Həyat bir an kimidir
“Niyə məni tək buraxdın? Axı sonu belə olmamalıydı. Bilirəm, qayıdacaqsan. Və hər şey nikbin sonluqla bitəcək”, — yoldaşını bərk-bərk qucaqlayan Sofiya pıçıltı ilə danışır, olub-keçənlərlə barışmaq istəmirdi. Amma artıq çox gec idi…
Dəfn mərasimində Sofiya Rotaru saatlarla tabutun yanında oturdu. Ayrılıq ona ağır gəlirdi.
Sofiya Mixaylovna Yevdokimenko-Rotaru ailədə altı uşaqdan ikincisi idi. 1947-ci il avqustun 7-də Ukraynanın Çernovitsk vilayətinin Novoselsk rayonunda anadan olub. Atası Jdanov rayonunda üzümçülük kolxozunun sədri idi.
«Sonika, qalx, süfrəni açmağın vaxtıdır!» — Sofiyanı nə saatın zəngi, nə də günəşin pəncərədən düşən narıncı şüaları oyada bilirdi. Onu həmişə anası səsləyərdi. Balaca Sofiya narazılıq etmədən qalxar, süfrə açar və birlikdə nahar edərdilər. Nahardan sonra anası ilə bazara göyərti satmağa gedərdi.
Axşamlar çox vaxt dodağının altında xalq mahnılarından birini zümzümə edə-edə örüşdən qayıdan inəkləri sağar, südü götürüb böyük bacısı Zinagilə gedərdi. Keçirdiyi tif xəstəliyindən sonra Zinanın gözləri tutulmuşdu, odur ki, Sofiya kiçik bacı və qardaşlarına baxmaqla yanaşı, onun da qayğısına qalırdı. Birlikdə radioda rus mahnılarına qulaq asıb rus dilini öyrənirdilər.
...Günlər keçir, Sofiya böyüyürdü. Evdə valideynlərinin əlindən tutan Sofiya incəsənətlə də maraqlanırdı. 1965-ci ildə Sofiya valideynlərinin etirazına baxmayaraq, həvəskar rəsm sərgisində iştirak etmək üçün Kiyevə gedir. Və inanılmaz hadisə baş verir — 10-cu sinif şagirdi, kənddən çıxmış qız paytaxtda keçirilən müsabiqənin qalibi olur. Qalibə 120 rubl mükafat verilir: “Mən pulları ovcumda bərk-bərk sıxıb saxlamışdım. İnana bilmirdim ki, bu mənim əməyimin bəhrəsidir. Bu pullar mənə o qədər doğma idi ki… Onları gətirib anama verdim”.
Onu bütün Ukrayna tanıdı.
...Həmin il Anatoli Yevdokimenko (atası inşaatçı və müəllim idi) Ukraynanın Nijniy Tagil şəhərində hərbi xidmət keçirdi. Təsadüfən “Ukrayna” jurnalının üz qabığında respublika həvəskar rəsm sərgisinin qalibi, 17 yaşlı Sofiya Rotarunun şəklini görən gənc əsgər elə ilk baxışdan qıza vurulur və hərbi xidməti başa vurduqdan sonra mütləq onu tapacağına qərar verir. Sofiyanın şəkli əsgərliyinin son günlərinə qədər Anatolinin çarpayısının baş tərəfində divardan asılı qalır. Hər dəfə yatağına girməzdən əvvəl qızın şəklinə baxar, sonra yatardı.
Nəhayət, hərbi xidmət illəri sona yetir. Amma Anatoli doğma rayonlarına yox, birbaş Çernovitskə gəlir və illərdir həsrətini çəkdiyi Sofiyanı axtarmağa başlayır. Əvvəlcə yataqxanada yerləşən musiqi məktəbinin yerini öyrənir. Yanılmamışdı. Sofiya bu yataqxanada yaşayırdı. Hər gün axşam onun yaşadığı mənzilin eyvanının altına gələr, pəncərədən onu görə bildiyi qədər seyr edərdi. İki il Sofiya Anatoliyə “hə” cavabı vermədi. İlk vaxtlar qız ona heç fikir vermirdi, sonralar onun görüşünə özü getmir, rəfiqələrindən birini göndərirdi. Sofiya Anatoliyə əzab verirdi. Ona görə yox ki, onu özünə layiq bilmirdi. Əksinə, Sofiya istəyirdi ki, onun həyat yoldaşı sıravi insan olsun, öz kəndlərində yaşasınlar və çoxlu uşaqları olsun. Amma artıq Anatolinin səbr kasası dolur. Kömək üçün ərazi komsomol komitəsinin birinci katibi olan qardaşına müraciət edir. Həmin gün telefon zəng çalanda Rotaru musiqi peşə məktəbində idi: “Sonya! Tələs! Səni komitədən çağırırlar”, — deyə onu çağırırlar. Sofiya qaçaraq dəstəyi götürür. Dəstəkdə ümidsiz bir gəncin səsi gəlir: “İstəyim budur, sadəcə, dəstəyi üstünə qoyma”.
