Fransanın vizit kartı və ya sadəcə, Mirey Matye… Bu zərif qadın bir əsrin simvoluna çevrilməyi bacardı...
İnsan sevəndə nə yatır, nə yeyir, nə işləyir...
Fransa estradasının ulduzu Moris Şevalye Matye haqda demişdi: “O, həmişə küçənin günəşli tərəfi ilə yeriyir”.
Ürəkləri fəth edən lirika və yüksək vokal mədəniyyəti – bunlar Matye uğurunun əsasını təşkil edir. Matye dünyanın ən böyük, ən prestijli musiqi zallarında belə öz ifası ilə isti ev ab-havası yaratmağa nail olmuşdu..
Fransalı gözəl müğənni 1947-ci ildə Avinyonda anadan olub.
— “Bəxtim çox gətirib, mən o qədər kasıb ailədə anadan olmuşam ki, həyatda işləmək və daha çox işləməkdən başqa yolum olmayıb” – Matye müsahibələrində qeyd edir.
Dünya məşhurluğunu qazanmamışdan öncə Mirey poçtda çalışırdı, konvertləri yapışdıra-yapışdıra o, dodağının altında sevdiyi mahnıları zümzümə edirdi.
Mireyin musiqidəki ilk addımları heç bir uğurdan xəbər vermirdi. 1962-ci ildə on beş yaşlı qız özünü musiqi yarışmalarından birində sınamaq qərarına gəlir, nəticə uğursuz olur. Növbəti konkurslardakı uğursuzluqlarına da baxmayaraq, Mirey ümidini itirmir. Uğuru dadana qədər mübarizə aparır və istəyinə nail olur.
Beləliklə, 1965-ci ilin 21 noyabrında televiziyada bir neçə mahnı oxuyan qızcığaz haqda həmin günün sabahı artıq bütün Fransa danışmağa başlayır. İmpressario Conni Stark onun atası ilə müqavilə bağlayır və düz dörd həftə Mirey Fransanın ən prestijli estrada meydanı “Olipmiya”da tamaşaçılar qarşısında çıxış edir.
Bir çox ulduzlarla çalışan Conni Starkı Matye “Co Papa” deyə çağırırdı. O, müğənniyə ata kimi idi:
– “Papa Co mənim mehriban mələyim idi. O, məni müğənni etdi. Co mənə görə yaşayırdı, mən isə yalnız oxuyurdum. O, qızıl güllərin tikanlarını çıxarır və həmin güllərlə mənə sevgi etirafı edirdi. Cənab Stark 1989-cu ildə infarktdan vəfat etdi. İlahi, onun ölümündən sonra necə də iyrənc şayiələr yayılmağa başladı – guya bizim övladımız dünyaya gəlib və mən onu hamıdan gizlədirəm… ”
1966-cı ildə Mireyin “Mənim kredom” adlı adlı ilk albomu işıq üzü görür. Mirey Matyeyə “Yeni Piaf” adını vermişdilər:
— “Edit Piaf uşaqlıqdan sitayiş etdiyim ilahəmdir. Ancaq o, təkrarolunmazdır və daim belə olacaq”.
Mirey kiməsə bənzəməyi arzulamırdı və musiqidə onun öz yolu vardı.
Gözəl fransalı müğənni mahnılarında insanlara ümid, xoşbəxtlik, inam bəxş edə biləcəyinə inanırdı. Bununla yanaşı, Mirey Matye özünə heç vaxt təkrara yol verməyəcəyi barədə söz verib. Səhnədəki hər yeni proqram əvvəlkindən fərqlənməlidir.
O. Levinson 1997-ci ildə Mirey Matye haqqında məqaləsində bunları yazırdı:
“Mirey Matye yenicə İtaliyadan qayıdıb. Sonuncu dəfə ifaçı on il qabaq Rusiyada olmuşdu. Fransız şansonu rus ruhuna yaxındır.
O, Kremldə konsert proqramları ilə çıxış edirdi. Üç iyun tarixində ifaçının iştirakı ilə mətbuat konfransı keçirildi. Mirey həmişəki kimi, nəzakətli, açıq, eyni zamanda, əlçatmaz idi. O, həyatı, səyahəti, atları və ağacları sevdiyini söylədi. Saç düzümünü dəyişmək fikri isə yoxdur. Klassik geyim tərzini üstün tutur. Şəxsi həyatı barədə isə danışmaqdan qətiyyətlə imtina edir”.
