Kraliça Anna – Avropa tarixini dəyişən qadın

Kraliça Anna – Avropa tarixini dəyişən qadın

Bu gün onu Aleksandr Dümanın yazdığı romanın qəhrəmanı kimi xatrılayırlar. Lakin bu qadın müasir Avropanın formalaşdığı XVII əsr tarixində mühüm rol oynamışdı. Məşhur kardinallar Rişelye və Mazarini, Fransa kralı və hersoq Bekinhem ona həm sevgi bəsləyər, həm nifrət edərdi. Avstriya kraliçası Anna kim olub – zəmanənin qurbanı ya Avropanın müqəddəratını dəyişən fitnəkar qadın?

1615-ci ilin oktyabrında Fransa ilə Avstriyanın sərhəddindəki Bidasoa şəhərindən təntənəli bir ordu keçirdi. Həmin ordu İspaniya şahzadəsi - 14 yaşlı Anna-Mariyanı Parisə yola salırdı. Burada qızcığaz gənc fransız kralı XIII Lüdovikin nikahına keçməli idi. Bu qızın öhdəliyinə böyük missiya düşürdü: o, iki qədim düşməni – Fransanın Burbon və İspaniyanın Habsburq kral sülalələrini izdivacı ilə barışdırmalı idi. Eyni məqsədlə fransız şahzadəsi Elizabet İspaniya kralı IV Filiplə evlənmək üçün Madridə göndərilmişdi. Elizabet yad bir şəhərdə qüssədən əziyyət çəksə də, Anna-Mariya Parisdə özünü tam rahat hiss edirdi. Burada onu Avstriyalı Anna çağırırdılar. Soruşa bilərsiz ki, Avstriyanın bura nə aidiyyatı var? Məsələ orasındadır ki, Habsburq sülaləsi əslən Avstriyadan idi. Həmçinin mərkəzi Avstriya olan Müqəddəs Roma İmperiyasının imperatoru da bu xanədandan idi.

İspaniya kral sarayında yaşamaq olduqca çətin idi. Kral ailəsinin hər addımı sərt reqlamentlə tənzimlənirdi. Məsələn, kralın nahar zamanı şərab içməsi əsil mərasim idi. Əvvəlcə saqi şərabı qədəhə süzməli, sonra saray həkiminə verməli, sonra iki qulluqçu qədəhi krala təqdim etməli idi. Qədəhin yerinə qaytarılması da eyni prosesdən keçməli idi. IV Filipin ikinci zövcəsi – Avstriya şahzadəsi Mariya Madridə gələrkən ona ipək corab hədiyyə etmişdilər. Lakin majordom həmin corabları onun əılindən alaraq demişdi: “İspaniya kraliçasının ayaqları olmur!” Bu sözləri hərfi mənada başa düşən Mariya özündən getdi. Zavallı qız elə başa düşmüşdü ki, kraliça olduqdan sonra onun ayaqlarını kəsəcəklər. Deyilənə görə, IV Filip ömründə 3 dəfə gülümsəmişdi. Onunla danışanlar kralı heykələ bənzədirdilər. Eyni davranışı kral saray əyan-əşraflndan da tələb edirdi. Odur ki, saray əhli çox zaman qəsri tərk etmirdi, çünki başqa yerdə bu cür sərt qaydalara riayət etmək mümkün deyildi. İspan saraylarında ərəb ənənələri də qalmışdı. Uzun illər boyu Piriney yarımadası müsəlmanlar tərəfindən idarə olunduğundan, müəlman adətləri xristian krallarının sarayında da qalmışdı. Ələxüsus, saray qadın və kişi hissəsinə bölünürdü. Kral ailəsinin qadın üzvlərinə əl vuran naməhrəm kişiləri edam gözləyirdi. Hətta tarixdə belə bir hadisə baş vermişdi: şahzadə Mariya-Tereziyanın atı onu atmaq istəyəndə iki zabit şahzadəni xilas etmişdilər. Belə çıxılmaz durumda da kralın qızına toxunan zabitləri ölüm gözləyirdi, ona görə də onlar ölkədən qaçmışdılar. Anna-Mariya məhz belə bir şəraitdə tərbiyə almışdı. Onun günü dualarla başlayıb dualarla bitirdi. Dualar arasında isə o İncili və ata-babasının tarixini öyrənirdi. Şahzadə dünyanın ən dadlı təamlarını dadır, ən bahalı paltarlarını geyinir, ən zərif daş-qaşları ilə bəzənirdi. Ən çox şokoladı sevən Anna-Mariya sonralar Fransa sarayında da hamını şokolad xətəliyinə yoluxduracaq. Bütün bunlara baxmayaraq, o nə həmyaşıdları ilə oynaya bilərdi, nə çox gülə bilərdi, nə qaça bilərdi. Ən əsası şahzadənin seçimi yox idi – 3 yaşında ikən o Fransanın vəliəhdi ilə nişanlanmışdı. İndi isə, 14 yaşına qədəm qoyan qızcığaz yavaş-yavaş ömründə bir dəfə də olsa görmədiyi nişanlısının hüzuruna gəlirdi.

