Valentina Tereşkova

Valentina Tereşkova

O, toxuculuq fabrikində fəhlə işləyən gənc bir qız idi. Çox keçmədi... 16 iyun 1963-cü ildə kosmosa gedən ilk qadın oldu!
Sadəcə, bir dəfə kosmosa getdi. Təxminən 3 gün qaldı və bu müddətdə dünyanın ətrafında 48 dəfə dövrə vurdu!
Sovet feminist cərəyanının qabaqcıl simalarından biri, kosmosa getmək kimi çətin bir işi uğurla bacaran bir qadın oldu. Amma onun fikrincə, dünyada qadın üçün ən çətin iş kosmonavt yox, ana olmaqmış!
Keçmiş SSRİ dövründə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Aydakı kraterlərdən biri və 1671 Çayka kiçik planeti onun şərəfinə onun adı ilə adlandırıldı.
“XX yüzilliyin ən nəhəng qadın siması” fəxri titulunu aldı.
Yevpatoriyanın sahil küçəsi onun adı ilə adlandırıldı.
Vitebsk, İrkutsk, Kemerovo, Korolyov, Lipetsk, Ardatov, Novosibirsk (Akademqorod), Novoçeboksarı, Odessa, Orenburq, Yaroslavl, Krasnoyarsk və digər şəhərlərdə onun adını daşıyan küçələr var. Qudermes şəhərində (Çeçenistan Respublikası) prospektə, Tver şəhərində meydanlardan birinə onun adı verilib.
Doğma kəndinin bir neçə kilometrliyində xatirəsinə həsr olunmuş “Kosmos” muzeyi fəaliyyət göstərir.
Şərəfinə 2 abidə ucaldılıb: Moskvada Kosmonavtlar xiyabanında və yerə endiyi torpaqda – Qornoaltayskda.
1983-cü ildə onun əksi olan xatirə sikkəsi buraxılıb. Beləliklə, o, yeganə sovet vətəndaşı idi ki, sağlığında təsviri sovet puluna həkk olundu.
Onun adı ilə adlandırılan brilyantın çəkisi 51,7 karatdır. Bu qiymətli daş qeyri-adi formaya malikdir.
Haqqında danışdığımız qadın - dünyaca ünlü, əfsanəvi Valentina Vladimirovna Tereşkovadır.

Onun haqqında çox eşitmişdim. Sovet İttifaqı illərində o, gənc qızların kumirlərindən biri idi. Marina Qoldovskayanın 1974-cü ildə çəkdiyi «Valentina Tereşkova» sənədli filminə böyük maraqla baxmışdım. Doğrudur, ondan təxminən 20 il sonra rejissor Aleksandr Lyütenkovun 2003-cü ildə çəkdiyi «Valentina Tereşkovanın kosmik debütləri» sənədli filmi daha çox xoşuma gəlsə də, qəhrəman kimi baxdığımız bu qadın haqqında hər şeyi maraqla izləyirdik. Məşhur Sofiya Rotarunun ifa etdiyi «Valentina» mahnısı o zamanlar sevdiyimiz mahnılardan idi. Böyüklər 1968-ci ildə Bolqarıstanda keçirilən və Valentina Tereşkovanın da münsiflər heyətinin üzvü olduğu müsabiqədə Sofiyanın bu mahnını moldovan dilində necə gözəl ifa etməsindən danışardılar. Sofiya Rotaru da bizim yeniyetmə dövrümüzün ən populyar müğənnilərindən biri olduğu üçün onun «Valentina» mahnısı çox məşhurlaşmışdı. Sonralar onun haqqında çox mahnılar eşitmişdim. Məsələn, «Komputer»in «Valentina» (albom «The World Of Tomorrow» 1997-ci il, «Valentina» 1998-ci il) və «Bad Sector» adlı italyan qrupunun «June 16, 1963» (albom «Kosmodrom», 2005), «Theatre of Tragedy» adlı norveç rok-qrupunun «Space age», Polşa qrupu olan «Filipinki» nin «Walentyna Twist» və s.

Onunla Rusiyada keçirilən tədbirlərdən birində tanış olmuşdum. O zamanlar jurnalist işləyirdim. Kosmosa uçmuş ilk qadın olaraq Tereşkova ilə görüşmək və söhbət etmək çox maraqlı idi. Adını kosmos və ümumiyyətlə, dünya tarixinə əbədi yazmış Valentina Vladimirovna sadəliyi və səmimiliyi ilə yanaşı, cazibədarlığı, xarizması, şarmı ilə də insanı özünə heyran qoyur. Kosmosa uçmasından çox illər keçməsinə baxmayaraq, əfsanəyə çevrilən bu xanıma diqqət və maraq bu gün də çox böyükdür. Bir tədbirə daxil olması kifayətdir ki, insanlar Valentina Vladimirovnanı maraq və sevgi ilə o dəqiqə əhatəyə alsınlar. Çünki o, həyatı bahasına başa gələ biləcək bir İLKə imza atan qadın kimi adını TARİXƏ əbədiyyən yazmağı bacarıb və arxasınca yeni bir çığır açıb…

Kasıb bir ölkədə, kəndli ata ilə fəhlə ananın ailəsində dünyaya gəlmişdi. Kasıb olduqları üçün məktəbə gedə bilmədi, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində başa vurdu. Eyni zamanda ideal bir kommunist idi. Fabrikdə işləyərkən paraşütçülüklə maraqlanmağa başladı və bununla da kosmosa qadın kosmonavt göndərmək istəyən ölkə rəhbərlərinin diqqətini özünə cəlb etdi. Seçmə mərhələsindən keçərək, finala çıxdı. SSRİ-nin rəhbəri Xruşşov onu seçdi. Kosmosa gedən ilk qadın oldu. Xruşşovun təkidi ilə kosmonavt bir kişiylə ailə qurdu və ancaq başqa bir rəhbərin – Brejnevin icazəsi ilə boşanmağa nail oldu. (Görünür, SSRİ-də hətta feministliyin də öz “xarakter”i varmış. Başqa sözlə, bu hal sovet realist feminizminin özünəməxsus təzahürü idi.) Könüllü olaraq Marsa getmək üçün müraciət etsə də, bir daha kosmosa çıxa bilmədi. İllərlə xarici ölkələrdə sovet sisteminin siması vəzifəsini yerinə yetirdi. Hal-hazırda 73 yaşında olan Tereşkova, SSRİ-dən qalan ən cazibədar hekayətlərdən biridir…

