Əsl adı İolanda Cilyotti olan məşhur muğənni Dalida…
Bəziləri onun misirli olduğunu düşünsə də, Dalida 1933-cü ildə immiqrant italyan ailəsində dünyaya gəlib. Muğənninin uşaqlıq və gənclik illəri Qahirədə keçib.
Dalida böyük səhnələri fəth edir. İstəyi bu idi — ulduz olmaq… Ancaq “ulduz”luğu ondan çox şey alır, sənətinə görə analıqdan da imtina edən Dalida sonralar buna görə peşman olmuşdu, ancaq təəsüf ki, insan peşmançılıq hissini artıq heç nəyi düzəltmək mümkün olmadıqda keçirir..
Ta əvvəldən başlayaq...muğənninin uşaqlığından… Artıq 10 yaşında ikən göz xəstəliyi keçirir, həkimin “güclü” məsləhəti uşağın gözünü bir neçə gün sarıqda saxlamaq olur, bu səbəbdən gözdəki infeksiya daha da yayılır, nəticədə körpəyə konvergent çəpgözlük diaqnozu qoyurlar. Sonrakı illər bir neçə cərrahiyyə əməliyyatı keçirir, ancaq cüzi çəpgözlük Dalidada ömürlük qalır.
12 yaşında Dalida sevimli atasını itirir. Bu itkini gənc qız ağır keçirir… Başsız qalmış ailə çətin günlər yaşamalı olur.
1951-ci ildə muğənni Qahirə gözəllik yarışmasında iştirak etsə də, “Miss Qahirə” adını 1954-cü ildə alır. Artıq karyerada köklü dəyişikliklər etmək zamanı idi, Dalida çamadanını götürüb Misirdən bir baş Parisə — bütün arzuların gerçəkləşdiyi şəhərə yollanır və düz də edir, uğurun qapıları Dalida üçün bu gözəl şəhərdə açılır. Anasını və iki qardaşını öz yanına gətirdir.
İtaliyalı xanım fransız estradasının divasına çevrilir… İolanda adı burda “Dalida” ilə əvəz olunur, bu təxəllüslə də o, milyonların sevimli ifaçısına çevrilir. Muğənni yaraşıqlı kişilərlə eşqbazlıq edir, ilk əri isə “Avropa 1” radiostansiyasının direktoru Lyusen Morris olur, lakin evlilik həyatı evlilikdən öncəki münasibətlərdən fərqli oldu.
Ailədə qısqanclıqdan doğan dava-dalaşlar hökm sürürdü, bu dözülməz idi… Əri ilə ayrılırlar, Dalida ilk əsl məhəbbəti rəssam Jan Kabeski ilə yaşayır, lakin bu münasibətlər də uzun sürmür.
Daha sonra Dalida onun həyatını tamamilə dəyişən kişi ilə tanış olur. O, italiyalı Luidci Tenkoya ilk baxışda aşiq olmuşdu.
1967 –ci ildə həyatından çox sevdiyi əri Luidci Tenko ilə tanınmış “San-Remo” musiqi müsabiqəsində iştirak edirlər, lakin cütlük müsabiqədə uğur qazanmır, otelə qayıdar-qayıtmaz məğrur italiyalı Luidci Tenko uğursuzluqla barışa bilmədiyindən özünü güllələyərək intihar edir. Onun ölümündən sonra yaşamaq istəməyən Dalida sevimli ərinin üsulunu təkrarlayır, ancaq bu intihar baş tutmur, dörd gün reanimasiyada yatan muğənni ağır depressiyaya düşür. Luidcisiz həyat onun üçün mənasını itirmişdi. Hələ üstəlik 1970-ci ildə onun ilk əri Lyusen Morrisin intihar xəbərini eşidir, Dalida ikinci dəfə həyatdan sınır.
Yavaş-yavaş həyata qayıdır, səhnə Dalidanı az da olsa, «müalicə edir»… Onun Alen Delonla ifa etdiyi “Paroles, paroles” mahnısı dünyada məşhurlaşır, muğənninin digər mahnıları da fransız hitparadlarında həftələrlə lider olur.
Dalida rəssam Rişar Şamfre ilə tanış olur və onlar birgə 9 il — Rişar Şamfre 1983 –cü ildə maşınında ölü tapıldığı ana qədər yaşayırlar. Daha bir sarsıntı… Dalida tamamilə real həyatdan ayrı düşmüşdü, artıq pozulmuş psixikası ona olanları qəbul etməyə imkan vermirdi.
O, bir şeyi başa düşürdü –arzuladığı hər şeyə nail olmuşdu — ulduzluq, məşhurluq, pullar… Ancaq bütün bunlar xoşbəxtlik deyildi, “qadın xoşbəxtliyi” deyilən bir şey var, bax Dalida onu arzulayırdı, uşaq arzulayırdı.
Son zamanlar onun evində iki nəfər liliput çalışırdı, lakin onlar da hansısa naməlum xəstəlikdən vəfat edirlər. Dalida artıq qərarlaşdırır, onun həyatda yaşaması üçün heç bir stimul yoxdur. Muğənni 1987- ci il, mayın 3-ü viski ilə birgə yüksək dozada yuxugətirici dərman qəbul etməklə intihar edir, bu səfər intihar baş tutur. Ölümündən əvvəl Dalida bir cümləlik məktub buraxır: “Üzr istəyirəm, ancaq həyat mənim üçün artıq dözülməzdir”.
Vəfat edərkən muğənninin elə də çox yaşı yox idi – cəmi 54. Ancaq yaşadıqları Dalida üçün bu illərdən qat-qat çox idi.