...Nəhayət, 22 sentyabr 1968-ci ildə onların toy mərasimi baş tutur. Bu günə Anatoli neçə aylar idi ki, hazırlaşmışdı. Hətta gəlinlik paltarını da özü bəyənib seçmişdi. Onların toyunda bütün kənd iştirak etdi. Üç gün, üç gecə kəndi dolaşdılar, içdilər, mahnılar oxudular… Musiqiçilər Ukraynanın xalq mahnılarını ifa edirdilər. Və bu gündən çox yox, 11 ay sonra musiqiçilər doğum evinin qarşısında idilər. Ruslan dünyaya gələndə...
— Tolik, sən mənim yeganə və əsl məhəbbətimsən, — xəstəxanada sevgilərinin tək şahidi olan Ruslanı qucağında tutan Sofiyanın gözləri dolmuşdu.
— Sənsiz elə bil qanadsız quşam, Ruslan buna şahiddir, — deyib Anatoli gülümsədi, sonra əyilib Sofiya və Ruslanın yanaqlarından öpdü.
— Bilirsən, Tolik, qorxuram.
— Nədən?
— Artıq üç nəfərik, ya bir gün…
— Sus! Mən hələ ölməmişəm.
Ruslan dünyaya gəldikdən sonra Sofiya üç il səhnədən uzaqlaşır. Anatoli Sofiyadan ötrü fizika müəllimliyindən imtina edir və rejissorluğu oxumağa başlayır. Üç ildən sonra Sofiya və Tolya birlikdə Çernovitsk filarmoniyasında “Çervona ruta” (ruta — yaşıl gül. Əfsanəyə görə, bu gülü tapan qız istənilən oğlanı məftun edə bilər — red.) ansamblını yaradırlar. Yoldaşının dəstəyi, eləcə də özünün məlahətli səsi ilə Sofiya keçmiş SSRİ-də ən populyar müğənnilərdən biri olur. O, xalqın sevimlisi idi. Amma Rotarunu sevməyənlər də çox idi. Həmkarları onun uğurlarını həzm edə bilmirdilər. Deyilənə görə, Alla Puqaçova hər vasitə ilə Rotarunun imkanlarını daraltmağa, irəli gedə bilməməsi üçün yolunu kəsməyə çalışırdı. Rotaru isə bunun doğru olmadığını söyləyir, eyni zamanda tamamilə inkar da etmirdi: “Əlbəttə, biz dostluq etmirdik, amma düşmənçiliyimiz də yox idi. Əvvəllər Alla bizə qonaq gəlirdi, sonra həyat elə gətirdi ki, bir-birimizlə əlaqə saxlamadıq”.
Anatoli isə faktiki olaraq Sofiyanın prodüseri idi. “O, həm məsləhətçim, həm assistentim, həm dostum, həm də köməkçimdir — kostyumlar, aparatlar — hamısı axı çox ağırdır. Ən əsası o, mənim rejissorum və bütün proqramlarımın təşkilatçısıdır. Əlbəttə, yoruluruq. Amma əsl sevgi olanda belə çətinliklər önəmli olmur. Zaman keçdikcə bir şeyi dəqiq bildim: Tolik Allahın mənə hədiyyəsidir”, — kimsə sənətdə uğurlarının sirrini soruşanda Sofiya həmişə belə cavab verərdi.
