Ölümə doğru uçan təyyarəçi qadın

Ölümə doğru uçan təyyarəçi qadın

* Qadınlar arasında yüksəklik rekordu: 14 min fut (4200 metr) – 1928-ci il
* Atlantik okeanını keçən ilk qadın sərnişin – 1928-ci il
* 100 km-də sürət rekordu – 1931-ci il
* Avtojir (təyyarə ilə helikopter arasında bir uçuş aparatı) uçurdan ilk qadın – 1931-ci il
* Avtojirlə yüksəklik rekordu: 15 min fut (4500 metr) − 1931-ci il

* Avtojirlə Amerikanı qət eləyən ilk qadın – 1932-ci il
* Atlantik okeanını tək başına keçən ilk qadın – 1932-ci il
* Atlantik okeanını tək başına ikinci dəfə keçən ilk qadın – 1932-ci il
* Uçuşda fərqlənməyə görə nişanını alan ilk qadın – 1932-ci il
* Amerikanı başdan-başa dayanmadan keçən ilk qadın – 1933-cü il

* Qadınlar arasında qitələrarası sürət rekordu – 1933-cü il
* Havaydan Kaliforniyaya Sakit okeanı uçaraq keçən ilk adam – 1935-ci il
* Los-Ancelesdən (Kaliforniya) Mexikoya (Meksika) uçan ilk adam – 1935-ci il
* Mexikodan Nyu-Cersi Nyuarka birbaşa uçan ilk adam – 1935-ci il
* Kaliforniya Oklenddən Havay Honoluluya (şərqdən qərbə) uçuşda sürət rekordu – 1937-ci il

Bəli, bütün bu uğurların, rekordların sahibi bizim bu yazının qəhrəmanı Ameliya Erhartdı! 1897-ci ilin məhz bu günündə iyulun 24-də dünyaya gələn Ameliyanın valideynlərinin ağlına belə gəlmirdi ki, illər keçəcək və bütün dünya onların qızlarının cəsarətindən, qorxmazlığından və uğurlarından danışacaq, minlərlə gənc qız onu özünə örnək alacaq. Ameliya Erhart adı tarixə əbədi yazılacaq və daim xatırlanacaq!
Bu “ilk”lərin, rekordların, uğurların, başarıların sahibi olan xanım həmişə həmcinslərindən fərq¬lən¬irdi. Hər za¬man onların edə bilmədiklərini edirdi. Kişilərə məxsus olan işlərdə uğur qazanan qadınları özünə örnək götürən Ameliya ilk dəfə 10 yaşındaykən gördüyü təyyarəni, bir daha həyatından çıxarmadı. Səmada qırmadığı rekord qal¬madı.

Bu ilin əvvəlində Türkiyədə Ameriya Erhart haqqında 2009-cu ildə dünya premyerası olan “Ameliya” filminin premyerası olmuşdu və bu filmə böyük maraq və həyəcanla baxmışdım. Bu əfsanəvi qadın haqqında Mira Nairin çəkdiyi və Hillary Svank, Riçard Gir, Evan MakQreqorun oynadığı, büdcəsi 40 milyon dollar olan film Ameliya Erhartı və onun dünyasını daha yaxından tanımaq imkanı verir. Bu gözəl, maraqlı və həyəcan dolu filmə baxmağı böyük həvəslə hər kəsə tövsiyə edə bilərəm. Amma bu, onun haqqında çəkilmiş yeganə film deyil. Onun həyatı ilə bağlı onlarla kitab yazılıb, filmlər çəkilib. Onun haqqında ilk film 1943-cü ildə çəkilmiş və baş rolu Rozalind Russellin oynadığı “Flight for Freedom”dur. Onun haqqında çəkilmiş 5 filmə baxmışam, amma ən xoşuma gələnlər “Amelia” və 1994-cü ildə çəkilmiş və baş rolunda Diane Keatonun oynadığı “Sonuncu uçuş” (The Final Flight) filmləridir. Göylər Kraliçası haqqında yazılan məqalələri, kitabları isə saymaqla bitməz. Təbii ki, addımları, əməlləri ilə TARİX yaradanlardan və TARİX yazanlardan biri olaraq onun haqqında dünən olduğu kimi, bu gün də, gələcəkdə də daim yazılacaq və xatırlanacaq. Göylər Kraliçası əfsanəsi nəsildən-nəslə keçəcək və unudulmayacaq. O isə Göylərdən baxaraq gülümsəyəcək….