Demək lazımdır ki, artıq kral olmuş XIII Lüdoviki də eyni hisslər bürüyürdü. Görəsən onun gələcək xanımı gözəl ya çirkin, zərif ya kobud, ağıllı ya yüngül olacaq? Onun böyüdüyü Fransa kral satayı Habsburq evindən xeyli fərqlənirdi. Burada bütün günü hamı gülürdü, bir-birinin özəl həyatını müzakirə edirdi, hətta kralla kraliça açıqca bir birinə xəyanət edirdi. Vəfat etmiş atası IV Henrix oğlu Lüdoviki çox istəsə də, ona az vaxt ayırırdı. Anansı – italiyan şahzadəsi Mariya Mediçi isə oğlunu hər səhvinə görə döyməyə xoşlayırdı. Ona görə də XIII Lüdovik özünə qapanmış, dəyişkən xasiyyətli və qorxaq böyümüşdü. Nişanlısının paytaxta doğru gəldiyini eşidən kral səbirsizlik edib ata mindi və İspaniya şahzadəsinin karetasına tərəf getdi. Gələcək yoldaşının üzünü karetanın pəncərəsindən görən Lüdovik onun gözəlliyinə vurulub özünü itirdi. Həmin axşam nişan mərasimi təşkil edildi. Özünü itirən kral nişanlısı ilə bir kəlmə söz danışmadı. Az keçdi ki, toy mərasimi təşkil olundu. Zifaf gecəsi kral yataq otağına girmək istəmirdi, lakin anası Mariya Mediçi oğlunu zorla otağa saldı. Adətə görə həmin gecə iki qulluqcu yeni evlənənləri müşaiyət edirdi və səhəri günü izdivacın baş tutduğuna şəhadət verdi. Lakin bu izdivacdan gözlənilən varis dünyaya gəlmədi.

İki od arasında

Lüdovik artıq şahzadə deyildi. 1610-cu ildə atası IV Henrix qətlə yetirildikdən sonra o qanuni kral idi. Lakin kral gənc olduğuna görə bütün işləri onun anası Mariya Mediçi və anasının məşuqu Konçino Konçini idarə edirdi. Hamı bu iki nəfərə nifrət edirdi. Birinci nazir (indiki baş nazir rütbəsi) Konçini rüşvət və intriqalarla öz yerini möhkəmlətmişdi. Parlament iclasa toplaşıb birinci nazirin istefasını tələb edəndə, bir gənc yepiskop fransızları italyan nazirə itaət etməyə dəvət etdi və istədiyinə nail oldu. Həmin yepiskopun adı Arman-Jan de Rişelye idi. Gələcəkdə məhz o, Fransanın həqiqi hökmdarı olacaq.

