Buludlarla yarışan türk qızı

Buludlarla yarışan türk qızı

Millət vəkili Qənirə Paşayeva "Tarixə adını yazan Qadınlar" silsiləsini yazır

O, dünyanın ilk qadın savaş pilotu olub!

O, ilk türk qadın pilot kimi adını tarixə yazıb.

O, "Dünya tarixinə adını yazdıran 20 aviator"dan biridir!

O, Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biriydi!

Böyük Atatürkün mənəvi övladı olan Səbihə Gökçəni görmək və söhbət etmək mənə də qismət olmuşdu. Həddindən artıq maraqlı bir qadın idi. Amma onunla istədiyim qədər söhbət edə bilməmişdim. Bir gün acı bir xəbər eşitdik. Atatürkün mənəvi qızı, dünyanın ilk qadın savaş pilotu olan Səbihə Gökçən dülnyasını dəyişmişdi. Dünyadan çox maraqlı bir qadın, maraqlı bir tarix köçmüşdü. Amma köçən cismi idi, onun adı hələ bundan sonra da yüzillərlə unudulmayacaq. Çünki o, adını TARİXƏ yazmağı bacaran böyük QADINlardan biri idi. O, Türk qızı, Göy qızı, Atatürk qızı Səbihə Gökçən idi! Türk qadınının şanına şan qatmış bir qadın idi! Dünyanın ilk savaş pilotu kimi adını TARİXƏ yazmış bir qadın idi!

Onu daha yaxından Halit Kvancın Səbihə Gökçənlə söhbətləri əsasında qələmə aldığı «Buludlarla yarışan qadın», «Səbihə Gökçən, Türk qızı, Göy qızı, Atatürk qızı» və s. kitabları, filmləri oxuyub-gördükdən sonra daha yaxından tanıdım. Tanıdıqca bir Qadın olaraq, bir İnsan olaraq, bir Türk qızı olaraq qürur duydum. Nə yaxşı ki, onu yaxından da tanımışdım və söhbət etmək imkanım olmuşdu...

O, Yeni Gündə - Novruz Bayramında (22 mart 1913-cü il) doğulub və 88 il ömür sürdükdən sonra, məhz doğulduğu gün (22 mart 2001-ci il) vəfat edib. Başqa sözlə, yalnız özünün imza atdığı işlər, həyatında rol almış insanlar baxımından deyil, təbiəti, taleyi ilə də MARAQLI İNSAN ünvanını haqq etmişdi.

O, Osmanlının ilk paytaxtı olmuş Bursa şəhərində (qoca Osmanlı dövlətinin sakini olaraq) doğulmuş, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində (layiq cümuhuriyyətin dünyaya ün salmış övladı kimi) vəfat etmiş və yaşamı boyu, necə deyərlər, PAYTAXT RUHUnun, DÖVLƏT RUHUnun daşıyıcısı olmuş, bunun yanısıra XALQ ADAMI, EL QIZI kimliyini (və də TÜRK QIZInın YETƏNƏYİni) təcəssüm etdirmişdir. Görünür bu təcəssüm, necə deyərlər, yer hadisəliyindən çıxıb, göylər qızı olmaqla mümkün imiş!

Bu qadın, həyatı maraqlı təsadüflər, maraqlı insanlar və maraqlı olaylarla süslənmiş türk qızı Səbihə Gökçəndir!

Uşaqlıq illəri və Atatürklə tanışlığı

Bursa Vilayət Baş katibi olan Hafız Mustafa İzzət bəy ilə Xeyriyyə xanımın qızı olan Səbihə, Ədirnə Dəftərdarı olan atası Hafız İzzət bəy, "Gənc Türklər" Hərəkatının iştirakçısı olması əsas gətirilərək Bursaya sürülmüşdü. Ana və atasını kiçik yaşlarında itirən və böyük qardaşı tərəfındən böyüdülən Səbihə, 1925-ci ildə (12 yaşındaykən), Atatürkün Bursa ziyarəti sırasında onunla görüşməyə nail olmuşdur. O, Atatürkə oxumaq istədiyini söyləmiş, onun rəğbətini qazanmağı bacarmışdı. Səbihənin ötkəm danışığı ulu öndərin xoşuna gəlincə bu görüş, Səbihənin həyatında yeni səhifəsinin açılmasına səbəb olur... O, artıq dövlət başçsısı tərəfindən mənəvi övladlığa götürülmüşdü. Böyük Atatürk bu 12 yaşlı Bursalı uşağın - həmin dövrdə çox çətin həyat şərtləri altında yaşayan qızcığazın böyük gələcəyini görürmüş, sanki...