Fabrikdən kosmosa

Rusiya, Yaroslavl vilayəti, Tutaevski rayonunun Böyük Maslennikov kəndi. 6 mart 1937-ci il. O gün Tereşkovlar ailəsində - kasıbyana ömür sürən fəhlə-kəndli ailəsində sevincin həddi-hüdudu yox idi. Bir qız övladları dünyaya gəlmişdi. Valentinanın ata-anası Rusiyaya Belarusdan köçmüşdülər. (Atası Mogilyovdan, anası Dubrovensk rayonunun Yeremeyevşina kəndindəndir). V.Tereşkova xatirələrində yazır ki, uşaqlıq illərində evlərində belorusca danışarmışlar. Ata-anasının Valentina adı verdikləri bu qızcığaz bir müddət sonra nəinki ailəsinin, şəhərinin, vilayətinin, bütövlükdə böyük bir ölkənin qürur və fəxri olacaqdı…

Atası traktorçu, anası isə toxuculuq fabrikində fəhlə işləyirdi. Valentina çox kasıb yaşayan üç uşaqlı ailənin ikinci övladı və onlar arasında ən çeviki, daha dəqiq desək, dəcəli, ailə qanun-qaydalarına uymayanı idi. Sərbəstliyi və təkbaşına qərar qəbul etməyi sevirdi. Valentina atasını çox tez itirdi. Müharibə üzündən atasız böyüməyə məhkum oldu. Balaca qız müharibə üzündən 8 yaşına çatana qədər məktəbə gedə bilmədi. Müharibədən çıxan bir ölkədə aclıq içində yaşayan Valentina Tereşkova 1945-ci ildə məktəbə getməyə imkan tapsa da, məktəbi yarımçıq tərk etmək məcburiyyətində qaldı. Bütün ölkəni öz pəncəsinə alan kasıblıq, onun ailəsinə də dərindən təsir etmişdi. Valentina işləmək məcburiyyətində idi. Ailəsinə yardım etmək üçün toxuculuq fabrikində anasının yanında işə girdi. Əlləri çirkli, alnı tərli olsa da, ali idealları olan bir fəhlə idi. Gecə-gündüz bilmədən rejimin ideyalarının həyata keçirilməsi üçün çalışırdı. Amma romantik bir həyata meyl edən Valentinanın gözləri göylərdə idi! Sözün hər iki mənasında…
O, həyatdan bəsit bir əməkçi olmaqdan daha artıq şey gözləyirdi. Təhsilini fəhlə gənclər məktəbinin axşam şöbəsində davam etdirdi və eyni dövrdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti nəzdindəki təyyarəçilik klubunda paraşütlə tullanmaq təlimi aldı.

Ağlına gəlməyən başına gəldi

Bu klub Sovet ordusunun gənclik qurumlarından biri idi. Valentina ilk dəfə paraşütlə 21 may 1959-cu ildə tullandı. Dünyanı yuxarıdan görmək və quş kimi azad olmaqdan zövq almaq onun olduqca xoşuna gəlmişdi. Cəmi dörd ildən sonra isə dünyaya kosmosdan baxacağını yuxusunda görsə, yəqin ki, heç özü də inanmazdı…
Amma o vaxt hələ bilmirdi ki, bu paraşütlə ilk atlanış onun taleyində önəmli rol oynayacaq. İlk dəfə paraşütlə tullanandan sonra Valentina toxuculuq fabrikində paraşütçülər dərnəyini qurdu. Onun bu ictimai fəallığı tezliklə diqqəti cəlb etdi. Fabrik rəhbərliyi onu 1960-cı ildə yerli komsomol təşkilatının katibi vəzifəsinə seçdi. Bu arada o, boş dayanmadı, təhsilini davam etdirərək, 1955-ci ildə yunəyirmə ixtisası üzrə qiyabi təhsil almağa başladı və 1960-cı ildə oranı bitirərək, texnoloq diplomu aldı. Valentinanın 24 yaşını qeyd etdiyi günlərdə baş verən bir hadisə dünya ictimaiyyətini təəccübə salmış, SSRİ-də isə böyük bir bayram ab-havası yaratmışdı: onun bir həmvətəni – Qaqarin kosmosa çıxmışdı! O da bütün SSRİ əhalisi kimi Yuri Qaqarinin dünyada ilk dəfə yerətrafı orbitə - kosmosa uçmasını (çıxmasını) sevinc içində qarşılamışdı.
Maraqlıdır ki, Yuri Qaqarin kosmosa gedən ilk adam olanda, Valentina anasıyla birgə fabrikdə işləyirdi. Anası bu xəbəri eşidəndə belə demişdi: “Məncə gələn dəfə kosmosa bir qadın göndərsələr, yaxşı olar”. Onun heç ağlına belə gəlməzdi ki, həmin qadın məhz onun qızı olacaq.

Növbə qadınındır!

