Anuk Eme

Anuk Eme

Anuk EmeAvropa kinosunun dünyaya tanıtdığı, bəxş etdiyi qadınlar illər boyu insanlarda zövqün — əslin zövqün formalaşmasına yardım edib. XX əsrdə bu gözəllik ikonalarının sayı –hesabı yox idi. Lakin onlar çox olduqları qədər də fərqli idilər: — fərqli səhnə görkəminə, fərqli obraza, fərqli imicə malik idilər. Sofi Loren, Bridcit Bardo, Mişel Mersye… Bu və digər onlarla məşhur qadın ulduzlara ötən əsrlə yanaşı, bu əsrdə də baxılır, pərəstiş edilir. Kino yaşadığı müddətdə XX əsr Avropa kinosu  və onun dünya kino tarixinə bəxş etdiyi ulduz isimlər də yaşayacaq.  

Bu dəfə haqqında yazdığım xanım aktrisanı tamaşaçılar “femme fatale” – “sirli qadın” kimi tanıyır.  Bu gözəl, incə və… toxunulmaz Anuk Emedir – sevimli Anuk…

“Yəqin, onun əri əla oğlan olub. Ancaq əgər sağ olsaydı axmaq olardı. Ölüb deyə o, əla oğlan sayılır”… Bu məşhur kəlmələr Anuk Emenin rol aldığı “Kişi və Qadın” filmində səslənir. Bu film fransalı aktrisanın çəkildiyi ən gözəl filmlərdən idi və ən əsası, bu film Anuku bütün dünyada məşhur edir...

Fransuaza Sorya Deyfus ismi bizə heç nə demir, çünki dünya onu Anuk Eme kimi tanıyır, sevir. “Eme” ləqəbi tərcümədə “sevimli”  mənasını verir. Anuk adının isə öz tarixçəsi var. Belə ki, Fransuazanın ərəb sevgilisi onu tez-tez  farsca “anika” (tərcümədə “incə”, “gözəl”) deyə çağırırdı. Bu ekzotik ad Fransuazanın xoşuna gəlir və bu ismi özünə səhnə adı seçir.

Aktrisa 1932-ci ilin 27 aprelində Parisdə aktyor ailəsində dünyaya gəlib. Anukun valideynləri – anası Jenevyeva Sorya, atası Henri Myürrey bir o qədər də məşhur olmayan aktyorlar idi. Qızcığazın ilk ən böyük arzusu balerina olmaq idi. Heç kim buna etiraz etmir, həm də, belə gözəl bədənə malikdirsə, niyə də yox? Lakin bu yerdə gənc xanımın yolları “kino” ilə kəsişir və bu andan etibarən “kino” gənc xanımı tərk etmir...
Aktyor atanın rejissor dostu “Dənizdəki ev” filmində uzun və gözəl ayaqlara sahib qızcığaza kiçik rol təklif edir və bununla da, aktrisanın gələcək, parlaq kino karyerasına start verilir. İlk uğurlu rolunu isə Anuk 17 yaşında ikən “Verona sevgililəri” filmində canlandırır. Culyetta obrazı onu vətənində məşhur edir. Lakin bu hələ harası idi?! Anuk Federiko Fellini, Klod Leluş kimi böyük rejissorların filmlərində çəkiləcəkdi...

Anuk Emeyə Fellininin “Şirin həyat” (1959-cu il) və “8 ½” (1963-cü il) kimi filmlərində çəkilmək nəsib olur. Fransalı aktrisa Fellinin sevimli aktrisası idi. (Əlbəttə ki, Federiko üçün birinci yerdə Mazina gəlirdi.)  Buna baxmayaraq, çəkiliş meydanında onlar daim dalaşırdılar. Anuk isə qürurlu idi. Lazım olsa, çəkiliş meydanını tərk də edə bilərdi. Lakin dalaşan cütlüyün qanının arasına həmişə Marçello Mastroyanni girir və onları barışdırırdı. Mastroyanni və Fellini dikbaş Anuku səsləyirdilər: “Bəsdir, əsəbləşmə, pizza hazırdır”. Anuk isə pizzadan dadar-dadmaz hər şeyi unudurdu. Bunlar 50-60-cı illərin söhbəti idi. İllər sonra, daha dəqiq desək, 2003-cü ildə Anuk Eme Berlində keçirilən Beynəlxalq kinofestivalda mərhum Fellini və Mastroyanni barədə danışarkən deyir: “Həmin illər ömrümün ən xoşbəxt illəri idi. Təəccüblüdür, ancaq mən indiyə qədər Federiko və Marçello üçün darıxıram”...


