Odri Hepbern

Odri Hepbern

Audrey HepburnO, əsl mələk idi...

Arıq, cansız vücudlu bir xanım ilk dəfə ekranlara çıxarkən heç kim, ilk növbədə özü də bilməzdi ki, o, əsrin ən gözəl, cazibədar aktrisası, xanımı kimi tarixə düşəcək...

Bəli, bu gözəllik şahzadəsi, ilahəsi Odri Hepbern idi! Milyonlarla kişi milyonlarını bu xanımın tək bir baxışı üçün qurban verərdi…

Odri Hepbern 1929-cu ilin mayın 4-də Brüsseldə dünyaya gəlir. Anası holland baronessası, atası ingilis bankiri olan Odrinin uşaqlıq dövrü ağır müharibə illərinə təsadüf edir. İkinci dünya müharibəsinin dəhşətli səhnələrini Odri öz gözləri ilə görür, bu dəhşəti özü də yaşayır. Müharibə başlayan zaman anası ona İngiltərədən Hollandiyaya qayıtmasını tapşırır. Odrinin anası düşünür ki, Hollandiya əvvəlki tək olduğu kimi, bu dəfə də öz bitərəfliyini qoruyacaq və neytral zona olub müharibədən sığortalanacaq.

Hollandiyanın Arnem şəhəri ölkənin ən sakit və dinc şəhərlərindən biri idi, ta almanlar şəhərə bombaları yağdıran ana qədər…

Aclıq, zorakılıq, alman faşistlərinin vəhşilikləri — bütün bunları Odri ömrü boyu xatırlayacaqdı...

Aclığa dözmək üçün Odri özünə ac olmadığını və çörəyə nifrəti aşılamağa çalışırdı və bu, onda alınmışdı…
Belə ki, illər sonra məşhur “Tiffanidə səhər yeməyi” filminin çəkilişləri zamanı o, filmin əvvəlində bulkanı yeməli olduğu səhnəni heç cür oynaya bilmirdi, rejissor inadla bu səhnənin vacib olduğunu təkid edirdi. Axırda filmin operatoru Odriyə nəzakətlə: — Odri, əzizim, bulkadan yalnız bir dişlək al, kifayətdir, qalanını həll edəcəm...” dedi.

Odri müharibədən sonrakı illərdə az yeməyə öyrəşmişdi, müharibənin sonuna yaxın isə xəstələnir, ciyərlərində problem yaranır, daha sonra astma, maddələr mübadiləsi… Nasistlər “yaxşı” dərs keçmişdi...

Odrinin atası nasistlərin təsiri altına düşmüşdü, elə o illər anası ilə boşanmışdı. Atası evdən gedir və 7 yaşından sonra Odri onu bir daha heç vaxt görmür... Çətin illər geridə qalmışdı… Odri Londonda balet məktəbinə gedir, ancaq müəllimlər ona artıq gec olduğunu söyləyirlər.  O, anasına kömək etmək üçün müxtəlif, ən xırda reklam roliklərində çəkilirdi, həm də model kimi fəaliyyət göstərirdi. Ancaq tezliklə kino prodüserlər onu “görür”.  Gözəl aktrisa 1953-cü ildə “Roma tətilləri” filmində çəkilir və bu filmə görə “Ən yaxşı aktrisa”  nominasiyası üzrə “Oskar” alır.

Odri artıq məşhur idi, təklif təklif arxasınca, pul da ki, öz yerində. Ancaq aktrisanın ən böyük arzusu ailə sahibi, ana olmaq idi.

gozəl Odri
Onu ilk sevgisi aktyor Billi Holden olur, lakin onun ata ola bilməyəcəyini öyrəndikdən sonra Odri ondan ayrılır. Bir ildən sonra rejissor və aktyor  Mel Ferrerə ərə gedir. Ancaq Odri Holdeni hələ də sevirdi, hələ də gecələr onun üçün ağlayırdı… Lakin Mel Ferrer Billi Holdeni unutdura bilir. Fəqət Odri ana ola bimirdi, bir müddət kinoya da ara vermişdi. İsveçrənin ən bahalı xəstəxanalarındakı müalicələr də nəticə vermirdi.

Aktrisa daim kədərli idi, bu aralar onun həyatda ən yaxın dostu olan Yuber Jivanşi Odriyə “Mən sənə kədərlənməyi qadağan edirəm” sözlərini deyərək, “L'Interdit” (“Qadağa”)  adlı ətri ona həsr edir... İki uşaq salmadan sonra, nəhayət, Odri 1960-ci ildə ana olur. Oğlu Şon dünyaya gəlir. Odri xoşbəxt idi, onun ən böyük arzusu həyata keçmişdi. Kinoya da qayıtmaq olar, qayıdır və daha böyük uğurlara imza atır – “Tiffanidə səhər yeməyi” (bu film Odrinin ən məşhur filmi olur!), “Milyonu necə oğurlamaq”, “Şarada”, “Mənim gözəl xanımım” kimi filmlərdə çəkilir.