“...Ulduzlar elə yaxınlıqdaydı ki, az qalsın əlim onlara çatacaqdı. Əvvəllər heç bu qədər ulduzu birdən görməmişdim. Ömrüm boyu, uçmağın cazibəsinin hər şeydən üstün olduğuna inandım. İlk dəfə o gecə bu qənaətə gəlmişdim.”
Ameliya Erhart (Atlantik okeanının üstündən tək başına keçdiyi gecə haqqında danışarkən)


Rekordlar kraliçasının həyat hekayətindən yarpaqlar...
Ameliya 24 iyul 1897-ci ildə Kanzasda doğulub. İlk dəfə qəsəbə sərgisində gördüyü təyyarə ona o qədər də təsir etməmişdi. Sonralar özünün yazdığı kimi: “Tax¬tayla metalın qa¬rı¬şığından ibarət bir şey idi. Heç də föv¬qəladə bir təsir bağışlamırdı.” Ancaq cəmi 10 ildən sonra bir hadisə onun “taxta ilə metalın qarışığı”na münasi¬bə¬tini tamamilə dəyişdi. Akrobatik uçuş nümayişinə ta¬maşa etməyə gedən Ameliyanın heç ağlına da gəlməzdi ki, vur-tut bir neçə dəqiqə sonra o, təyyarəçiliyə dəlicəsinə aşiq olacaq. Ameliya rəfiqəsi ilə birlikdə bir təpənin üzərindən uçuşları seyr edirdi. Bunu görən dəliqanlı pilotlardan biri özünü qızlara göstərmək üçün kəskin manevrlə onların üstünə şığımış (və rəfiqələrə yaxın¬laşanda təyyarəsinin qa¬nad¬larıyla “fit verərək”, qızları sa¬lamlamağı da yaddan çıxarmayaraq), təzədən göyə mil¬lənmişdi… Təyyarəçi bu hərəkəti ilə Ameliyanın və rəfiqəsinin ürəyini oğurlaya bilməsə də, təyyarəsi bunu “ba¬carmış”dı, – Ameliya elə həmin andan etibarən kön¬lünü təyyarəçiliyə ver¬mişdi. Təyyarə şiddətli səslə rəfi¬qələrin başının üstündən sə¬maya qalxanda, Ameliya həm qorx¬muş, həm də həyəcan¬lanmışdı. O özü neçə illər sonra bu hadisə barəsində belə deyəcəkdi: “Sanki o kiçik qır¬mızı təyyarə bizi az qala siyirib keçəndə, qulağıma nə isə pıçıldamışdı.”
28 dekabr 1920-ci il Ameliyanın həyatında dönüş nöqtəsi oldu. Pilot Frank Hoksun sayəsində Ameliya ilk dəfə uçmağı təcrübə etdi. O günü yada salanda Ameliya belə deyirdi: “Yerdən təxminən 300 metr hündürlüyə qal¬xmışdıq ki, o an ömrümün qalan hissəsini səmada keçir¬məli olduğum barədə qərara gəldim. Mən uçmalıydım.”
Cavan qız öz xəyalını həyata keçirmək üçün əlindən gələni etməyə çalışırdı, ancaq o dövrdə Amerikada buna nail olmaq bir o qədər də asan deyildi. Düşüncə tərzini bir tərəfə qoysaq belə, hər şeydən öncə maddi üzüntülər, Ameliya ilə səma (hava yolu) arasındakı məsafəni xeyli uzaqlaşdırırdı. Ancaq “kişi kimi bir qız” olan Ameliya, problemlərlə qarşılaşmağa öyrəşmişdi. Ənənəvi davranış qəliblərini dağıtmaqda mahir olan cavan qızın elə yer¬də¬ki həyatında da sakit və üzüyola olduğunu demək ol¬mazdı. O, ağaclara dırmaşır, xizəklə özünü yoxuşlardan aşağı buraxır, 22 kalibrlik tüfəngiylə tarla siçovullarının gününü qara edirdi! Onun “kişi kimi bir qız” olduğunu boş yerə vurğulamırıq. Çünki Ameliyanın maraqlı bir hobbisi də var idi: kino rejissorluğu, hüquq, reklam, ida¬rəçilik və cihaz mühəndisliyi kimi o dövrdə kişilərin he¬gemoniyası altında olan sahələrdə uğur qa¬za¬nan qa¬dınlar haqqında qəzetlərdə dərc edilən xəbər¬ləri kə¬sib öz gün¬dəliyinə yapışdırırdı. O elə bil içəridən, bəlkə şüuraltı ilə gələn bir hissin təsiri ilə özü öz gələcəyini şə¬kil¬ləndirir, hər gün “gələcək quruculuğu” ilə məşğul olurdu!