SSRİ Yuri Qaqarini kosmosa göndərməklə, başda rəqibi ABŞ olmaqla bütün dünyanı heyrətləndirmişdi. Ancaq bu kifayət deyildi. Bu uğur SSRİ üçün azlıq edirdi. Başqa işlər də görmək, “kommunist sistemin nələrə qadir olduğunu” bütün dünyaya göstərmək lazım idi...
Bu həmin dövr idi ki, ABŞ və SSRİ-nin liderlikləri altındakı iki qütblü dünyada soyuq müharibə başlamışdı. Kosmos yarışı da elə başdan bəri ABŞ-la SSRİ arasındakı bu soyuq müharibənin və ona paralel irəliləyən silahlanma yarışının beynəlxalq aləmdə görünən siması olmuşdu. Bir-birinə rəqib ideologiyalara sahib olan bu iki blok, nəyin bahasına olur-olsun, kosmosdakı rəqabətdə də qalib gəlmək istəyirdi. Rəsmi Moskvada və rəsmi Vaşinqtonda gözlər Aya dikilmişdi…
Prezident Kennedi “60-cı illər başa çatmamış Aya gedəcəyik!” mövzusundakı məşhur çıxışıyla, amerikalıları Aya ilk dəfə ayaq basan xalq olmaq üçün hərəkətə keçirmişdi. Ancaq kosmosa ilk kosmik raketi göndərən ruslar da boş dayanmırdılar.

O günlərdə rus kosmonavtların baş təlimçisi Kamanin SSRİ-də kosmos layihəsinin memarlarından biri və kosmik gəmi layihəsinin müəllifi olan Sergey Korolyovun qapısını maraqlı bir fikirlə döydü: “Görəsən kosmosa qadın kosmonavt göndərmək mümkün olarmı?” Niyə də mümkün olmasın!? Əgər bir kişi bunu edə bilibsə, bir qadın da edə bilərdi. Mütəxəssislər o dövrün şərtləri daxilində qadınların bu iş üçün uyğun olmadığını iddia etsələr də, sovet sisteminin sözlüyündə “mümkünsüz” sözü yox idi! Bu maraqlı fikir Korolyova məntiqli gəlmişdi. O dərhal əmr verdi: “50 namizəd tapın, onların arasından 5 nəfəri seçəcəyik!” Onlar sosializmin kapitalizm üzərində qələbəsinin labüd olduğunu sübut etmək üçün kosmosa qadın göndərmək niyyətinə düşmüşdülər. “Niyyətinə düşmüşdülər” demək azdır, bu niyyətdə qətiyyətli idilər. Halbuki həmin dövrdə SSRİ aclıq içində idi və əhali yeməyə çörək tapmırdı. Xruşşovun kənd təsərrüfatında həyata keçirdiyi islahatlar uğursuzluqla nəticələnmiş və ölkə aclıqla mübarizə aparmaq məcburiyyətində qalmışdı. Amma bu amil kosmosa təbliğat məqsədi ilə ilk qadın kosmonavtın göndərilməsi ideyasının gerçəkləşməsinə mane ola bilmədi.
Həmin dövrdə bütün SSRİ ərazisində minlərlə insan kosmosun fəthi sahəsində həyata keçirilən tədbirlərin təsiri altında təyyarəçi və ya kosmonavt olmaq istəyirdi. Onların arasında Valentina Tereşkova da var idi…

Namizədlərin pilotluq təlimi alması şərt deyildi. Çünki rusların insanlı uçuşlar üçün istifadə elədikləri “Vostok” kosmik gəmisi tamamilə avtomatik idi və kosmonavtın sıravi təyyarə sərnişinindən heç bir fərqi yox idi. Fəqət namizədlərdə paraşütlə tullanmaq bacarığı mütləq olmalı idi. Kosmik gəmi Yer kürəsinə qayıdanda (atmosferə girdikdən sonra) kosmonavt avtomatik olaraq gəmidən çölə tullanmalı və paraşütlə yerə düşməli idi. Beləliklə, əsas şərtlər müəyyənləşdirildi: namizədlər 30 yaşından kiçik, 170 sm-dən qısa, 70 kiloqramdan yüngül, fiziki cəhətdən sağlam, üstəlik, fəhlə sinfinin nümayəndəsi və əlbəttə ki, sadiq kommunist olmalı idilər. Kamanin Orduya, Aviasiyaya və Donanmaya Könüllü yardım Cəmiyyəti (OADKYC)-nin qurucularından biri idi və axtardıqları namizədləri haradan tapmaq mümkün olduğunu çox yaxşı bilirdi. OADKYC üzvlərinin arasından müəyyənləşdirilən şərtlərə uyğun təxminən 400 nəfər seçildi. Bu imtahandan ancaq 40 nəfər keçdi və fiziki, psixoloji sınaq üçün Moskvaya dəvət edildi. Tereşkova burada bütün sınaqlardan yaxşı çıxdı. Lakin atası haqqında mənfi raport verilməsi onun vəziyyətini şübhə altında qoymuşdu. Bu raport az qala onun kosmosa gedən yolunu bağlayacaqdı. Amma komsomol təşkilatındakı aktiv fəaliyyəti onu növbəti sınaqlar üçün dəvət edilən 5 qızdan birinə çevirdi. Onunla bərabər seçilmiş digər 4 namizəd (Janna Yorkina, Tatyana Kuznetsova, Valentina Ponomaryova, İrina Solovyeva) Tereşkovadan daha üstün göstəricilərə malik idi. Onların arasında test pilotu və paraşütlə tullanmaq üzrə dünya çempionu belə var idi. Tereşkovanı bu məqamda fiziki cəhətdən rəqiblərindən daha güclü və dözümlü olması xilas etdi. Həmçinin, Valentinanın atası haqqında mənfi raport verilsə də, faşizmə qarşı müharibədə ölməsi, Tereşkovanın fabrikdə işləməsi, yəni fəhlə keçmişi, komsomol sıralarında nümayiş etdirdiyi fədakarlıq onun üzərinə pozitiv nəzərləri cəmləməyə başladı. Beləliklə, namizədlər arasında tarazlıq bərpa olunmuşdu. Zəhmətkeş ailədən çıxmış bir fabrik fəhləsinin malik olduğu bütün bu göstəricilər sosializm ideologiyası təbliğatçıları üçün göydəndüşmə oldu. Və bu “göydəndüşmə” göstəricilərə malik olan bir xanımın yolu həmin fürsətlərin düşdüyü sanılan ünvana - göyə idi!... 16 fevral 1962-ci ildə onun adı kosmosun qapısını açmağa namizəd olan 5 qadın arasında idi. Göylər onu gözləyirdi!...
Adının tarixə düşməsinə səbəb olan işi görmək üçün aldığı təlimi 18 ay kimi qısa müddətdə başa vurdu. Bura nəzəri və fiziki təlim, reaktiv təyyarədə uçuş və paraşüt təlimi də daxil idi.
Son 5 namizədlə xüsusi iş aparılmış, onlara gəmi mühəndisliyi və raket nəzəriyyəsi üzrə xüsusi kurs keçmişdilər. Çəkisizlik şəraitində uçuş, mərkəzdənqaçma, izolyasiya və psixoloji sınaqlardan çıxan namizədlər, kosmik gəmi mühəndisliyi və raket nəzəriyyəsi sahəsində də təlim keçdilər. Onlar “MİQ-15” reaktiv təyyarələrində pilotluq təlimi də keçmiş və hər biri 120 dəfə paraşütlə tullanmışdı. Maraqlı burasıdır ki, bütün bu çətin sınaq və təlimlərə baxmayaraq, layihənin rəhbərləri, bir qadının kosmosa çıxmasının, psixoloji və fiziki ağırlığa davam gətirə bilməsinin mümkün olacağına əmin deyildilər. Lakin Sovet hakimiyyəti kosmosa qadın göndərmək işini nəhəng bir təbliğat fürsəti kimi qiymətləndirirdi.

