Qreys Kelli

Qreys Kelli

Grace KellyHaqqında yazacağım növbəti xanım, həqiqi gözəl xanım, gözəlliyi ilə yanaşı, kübar və zərif qadın olan aktrisa Qreys Kellidir...

Qreys o qadınlardan idi ki, bir baxışı, təbəssümü ilə istənilən kişinin ürəyini fəth edə, ovsunlaya bilərdi. Təəccüblü deyil ki, onun çoxsaylı pərəstişkarları, sevgililəri arasında İran şahı Rza Pəhləvi də vardı...

Amerikalı gözəl aktrisa özü də tez-tez aşiq olurdu, bəlkə də, idealını axtarırdı, bəlkə uşaqlıqda çoxlu nağıllar oxumuşdu və öz şahzadəsini axtarırdı... Elə də olur, nağıllar həqiqətə çevrilir. Qreys axtardığı şahzadəsini tapır, özü də şahzadə olur — Monako şahzadəsi Qreys Kelli… Ancaq bu hekayətin nağıldan bir fərqi vardı — Qreysin nağılı xoşbəxt sonluqla bitmir...

Qreys Kelli 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlib. Aktrisa olmaq arzusu ilə Qreys 17 yaşında Nyu-Yorka yollanır, müxtəlif müsabiqələrdən keçir. Lakin yeni başlayan aktrisa əsasən müxtəlif reklamlara çəkilirdi. 

Qreysin ən böyük uğuru tanınmış rejissor Alfred Hiçkokla tanışlıq olur. Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkir. Bunlar “Moqambo” (1953-cü il) melodramı və dedektiv janrlı “Qətl üçün M-i yığın”, “Arxa pəncərə”, “Oğrunu tutmalı” (1955-ci il) filmləridir. Sonralar Qreysin Monakoya köçməsi rejissor üçün böyük itki olur.    
Qreys cəmi 11 filmdə çəkilir. O, “Oskar”, “Qızıl Qlobus” mükafatlarını almağa da nail olur.

Amerikalı aktrisa kişiləri sevirdi desəm, yanılmaram. Bir kişidən xoşu gəlirdisə, ilk addımı özü atacaqdı. Fəqət aktrisanın valideynləri çox ciddi idilər və qızlarının kiminlə gəldi münasibət qurmasına izn vermirdilər. Lakin valideynlərlə mübarizədə Qreys daha güclü çıxırdı. Erkən yaşlardan müstəqil həyata alışan Qreys universitetdə təhsil alarkən atasına pul da göndərirdi.

Bakirəliyini gənc və göylərdə uçan aktrisa təsadüfən, daha doğrusu, öz xoşuna itirir.  Rəfiqəsinin evində yataqda uzanan Qreys onun ərinin də bu an yataqda olmasından bixəbər olur. Ancaq yataqda yad kişini görcək Qreys vay-şüvən qoparmır...

Akademiyada təhsil aldığı vaxtlar aktrisa Herbi Miller, Aleks d’Arsi kimi yaraşıqlılarla da qısamüddətli eşq macərası yaşayır. Aktrisanın növbəti aşiqi onun müəllimi əslən yəhudi olan gənc rejissor Don Riçardson olur.

Soyuq günlərin biri idi. Küçədə duran Qreys heç cür taksi tapa bilmirdi. Bunu görən müəllim donan tələbəsini evinə gətirir. Qreysi otaqda qoyub kofe gətirməyə çıxır, qayıdanda isə soyunub onu lüt gözləyən tələbəsini görür. Sonrasını təsəvvür etmək bir elə çətin deyil...Qreys gələcək həyatını yalnız Don Riçardsonla təsəvvür edirdi. Lakin valideynlər bu münasibətlərin əleyhinə idi. Əvvəla irlandiyalı katolik ata yəhudiləri, yumşaq desək, sevmirdi, ikincisi isə valideynlər adaxlının  ilk arvadından boşanmadığını öyrənmişdilər. Bir müddət Qreys Riçardsonla gizli görüşür.

Kelli və III Renenin toyu
Lakin Qreysin sevgisi çətinliklərə dözəcək qədər dərin deyildi. Qarşıda yeni eşq macəraları vardı...Aktrisanın iki dəfə evli olub boşanmış Klodius Şarl Filiplə münasibətləri atasının narazılığı ucbatından baş tutmur. İran şahı Rza Pəhləvi ilə Qreys “Uoldorf Astoriya” otelində tanış olur. Yaraşıqlı şah Qreysin zərifliyinə, gözəlliyinə məftun olmuşdu. Qayıtmazdan öncə şah aktrisaya evlilik təklif edir, lakin Qreys imtina edir. Lakin şahın ona hədiyyə etdiyi brilyant, mirvari zinət əşyalarından imtina etmir... Aktrisanın anası qızından hədiyyələri dərhal geri qaytarmasını tələb edir, lakin Qreysin belə bir niyyəti yox idi. Sonralar aktrisa bu bahalı hədiyyələri rəfiqələrinə paylayır.

Növbədə Monako knyazı III Rene idi. Onunla tanışlıq 1955-ci ildə Kann festivalı zamanı baş tutur. Qreys ilk gördüyü, əlindən sıxdığı an Monako knyazı aktrisaya aşiq olur. Qreysə uzun-uzun məktublar yazmağa başlayır. Aktrisa, nəhayət, şahzadəsini tapmışdı, valideynlər də seçimdən razı idi. 1956-cı ilin 18 aprelində knyazla aktrisa evlənir.

Monako şahzadəsi olduğu ilk gündən Qreys xeyriyyəçiliklə məşğul olmağa başlayır. Xəstəxanalar, uşaq bağçaları, qocalar evi açır. Rene ilə evlilikdən aktrisanın Karolina, Alber və Stefaniyə adlı övladları dünyaya gəlir. Lakin getdikcə Qreysin həyatı öz rəngini itirirdi. Ər artıq uzun-uzadı məktublar yazan o aşiq deyildi. Münasibətlərdə soyuqluq yaşanırdı. Reneni Qreysin problemləri, düşüncələri zərrə qədər maraqlandırmırdı.
Kelli ailəsi ilə birlikdə
Əksər kişilər kimi Renedə də romantik duyğular evliliyə qədər imiş… Təskinliyi aktrisa şeir deməkdə tapır. Altı il ərzində Qreys şeir gecələrində şeir söyləyir. 1982-ci il 13 sentyabr tarixində aktrisa qızı Stefaniya ilə olduğu maşında qəza törədir. Maşında ana ilə qızının mübahisə etdiyi məlumdur. Stefaniyə yüngül zədələrlə canını qurtarsa da, aktrisa ölümdən yaxasını qurtara bilmir. Knyazın razılığı ilə Qreysi süni nəfəs aparatından ayırırlar.

Şahzadənin ölümü bütün Monako üçün ağır xəbər idi. Vəfat edərkən aktrisanın cəmi  52 yaşı vardı. Dəfn zamanı hamı — Qreysin yaxınları və onu heç vaxt həyatda görməyən hər kəs  ağlayırdı. Hamıdan çox ağlayan isə knyaz Rene idi. Həyat yoldaşının ölümündən sonra knyaz daha evlənmir. Lakin sağ ikən qədrini bilmədiyin biri üçün onun ölümüdən sonra ağlamağın nə önəmi var ki?...



Aytən Cavanşir
Top