“O, hələ toya qədər öz xarakterini göstərmişdi. Mən onsuz heç nə edə bilmərəm. Onun bişirdiyi yeməklər ən gözəl restoranlarda hazırlanan xörəklərdən dadlıdır. Ev işlərini çox gözəl bilir. Bizim ruhumuz birdir. Bir adamıq. Çox nadir hallarda mübahisə edirik”, — Anatoli Sofiyanı nə qədər çox sevdiyini hər dəfə jurnalistlərə söyləyərdi.
Bir neçə il keçir. Musiqiçilər yenə doğum evinin qarşısında Ukrayna xalq mahnılarını ifa edirlər. İndi Rotarunun ailəsi dörd nəfərdən ibarət idi — . Sonya dünyaya gəlmişdi. Sevgilərinin ikinci şahidi.
Hər şey əvvəlki kimi olsaydı...
Zaman keçir. Fəsillər dəyişir. Sonya ilə Ruslan böyüyürdü. Hər şey o qədər gözəl idi ki, Sofiya bir gün həyatında yarpaq tökümünün başlayacağını ağlına gətirmirdi.
— Ana, narahat olma, sağalacaqsan, — Sofiya yeddi aydır ki, şəkər xəstəliyindən əziyyət çəkən anasına təsəlli verirdi.
— Qızım, öləcəyimi bilirəm. Allaha yalvarıram ki, mənə rahat ölüm nəsib etsin.
— Ana, belə danışma, sən hələ çox yaşayacaqsan, — Sofiya anasında az da olsa həyat eşqi yaratmaq istəyirdi.
— Özünü aldatma, qızım, mən tez-tez onunla danışıram, — gözlərini yuxarı dikərək ana titrək səslə söyləyir.
Artıq bir neçə gün sonra anasının qəbri üstündə Sofiya “Allahım niyə? Mənə bu əzabı niyə yaşatdın?”, — deyə fəryad edirdi.
Anasının ölümündən təxminən yarım il sonra Anatoli insult keçirir. Həkimlərin məsləhəti ilə ailə Yalta adasına köçür. Amma sənətdən yenə də uzaqlaşmır, ta o günə kimi…
1984-cü il. Sofiya sənətində ilk uğursuzluqla üzləşir — o, elə səhnədəcə özünü itirir. Tamaşaçılardan “Mən hardayam?”, — deyə soruşur. Çoxları müğənninun dəli olduğunu düşünür. Amma məsələ başqa idi. Həkimlər müğənninin güclü əsəb sarsıntısı keçirdiyini söylədilər — 6 il dincəlmədən müxtəlif filmlərə çəkilməsi, davamlı qastrollar və ard-arda 137 konsert… Sofiya səsini də itirmişdi. Səs tellərində düyün yaranmışdı. Həkimlər təcili əməliyyat olunmasını, əməliyyatdan sonra isə yalnız pıçıltı ilə danışmağı məsləhət gördülər. Oxumaq ona qadağan edildi. Amma kimə deyirsən? İki gün sonra Sofiya danışdı, oxudu və… bunun “cəzasını” da çəkdi. İkinci əməliyyatdan sonra müğənniyə bir ay ümumiyyətlə danışmaq qadağan edildi. Sofiya bir il oxuya bilmədi. O dönəmdə camaat arasında belə bir fikir yaranmışdı: “Sofiya səsini tamamilə itirib və ancaq fonoqram oxuyur”.
“Ruh” filmindən sonra belə şayiələr daha geniş vüsət aldı. Həmin filmdə o, Alla Puqaçovanın keçmiş həyat yoldaşı Aleksandr Stefanoviç ilə çəkilmişdi. Filmin süjetinə görə, məşhur müğənni səsini itirir. Bununla da bir çoxları belə başa düşür ki, müğənni bu yolla onu sevənlərə səsini itirdiyini söyləmək istəyir. Amma bu, sadəcə, film idi. Bir ildən sonra Sofiya yenidən oxumağa başlayır.