Beləliklə, Atatürk, Səbihənin böyük qardaşından izin alaraq, onu övladlığa götürür və özü ilə Ankaraya aparır.

Səbihə, Çankaya İbtidai Məktəbini, Arnavutköy Amerikan Qız Kolleci və Üsküdar Amerikan Qız Kollecində təhsil aldı. Bu arada səhhətində müşahidə olunan narahatlıqlar səbəbiylə təhsilini yarıda kəsib Heybəliada və Vyanada müalicə aldı. Sonra bir müddət fransızcasını inkişaf etdirmək məqsədi ilə Parisdə yaşadı.

1934-cü ildə "Soyadı Qanunu"nun çıxmasından sonra Mustafa Kamal Səbihəyə Gökçən soyadını verdi. Adın, soyadın onun daşıyıcısı üzərində təsiri olduğuna inansaq, bu kimi söhbətlərdə, Gökçən soyadlı Səbihənin göyəcən qalxdığını, göycən ün qazandığını örnək verə bilərik, yəqin...

Gökçən havaçılıqla tanış olur
Səbihə Gökçən, 1935-ci ildə "Türkquşu"nun açılış törənində aparılan motorsuz uçaq (planer) nümayişindən təsirlənərək, havaçılığa maraq göstərməyə başladı. Atatürkün də dəstək verməsi ilə 1935-ci ildə Türk Hava Qurumunun Türkquşu Mülki Aviasiya Məktəbinə girdi, Ankarada motorsuz uçaq mütəxəssisliyi sahəsində ilk məharət dərəcəsini (bu dərəcənin verilmiş olduğunu təsdiq edən ödül) aldı.

Gökçən, yeddi oğlan tələbə ilə birlikdə Krıma göndərilərək təhsilininin altı ayını Koktebel Ali Aviasiya Məktəbində tamamladı. O, Kırımın ardından Moskvaya, motorlu uçaq məktəbinə getməyi planlaşdırırdı. Ancaq mənəvi bacısı Zəhranın ölüm xəbərini alınca bu düşüncədən daşınaraq ölkəsinə döndü.

Bir müddət dünyadan küsən, sanki hər kəslə incik kimiymiş davranan duyğusal Səbihə, mənəvi atasının israrları ilə yenidən çalışmalara başladı. Əskişəhir Aviasiya Məktəbində Sami Uçan və Muhiddin bəydən özəl uçuş dərsləri (təlimi) aldı.

25 fevral 1936-cı ildə o, ilk dəfə motorlu təyyarədə uçmağa başladı.

Atatürk dedi, Səbihə yerinə yetirdi...
Gökçənin, uçuş dərslərində göstərdiyi uğurları görən Atatürk, ona bunları söylədi: "Məni çox xoşbəxt etdin... İndi artıq sənin üçün planlaşdırdığım şeyi açıqlaya bilərəm... Bəlkə də dünyada ilk hərbçi qadın pilot sən olacaqsan... Bir Türk qızının dünyadakı ilk hərbçi qadın pilot olması nə iftixaredici bir olaydır, təxmin edərsən, deyilmi? İndi dərhal hərəkətə keçərək səni Əskişəhirdəki Uçaq Məktəbinə göndərəcəyəm. Orada özəl bir təhsil alacaqsan."