“Qarşılayın, mən gəlirəm!”
1915-ci ildə Ameliya, Hayd Park ali məktəbini qurtaranda, dünya dövlətləri öz aralarında böyük savaşa gi¬rişmişdilər. Ameliya o illərdə Kanadada hərbi hospi¬talda tibb bacısı kimi işləmiş, ondan sonra isə qısa bir müddət dövlət sektorunda fəaliyyət göstərmişdi. O 1921-ci il, yanvarın 3-də aldığı ilk pilotluq dərsindən sonra 24 yaşında pilotluq vəsiqəsi aldı. Ameliya 6 ay dəli kimi işləyərək, ilk təyyarəsini almağa nail olur. Bu təyyarəni almaq üçün gərək olan vəsaiti əldə etməsinə anası — onu başa düşən az saylı yaxınlarından olan anası — böyük dəstək göstərir. Ameliya işlənmiş, sarı rəngli, ikiyerlik “Kinner Airster” tipli təyyarəsinə “Kanarya” (“Sarıbül¬bül”) adını vermiş və alan kimi də “kanarya”sı ilə havaya qalxmışdı. O, 26 yaşında olanda, beynəlxalq pilotluq və¬siqəsi alan 16-cı qadın idi. Ameliya bu kiçik təy¬ya¬rəsiylə 14 min fut (təxminən 4900 metr) yüksəkliyə qal¬xaraq, qadınlar ara¬sında ilk rekorduna imza atdı. Ondan sonra Ameliya inanılmaz sürətlə təzə rekordlar qırmağa davam edəcəkdi.