“Valentina yaxşı qızdır” – bunu ölkə rəhbər deyirdi!

Təlimlər başa çatanda qadınlara, eyni zamanda, SSRİ Hərbi Hava Qüvvələrinin leytenantı rütbəsi verildi və Tereşkova o günlərdə SSRİ Kommunist Partiyası sıralarına qəbul edildi. Digər tərəfdən, ruslar amerikalıları daha da heyrətləndirmək məqsədilə eyni anda iki qadın kosmonavtı gəmi komandiri və kosmik yürüşdən ibarət olan mürəkkəb bir tapşırıqla kosmosa göndərmək istəyirdilər. Korolyov bu işdə Ponomaryovanın komandirlik bacarığına, Solovyovanın isə cəsarətinə və gücünə inanırdı. Bu iki qadından daha geri planda qalan Tereşkova isə onun nəzərində ancaq axırıncı seçim ola bilərdi. Amma məsələnin siyasi tərəfləri də var idi. Tereşkova fəhlə ailəsindən idi, Ponomaryova və Salavyova isə qulluqçu. Bu isə Tereşkovanın şansını artırırdı. Fəqət, hər işdə olduğu kimi, burada da axırıncı sözü Sov.İKP Baş katibi Xruşşov deyəcəkdi. Amma bir az sonra bu plan dəyişdi və kosmosa bir qadın göndərilməsi ilə bağlı qərar qəbul edildi.
1962-ci ildə Kamaninlə kosmonavt German Titov Vaşinqtona səfər etdilər. Onlar orada ABŞ kosmonavtı Con Klenn ilə görüşdülər. Klenn SSRİ-dən gələn nümayəndələrə qonaqlıq verərkən yaxın günlərdə ölkəsinin kosmosa qadın göndərəcəyini söylədi. Kamanin onun sözlərini eşidən kimi bu barədə dərhal Moskvaya məlumat göndərdi: “Diqqət, amerikalılar da eyni layihə üstündə işləyirlər, işi sürətləndirməliyik!”

Moskva dərhal məsələ ətrafında aparılan işləri sürətləndirməyə başladı. Namizədlər saf-çürük edildi və sona Tereşkova ilə Ponomaryova qaldılar.
1962-ci ilin noyabr ayı gəlib çatanda, seçilmək ehtimalı ən yüksək olan namizədlər Ponomaryova və Tereşkova idi. Hamını eyni sual maraqlandırırdı: Görəsən, onlardan hansı kosmosa uçacaq? Ponomaryova sınaqlardan daha uğurla çıxmışdı. Ancaq fanatik kommunistlərdən ibarət olan komissiyanın suallarına “qənaətbəxş” cavablar verməmişdi. Məsələn, “Həyatdan nə gözləyirsən?” sualına o: “Nə qədər mümkün olsa çox şey!” cavabını vermişdi ki, bu da “kapitalist” düşüncə sisteminə çox uyğun idi. Tereşkova isə eyni suala “Komsomola və partiyaya sədaqətlə xidmət etmək istəyirəm!” cavabını verərək komissiya üzvləri tərəfindən alqışlanmışdı. Ponomaryovanın siqaret çəkən qadınların da əxlaqlı olmasının mümkün olduğu fikrini müdafiə etməsi, habelə təlim dövründə nəzarətçilərin gözündən yayınıb şəhərdə gəzməyə çıxması onun xal itirməyinə səbəb oldu.
Sov.İKP Baş katibi Nikita Xruşşov Tereşkovanı seçdi. Çünki onun fikrincə, Tereşkova ideal sovet qadınının xüsusiyyətlərini özündə cəmləşdirmişdi: etibarlı bir kommunist, orta təbəqəyə məxsus bir fəhlə və “yaxşı” bir qız idi. Bunlardan daha vacibi isə, Tereşkova kosmosdan sağ-salamat qayıtsa, əldə edəcəyi şöhrətə uyğun olan cazibədarlığı da var idi. “Dünya mətbuatında cazibədar şəkilləri dərc edilən bir qəhrəman! Bir sovet qadını”. Bu fikir qulağa olduqca xoş gəlirdi. Beləliklə, Tereşkova tarixə doğru nəhəng bir addım atdı…

