyə qayıdışı “Qara qu quşu“ filmi ilə baş tutur. Filmin baş rol ifaçısı Natali Portman rejissora, onun rəqibini oynaması üçün Milanı təklif edir. Rejissor Aranofski Nataliyə qulaq asır və Lili rolunu Milaya etibar edir. Filmdə old-uqca uğurlu rol ifa edən Mila Kunis canlandırdığı obraz haqqında bunları deyir: “Mənim yaratdığım obraz heç də Natalinin yaratdığı obrazdan geri qalmır. O bacarıqlıdır, güclüdür və hətta daha ehtiraslıdır.”
Filmin çəkilişi müddətində gənc aktrisa gündə 4 saat baletlə məşğul olur və ciddi dietaya oturur. Çəkilişlər xəsarətsiz ötüşmür. Amma bu əzi-yyətlərə dəyərdi. Filmin ekrana çıxmasıyla səs-küy yaratması bir olur. Və Mila Kunis ilk dəfə böyük mükafatlara namizəd göstərilir. Film Milaya ilk böyük mükafatını – ən yaxşı ikinci dərəcəli qadın rolu nominasiyası üzrə “Saturn“ mükafatın qazan-dırır.
Milaya ən az bu qədər uğur gətirən bir başqa film Jastin Timberleyklə birgə rol aldığı “Friends with Benefits“ filmi olur. 2012-ci ildə Mila “Üçüncü artıqdır”, daha sonra isə “Nəhəng və qorxunc Oz” filmlərində rol alır.
Milaya “ikinci dərəcəli rollar“ kraliçası da demək olar. Çünki 2013-cü ildə ekranlara çıxan “Qan əlaqələri“ filmində də Mila ikinci dərəcəli rol alıb.
Aktrisalıq fəaliyyəti ilə yanaşı Mila Kunis eyni zamanda prodüsserliklə də məşğuldur. Aktirsa uzun zamandır ki, aktyor Eşton Kutçerlə münasibətdədir.