O illərdə qızlar hərbi məktəblərə qəbul edilmədiyi üçün özəl bir uniforma geyindirilərək Əskişəhir Aviasiya Məktəbində, 1936-1937-ci illərdə 11 ay boyunca özəl təhsil aldı. Bu təhsildən sonra ona ibtidai sinif müəllimi Nüveyrə Uyquç yoldaşlıq etdi. Gökçən, məharət dərəcəsi aldıqdan sonra 6 ay Əskişəhirdəki I Hava Alayında xidmət etdi; bu sırada Trakya və Ege manevrlərinə qatıldı.

1937-ci ildə dünyanın ilk qadın savaş pilotu oldu. Prezident, Baş nazir və Baş Qərargah rəisinin də iştirak etdiyi bir törənlə ona Türk Hava Qurumu Murassa (İftixar) Medalı verildi. 30 avqust 1937-ci ildə "hərbi uçuşlar üzrə usta" dərəcəsi aldı.

Səbihədən bölücülərə gözdağı
1937-ci ildə Fransanın, Hatayı Suriyaya təhvil verməyə hazırlaşdığı barədə xəbərlər, Ankarada sərt təpkiylə qarşılandı. Uniformasını geyən Səbihə Gökçən fransız elçisinin önündə havaya üç dəfə atəş açdı və "Hatayın Vətənə qatılması üçün gərək olarsa silahlanarıq" dedi. Olay sonunda həbs edilib məhkəməyə çıxarılan və qanunun tələbilə bir gün həbsdə yatan Səbihə Gökçənin çıxışı sayəsində plan baş tutmuşdu. Yəni, bununla Türkiyəni bölməyi düşünənlərə gözdağı verilmiş, qərarlılıq göstərilmişdi.

Bursalı qızın "Bəyaz Qartal"lı Balkan səfəri
1938-ci ildə uçağıyla 5 gün sürən Balkan səfəri gerçəkləşdirən xanım Gökçənin ünü birdənbirə daha da artdı və bütün dünyaya yayıldı. Məsələ ondaydı ki, bu səfər fikri, həmin dövrdə mövcud olan Balkan Paktının Ankarada yığışan heyət üzvlərinin Səbihə Gökçənlə tanış olduqdan sonra ona uçaqla paytaxtlarına gəlməyi təklif etmələri üzərinə doğmuşdu. Və göylər qızı Gökçən, Atatürkün arzusu üzərinə bu səfəri yanına bir maşinist belə almadan - təkbaşına gerçəkləşdirmişdi!

O, Vultee tipi bir uçaqla İstanbuldan havalandıqdan sonra Afinaya, ardından Sofiya və Belqrada uçdu. Ona keçmiş Yuqoslaviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən "Bəyaz Qartal" nişanı verildi. İstək üzərinə Buxarestdə bir göstəri uçuşu gerçəkləşdirdikdən sonra, 22 iyunda İstanbula döndü.

Balkan səfəri, mətbuatın böyük ilgisini oyandırdı və Səbihə Gökçənin hər yerdə göylərin qızı olaraq anılmasına səbəb oldu.

Atatürkün vəfatından sonra
Mənəvi atası Atatürkün vəfat etməsinin ardınca, atasızlığın (Atatürksüzlüyün!) hüznünü ağır keçirən xanım Gökçən, müəyyən vaxt sonra, yavaş-yavaş həyatını yenidən düzənə salmağa başladı. Daha sonra, qadınların orduda xidmət etməsinə dair qanun qəbul edilməydiyi üçün Səbihə Gökçən ordudan ayrıldı və Türkquşu Uçuş Məktəbində baş müəllim təyin edildi. O, 1955-ci ilə qədər bu vəzifəsini başarıyla sürdürdü; o cümlədən Türk Hava Qurumu İdarə Heyətinin üzvü oldu. Həyatı boyunca toplam 22 fərqli yüngül bombardıman və akrobatik təyyarə ilə uçmuş göylər qızı, həmişə öz peşəsinə vurğunluq, işinə sevgi, ölkəsinə, ulusuna sayğı və təbii ki, mənəvi atasının etimadına qarşı duyarlılıq hisslərini nümayiş etdirdi. Əslində, bu yerdə "nümayiş etdirdi" sözü bəlkə bir o qədər də yerinə düşmür, çünki o, bu deyilənləri təcalla, təzahür etdirir; başqa sözlə, işin özü onun peşəkarlığını təcəssüm etdirirdi.

