Rozalin Yasmou

Rozalin Yasmou

O, Nobel mükafatı laureatı olmaqla adını TARİXƏ yazdı.
Nobel mükafatın ona “peptid hormonların müəyyən olunması üçün radioimmunoloji metodları inkişaf etdirdiyinə” görə verilib.
O, Hardner fondunun beynəlxalq mükafatı (1971) laureatıdır.
O, Amerika Tibb Assosiasiyasının elmi nailiyyətlərə görə mükafatı (1975) ilə təltif edilib.
O, Nyu-York Elmlər Akademiyasının təbii elmlər sahəsində A.Kressi Morrison mükafatı laureatıdır.
Bu qadın böyük ALİM, ŞƏXSİYYƏT, İNSAN, Amerika biofiziki, (Roje Qiymen və Endryü Viktor ilə birlikdə) Tibb üzrə Nobel mükafatı laureatı (1977) Rozalin Sasmen Yaloudur! (Rosalyn Sussman Yalow)

Hanter kollecini fizika dərəcəsi üzrə bitirən ilk qadın!

Rosalyn Sussman YalowAmerika biofiziki Rozalin Sasmen Yalou 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Simon Sasmen və Klara (Zipper) Yalounun ailəsində anadan olmuşdur. Rozalin ibtidai təhsilini Bronks şəhərinin ümumtəhsil məktəbində almış, sonra isə Velten orta məktəbinə daxil olmuşdur. 1937-ci ildə o, Hanter-kollecə (hazırda Nyu-York Şəhər Universitetinin bir hissəsi) qəbul edilmişdir. Bu, nüvə fizikasının son nailiyyətlərinin ümumi marağa səbəb olduğu vaxtlar idi. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr dərəcəsi aldığı 1941-ci ilin yanvar ayında o, Hanteri fizika dərəcəsi üzrə bitirən ilk qadın oldu!
Bir aydan sonra o, İllinoys universitetinin Mühəndislik kollecinə müəllim qismində dəvət edildi və 400 nəfər tələbə arasında yeganə qadın aspirant oldu!
Bütövlüklə özünü başa çatmaqda olan doktorluq dissertasiyası üzrə tədqiqat işinə həsr edərək, Rozalin Sasmen Yalou radioaktiv maddələrin analizi üçün cihazların montaj edilməsi sahəsində yüksək ixtisasa malik mütəxəssisə çevrildi. Bu metodu sonralar o, tibbi təcrübəyə tətbiq etdi.
1943-cü ildə Rozalin Sasmen Yalou İllinoys universitetində tanış olduğu Aron Yalou ilə ailə həyatı qurur və bu evlilikdən onların bir oğlu və bir qızı dünyaya gəlir.

Nüvə fizikasının nailiyyətləri tibbi təcrübədə

1945-ci ilin yanvar ayında ona İllinoys Universitetinin Mühəndislik kollecində fəlsəfə elmləri doktoru dərəcəsi verilir. Elə həmin il də Rozalin Sasmen Yalou Nyu-Yorka qayıdır, bir müddət tədqiqat laboratoriyasında çalışır, sonra isə Hanter kollecində fizikadan dərs deyir. 1947-ci ildə tibbi fizika üzrə aparıcı mütəxəssis olan doktor Qiyoxino Feylin tövsiyəsi ilə Rozalin Sasmen Yalou Bronksda dövlət veteranlar hospitalındakı radioterapiya şöbəsində konsultant vəzifəsinə təyin olunur. Beləliklə o, ABŞ-da birincilərdən olan radioizotop laboratoriyasının təşkili və avadanlıqla təmin edilməsi fəaliyyətinə başlayır.
1950-ci ildə Rozalin Sasmen Yalou bütün vaxtını Bronks hospitalındakı işinə sərf etməkdən ötrü Hanter kollecindəki müəllimlik vəzifəsindən çıxır.