“Çayka” radioqram şifri ilə uçuşuna hazırlaşan Tereşkova startdan qabaq bu sözləri deyir: “Ey! səma! Şlyapanı çıxar!” (Həmin sitat V.Mayakovskinin “Şalvarlı bulud” poemasında verilib)
Kosmonavtların seçimi və hazırlığı ilə məşğul olan general-leytenant Nikolay Petroviç Kamanin Tereşkovanın startını belə təsvir edirdi: “...Raketin, gəminin hazırlanması və bütün xidmət əməliyyatları tamamilə dəqiqliklə aparıldı. Bütün sistem və xidmətlərin dəqiqliyinə və səliqəliliyinə görə Tereşkovanın startı mənə Qaqarinin startını xatırlatdı. 1961-ci il 12 apreldə olduğu kimi, 1963-cü il 16 iyunda da uçuşa hazırlıq və başlanğıc əla keçdi. Tereşkovanı starta hazırlıq zamanı və gəmini orbitə çıxaranda görənlər və onun məlumatlarını radiodan dinləyənlər yekdilliklə bildirirdilər: “O, kosmik gəmiyə Nikolayev və Popoviçdən daha yaxşı start etdi”. Onu kosmosa göndərənlər seçimlərində yanılmadıqlarına çox sevinirdilər.
16 iyun 1963-cü ilin səhər saatlarında Ağ Evdəkilər təzə bir xəbər aldılar: Sovetlər kosmosa ilk qadını göndəriblər! Onlar kosmos məsələsində bu dəfə də SSRİ-dən geridə qalmışdılar. Qatar, daha doğrusu, raket getmişdi! Bu, ABŞ üçün çox pis sürpriz oldu…

V.Tereşkova kosmosdan qayıdandan sonra jurnalistlərdən biri ondan soruşmuşdu: “Necə oldu ki, qadın olduğunuz halda kosmosa getməyə cəsarət etdiniz?” Tereşkova isə ona belə cavab vermişdi: “Sovet İttifaqında bir qadın dəmiryol işçisi ola bilirsə, kosmosa nə üçün uça bilməsin?”
O, kosmosa uçacağı günü yaxınlarına deməmişdi. Onlara paraşütlə tullanmaq yarışına getdiyini bildirmişdi. Valentinanın kosmosa uçması xəbərini yaxınları radiodan eşitdilər.

…Az qalmışdı işlər korlansın

16 iyun 1963-cü ildə “Vostok” kosmik gəmisi və “Çayka” radioqram şifriylə kosmosa göndərilən Tereşkova Yer kürəsini kənardan görən ilk qadın oldu. İddialara görə, uçuş vaxtı Korolyov Tereşkovanın vəziyyətindən razı qalmadığı üçün kosmik gəminin idarəsi ona tapşırılmamışdı. Tereşkovanın kosmosda olarkən psixoloji problemlər keçirdiyi də deyilirdi. Belə ki, Kamanin sonralar nəşr etdirdiyi gündəliyində yazırdı ki, mətbuat üçün hazırlanan rəsmi xəbərdə Tereşkovanın psixoloji vəziyyətinin yaxşı olmadığını da qeyd etmək istəmişdilər. Bu qeydə əsasən, Tereşkova fəzada olanda həddən artıq həssaslaşmış, halsızlaşmış və ona tapşırılan işləri görə bilməyəcək duruma düşmüşdü.

Kamanin bütün bunların mübaliğə olduğunu deyirdi. Qadın ona tapşırılan işləri elə birinci gün başa çatdırmışdı. Tereşkova isə bu iddialara cavab verərkən demişdi ki, içində olduğu fəza kapsulunun avtomatik idarəetmə sistemi səhv qurulubmuş. O, atmosferə daxil olmağa hazırlaşanda kapsulun daxil olma bucağının az qala 90 dərəcə səhv olduğunu görmüş və sözlərinə inanmaq istəməyən heyətə uzun müddət yalvarmaq məcburiyyətində qalmışdı ki, səhvi düzəltsinlər. İkinci gün göndərilən siqnallarla kapsulun atmosferə daxil olma bucağı düzəldilmiş və Tereşkova Yerə kömürləşmiş olaraq qayıtmaqdan xilas olmuşdu!

Faktdan başqa fakt yoxdur!

Tereşkovanın sözlərinə görə, əslində bir günlük planlaşdırılan uçuşun müddətinin uzadılmasının səbəbi də elə bu idi. O, fəzada həqiqətən də qusmuşdu, ancaq bunun səbəbi “fəza xəstəliyi” (çəkisizlik şəraitinə uyğunlaşa bilməmək nəticəsində kosmonavtların ikisindən birində müşahidə edilən başgicəllənmə, ürəkbulanma və qusma kimi nasazlıqlar) deyil, əksinə, onun üçün hazırlanan menyu idi. Ancaq qara çörəkdən ibarət olan kasıb menyu, onun taqətdən düşməsinə səbəb olmuşdu. Rusların kosmik qəhrəmanlar üçün hazırladıqları qara çörək boyat olub! Bundan əlavə, Tereşkova “fəza xəstəliyi” ilə mübarizə aparmaq üçün kapsulun içində kəmərini açmamalıydı. Fəqət qadının sağ baldırında əzələ dartılması olmuş və işlər çətinləşmişdi. Üçüncü günə qədər baldırındakı ağrıyla mübarizə aparan Tereşkovanın əzab-əziyyətinə skafandrının çiyninə saldığı ağırlıq da əlavə olunmuşdu.
Tereşkovanın çəkdiyi əziyyətlər atmosferə daxil olandan sonra da qurtarmamışdı. Yerə 6 min metr qalmış kapsuldan tullanaraq paraşütlə enməyə başlayanda, bir gölə doğru istiqamət götürdüyünü görmüşdü. Tereşkova yorğun və ac idi, üstəlik, çoxlu su itirmişdi. Gölə düşsə, sahilə qədər üzməyə gücü çatmaya bilərdi. Ancaq bəxti gətirdi və güclü külək onu sahilə apardı, fəqət yerə sərt bir şəkildə endiyi üçün burnu kaskasına zərblə dəydi və göyərdi. Yerə endikdən dərhal sonra onu mətbuat nümayəndələrinin qarşısına çıxarmış və burnundakı göyərməni kosmetik maddələrlə örtmüşdülər.
Başına gələnlərə baxmayaraq, Tereşkova “Vostok-6” gəmisiylə üç günlük kosmik səyahətini başa vurmuş, tarixə adını yazmış və o vaxta qədər fəzada dövrə vuran amerikalıların hamısının cəmindən daha uzun müddət kosmosda qalaraq, belə demək mümkünsə, onları qatlayıb cibinə qoymuşdu!