Ünsiyyətcil olmaqla bərabər, Mirey həm də qapalıdır. O, bir dənə də olsun, artıq kəlmə işlətmir. “Mağazalara nifrət edirəm, çoxluqdan sıxılıram” – deyə etiraf edir.
Matye Parisdəki evində kiçik bacısı Moniklə bir yerdə yaşayır. Monik də evli deyil.
“Kişisiz həyat. Niyə? Mireyə bu sualı vermək istəyirəm, ancaq qorxuram” – jurnalist Kiril Privalov yazır. – Ola bilsin, özüm də bu qadını sevirəm və onu sualımla incitmək istəmirəm.
1983-cü ildə Mirey məşhur fransalı iş adamından evlilik təklifi alır. Toydan bir ay əvvəl biznesmen müğənniyə ultimatum verir: “Mirey, mehriban ailəmizin olmasını istəyirəm. Söz ver ki, ilk uşaqdan sonra oxumağı buraxacaqsan!” Bu adam dəlidir. Xeyr, Matye oxumaya bilməzdi. Yalanla da arası yox idi, odur ki, toy təxirə salındı...
Müğənni özü bu barədə bunları söyləyir: “Musiqi sənətində ilk addımlarımı atmağa başlamışdım. Papa Co mənə dedi: “İnsan sevəndə nə yatır, nə yeyir, nə işləyir. Qalib olmaq istəyirsənsə, yatmalı, yeməli və işləməlisən. Bu sənin səsinin üç uğurudur. Həyatda möcüzələr olmur. Bu məsləhətə günü bu gün də riayət edirəm. Sənətim bu sərt həyat tərzini tələb edir. Ər və uşaq uğuruma mane olacaqdı. Bu həqiqətdir, ondan qaça bilmərəm. Mən uşaqları, onlarla oynamağı sevirəm. Ancaq iş mənim üçün hər şeydən irəlidədir. İfaçılıq sənəti gündəlik məşqlər, vokal dərsləri, çıxışlar deməkdir. Bundan əlavə, sutkada on saat yatmalıyam”.
Mirey Matye sualları cavablandırır:
— Parisdəki həyatınız necədir?
— İstədiyim kimi. Öz sənətimdən həzz alıram. İfaçı olmamışdan qabaq, bacımla kağız fabrikində çalışırdıq. Səhər saat 4-də dururdum, ancaq xoşbəxt idim, çünki ailəyə pul gətirirdim. Qidama nəzarət edirəm – balıq, meyvə-tərəvəzlə qidalanıram, bir də çox yatıram.
— Siz böyük və elə də imkanlı olmayan ailədə böyümüsünüz. Sizin üçün cah-calal nə deməkdir?
— Mənim 14 bacı-qardaşım var. Çox illər öncə mənzil alanda bizim üçün duş cah-calal demək idi. Bu gün mən uşaqlıqda arzuladığım cah-calallı həyatı yaşayıram. Buna görə Tanrıya şükür edirəm.
— Mütaliə etməklə aranız necədir?
— Təəssüf ki, mütaliəyə kifayət qədər zaman ayırmıram. Üstəgəl görüşlər, müsahibələr. Vaxtım yoxdur.
— Fransız dilindən savayı, hansı dili özünüzə yaxın bilirsiniz?
— Məmnuniyyətlə, rus və alman dillərində oxuyuram.
— Əgər insanda istedad varsa, onu həyata keçirmək üçün nələrisə qurban vermək lazım olur?
— Mən heç nəyi qurban verməmişəm. Bu barədə bəxtim gətirib.
— Klassik şanson və şanson ifaçıları bu gün də Fransada populyardır?
— Brel və Aznavurun klassik şansonunu fransızlar bu gün də sevir. Gənclərə gəldikdə, bu janrda oxuyanlar var, lakin onları klassiklərlə müqayisə etmək olmaz.
— Demək olarmı ki, ifa ilə şəxsi həyat arasında seçim etmək lazım gələndə ifanı üstün tutursunuz?
— Şəxsi həyatımla bağlı danışmıram, bu mənim sirrimdir. Ancaq sevilməkdən çox xoşum gəlir.
— Gözəl görünürsünüz. Zəhmət olmasa, gözəlliyinizin sirrini açın.
— Mənə elə gəlir ki, genetik kapitalım var. Anamın 91 yaşı olacaq və günü bu gün də o, gözəldir. Həm də müəyyən gigiyena qaydalarına riayət etmək lazımdır. Mən heç vaxt gündə qaralmıram, çox yatıram. Belə bir məsəl var: «Tanrı yuxunu gözəl görünməyimiz uçun yaradıb».