Lüdovikin Konçinidən zəhləsi gedirdi, kral anasına qarşı da məhəbbət bəsləmirdi. Onlara etiraz edən yeniyetmə kral hər şeyi tərsinə edirdi. Mediçi ilə Konçini hər gün dəbdəbəli libas dəyişirdisə, Lüdovik sadə mahud don geyinirdi. Onlar hər gün ziyafət təşil edirdisə, Lüdovik günlərini dualarda keçirirdi. Onlar əxlaqsızlığa quşanmışdılarsa, Lüdovik öz paklığına diqqət yetirirdi. Kral yan yörəsindəki bütün qadınlara, habelə öz xanımına açıq-saçıq geyinməyi qadağa etmişdi. Deyilənə görə, Lüdovik toydan sonra 4 il ərzində kraliçanın yataq otağına girməmişdi. Kralın bu cür davranışı Parisdə mənfi şaiyələrin yayılmasına səbəb oldu - kral öz kişi qulluqçuları - pajları ilə həddən artıq çox vaxt keçirirdi. Belə qulluqçulardan biri də Alber de Lüin idi. Lakin sonradan məlum olacaq ki, günlərini Alberlə keçirən kral heç demə Konçiniyə qarşı sui-qəsd planı hazırlayıbmış. Beləki, 1617-ci ilin aprelində Konçini saray qapıları qarşısında qvardiyaçılar tərəfindən güllələndi. Səhəri gün Mariya Mediçini ev dustağı etdilər, sonra isə Bluaya sürgünə göndərdilər. Kraliça ilə bir yerdə onun sadiq tərəfdarı yepiskop Rişelye də sürgün edildi. Çox keçmədi ki, Rişelye Vatikandan yeni təyinat aldı – o, Roma Katolik Kilsəsinin kardinalı (papadan sonra ən böyük dini rütbə) oldu. Əlbəttə, bu təyinat təsadüfi deyildi. İtaliya monarxları ilə yaxın olan Roma Papası bu təyinatla həm italyanların Fransadakı nüfuzunu bərqərar etmək, həm də Fransada protestantlara qarşı mübarizəni təmin etmək istəyirdi. Vatikan nə qədər yanıldığını sonra başa düşəcək.

Hiyləgər, intriqant və qəddar kardinal tez bir zamanda XIII Lüdovikin qılığına girib birinci nazir postunu tutdu. 1624-cü ildən başlayaraq o Fransanın qeyri-rəsimi hakimi-mütləqi oldu. Böyük xəfiyyə aparatı yaradan Rişelye həm Fransa, həm bütün Avropa ölkələrində öz adamlarına malik idi. O, hər şeydən xırdalığına kimi xəbərdar idi. Ölkədə bu cür dəyişikliklər baş verərkən, gənc kraliça Luvr sarayında maraqsız həyat sürürdü. Lüdovikin başı dualara, ova, bağbanlığa, hətta aşpazlığa qarışırdı. Hətta kral öləndən sonra camaat belə epitafiya qoşmuşdu: “Bu yararsız monarxdan əla nökər çıxardı”. Ərinin diqqətindən məhrum kraliça qardaşı İspan kralı və Roma Papasına şikayət etdi. İspaniya və Roma səfirlərinin müdaxiləsindən sonra, kral nəhayət ki, xanımına baş çəkdi. Lakin bu görüşlər də çox çəkmədi. Buna rəğmən kraliça ərinə xəyanət etmək istəmirdi, hərçənd Fransa sarayında bu adi hal idi. Kraliçanın yaxın rəfiqəsi, əxlaqsızlığı ilə ad qazanan hesoqinya Mari de Şevrez hər dəfə kraliçanı yeni kişilərlə tanış etsə də, Anna hamıya rədd cavabı verirdi. Mari de Şevrez də deyərdi: “Ah, bu ispan tərbiyəsi!” Kardinal Rişelye də kraliçanın əxlaqsız rəfiqəsindən geri qalmırdı. Baxmayaraq ki, katolik kilsəsi ruhanilərin qadınlarla təmasına qadağa qoymuşdu, kardinal özünü zərif cinsin diqqətindən məhrum etmirdi. Deyilənə görə, Konçininin qətlindən sonra Rişelye Mariya Mediçinin məşuqu olmuşdu. Bu dəfə də keşiş Lüdovikin həyat yoldaşına göz salmışdı. Demək çətindir, kardinal həqiqətənmi kraliçanı seviri ya bu “sevgi” kral ailəsini nəzarət altında saxlamaq üçün bir siyasi addım idi. Hər halda əsl katolik olan Anna heç bir vəchlə ruhaniyə “hə” deyə bilmirdi. Kardinalın nalayiq təkliflərindən bezən kraliça bir gün Mari de Şevrezlə onu ələ salmaq istədi. Kordinal: “Sizin üçün nə edə bilərəm?” – soruşanda, Anna cavab verdi: “Vətənim üçün darıxmışam. Mənim üçün ispan paltarı geyinib ispan rəqsi ifa edə bilərsizmi?” Bir az tərəddüddən sonra kardinal razılaşdı. Nəhayət, kraliça ilə təklikdə qalan Rişelye əyninə yaşıl kamzol ilə pantalon geyinib kastanyetlərlə şıqqıldadıb rəqs etdi. Bu zaman pərdə arxasından səs eşidən kardinal yaxınlaşıb gördü ki, bir dəstə zadəgan qadın ona gülür. Hirsindən partlayan Rişelye kraliçanın günün qara etməyi özünə söz verdi.