Bir zəng və daha bir “ilk”...
1928-ci ilin aprel ayı idi. Ameliyaya kimsə zəng edirdi və könlünü göylərə vermiş bu qız, onu calaşdırmaq istəyən katibəyə “Məşğulam, vaxtım yoxdu” cavabını verdi. Elə bilirdi, yenə də kimsə onunla zarafatlaşmaq istəyir. Katibə zəngin təcili olduğunu deyəndə, Ameliya telefonu qəbul etdi. Öncə xəttin o biri ucundakı səsin, pilotluğa həvəsindən xəbərdar olan və onunla zara¬fatlaşmaq istəyən dostla¬rından birinə məxsus olduğunu zənn etmişdi. Ancaq qısa zamanda işin ciddiyyətini başa düşdü. Ona verilən sual olduqca aydın idi: “Atlantik oke¬anını təy¬yarəylə keçən ilk qadın sərnişin olmaq istə¬yir¬sinizmi?”
Bir an üçün təyyarədə “əlavə yük” kimi yer tutacağını fikirləşsə də, çox tərəddüd etmədən cavab verdi: “Bəli, bəli!”
Tələm-tələsik Nyu-Yorka gedən Ameliya layihənin memarları ilə, daha sonra bu macəra haq¬qında kitab nəşr edəcək olan nəşriyyatçı Corc Putnam ilə və səyahətin mətbuat kampaniyasını təşkil edəcək adamlarla görüşdü. Hər şey barədə razılığa gəlmişdilər. Ameliya, pilot Uilmer “Bill” Stultz, pilot köməkçisi və uçuş mühəndisi Luiz “Slim” Qordonun müşayiəti ilə 17 iyun 1928-ci ildə Nyufondlanddakı Trepassey Harbordan “Dostluq” adlı “Fokker F-7” tipli təyyarəsiylə havaya qalxdı. Atlantik okeanını 21 saatda keçən heyət, Şotlandiyadakı Burry Portda yerə endi. Mü¬asir mülki reaktiv təyyarələrin bu məsafəni 7 saatda qət etdikləri nəzərə alınsa, üçlüyün bu uçuşunun o dövr üçün böyük bir uğur olduğunu başa düşmək çətin olmaz. Bu səyahət bütün dünyada əks-səda doğurdu. Heyət Ame¬rikaya qayıdanda Nyu-Yorkda “rəsmi keçid”lə qarşılandı və prezident Kalvin Kulicin Ağ Evdə onların şərəfinə təşkil etdiyi ziyafətdə iştirak etdi. Ameliya təyyarəni özü idarə etməsə də, Atlantik okeanını uçaraq keçən ilk qadın sərnişin olmuşdu. Bunun ardı gələcəkdi…

Göydə vəfa etdi, yerdə evləndi...
O gündən sonra Ameliyanın həyatı səmada keçəcəkdi. Klivlenddə qadınlar arasında keçirilən uçuş yarışmasında üçüncü yerə çıxandan sonra o, Atlantik səyahətində tanış olaraq yaxşı müna¬sibət qurduğu nəşriyyatçı Patnem ilə nikaha daxil oldu. ...Və bir gün, macəralarla dolu olan ömrüylə ailə hə¬yatını bir-birinə necə uyğunlaşdırdığını soruşanlara Ameliya belə cavab vermişdi: “Ailə, iki nəfər tərəfindən idarə olunan bir ortaqlıqdır.”
Elə Ameliya qədər macəra həvəskarı olan Patnem də, həyat yoldaşının bu qeyri-ənənəvi hobbisinə ən böyük dəstəyi verən adam idi. Cütlük, gizli bir plan üzərində işləyirdi: Ameliya bu dəfə Atlantik okeanını tək başına keçəcəkdi!

Atlantik okeanını keçdi və tarixə düşdü…
20 may 1932-ci ildə Newfoundland Harbor Gracedən havaya qalxan Ameliya, Parisdə yerə enməyi nəzərdə tutmuşdu. Şiddətli şimal küləkləri, buzlu hava şəraiti və mexaniki problemlər cavan qadını bezdirsə də, o yolun¬dan dönmədi. Ameliya hədəfindən bir az uzaqlaşmış və Paris yerinə İrlandiyada Londonderri yaxınlığında bir otlağa enmək məcburiyyətində qalmışdı. Ancaq əldə etdiyi nəticə qarşısında bunun elə bir önəmi yox idi. Nəticə etibarıyla 35 yaşındakı Ameliya Erhart, Atlantik okeanını tək başına keçən ilk qadın kimi qəzetlərin səhifələrini bəzəməyə başlamışdı! Ameliya bu tarixi səyahətin son anlarını belə xatırlayırdı: “Ətrafda otlayan inəkləri bir az qorxutsam da, bir kəndlinin evinin yaxın¬lığında təyyarəni saxlamağa nail oldum.” Ameliyanın adı bir anda dünyanın gündəminə çıxmışdı. Çarlz Lindenberqin Atlantik okeanını tək başına keçməsindən 5 il sonra, bir qadın olaraq eyni uğuru təkrarlayıb, tarixə düşmüşdü. Ameliya bu dəfə Ağ Evdə başqa bir prezidentin – Herbert Huverin qonağı oldu. Dünya səy¬yahlarının təşkilatı olan Coğrafiya Cəmiyyətinin “qızıl medal”ını da ona Prezident şəxsən özü təqdim etdi.
Bu hələ axırı deyildi. ABŞ Konqresi, mülki şəxslərə verilən ən böyük şərəf nişanını – “Uçuşda fərqlənməyə görə” nişanını tarixdə ilk dəfə bir qadına – Ameliyaya verdi. Törəndə çıxış edən vitse-prezident Çarlz Kortis, Ameliyanı bu sözlərlə tərifləmişdi: “Həyatını riskə ata¬raq, təyyarəçi kimi istedadını və əfsanəvi cəsarətini nü¬mayiş etdirdi.” Ancaq Ameliyanın sevincinə səbəb olan əsas şey bu deyildi. Bu tarixi uçuşla Ameliya iradə, soyuqqanlılıq, sürət, koordinasiya və zəka tələb edən işlərdə qadınların kişilərə bərabər olduqlarını isbat etmiş; özü neçə illər öncə tutduğu “Gündəliy”in qəhrəmanla¬rından birinə çevrilmişdi. Artıq kiçik qızlar onu öz kumirləri kimi görür, gündəliklərini onun şəkilləriylə bəzəyirdilər…