İki tədqiqatçının birgə eksperimentləri

1950-ci ildə Rozalin Sasmen Yalou Solomon A. Bersonla işləməyə başlayır. Rozalin klinik təbabət, fiziologiya və anatomiya üzrə Bersonun bilgisini, özününsə riyaziyyat və fizika üzrə bilgiləri ilə birləşdirərək 23 il davam edən müştərək elmi eksperimentlər aparmağa başladılar. Onlar qanın həcmini ölçmək, bədən toxumalarında serum zülallarının paylaşmasını tədqiq etmək və qalxanabənzər vəzi xəstəliklərinin diaqnostikası üçün radioizotoplardan istifadə edirdilər. Tezliklə, alimlər şəkər xəstəlikləri ilə maraqlanmağa başladılar. Beləliklə bu xəstəliklərin tədqiqatı zamanı qanın plazmasında və orqanizmin digər toxumalarında müxtəlif maddələrin mövcudluğunun ölçülməsi üçün radioaktiv maddələrdən istifadəni özünə daxil edən radioimmunoloji metod (RİM) işlənib hazırladı.

O vaxtlar insulini əldə etmək tam şəkildə mümkün idi. Rozalin və Berson onu radioaktiv yodla asanlıqla nişanlamağın mümkün olduğunu bilirdilər. Radioaktiv nişanlamanın köməkliyi ilə şəkərli diabet halında insulinin qan damarlarının yolundan (plazmalar) yoxa çıxmasını ölçmək olar, bu vaxt radioaktiv hesablayıcıda radioaktiv insulinin tətbiq edilməsindən sonra müxtəlif vaxt intervallarında alınmış plazma nümunələrinin radioaktivliyi hesablanır. Şəkərli diabet xəstəliyi olan şəxslərdə mədəaltı vəzdən insulinin daxil olması zamanı aşağı düşmüş və mövcud olan istənilən insulinin tez bir zamanda orqanizm tərəfindən sərf edildiyi güman edilirdi. Lakin Rozalin Sasmen Yalou və Berson bu cür xəstələrdə plazmadan insulinin yoxa çıxması sürətinin gözlənilmədən aşağı olduğunu aşkar etdilər. Onlar şəkərli diabet xəstəliyi olan böyüklərdə yad insulin molekuluna qarşı insulini fəallaşdıran və insulinin plazmadan çıxmasını ləngidən anticisimlərin yarandığını fərz edirdilər. Onların öz müşahidələrini dərc etmək cəhdlərinə rədd cavabı verildi; o vaxtlar alimlər hesab edirdilər ki, anticisimlərin yaranmasına sövq edən insulin molekulu olduqca balacadır. Lakin vaxt keçdikcə, Rozalin Sasmen Yalou və Berson tərəfindən əldə edilən nəticələr qəbul edildi.

1959-cu ildə Rozalin Sasmen Yalou və Berson şəkərli diabetin tədqiqatı zamanı RİM-in təsvirini dərc etdilər. O vaxtdan da əvvəllər ölçülmələrinin mümkün olmadığı hormonların kiçik konsentrasiyalarını və orqanizmdə olan digər maddələri ölçmək üçün bu metoddan bütün dünyada istifadə etmişlər. Metoddan, həmçinin donor qanında hepatit virusunun aşkar edilməsi, xərçəngin erkən diaqnostikası üçün orqanizmin mayelərində, yaxud da toxumalarında maddələrin müəyyən edilməsi, toxumalarda və ya plazmada neyrotransmitterlərin (sinapslardakı əsəb impulslarının ötürülməsində iştirak edən maddələr), yaxud hormonların səviyyələrini müəyyən etmək məqsədilə istifadə etmək olar.
Rosalyn Sussman Yalow
Rozalin Sasmen Yalou kiçik boyluluğun səbəbini tapmaq məqsədilə qeyri-adi alçaq boya malik uşaqlarda hormon səviyyəsini ölçmək, şişin inkişafından əvvəlki mərhələlərdə leykoz virusları yollarının izlənməsi məqsədilə, xora xəstəliyi olan xəstələrin aşkar edilməsi və beyində neyromediatorların yeni sinfini - doyma hissinin yaranmasında iştirak edə bilən xolesistokininləri (mədənin dolu olmasının subyektiv hissiyyatı) müəyyənləşdirmək üçün RİM-dən istifadə etmişdir. Rozalin Sasmen Yalou həmçinin RİM-dən infeksion xəstəliklərin kliniki qiymətləndirilməsi üçün istifadənin mümkün olduğunu güman edirdi.
1968-ci ildə Berson Nyu-Yorkun tibb məktəbində tibb şöbəsinin rəhbəri olan zaman Rozalin Sasmen Yalou veteranların dövlət hospitalında Radioizotop xidmətinin direktoru vəzifəsinin icraçısı təyin edildi. Növbəti il o, elə orada radioimmunologiya laboratoriyasının direktoru, 1970-ci ildə isə tibbi izotop xidmətinin direktoru vəzifəsinə təyin olundu.
1972-ci ildə Rozalin Sasmen Yalou veteranların dövlət hospitalında aparıcı tibbi tədqiqatçı işləyir. Elə həmin ildə Bersonun qəfil vəfatından sonra Rozalin veteranların dövlət hospitalında Solomon A.Bersonun yenidən yaradılmış laboratoriyasının rəhbəri oldu. O, 1974-cü ildə əməkdar professor adını aldığı tibb məktəbinin tibb şöbəsində professor-tədqiqatçı qismində çalışır.