Məhəbbət

Nəhayət 1625-ci ildə Annanın qəlbini fəth edən bir insan tapıldı. Fransaya İngiltərənin səfiri – 33 yaşlı hersoq Bekinhem gəldi. Onun var-dövlətinin səs-sədası bütün Avropanı bürümüşdü. Belə zənginliyi əldə etmək üçün hersoq əməlli başlı əziyyət çəkmişdi. Hamı bilirdi ki, ölüm yatağında olan Ingiltərə kralı I Yakov gənc hersoqu oynatmağı xoşlayırdı. Bekinhem öz ağasını əyləndirmək üçün dizi üstə atlanıb hürməkdən belə iyrənmirdi. Əvəzində isə kral ona mülklər, titullar və zəngin zadəgahla – hersoginya Ratlendlə izdivac vermişdi. Ölüm yatağında ikən I Yakov vəliəhdi Karla vəsiyyət etmişdir ki, hersoq Bekinhemi özünə baş müşavir seçsin. Elə də oldu. Hersoq İngiltərənin yeni kralı üçün Parisə elçiliyə gəlmişdi. Karl fransız şahzadəsi Henrietta ilə evlənmək istəyirdi. Ancaq bu səfər Bekinhemin həyatnı dəyişdi. Kraliça Avstriyalı Annanı görər-görməz hersoq ömrünün qalan 3 ilini ona həsr etmək qərarına gəldi. Düzdü, bu dəfə də demək çətindir, Bekinhem həqiqətən kraliçaya aşiq olmuşdu ya Londondan gələn tapşırıqlara əməl edirdi. Hər halda baldızı Henriettanı ər evinə yola salan Anna aşiq olduğu ingilis səfirinə 12 almasla bəzənmiş boyunbağı verdi. Aleksandr Düma öz tarixi romanında bu hadisəni real tarix əsasında yazıb. Bu hadisəni öz memuarlarında kraliçanın dostu olmuş filosof Fransua de Laroşfuko da qeyd edib. Rişelyenin xəfiyyəsi olan qrafinya Karrik (Düma onu miledi Vinter kimi qələmə alıb) hersoq Bekinhemin sarayına gedib 12 almazdan ikisini oğurlayır. Rişelye isə krala yoldaşının xəyanətindən xəbər verir. Kral da məlumatı təsdiqləmək üçün Annaya əmr edir ki, həmin almas boyunbağını ziyafətə geyinsin. Bekinhem iki gün ərzində çatışmayan 2 almazı boyunbağıya salıb kraliçaya göndərir. Düzdü bu hadisələrdə D’Artanyanın heç bir rolu olmayıb, Düma burada tarixi səhvə yol verib.