Niyə ölməmisən ?!

Tereşkova Yerə qayıdandan dərhal sonra, SSRİ Hərbi Hava Qüvvələrindəki bəzi dairələr təzə milli qəhrəmanlarının adını qaralamaq üçün əllərindən gələni əsirgəməməyə başladılar. Onun haqqında kosmik gəmiyə minərkən sərxoş olması, əmrlərə itaət etməməsi kimi çox sayda dedi-qodu uydurdular. Bütün bunların əsas səbəbi isə səsini çıxarmayıb ölümü seçmək yerinə atmosferə daxil olma bucağını səhv hesablayan nəzarət heyətinin səhvini meydana çıxararaq, onları utandırması idi. Kosmosa göndərilmək üçün təsadüfən seçilən bir qadının, adlı-sanlı kosmos mütəxəssislərinin səhvini meydana çıxarması necə mümkün ola bilərdi?!
Bütün bunlara baxmayaraq, Kamanin Tereşkovanı dəstəklədi və artıq bütün sovet qadınlarının göz bəbəyinə dönən kosmonavtı qurda-quşa yem olmaqdan xilas etdi. Müxaliflər onun şöhrəti qarşısında məğlub olmuş və susmuşdular. Kosmosdan qayıtdıqdan sonra ondan bu xidmətinə görə nə istədiyi soruşulanda o, müharibədə atasının öldürüldüyü yerin tapılmasını istədi. Cəmi 2 yaşı olanda atasını itirən Valentinanın ən böyük arzusu atasının öldüyü yeri bilmək və görmək idi…
Tereşkova 1963-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü!

Zarafat gerçəyə döndü…

Tereşkova planetə qayıdanda onun SSRİ-nin kosmik mərkəzi Ulduz şəhərciyindəki yeganə subay kosmonavt olan Andrian Nikolayevlə ailə qurmalı olduğu haqqında zarafat edirdilər. Bu zarafatlar Xruşşovun qulağına da gedib çatdı. Bunun çox yaxşı bir fikir olduğu qənaətinə gələn Baş Katib Kamaninə cütlüyü evlənməyə razı salmaq vəzifəsini tapşırdı.

Xruşşovun təkidi ilə evləndi, Brejnevin icazəsi ilə boşandı…

Əslində cütlüyün bir-birindən o qədər də xoşu gəlmirdi, ancaq o dövrdə heç kəs SSRİ-də Baş Katibin sözünü yerə sala bilməzdi. Beləliklə, dünyadan qırağı görüb gəlmiş ünlü cütlük daxili etirazlarına son qoyaraq, (başqa sözlə, etirazlarını “donduraraq”) 3 noyabr 1963-cü ildə Moskva Səadət Sarayında şəxsən Xruşşovun da iştirak etdiyi törənlə ailə qurdu.
8 iyun 1964-cü ildə Tereşkovanın gələcəkdə həkim olacaq qızı Yelena Andrianovna doğuldu. Özü kimi həyat yoldaşı da kosmonavt olan Valentinanın Nikolayevdən olan qızı Yelenanın üzərində müxtəlif tibbi müayinələr aparıldı. Axı o, anası da, atası da kosmosa getmiş yeganə uşaq idi!
Cütlüyün arasındakı ər-arvad münasibətləri heç də xoş deyildi. Ancaq o dövrdə sovet kosmonavtları karyeralarını uğurla davam etdirmək üçün “xoşbəxt ailə” imicindən əl çəkməyə cəsarət etmirdilər. Yer kürəsini uzaqdan seyr etmək kimi müstəsna bir xoşbəxtliyə çatan (hal-hazırda – o dönəmdən on illər ötəndən sonra belə, sayları 500 nəfəri keçməyən) “məxsusi” adamlardan olmaq, əlbəttə, asan başa gəlmirdi! Bütün dünyanın gözü onlarda olduğu halda bu “xoşbəxt”, üstəlik “kosmik” sovet ailəsinin dağılmasına icazə vermək olmazdı!