Bundan sonra həyatında hər şeyin yoluna düşəcəyinə ümid edən Sofiya həyat yoldaşının ciddi xəstə olduğundan xəbərsiz idi. Xəstəlik onu günbəgün üstələyirdi. Təzyiqi 220-dən aşağı düşmürdü. 1997-ci ildə ailə həkimi Anatoliyə başında xərçəng diaqnozunu qoyur. Sofiya əvvəlcə buna inanmır, həkimin zarafat etdiyini düşünür. Bəlkə də inanmaq istəmir. Biixtiyar gözləri dolur. “Bəlkə bu, doğru deyil, başqa həkimə göstərməliyəm”, — deyə düşünür. Digər iki həkim də Sofiyanın gözlədiyi xəbəri vermir. Ailə həkiminin qoyduğu diaqnoz təsdiqlənir. Sofiya yenə də həkimlərin qoyduğu diaqnoza şübhə ilə yanaşır. Həyat yoldaşını Almaniyaya aparır. Sofiya şübhəsində yanılmamışdı. Alman həkimlər Anatolidə xərçəng xəstəliyinin olmadığını, gərgin iş rejimi nəticəsində ikinci dəfə insult keçirdiyini söyləyirlər. Sofiya həyat yoldaşını bərk-bərk qucaqlayır, üz-gözündən öpür. Bu dəfə gözündən axan sevinc yaşları idi. Amma o gündən Anatoli çox dəyişilir, insanlardan uzaqlaşır. Konsertlərdə qrim otağından çıxmır. Evdə öz otağına çəkilir, saatlarla heç kimlə danışmaq istəmir. Sofiya yoldaşının halının getdikcə pisləşdiyini görürdü, amma əlindən heç nə gəlmirdi — onunla söhbət etməkdən başqa…
...Otağın qapısını açaraq içəri girdi. İşıqlar sönülü idi. Anatoli divanda əyləşmişdi. Sofiya ehtiyatla ona yaxınlaşıb qarşısında dizləri üstə çökdü. Əllərindən tutdu. Anatolinin əlləri buz kimi idi.
— Sən çox dəyişilmisən, əvvəlki kimi deyilsən.
Anatoli susurdu.
— Əzizim, əgər hər hansı problemin varsa, söylə birlikdə həll edək. Mən artıq qorxuram, — Sofiya Anatolini bərk-bərk qucaqladı, — səni belə görməyimə dözə bilmirəm.
Anatoli ovcunun içi ilə Sofiyanın yanaqlarını sığalladı, acı-acı gülümsədi.
Sofiya otağın qapısını bağlayıb çıxarkən oğlunun onu gözlədiyini gördü. Sanki atasını müayinə edən həkimdən bir cavab gözləyirmiş kimi anasına baxırdı.
— Xəstəlik onu günbəgün üstələyir, oğlum. Əgər onun vəziyyəti daha da ağırlaşsa, bunu kim və necə yaşayacaq? Mən nə edəcəyəm?
...2001-ci ilin sonları. Adi günlərdən biri. Evi səs-küy bürümüşdü. Anatoli üçüncü insultdan sonra nitq qabiliyyətini itirmişdi. Artıq Sofiya ömür-gün yoldaşından bir addım da uzaqlaşmırdı. Qazandığı bütün pulları Anatolinin müalicəsi üçün bahalı dərmanlara sərf edirdi. Nitq qabiliyyətini inkişaf etdirmək üçün səhərdən axşama qədər sevimli yoldaşı üçün kitab oxuyurdu. Anatoli tam bir il danışa bilməsə də, gəzməyi, yeməyi bacarırdı. Günün sonunda isə Sofiya nəvələri — Anatoli və Sonya ilə oynamaqla bütün yorğunluğunu unutmağa çalışırdı. Bununla o, az da olsa, problemlərdən uzaqlaşa bilirdi. Anatoli nəvələrini görsün deyə Sofiya balaca Anatoli və Sofiyanı tez-tez xəstəxanaya aparırdı. Bununla bərabər Sofiya qastrol səfərlərini də davam etdirirdi.
“Sən sadəcə, yatmısan”
Sofiya həyat yoldaşının dördüncü dəfə insult keçirdiyini öyrənir. Dərhal konsertini yarımçıq qoyub Almaniyadan Kiyevə qayıdır. Anatoli artıq komada idi. Müğənni bütün gecə onun yanında qalır. Anatoli ilə birlikdə yaşadığı həyatının bütün xoşbəxt anlarını xatırlayır, için-için ağlayırdı. Həyat yoldaşı ona bağışlasın deyə, Allaha yalvarır, dua edirdi.