Kardinal Rişelye niyə bu qədər kraliçaya əziyyət verirdi? Bunu sadəcə cavabsız eşqlə əlaqələndirmək düzgün olmazdı. Ölkənin qeyri-rəsmi hakimi olan Reşelye qorxurdu ki, kraliça Fransa düşmənlərinin təsiri altına düşə bilər. Hər halda, kral xanımının xəyanətindən pis olub onu qəsrdə dustağ etdi. Bekinhemə isə Fransaya gəlmək qadağan edildi. Lakin Bekinhem geri çəkilmək fikrində deyildi. Bir müddət sonra La-Roşeli liman şəhərində məskunlaşmış protestantlar ktoliklərin onlara qarşı etdikləri zülmə etirz olaraq üsyan etdilər. Üsyançıların dadına ingilis donanması gəldi. Təbii ki, donanmaya hersoq Bekinhem başçılıq edirdi. Fransa ordusunun başında isə hərbi mundir geyinmiş Rişelye özü durdu. Lakin, hersoq Bekinhem fransız protestanrlarına yardım toplayarkən qətlə yetirilir. Qətlin Rişelye xəfiyyələri tərəfindən edilib-edilməməsi təsdiqini tapmayıb. Hər halda ingilislər protestantlara yardım göndərə bilmir, Rişelye isə üsyançılar üzərində qələbə çalır. Bu hadisə Avropa tarixində mühüm iz qoyacaq. Çünki, Rişelye katolik kilsəsinin gözləntilərinə rəğmən protestantları əfv edir və onları Fransa kralının tamhüquqlu təbəələri elan edir.

Rişelyeyə görə həm məşuqunu, həm ərinin etibarını itirən Annanın həyatı cəhənnəmə dönür. 1626-cı ildə onun rəfiqəsi Mari de Şevrez Rişelyeyə qarşı sui-qəsddə təqsirli bilinib sürgün edilir. Anna isə ərinə yalvar-yaxardan sonra zorla canını monastırdan qurtara bilir. Adətə görə, ərinin qəzəbinə tuş gələn kraliçalar rahibəliyə məhkum edilirdilər. 1630-cu ildə kral dizentiriya xəstəliyinə tutulur və Anna ərinin xidmətində durur. Yoldaşına ürəyi yanan kral soruşur: “Sizin üçün nə edə bilərəm?” Anna kardinalın qovulmasını istəyir. Bu arada oğlunun öləcəyini sanan Mariya Mediçi də Parisə gəlur və oğlundan eyni şeyi xahiş edir. Roma Papası Rişelyenin protestantlara qaşı mülayimliyindən, katolik ispanlara qarşı düşmənçiliyindən narahat idi. Ona görə də Mariya Mediçinin əli ilə kardinalı Fransa sarayından uzaqlaşdırmaq istəyirdi. Bütün xahişlərə baxmayaraq, kral kardinalı qovmur. Mariya Mediçi intiqamdan qorub ölkəni tərk edir. Anna isə ərinin yanında qalmağı seçir. Amma Rişelye intiqam almaq fikrindən daşınmır.

1637-ci ildə Rişelyenin xəfiyyələri olan “dostlar” Annaya təklif edir ki, Madrid sarayındakı qohum əqrəbası ilə yazışmağa başlasın. Məsələ orasındadır ki, Fransa ilə İspaniya müharibə edirdilər, Anna da Fransa tacına sədaqətini nümayiş etdirmək üçün ispan qohumları ilə əlaqələrini kəsmişdi. Rişelye də həmin məktubları toplayıb krala göstərir. Annanı monastır gözləsə də, bu dəfə kralın mənəvi munisi, rahibə Luiza de Lafayet onu xilas edir. Rahibə krala deyir ki, öz xanımı ilə həddən artıq qəddardır, taxta isə varis lazımdır. Bu danlanmadan sonra kral kraliça ilə görüşür və lazım olan müddətdən sonra dünyaya “günəş-kral” XIV Lüdovik dünyaya gəlir. Iki ildən sonra Anna ikinci dəfə oğul anası olur. Bir çox tarixçilər hər iki uşağın kraldan olmasına şübhə ilə yanaşırlar. Artıq o zaman kraliça ispan tərbiyəini yadırğayıb Fransa ənənələrinə uyğunlaşmışdı.