Ölüm təhlükəsinə baxmayaraq, Marsa getmək istədi

1970-ci illərin ortalarında amerikalıların fəza gəmisi layihəsi üçün qadın kosmonavt hazırlamağa başlaması rusları yenidən hərəkətə gətirdi. Həmişə gözü “yüksəkdə” olan Tereşkova da ümidə qapıldı. O, 1978-ci ildə yenidən tibbi müayinədən keçdi. Bu vəsilə ilə tibbi müayinənin keçirildiyi Hərbi Akademiyanın həkimi Yuri Şapoşnikov ilə tanış oldu və ona aşiq oldu. Bu dəfə məhəbbətdə bəxti gətirsə də, kosmosda uduzmuşdu - Tereşkova tibbi müayinədən uğurla keçə bilməmişdi. Ona demişdilər ki, sadəcə bir dəfə getmək imkanı tapdığı kosmosa bir də heç vaxt gedə bilməyəcək. Əgər kosmosa gedə bilməyəcəksə, deməli, zorla qurduğu ailə həyatını davam etdirməyə də ehtiyac qalmamışdı. Tereşkova 1979-cu ildə Nikolayevdən boşanma işini sürətləndirməyə cəhd göstərdi, ancaq bu iş o qədər də asan deyildi. Bu dəfə də onun şəxsi həyatı partiyanın Baş Katibinin istədiyi kimi olmalıydı. Sovet İttifaqının göz bəbəyinə çevrilmiş cütlüyün boşanmasına Brejnev ancaq 1982-ci ildə icazə verdi. Tereşkova ilə Şapoşnikov 1999-cu ilə qədər xoşbəxt yaşadılar. 1999-cu ildə Tereşkovanın həyat yoldaşı vəfat etdi, rusların milli qəhrəmanı həyat yolunda yenə təkbaşına qaldı. Öz böyük məhəbbətini itirdiyi üçün ürəyi qan ağlasa da, Tereşkovanın bu müddətdə gördüyü yeganə iş “sərt baxışlı, avtoritar və sadiq qəhrəman” imici ilə ölkəsini siyasət səhnəsində təmsil etməkdən ibarət idi. Maraqlı burasıdır ki, o hələ də kosmonavt kimi maaş alırdı. Üstəlik, bir daha kosmosa getmək ümidini də qətiyyən itirməmişdi. Belə ki, Marsa insan göndərmək layihəsi gündəmə gələndə “Geri qayıda bilməsəm də, özümü sınamaq istəyirəm”, - deyərək, Marsa getmək üçün könüllü surətdə müraciət etmişdi!

Uçuşdan sonrakı karyera

Tereşkova kosmosa uçuşu həyata keçirdikdən sonra N.E.Jukovski adına Hərbi Hava Qüvvələri Akademiyasına qəbul oldu və oranı fərqlənmə ilə bitirdi, texniki elmlər namizədi, professor adını aldı, 50-dən artıq elmi tədqiqatın müəllifi oldu.
30 aprel 1969-cu il – 28 aprel 1997-ci il ərzində o, orbital gəmi və stansiyaların 1-ci idarəetməsinin 1-ci bölməsinin kosmonavtlar dəstəsinin təlimatçı-kosmonavtı, kosmonavtlar dəstəsinin 1-ci qrupunun idarə edilən ümumi və xüsusi təyinatlı orbital komplekslər qrupunun təlimatçı-kosmonavt-sınayıcısı kimi fəaliyyət göstərdi.
Tereşkova dəstədə düz 1997-ci ilə qədər qaldı. 30 aprel 1997-ci ildə isə Tereşkova yaş həddi ilə əlaqədar qadın yığmasını tərk etdi. 1997-ci ildən o, Kosmonavtların hazırlığı mərkəzinin baş elmi işçisidir.

Kosmosdan siyasətə

Bir daha kosmosa gedə bilməyən Tereşkova, SSRİ-nin əsas simalarından biri kimi öz ölkəsinə xidmət etdi və müxtəlif siyasi vəzifələrdə işlədi. Sovet dövründə o, siyasətin hər sahəsində aktiv bir şəkildə fəaliyyət göstərdi.
V.Tereşkova: “Partiyanın idealları mənim ürəyimdən idi. Həyatım boyu da bu ideallara uyğun yaşadım. Əslinə qalarsa, bu idealların mənim üçün İncildəki 10 əmrdən fərqi yox idi. Mən heç zaman da bu fikirlərimdən geri çəkilməyəcəyəm” - deyirdi.

1966-cı ildə Dünya Sülh Şurasının üzvü, 1967-ci ildə Yaroslavl Ali Sovetinin üzvü, 1966-1989-cü illər arasında SSRİ Ali Sovetinin deputatı, 1974-1989-cu illər- SSRİ Ali Sovetinin Rəyasət Heyətinin üzvü oldu. 1968-1987-ci illər - Sovet qadınlar komitəsinə rəhbərlik etdi və 1975-ci ildə Meksikada keçirilən BMT Beynəlxalq Qadınlar İli sammitində öz ölkəsini təmsil etdi. 1987-1992-ci illər - Sovet cəmiyyətlərinin xarici ölkələrlə dostluq və mədəni əlaqələri ittifaqının Rəyasət Heyətinin sədri, 1989-1992-ci illər - Sovet cəmiyyətlərinin xarici ölkələrlə dostluq və mədəni əlaqələri ittifaqı və “Vətən” cəmiyyəti adından SSRİ xalq deputatı oldu.

O, SSRİ-nin ən ali mükafatı olan Lenin Ordeni, Sovet İttifaqı Qəhrəmanı adı, BMT Qızıl Sülh mükafatı, Simba Beynəlxalq Qadın Hərəkatı medalı və Jolio-Küri Qızıl medalı ilə təltif edildi.
1962-ci ildə daxil olduğu kosmonavtikadan 1997-ci ildə rəsmən uzaqlaşdı. Rütbəsi general-mayordu.
1992-ci il – Rusiya beynəlxalq əməkdaşlıq asossiasiyası Rəyasət Heyətinin sədri, 1992-1995-ci illər – Rusiya beynəlxalq əməkdaşlıq və inkişaf agentliyinin sədrinin birinci müavini, 1994-2004-cü illər – Rusiya beynəlxalq elmi və mədəni əməkdaşlıq mərkəzinin rəhbəri, 2008-ci ildən – “Vahid Rusiya” Partiyasından Yaroslav Vilayət Dumasının deputatıdır.