Gökçən, 1940-ci ildə Hava Məktəbində hərbi coğrafya və topoqrafiya müəllimi işləyən, baş leytenant Kamal Əsinər ilə evləndi və ...daha bir maraqlı addım ataraq həyat yoldaşına Gökçən soyadını götürməyi təklif etdi və onu bunu qəbul etdi; ancaq üç il sonra, 12 yanvar 1953-cü ildə həyat yoldaşını itirdi.

Bu da ...son uçuş
Türk toplumu və Türk qadınını tanıtmaq məqsədi ilə, 1953-cü və 1959-cu ildə dəvət edildiyi ABŞ-a gedən xanım Gökçən üçün böyük bir Amerika səfəri düzənləndi.

Son uçuşunu 1996-cu ildə - 83 yaşında (!) ikən fransız pilot Daniel Acton ilə bərabər Falcon-2000 təyyarəsi ilə etdi.

"Dünya tarixinə adını yazdıran 20 aviator" arasındakı tək...

Səbihə Gökçən 1996-cı ildə kariyerasının ən böyük ödülünü aldı. Amerika Aviasiya Usta Zabit Kollecinin məzun törəni üçün düzənlənən Qartallar Toplantısının şərəf qonağı olaraq iştirak etdiyi Maksvell Hava Bazasındakı törəndə "dünya tarixinə adını yazdıran 20 aviatordan biri" seçildi. O, bu ödülə layiq görülən ilk və tək (!) qadın təyyarəçi oldu.

Əlvida, göylər! Salam, göylər!
Səbihə Gökçən 2001-ci ildə, girişdə vurğuladığımız kimi, tam doğum günündə (22 mart) Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etdi. Vəfat etdiyi gün 88 yaşı tamam olurdu.

Vəfatından 2 il öncə Hüququn Aliliyi Dərnəyi tərəfindən şərəfinə düzənlənən törəndə, onun adına bəstələnən, klassik rok opera tərzindəki əsər səsləndirilərkən çox duyğulanmış, sanki yenə göylərə uğurlanacaqmış kimi həyəcanverici anlar yaşadığını gizlətməmişdir.

Yeri gəlmişkən, xanım Gökçən, həyatı boyu bir sıra ödül və medallarla təltif olunmuşdur. Bunlardan bir qismini yuxarıda artıq qeyd etmişik. Əlavə edək ki, Rumıniya Ordusunun Mahir Havaçı Döş Nişanını, Trakya və Ege Manevrləri münasibəti verilən Xatirə medalları, Türk qadınının seçmə və seçilmə haqqı qazanmasının 50-ci ildönümü münasibəti ilə TBMM-də düzənlənən törəndə verilən "məsləklərində öncü qadınlar" plaketi, Səlcuq Universitetinin "fəxri doktoru" ünvanı, THQ tərəfındən 1989-cu ildə verilən Qızıl Medal, 1991-ci ildə Beynəlxalq Aviasiya Federasiyasının aviasiyanın bütün növlərində üstün başarı göstərən kadrlara verdiyi FAI qızıl medalı, habelə Türk Silahlı Qüvvətlərinin, çeşidli dərnək və quruluşların verdiyi daha 28 ədəd plaket... Bir başarılı qadına, dövlət, fərqli qurum və quruluşlar tərfəindən, məsləkdaşları (ümumən xalq) tərəfindən verilən dəyərin ifadəsi - ÖZÜNÜİFADƏNİN DƏYƏRİ, TÜRK QADININI (QADINLIĞI!) İFADƏNİN DƏYƏRİ, ATA ETİMADINA QARŞILIQ ƏZMKARLIĞIN İFADƏSİ!..