Yaraşıqlı qızdan yeni yaraşıqları
Sonrakı illərdə Ameliya yeni-yeni rekordlar qırdı. O, 11 yanvar 1935-ci ildə Honoluludan Ka¬liforniyanın Oklend şəhərinə uçaraq, Sakit okeanı təkbaşına keçən ilk adam oldu! 2408 millik (1300 km) səfər vaxtı onun yaşadığı bu səhnə, kim bilir? neçə nəfərdə pilotluğa qarşı məhəbbət oyandırmış və onları macəra eşqiylə alovlandırmışdı: “Bəlkə də ömrümün ən özəl isti şokoladını bu səfər vaxtı içmişdim. Sakit okeanın ortasında, yerdən 8 min fut (2450 m.) yüksəklikdə, bu¬lud¬ların arasında, tək başıma… Sözün tam mənasında tək ba¬şıma…”
Ameliya dincəlmək bilmirdi. Bir il sonra o, Mexikodan Newarka uçdu. Yerə enərkən, onu böyük bir izdiham gözləyirdi. Ameliya, təbrikə gələnlərin yaratdığı qarışıqlıqdan ancaq iki polis nəfərinin dəstəyi ilə xilas ola bildi. Polislər onu əllərindən və ayaqlarından tutaraq, tələm-tələsik polis maşınına qoyub, oradan uzaqlaşdırdılar.
O qədər populyar idi, o dövrdə yeni doğulan qız uşaq¬larına onun adını qoymaq geniş bir dəbə dönmüşdü. O, həm də Prezident Ruzveltin həyat yoldaşı Eleonora Ruz¬veltlə yaxın rəfiqə ol¬muş¬du. Hətta ABŞ-ın birinci xanımı Ameliyadan pilotluq dərsi almaq üçün xüsusi tələbə və¬siqəsi belə almışdı.
O, heç vaxt klassik pilot forması geymirdi, çünki onu xoşlamırdı. Həmişə modelini özünün hazırladığı özəl geyimdə uçardı. Pilot gözlüklərini belə hava limanına gələnə qədər taxmır, təy¬yarəsi yerə enən kimi də onları çıxarırdı. Bu göylər qızı yaraşıqlı görünməyi çox sevər və buna xüsusi diqqət yetirərdi.
1937-ci ildə – Ameliya, 40 yaşına yaxınlaşanda, öz yubiley ilini unudulmaz bir səyahətlə bəzəmək qərarına gəldi. Dünyanın ətrafında təyyarəylə dövrə vuran ilk qadın olmaq istəyi baş qaldırmışdı könlündə! O ilin mart ayında uğursuzluqla nəticələnən təşəbbüsdə təyyarəsi na¬sazlandı, ancaq qəhrəmanımız fikrindən dönmək istə¬mirdi. O, iki motorlu bir “Lockheed Electra” sifariş etdi. ...Və bu sifarişi edərkən də çox duyğulu bir fikir söylədi: “İçimdən bir səs, bunun axırıncı yaxşı uçuşum olacağını deyirdi və mən bu son gülləni yerində işlətmək qərarına gəl¬mişdim.”