Sirli qadına ümumdünya şöhrəti və sevgisini 1966-cı ildə ekranlara çıxan “Kişi və Qadın” filmi gətirir. Gənc və kasıb rejissor Klod Leluş bir şeyi qəti qərarlaşdırmışdı. Onun filmində baş rolları Jan-Lui Tretinyan və Anuk Eme oynamalı idi. Tretinyanla heç bir problem mövcud deyildi. Lakin Anuk ilə… Anuk ilə Leluş əməlli-başlı tərləməli olur. Anukun ilk şərti bahalı saç ustası və vizajist tələbi olur. Lakin Leluşun artıq yerə xərcləməyə heç bir qəpiyi də yox idi. Əsəbi halda nə edəcəyini düşünən rejissor filminə başqa aktrisa seçməyi qərara alır. Lakin heç kim bu tələsik, ağ-qara filmdə çəkilməyə razılıq vermir. Deyəsən, babata bənzər cavabı digər məşhur aktrisa Anni Jirardo verir, lakin heç ondan da səs çıxmır. Gecəyarı zəng edən Anukun səsini eşitcək Leluş özünə gəlir… “Sabah gəlirəm çəkilməyə. Etiraz etmirsiniz ki?” deyə Anuk yarızarafat soruşur.Anukun laqeyd yanaşdığı bu film onun kino karyerasının ən parlaq filminə çevrilir. Məhz “Kişi və qadın” filmindəki roluna görə Anuk “Oskar” mükafatına layiq görülür.
Мужчина и женщина

“Kişi və qadın” filmi o filmlərdəndir ki, izləyici istənilən zaman böyük zövqlə baxır. Burada bir səmimiyyət, bir istilik var ki, bunu ancaq baxanlar bilə bilər... İki tamamilə bir-birinə yad olan qəhrəmanın taleləri bir-birinə çox bənzəyir. Onların hər ikisi sevdiklərini itirib və yenidən sevmək onlar üçün çox çətindir. Qadın sevdiyi kişinin xatirələri ilə, kişi isə sevdiyi qadının xatirələri ilə yaşayır. Hər ikisi də qorxur, keçmişlərinə  xəyanət etməkdən qorxurlar. Onlar məhəbbətlə məşğul olanda belə qorxurlar, ehtiyyat edirlər...Hər iki qəhrəman keçmişlə gələcək arasındakı boyük boşluğun içindədirlər. İki yol var: Ya keçmiş gələcəyə hakim olub onu məhv edəcək, ya da ki, onlar keçmişi unudub özlərinin birgə  gələcəyini quracaqlar...Sevgiyə dəyər verən insan üçün “Kişi və qadın” filmi əsl tapıntıdır. Çünki hər bir insan həyatında bir dəfə də olsun sevginin necə bir hiss olduğunu dadmaq istər...

Fransuaza Sorya Deyfus- Anuk EmeAktrisanın digər maraqlı filmləri arasında  “Gülməli insanın faciəsi”, “Sonuncu məhkəmə”, “Görüş”, “Kişi və qadın 20 ildən sonra” və s. qeyd etmək olar.

Anuk Eme dörd dəfə ailə həyatı qurur. Bunlardan heç biri uzun müddətli olmur. Birinci evlilik Anukun 17 yaşı olarkən gerçəkləşmişdi. Ərəb oğlan qızcığazın ürəyini xoş sözlərlə fəth etmişdi. Lakin bu fəth bir il davam edir. 1950 –ci ildə onlar boşanır və Anuk əslən yunan olan kinoprodüser Nikos Papatikosla evlənir. Bu nikahdan Manuela adlı qızları dünyaya gəlir. Üç ildən sonra isə ailə həyatı sona çatır.

Anuk üçüncü həyat yoldaşına “Kişi və qadın” filminin çəkilişləri zamanı rast gəlir. Filmdə onun ölmüş həyat yoldaşını oynayan aktyor Pyer Barux aktrisanın növbəti əri olur.  Bu arada Anuk Emeyə rejissor Klod Leluş da aşiq olmuşdu, ancaq o bunu etiraf edənə qədər aktrisa Pyer Baruxla evlənir. Lakin bu nikah da davamlı olmur.

1970-ci ildə onların yolu ayrılır və Anuk ingilis aktyoru Albert Finniyə ərə gedir. Albertlə evlilik müddəti aktrisa üçün rekord idi – altı il!  1978-ci ildə isə hər şey yenidən bitir və elə o zamandan etibarən aktrisa bir daha evlənmir.

Bu gün məşhur fransalı gözəl artıq nənədir və o heç nəyə görə peşman deyil. Gözəl gözlərə, cazibədar simaya malik “femme fatale” deyir:  “Əgər bir kişi ilə xoşbəxt deyilsənsə, onunla evli qalmağın heç bir əhəmiyyəti yoxdur”...

Aytən Cavanşir
Mənbə:
publika.az
Top