“Teleskop səmanı, mikroskop mikroblar aləmini, radioizotop üsulu isə elm və təbabətdə yeni perspektivin açılması imkanını aşkar etmişdir”.

1977-ci ildə Rozalin Sasmen Yalou “peptid hormonların müəyyən olunması üçün radioimmunoloji metodları inkişaf etdirdiyinə görə” fiziologiya və təbabət elmləri üzrə Nobel mükafatı ilə təltif edilir. Nobel mükafatının digər hissəsi isə beyində hormonların öyrənilməsinə görə Roje Qiymen və Endryü Viktor arasında paylanmışdır. Mükafat Bersonun vəfatından sonra verildiyinə görə o, Nobelə təltif oluna bilmədi. Nobel mükafatının təqdimat mərasimində Rozalin Sasmen Yalou demişdir: “ilk teleskop səmanı kəşf etmişdir; ilk mikroskop mikroblar aləmini kəşf etmişdir; RİM-in göstərdiyi kimi radioizotop üsulu isə elm və təbabətdə yeni perspektivin açılması imkanını aşkar etmişdir!”
1979-cu və 1986-cı illərdə Rozalin Sasmen Yalou Yeşiva Universitetində Albert Eynşteyn tibb kollecinin professoru olmuş; eyni vaxtda 1980-ci ildən 1986-cı ilədək o, Montefiore hospitalında və tibb mərkəzində klinik elmlər şöbəsinə rəhbərlik etmişdir. 1986-cı ildə o, tibb məktəbinin professoru olmuşdur. Çoxlu sayda mükafat və fəxri adlar arasında Rozalin Sasmen Yalou Hardner fondunun beynəlxalq mükafatı (1971), Amerika Tibb Assosiasiyasının elmi nailiyyətlərə görə mükafatı (1975), Nyu-York Elmlər Akademiyasının təbii elmlər sahəsində A.Kressi Morrison mükafatı ilə təltif olunmuşdur. Rozalin Sasmen Yalou Radiasiya Tədqiqatları Cəmiyyətinin, Təbabətdə Fiziklər Amerika Assosiasiyasının, Endokrinoloqlar Cəmiyyətinin və Milli Elmlər Akademiyasının üzvüdür
Rozalin Sasmen Yolou kimi insanlar kəşfləri, araşdırmaları, elmi inqilabları ilə bütün sərhədləri aşaraq yalnız məxsus olduqları ailənin, millətin, ölkənin deyil, bəşəriyyətin fəxr edəcəyi, qürur duyacağı, heç zaman unutmayacağı şəxsiyyətə çevrilir! O, adını ədəbi TARİXƏ yazmaqla yanaşı, bu gün də, sabah da milyonlarla insanının qəlbində özünə taxt qurub və quracaq. Onun ELMƏ, Tibb Elminə gətirdiyi yeniliklər dünən də, bu gün də, gələcək də milyonlarla insanın öz sağlamlığına qovuşmasında müstəsna rol oynayıb, oynayır və oynayacaq da... Adını elm tarixinə qızıl hərflərlə yazmış Rozalin Sasmen Yalou əməlləri kimi dünya durduqca xatırlanacaq, hörmətlə yad ediləcək və ixtiraları kimi ölməzlik zirvəsinə ucalacaq!

Müəllif: Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsi
Mənbə: Lent.az

Top