Və möcüzə baş verir. Anatoli gözlənilmədən gözlərini açır, Sofiyaya baxır, gülümsəyir. Gözləri ayrılıqdan xəbər verirdi. Rotaru sevincək halda həkimləri çağırır. Müayinə edirlər. Bir neçə dəqiqədən sonra Anatolinin ürəyi dayanır. Tibb işçiləri xeyli vaxt Sofiyanı palatadan çıxara bilmədilər. O, həkimlərə yalvarırdı ki, həyat yoldaşını ona qaytarsınlar.
“Niyə məni tək buraxdın? Axı sonu belə olmamalı idi. Bilirəm, qayıdacaqsan. Və hər şey nikbin sonluqla bitəcək”, — yoldaşını bərk-bərk qucaqlayan Sofiya pıçıltı ilə danışır, olub-keçənlərlə barışmaq istəmirdi. Amma artıq çox gec idi…
Dəfn mərasimində Sofiya Rotaru saatlarla tabutun yanında oturdu. Ayrılıq ona ağır gəlirdi. Ruslan anadan olarkən Anatolinin xəstəxanada dediklərini xatırladı.
— Bilirsən, Tolik, qorxuram.
— Nədən?
— Artıq üç nəfərik, ya bir gün…
— Sus! Mən hələ ölməmişəm
Son dəfə həyat yoldaşının əlini ovucunda sıxdı, alnından öpdü və qulağına pıçıldadı: “Sən ölməmisən, əzizim. Hələ ölməmisən. Bilirəm, sən sadəcə, yatmısan, mütləq yenidən yanıma qayıdacaqsan!”.
Qəflətən güclü külək əsməyə başlayır. Əklilləri sovurub aparır. Tabutun qapağı Sofiyanın başına dəyir. Ancaq o bunu hiss edəcək halda deyildi. Tabut qəbrə endirilir. Ağlamaqdan halsızlaşan Sofiya huşunu itirərək arxasında dayanıb anasına təsəlli verən oğlunun üstünə yıxılır.
İki gündən sonra hamı Sofiyagilin evlərinə zəng vurub ailənin halını soruşurdu. Dəstəyi həmişə oğlu Ruslan götürürdü:
— Atamın ölümü hamımız üçün güclü zərbə oldu. Hər zaman onun sevgisini və dəstəyini hiss edirdik, ondan istədiyimiz mövzuda məsləhət ala bilirdik. Anam hər zaman atama güvənirdi. O, bütün ömrünü ailəsinə və anamın yaradıcılığına həsr etdi və indi bizimlə deyil… Bilmirəm ailəmiz bundan sonra necə olacaq. Son iki ildə anam o qədər əziyyət çəkib ki… Bir müddət əvvəl babamızı dəfn etdik, sonra anamın xərçəngdən dünyasını dəyişən ən yaxın rəfiqəsini…
Sonralar Sofiya deyirdi: “Bu dəhşətli iki ildə mən əməlli-başlı stress yaşadım. Daxilimdə hər şey dəyişdi. Dünyaya, insanlara, uşaqlara — hamıya başqa cür baxırdım. Həmişə düşünürəm, görəsən mən harda yanlış iş görmüşəm. Oğluma çox az vaxt ayırırdım, qardaşlarıma, bacılarıma… O illərimi mənə qaytarsaydılar, tamam başqa cür yaşayardım. Cavan yaşda çox şeyləri başa düşmürsən. İyirmi yaşında sənə elə gəlir ki, hələ qarşıda vaxt var. Yadımdadır, birinci solo-konsertimdən sonra yoldaşım ilə evə gəlirdik. Mən dedim: “Tolik, bu gün birinci konsertim idi. Həyatımız hələ qabaqdadır. Yaşamaq necə də gözəldir!”. Və həqiqətən də hər şey elə tez ötüb-keçdi ki… Həyat — bir an kimidir”.
Anatolinin ölümündən artıq illər keçib. Sofiya hər gün eyvana çıxır, bir zamanlar axşam onun yaşadığı mənzilin eyvanının altına gələn, pəncərədən Sofiyanı saatlarla seyr edən Anatolini gözləyir.
P.S. Müğənninin bundan sonra səhnəyə çıxıb-çıxmayacağı dəqiq məlum deyil. Deyilənə görə, onun səsi çox dəyişilib və artıq oxumaq iqtidarında deyil.
Müəllif: Saməddin Mehralıyev