1942-ci ildə Rişelye vəfat edir. Tarixçilər etiraf edirlər ki, o, ölən Fransanı qalib Fransaya çevirdi. Hakimiyyəti dövründə kardinal həm daxili, həm xarici düşmənlərə qalib gələrək Fransanı Avropanın ən güclü dövlətinə çevirdi. Hətta kraliça Anna düşməninin ölümündən xəbər tutanda ağladı. Kral isə əksinə kardinal barədə gülməli nəğmələr bəsləyirdi. Bu sevinc çox çəkmədi. Altı aydan sonra XIII Lüdovik vərəmdən öldü. Ölüm yatağında ikən o, kraliçanı məcbur etdi ki, regentlikdən rəsmən imtina etsin. “Bu tək başına hökmranlıq etsə, hər şeyi korlayacaq,” – XIII Lüdovik dedi. Xanımını sonuncu dəfə təhqir etdikdən sonra kral canını tapşırdı.

Bu vaxt gözlənilməz hadisə baş verdi. Kraliça parlament qarşısında çıxışında tələb etdi ki, kralın vəsiyyəti ləğv olunsun və o, balaca kralın – XIV Lüdovikin regenti elan edilsin. Buna nail olduqdan sonra Anna məşuqu, italyan əsilli kardinal Mazarinini birinci nazir təyin etdi. Maraqlıdır ki, Rişelye də Mazarinini öz yerində görmək istəyirdi. Vaxtı ilə hamının Annaya yazığı gəlirdi ki, qadıncığaz Rişelye kimi əjdahanın əllərində öləcək. İndi isə hamı ona nifrət edirdi ki, bütün hakimiyyəti italyan ruhaniyə verib. Hər halda Mazarini Rişelyenin siyasətini davam etdirirdi. Avropanı öz cənginə almış 30 illik müharibə Fransa xəzinəsini boşaltdı, əhali acından ölürdü, müharibədən bezmişdi. Bütün təbəqələrdən olan fransızlar birləşərək həm Mazariniyə, həm də mütləq monarxiyaya qarşı Fronda hərəkatına başladılar. Kraliça Anna şəhərdən qaçmalı oldu. Lakin Rişelyenin xələfi intriqalara əl atıb bu hərəkatı daxildən parçaladı .Anna isə ölkəni parçalamaq istəyən feodallar qarşısında sipər durdu. Annanın digər xidməti də ondan ibarət idi ki, Mazarini XIV Lüdoviki italyan şahzadəsi ilə evləndirmək istəyirdi. Burada da Roma papasının maraqlını izləmək olur. Lakin Anna Mazariniyə zidd çıxaraq öz qardaşı qızını, İspaniya şahzadəsini oğluna alır. Bununla da o, fransızların italyanların nəzarətinə keçməsinin qarşısını alır. 1661-ci ildə Mazarini vəfat etdi, sevgilisini itirən kraliça isə öz xoşu ilə Val-de-Qras monastırında tənhalığa qapıldı. 1666 ildə Avstriyalı Anna vəfat etdi, lakin özündən sonra növbəti sirr qoydu – dəmir maska. Dümanın bu barədə yazdığının isə tarixə uğyun olması sübuta yetirliməyib.
Düzdü, Anna İngiltərə kraliçası I Yelizaveta və ya rusiya imperatriçası II Yekaterina kimi tarixi səhnədə olmayıb. Lakin onun izini tarixi hadisələrin arxasında görmək çətin deyil.

Müəllif: Hüseyn Abbasov
Mənbə: Salaminfo.az

Top