Fərəh Pəhləvi

Fərəh Pəhləvi

Şahbanu Fərəh Pəhləvi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç xanımı arasında şahbanu titulunu alan yeganə xanım olub. Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Təbriz şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib.
Qızlıq familiyası Fara Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh arxitektura ilə məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur. Amma onların tanışlığının başqa bir versiyası da mövcuddur: Tehranda iki dəfə yüzlərlə gənc xanımın iştirak etdiyi xüsusi idman paradı təşkil olunmuşdu. Birinci parad zamanı Məhəmməd şah seçim edə bilməmiş və parad yenidən keçirilmişdi. Şah Fərəhə işarə etmişdi. 24 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.

Bu, şahın üçüncü evliliyi idi. Birinci xanımı Misir şahzadəsi, ikinci isə bir tərəfi alman əsilli olan o dövrün məşhur xanımlarından idi. Hər iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirdi. Onların ümumilikdə dörd övladı oldu: Rza Kir Pəhləvi (1960), Firəngiz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966), Leyla Pəhləvi (1970).

1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirildi. Ona şahbanu titulu verildi. O dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi və bu hadisə böyük əks-səda doğurdu. Əvvəllər Fərəh hökumət işlərinə maraq göstərmirdi, onun fəallığının pik vaxtı 1970-ci illər oldu. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar. Fərəh İranda dəb qaydalarını yaratdı, onun zamanında qızları baletə qoymaq və Qərbdə oxutmaq populyarlaşdı. İranlılar bir neçə dil öyrənməyə başladılar. Şahbanu mütəmadi olaraq İran əyalətlərini gəzərək xalqla ünsiyyətdə olur, tibbin və təhsil ocaqlarının vəziyyətini yaxşılaşdırırdı. O ən böyük uğurlarını incəsənət sahəsində qazanmışdı. Onun təşəbbüsü ilə İrana bütün tarixi sərvətlər qaytarılmış, həmçinin Asiya ərazisində ən böyük muzey yaradılmışdır. Fərəh qadınların hüquqları uğrunda uğurlu mübarizə aparırdı. Öz fəaliyyəti nəticəsində şahbanu xalq arasında böyük populyarlıq qazanmışdı. Həmçinin o, Qərbdə də çox populyar idi. Şah və şahbanu Şərqin ən gözəl cütlüklərindən biri hesab olunurdular.

1972-ci ildə şahbanu Fərəh tarixi vətəninə - Azərbaycana dəvət olundu. Bakıda onun üçün dəbdəbəli qonaqlıq təşkil olunmuşdu. Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri - Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış etmişdilər.

Qürbətdəki həyat: Məhəmməd Rza və ailəsi İranı 1979-cu il yanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi. «O günün ən ağır və güclü xatirəsi - son dəqiqələrdə Tehran hava limanında dayanan yoldaşımın gözlərindəki yaşlar idi. Yadımdadır, zabitlərdən biri diziüstə çökmüş və şaha getməməsi üçün yalvarırdı. Bu, həyatımın ən ağır annı idi», - Fərəh Pəhləvi. Məhəmməd Rza əvvəlcə Misirə yollanmış, sonra Mərakeş, Baham adaları və Meksikada sürgündə yaşamışdı. Şah limfaların xərçəngindən əziyyət çəkirdi. O, 1980-ci il iyulun 27-də Qahirədə vəfat etdi və ər-Rifahi məscidində basdırıldı. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərək Reyqanın dəvəti ilə ABŞ-a yollandı.

2001-ci ildə Fərəh daha bir bədbəxt hadisəylə üzləşdi. Belə ki, onun kiçik qızı şahzadə Leyla vəfat etdi. 31 yaşlı Leyla gözəlliyi sayəsində məşhur italyan dizayneri Valentinonun ən yaxşı modellərindən idi. Onun model biznesindəki fəaliyyəti əsəbi anoreksiyaya (həddindən artıq arıqlama) və depressiyaya gətirib çıxarmışdı. Leyla ABŞ və Böyük Britaniyanın bir çox klinikalarında müalicə alırdı. Səfərlərin birində o, həddindən artıq dərman qəbulundan London otellərinin birində dünyasını dəyişmişdi. Fərəh qızı Leylanı Parisin Passi qəbiristanlığında anasının yanında dəfn elədi.

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran emiqrantlarının bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra varis kimi o bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur. Fərəh Pəhləvi İranın birinici və yeganə imperatriçəsidir.

Mənbə: http://anspress.com
Top