O, 1963-cü ildə Lenin Ordeni ilə, 1971-ci ildə Oktyabr İnqilabı Ordeni, 1981-ci ildə Xarici ölkələrin proqressiv ictimaiyyəti və sülhsevər qüvvələri ilə əlaqələri sahəsində uğurlu fəaliyyətinə görə yenidən Lenin Ordeni, 1987-ci ildə İctimai fəallığına görə Qırmızı Əmək Bayrağı Ordeni, Xalqlar Dostluğu Ordeni, 1997-ci ildə Dövlət qarşısında xidmətləri və milli kosmonavtikanın inkişafında xidmətlərinə görə - “Vətən qarşısında xidmətlərinə görə” III dərəcəli orden, 2003-cü ildə Beynəlxalq elmi, mədəni və ictimai əlaqələrin inkişafı və möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Şərəf Ordeni, 2007-ci ildə Milli kosmonavtikanın inkişafını öz xidmətləri ilə zənginləşdirdiyinə görə “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli orden, Rusiya Federasiyası Hökumətinin Fəxri Fərmanı (16 iyun 2008, 12 iyun 2003, 3 mart 1997) – uzun illər məhsuldar ictimai və dövlətçilik fəaliyyətinə görə, kosmik uçuşun həyata keçirilməsinin 45 illiyi münasibətilə idarə olunan kosmonavtikanın inkişafını şəxsi təcrübəsi ilə zənginləşdirdiyinə görə; kosmonavtikanın inkişafında, beynəlxalq elmi, mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə və uzunmüddətli vicdanlı əməyinə görə, 2009-cü ildə 2008-ci il humanitar fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə Rusiya Federasiyası Dövlət mükafatı ilə təltif olunub.

Xarici ölkələrdən aldığı mükafatlar isə heç də yerlilərdən az deyil. I dərəcəli Qrünvald Xaçı (oktyabr 1963, PXR), I dərəcəli Nepal Ordeni (noyabr 1963, Nepal), İndoneziya Respublikası II dərəcəli Ulduz Ordeni (noyabr 1963), “Qızıl Ulduz” ÇSSR Sosialist Əməyi Qəhrəmanı medalı (avqust 1963), “Qızıl Ulduz” BXR Sosialist Əməyi Qəhrəmanı medalı və Georgi Dimitrev Ordeni (9 sentyabr 1963), Karl Marks Ordeni və Bekker medalı (oktyabr 1963, ADR), İtalyan qadınlar birliyinin “Qızıl mimoza” mükafatı (1963), Volta Ordeni (yanvar 1964, Qana), VXR Dövlət Bayrağı Ordeni (aprel 1965),MXR Əmək Qəhrəmanı “Qızıl Soyomb” medalı və Suxe-Bator Ordeni (may 1965, MXR), Maarif Ordeni (avqust 1969, Əfqanıstan), Planet Ordeni (dekabr 1969, İordaniya),“Nil İncisi” Ordeni (yanvar 1971, OAR) , “Qızıl Ulduz” Vyetnam Əmək Qəhrəmanı medalı (oktyabr 1971), O Higens Ordeni və VVS Qızıl Nişanı (mart 1972, Çili), Yuqoslaviya Bayrağı Ordeni (noyabr 1972), Günəş Ordeni ( 1974, Peru), Playa-Hiron və Anna Betanker Ordeni ( 1974, Kuba) , “Silahlandırılmada qardaşlığın möhkəmlənməsi” medalı (1976, BXR), Böyük lent ilə Knyaz Branimiz Ordeni (17 fevral 2003, Xorvatiya) və.s .

Onun aldığı elmi, ictimai və dini təşkilatların mükafatlarının sayı da kifayət qədər çoxdur. SSRI EA-nın K.E.Tsiolkovski adına qızıl medalı, Britaniya planetlərarası xəbərlər cəmiyyətinin “Kosmosun uğurla fəth edilməsinə görə” qızıl medalı (fevral 1964, Böyük Britaniya),“Kosmos” qızıl medalı (FAİ), Astronavtika üzrə Qalamber mükafatı, Jolio-Küri adına ümumdünya qızıl medalı (1964, Fransa), Beynəlxalq aeronavtika və kosmik uçuşlar komitəsinin “Roza vetrov” ordeni, II dərəcəli Böyük Moskva knyaginyası müqəddəs Yevfrosiniya Ordeni (2008).
71 yaşlı Valentina Tereşkova Kaluqa, Yaroslavl (Rusiya), Karaqanda, Baykonur (Qazaxıstan, 1977), Vitebsk (Belorusiya, 1975), Montryo və Dransi (Fransa), Montqomeri (Böyük Britaniya), Polissi-Cenerosa (İtaliya), Darxan (Monqolustan, 1965), Sofiya, Burqas, Petriç, Stara-Zaqora, Plever, Varna (Bolqarıstan, 1963), Bratislava (Slovakiya, 1963) fəxri vətəndaşı adını layiq görülmüş bir əfsanəvi qadındır!

... Və daha nələr

Tereşkovadan ancaq 19 il sonra bir qadın kosmonavt Yerin orbitindən çıxa bildi. Bu fəxri ikincilik Svetlana Savitskayaya nəsib oldu. Tereşkova ilə məşqlərə cəlb olunmuş, yuxarıda adı keçən dörd xanım isə kosmos üzü görmədi. Tereşkovanın uçduğu “Vostok 6” “Vostok” seriyasının son uçuşu oldu.

...İndi Valentina Tereşkova ağ limuzini, yaxasındakı medalları, cangüdənləri, qızı və nəvələri ilə birgə həyatını Moskva yaxınlığındakı villasında davam etdirir.

***

Valentina Tereşkova!

Sistem dəyişib, ölkə dağılıb, yaş ötüb, maraqlar şəkildən-şəklə düşüb, ancaq “yaxşı qız”a olan maraq itməyib (və yəqin itməyəcək də). Artıq onu siyasi-ideoloji məqsəd üçün dünyanın o üzünə göndərən (uçuran) ölkə yoxdur, o isə bir abidə, canlı heykəl kimi ayaqdadır!
O yalnız təmsil etdiyi keçmiş və indiki ölkənin, mənsub olduğu xalqın deyil, bütün dünyanın maraq dairəsində olan qadınlardan biridir!
O bu gün də, sabah da öz dəyişməz “ilk”i ilə, kosmos yolçuluğu ilə qoca tarixdə əbədi yerini təmin etmişdir!
Top