Ölüm səfərinə qanad çalan 40 yaşlı pilot
Ameliya və uçuş mühəndisi Fred Nunan 1 iyun 1937-ci ildə dünyanın ətrafında təyyarəylə dövrə vurmaq məq¬sədilə Mayamidən havaya qalxdılar. 29 min millik (53708 min km) uçuş başlamışdı. İlk dayanacaqları Puerto-Riko San-Xuandı. Oradan Güney Amerikanın şimal-şərq sahillərinin üstündən uçaraq, Afrikaya və Qırmızı Dənizə çatacaqdılar. Kəraçiyə uçmaqla onlar Qırmızı dənizdən Hindistana birbaşa uçan ilk adamlar oldular. Kəlküttədən havaya qalxan “Elektra” Ranqun, Bankok, Sinqapur və Bandunq marşrutu ilə hərəkət etdi. Musson yağışları iki nəfərlik heyəti bir neçə günlüyə Bandunqda gözləmək məcburiyyətində qoydu. Onlar fürsətdən istifadə edərək, uçuş vaxtı müxtəlif prob¬lemlər yaranmasına səbəb olan bəzi cihazları təmir et-dirdilər. Digər tərəfdən, iqlim dəyişiklikləri və Güney Asiyanın tropik iqlimi Ameliyanın dizenteriyaya tutulmasına səbəb olmuşdu. Buna baxmayaraq, qəhrəmanımız səyahəti başa vurmaqda qərarlı idi.
İki nəfərdən ibarət heyət 27 iyunda Bandunqdan havaya qalxaraq, Avstraliyanın Port-Darvin şəhərində yerə endi. Burada təyyarənin istiqamətini təyin edən cihaz təmir edildi və paraşütlər təyyarədən çıxarılaraq Amerikaya göndərildi. Sakit okeanın üstündən keçəndə, paraşütlərə ehtiyac olmayacaqdı. Beləliklə onlar, yanacaq üçün əlavə yer əldə etdilər.
29 iyunda onlar Yeni Qvineyada Laeyə çatdılar. O vaxta qədər 22 min mil (40744 km) məsafə qət et¬miş¬dilər. Hələ 7 min mil (12964 km) də uçmalıydılar. Ucsuz-bucaqsız kimi görünən Sakit okeanın üstündə 7 min mil… Ameliya, səyahətlərinin bu dayanacağında, səyahət gündəliyini “Herald Tribun”a göndərdi. Bilmirdi ki, bu onun axırıncı gündəliyi olacaq… Fotoşəkillərdə Ameli¬yanın çox yorğun və xəstə olduğu gözə dəyirdi. Ameliya həm də gözəl yazarlığı ilə məşhurlaşmışdı. Onun yazdığı səyahət gündəliklərini oxucular böyük maraqla oxuyurdular.
Kifayət qədər yaxşı xəritələrinin olmaması, Nunanın istiqaməti müəyyənləşdirməsini çətinləşdirirdi. Növbəti dayanacaqları olan Howland adası, səfərin ən çətin hissəsi idi. Sakit okeanın ortasında yerləşən Laedən 2566 mil (4733 km) məsafədə olan Howland adası, 2,5 km uzun¬luğu və 800 m eni olan kiçik bir quru ərazisi idi. Başqa sözlə, okeanın ortasında təbii bir hava limanı idi. Ameliya və Nunan, 274 mil (507 km) artıq uçmaq üçün ehtiyac duyduqları əlavə yanacağa yer açmaq məqsədiylə təy¬yarədəki “lazımsız