Səbihə Gökçən - Türk Qızı, Göy Qızı, Atatürk Qızı
Əziz oxucum, zərif cinsin nümayəndəsi olan bir ünlü insandan, bir türk qızından bəhs edərkən, haşiyə çıxırmış kimi, bir uyğunsuz olaya da münasibət bildirmək istərdim. Bu da, Səbihə Gökçən adına (necə deyərlər) yiyə durmaq istəyənlərlə bağlıdır. Bəllidir ki, yalnız ün qazanmış, adını tarixə yazmış insanlar başqalarının maraq dairəsinə girir, kimlərsə onu "özününküləşdirməy"ə çalışır. O da bəllidir ki, bu hal, kiçik istisnalar nəzərə alınmasa, bir qayda olaraq, magikal sindromdan əziyyət çəkən "qonşu"larımızda müşahidə olunur. Belə ki son illərdə Səbihə Gökçənin erməni əsilli olduğu barədə əsassız iddialar ortaya atılmışdır.

Hər nə qədər xoş olmasa da bir-iki kəlimə ilə bu məsələyə toxunaq.

2004-cü ildə Antep əsilli Ermənistan vətəndaşı Xripsime Qazalyan, Gökçənin onun xalası olduğunu və əsl adının Xatun Sebilciyan olduğunu iddia etdi. Qazalyana görə, Hatun, bacısı Diruxi ilə birlikdə Şanlıurfanın Saylaqqaya (Cibin) köyündəki yetimxanaya verilmiş, 5-6 yaşlarında ikən Atatürk tərəfındən övladlığa qəbul edilmişdir. (Tanış metoddur, deylmi? Azərbaycanın neçə görkəmli övladını, neçə dəyərimizi, milli sərvətlərimizi "erməniləşdirməy"ə cəhd etdikləri kimi...)

Lakin həqiqət budur ki, Səbihə Gökçən, THQ tərəfindən yayınlanan xatirələrində (necə ki, artıq bu barədə yuxarıda bilgi vermişik), Ədirnə Dəftardarı olan atası Hafız İzzət bəyin "Gənc Türk" olduğu gərəkcəsiylə Bursaya sürgün edildiyini anladır. Böyük qardaşı Nəşətin Atatürkün cangüdəni olduğunu, 1925-ci ildə Atatürklə görüşmə fürsəti bulduğunu və övladlığa qəbul ediliyini söyləyir. "Səbihə Gökçən: Türk Qızı, Göy Qızı, Atatürk Qızı" adlı sənədli filmi hazırlayan rejissor Gülşah Çelikər, erməni iddialarına qarşı bunları bilirmişdir: "Səbihə Gökçən övladlığa qəbul edildiyi zaman gerçəkdən 5-6 yaşlarında olsaydı, ilk uçuşunu gerçəkləşdirdiyi zaman (1935-ci ildə) 15 yaşında olmalıydı". Ancaq əslində Səbihə Gökçən ilk uçuşunu 22 yaşında həyata keçirib.

Səbihə Gökçənin ögey bacısı Ülkü Adatəpə, Gökçənin əqrabası olan həyat yoldaşı Ökə Adatəpə və Gökçəni yaxından tanıyan qəzetçi (yazar) Orxan Qaravəli ilə birlikdə düzənlədiyi mətbuat toplantısında iddiaları yalanladı.

THQ-nin yaydığı yazılı açıqlamada, haqlı olaraq, bu iddiaların Səbihə Gökçən həyatda ikən dilə alınmamasını və özünə cavab haqqı tanınmayışı tənqid edildi və bu durumun planlandığı irəli sürüldü.

***

...Və nəhayət, Səbihə Gökçən, 30 avqust 1937-ci il tarixində Əskişəhir Uçaq Məktəbindən məzun olarkən etdiyi çıxışında duyğularını bu şəkildə dilə gətirmişdir: "...Nə xoşbəxtəm ki, bu şərəf bəratını, millətimin və Vətənimin ən böyük şərəfə yetişdiyi bu qutsal 30 avqust günündə almış oluram".

Mənə qalsa, yalnız elə bu sözlərdən yola çıxaraq, Səbihə Gökçənin Kimliyi, Ürəyi, Eşqi, Çalışmalarının predmeti barədə fikir yürütmək, qərara gəlmək olar.

Göylərdə uçan göycən ruhuna salam olsun, sayın Gökçən!

Mənbə:modern.az
Top