Trümen Kapotenin “Tiffanidə səhər yeməyi” povesti əsasında çəkilmiş eyniadlı film Odrinin vizit kartına çevrilir. Kitabın müəllifi baş rolda Merilin Monronun çəkilməsini arzulasa da, rejissor fərqli düşünürdü. Kapotedən savayı, hamı bu filmdən razı qalır. Film kitabı məşhur etsə də, əsərin müəllifi Odrini obrazı dəyişməkdə günahlandırırdı. Lakin tamaşaçılar əsərin baş qəhrəmanı Holi Qolaytlini məhz Odrinin simasında görməyə alışdı və ən əsası, sevdi…

Kino karyerasında Odri hər şeyə nail olmuşdu, tamamilə hər şeyə! Lakin ailə həyatında deyil… Əri ilə daimi dava-dalaşlar, mübahisələr 14 illik ailə həyatına son qoyur… Bu ayrılığı aktrisa çətin keçirir, yenidən göz yaşları, depressiya, yeməkdən imtina…

Odri Hepbernin ikinci əri ondan 9 yaş cavan, italiyalı psixoanalitik Andrea Dotti olur. Deyəsən, Andrea tam başqa cür idi, Meldən çox fərqlənirdi — şən italiyalı Odrini ovsunlamışdı. Yaxınları bu evliliyə qarşı olsa da, Odri seçimi özü edir… Onun ikinci oğlu Lukanın atası Andrea Dotti olur.

Odri xoşbəxt idi, kinodan uzaqlaşmışdı, ancaq Andrea bunu istəmirdi. O, kinoda görüb aşiq olduğu xanımın evdar xanım yox, elə ulduz olaraq qalmasını arzulayırdı. Ancaq Odri buna əhəmiyyət vermirdi, o, həmçinin özündən gənc ərinin digər xanımlarla eşq macəralarına belə göz yummağa çalışırdı. “O, hər bir halda məni sevir” — deyə Odri göz yaşları içində özünə təsəlli verirdi.

Çılğın italiyalı evə gələrkən heç nə olmamış kimi deyib-gülür, xəstələrindən danışırdı. Odri ilə italiyalı həyat yoldaşının münasibətləri Andreanın qəzetlərin birində romalı məşhur fahişə ilə birgə şəkilləri yayımlandıqdan sonra bitdi. “Vəssəlam, mənim öz həyatımdakı “Roma tətilləri”m sona çatdı” — Odri dedi...
Audrey Hepburn və Andrea Dotti

Yenidən eyni ssenari — yeməkdən imtina, gündə iki qutu siqaret...

Odri öz əsl xoşbəxtliyini 50 yaşında tapır. Prodüser və elə də məşhur olmayan aktyor Robert Uolders aktrisanın sonuncu sevgisi olur… Sonuncu çəkildiyi film isə Stiven Spilberqin “Həmişə” filmi olur. Bu filmdə Odri mələk rolunu canlandırır. Növbəti mələk rolunu aktrisa UNİCEF-lə sıx  əməkdaşlığı zamanı oynayır.

1989-cu ildən Odri Afrikanın, Mərkəzi Amerikanın ən kasıb ölkələrinə, Banqladeşə, Türkiyəyə, Vyetnama, Somaliyə baş çəkir. Odri bütün dünyanın nəzərlərini bu kasıb ölkələrə, əsas da Afrika ölkələrindəki dözülməz həyata — aclığa cəlb etməyə çalışırdı, bununla bağlı çoxsaylı müsahibələr verirdi, ara vermədən çalışır, səfərlər edirdi. Bu səylər nəticəsiz qalmamışdı, belə ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bu kasıb ölkələrə yardımların sayı bir neçə dəfə artmışdı. Aclıq səbəbindən uşaqların yaşadıqları, xəstəliklər… 4 il ərzində bütün bunların şahidi olan Odri üçün bu əsl stress, həyəcan idi…

Evinə qayıdarkən aktrisa onda mədə xərçənginin son mərhələsi olduğunu öyrənir.

Odri Hepbern 1993-cü ilin yanvarın 20-də İsveçrədəki evində vəfat edir. Aktrisanın ilk uğurundan yanında olan, şəxsi dərzisi və ən yaxın dostu, sirdaşı Yuber Jivanşi Odrinin vəfatından sonra daha işləyə bilməyəcəyini anlayıb, öz modalar evini dizayner Con Qalyanoya tapşırır, özü isə işdən uzaqlaşır. Ondan Odri haqqında soruşanda deyir: “O, qeyri-adi qadın idi və mən onun üçün çox darıxıram...”



Aytən Cavanşir 
Top