şeylər”in hamısını tulladılar. Amerika donanması da ölkənin göz bəbəyinə çevrilmiş Ameliya¬nın səfərini izləyirdi. Donanmaya məxsus, müasir rabitə cihazlarıyla təchiz edilmiş “İtaska” hücum kateri Howland yaxınlığında lövbər salmışdı. Başqa üç hərb gəmisi isə onların marşrutunun üstündə işarə fənəri vəzifəsini yerinə yetirmək üçün bütün işıqlarını yandıraraq gözləyirdi. Ameliya, səyahət gündəliyində belə yazırdı: “Sakit oke¬anda Howland, samanlıqda iynə kimidi. İşarəvermə məq-sədiylə əlimizdəki bütün imkanlardan istifadə etmə¬liydik.”
İyulun 2-də yerli vaxtla 12:30-da təyyarə yenidən havaya qalxdı. Ancaq heç kim bilmirdi ki, onlar axırıncı dəfə uçurlar. Təyyarədə təxminən min qallon, yəni 20-21 saat uçmağa kifayət edəcək qədər yanacaq var idi.
Hava proqnozları qənaətbəxş olsa da, onlar buludlarla örtülmüş, yağışlı səmada uçmağa başladılar. Bu şəraitdə Nunanın istiqaməti müəyyənləşdirmək üçün istifadə elədiyi ənənəvi üsullardan, yəni ulduzlara baxaraq istiqa¬mət təyin etmək üsulundan faydalanmaq mümkün de¬yildi. Günəş batmaq üzrə olanda Ameliya, baş rabitəçi Leo Bellartsla əlaqə saxlayaraq “İtaska”nın yerini dəqiq¬ləşdirmək istədi. Ancaq qarşılıqlı razılığa əsasən müəy¬yənləşdirilən növbəti səfərdə gəmiylə təyyarə arasında əlaqə yaratmaq mümkün olmadı və ondan sonra, elə başdan bəri problemlərlə müşayiət olunan rabitə əlaqəsi, xışıltı üzündən tamamən itirildi. Səhər 7:42-də “İtaska”ya belə bir məlumat çatdı: “Sizin üstünüzdə olmalıyıq, ancaq sizi görə bilmirik. Yanacağımız azalır, sizinlə rabitə əla¬qəsi də qura bilmirik. Min fut (300 m) yüksəklikdə uçu¬ruq.” Gəmidən cavab verməyə çalışdılar, ancaq deyəsən onların cavabı təyyarəyə çatmamışdı. 8:45-də Ameliya son dəfə belə xəbər göndərdi: “Şimala və cənuba doğru gedirik.” Ondan sonra təyyarədən bir də heç bir xəbər çıxmadı…
İki nəfərlik heyət itkin düşəndən sonra, Prezident Ruzveltin əmriylə 9 hərb gəmisinin və 66 təyyarənin iştirakıyla, o vaxta qədər görünməmiş miqyasda axtarış və xilasetmə əməliyyatı başladı. 19 iyula qədər bu əməliyyat üçün 4 milyon dollar sərf edilmiş, okean səthinin 65 min kvadrat kilometrlik hissəsində axtarış aparılmışdı. Ancaq Ameliyanın təyyarəsiylə bağlı kiçik bir izə belə rast gəlmək mümkün olmamışdı. ABŞ hökuməti istəməyə-istəməyə axtarışları dayandırmaq məcburiyyətində qaldı. 5 yanvar 1939-cu ildə onun (onların) öldüyü rəsmən elan edildi...

Üfüqlər genişdi, ömürlər qısa...
İnsanlar onun itkisi ilə razılaşa bilmirdilər. Onun haqqında o qədər şey uydurulurdu ki!.. İndi, bu sətirlər yazılarkən onun itkin düşməyinin üstündən on illər ötür. Nə təyyarəsi, nə də cəsədi tapılıb. Onun haqqında, ABŞ casusu olduğu üçün düşmənlər tərəfindən əsir alındığından, başqa bir ad altında təzədən evləndiyi və sakit bir ömür sürdüyünə qədər onlarla müxtəlif saxta, uydurma iddialar ortaya atıldı.
1938-ci ildə Howland adasında Ameliyanın şərəfinə mayak tikildi. Meydana atılan çox sayda iddialara baxmayaraq, onun başına nə gəldiyi bu günə qədər də sirr olaraq qalmadadır. Ömrünü pilotluğa həsr eləyən bu qeyri-adi qadın, həmişə təhlükələri görür, ancaq çəkin¬mədən onların üstünə gedirdi. Axırıncı səyahətinə çıxmamışdan qabaq ərinə yazdığı məktubda, o öz mis¬siyasını bu təvazökar cümlələrlə xülasə etmişdi: “İstəyirəm biləsən: məni gözləyən təhlükələrin fərqin¬dəyəm. Bu işi, istəyərək görürəm. Qa¬dınlar da kişilərin gördüyü işlərdə özlərini sınamalıdı. Uğursuzluqla qarşılaşsalar, heç olmasa onların uğursuzluğu başqaları üçün keçiləsi yeni bir sədd rolu oynayar.”
Okeanın ortasında yoxa çıxmağının üstündən 72 il keçsə də, bütün dünya bu cəsur səma aşiqini, “Sən qa¬dınsan, bunlar sənin işin deyil” sözünün tez-tez eşidildiyi bir vaxtda təyyarəçilik kimi çətin sahədə açdığı yeni yol və həyatı bahasına nümayiş etdirdiyi cəsarət sayəsində bu gün də xatırlanır, sabah da xatırlanacaq və əbədiyyən xatırlanacaq.
Onun açdığı çığırla çoxlu sayda qadın yürüdü və adlarını dünya tarixinə yazdılar. Məsələn, Böyük Atatürkün mənəvi qızı Sabiha Gökçən dünyanın ilk qadın savaş pilotu ilə yanaşı, ilk türk qadın pilotu kimi adını tarixə yazdı. 1996-cı ildə Amerikada keçirilən tədbirdə isə “dünya tarixinə adını yazdıran 20 havaçıdan biri” seçildi və bu ödülə layiq görülən ilk və tək qadın havaçı oldu.
Ameliyanın təyyarələri bu gün də sərgilərdə insanların böyük marağına səbəb olur. O, isə insanlar kimi tarixin yaddaşında da unudulmazlar siyahısında da özünün əbədi yerini əldə edib.
...O, təyyarəsinin motoru hələ soyumamış, təzə bir rekord üçün göyə qalxmağın hazırlıqlarını görərdi. Dünyanın (bütöv gördüyü və özünün bildiyi, başqa sözlə özünü onun bir parçası bildiyi dünyanın!) ət¬rafında təyyarəylə dövrə vurmağa çalışarkən itkin düşsə də, əfsa¬nələşən adı nəsildən-nəslə “uçmaqdadır”. Ame¬liya bir daha hansısa hava limanına düşməsə də, hər onu yeni öyrənən, həyatı ilə yeni tanış olan insanın könlünə dü¬şür...
Bəli, o, hər mənada öz missiyasını yerinə yetirmişdi və ən əsası QADIN olaraq bir çox tabuları sındırmış, düşüncələrdə dəyişikliklər yaratmış, gənc qızlar üçün cəsarət örnəyi, stimulu olmuş və öz adını TARİXƏ əbədiyyən yazmışdı. “Sən qa¬dınsan, bunlar sənin işin deyil” kimi fikirlərə nifrət edirdi və öz addımları ilə bu cür düşüncə sahiblərinə ən tutarlı cavab olmuşdu zamanında Amelia və qırdığı rekordlarla düşüncələrdə inqilabi bir dəyişikliyin əsasını qoymuşdu.
Hər şey üçün sağ ol Göylər Kraliçası!...

Mənbə:Lent.az
Top