Katerina de Mediçi - məzhəblərarası qətliamların memarı

Katerina de Mediçi - məzhəblərarası qətliamların memarı

Əsrlər boyu çox qadınlar dünyanın axarını özləri bildikləri istiqamətə yönləndirməyə çalışdılar, ancaq bunu onlardan çox azı bacardı.
Bəziləri kimlərinsə nifrətini, bəziləri də təqdirini qazandı. Belə qadınlardan biri də Fransanın kraliçası olmağı bacaran bir italiyalı idi. Ömründə sevmədiyi bir ölkədə kral olan oğlanlarının sayəsində söz sahibi oldu, Avropada ən böyük qətliamlardan birini həyata keçirdi. Siyasi oyunları və məzhəb savaşları ilə qovrulan Fransada onu tanıyanların çoxu bu qadının hərəkətlərindən dəhşətə düşmüşdü. Bu qadın bəzi tarixçilər tərəfindən “qara kraliça“, bəziləri tərəfindən isə “ölüm kraliçası“ adı ilə tanınan Katerina de Mediçi (1519-1589) idi.
Mediçilər XIII-XVII əsrlərdə İtaliyanın qədim şəhərlərindən olan Florensiyanı idarə edən tanınmış sülalələrdən biri idilər. Bu sülalədən üç papa (X Leo, VII Klement və XI Leo), çox sayda Florensiya hökmdarı və Fransa krallığını idarə edən məşhur siyasi xadimlər çıxmışdılar. Eyni zamanda Mediçilərin sırasından İtaliyanın intibah dövründə tanınmış şəxslər çıxmışdı. Amma Mediçilərin arasından çıxan Katerina öz məşhurluğu ilə onların hamısını kölgədə qoymuşdu.

Florensiyada başlayan həyat


Katerina de Mediçi 1519-cu ildə Florensiyada anadan olmuşdu. Atası Urbino Dükü Lorenso, anası Madeline de La Tour de Auvergine idi. Anadan olandan az sonra atası və anasını itirən Katerina onlardan qalan zəngin mirasın yeganə sahibi olur. Florensiyada balaca Katerinanı himayəyə götürməyə yaxın qohumları olmadığından atasının irsən daha uzaq qohumlarından olan kardinal Qulio de Mediçi işə qarışmalı oldu. O, xeyli uzaqlarda yaşamasına baxmayaraq, Florensiyaya gəldi və Katerinanın tərbiyəsi ilə məşğul olmağa başladı. Amma Katerina 8 yaşında olarkən Mediçilərin qaldığı evə ətrafdakı kasıb xalq hücum etdi. Katerina və yaxınlarının qaçaraq xilas olmaqdan başqa çarələri qalmamışdı. Ancaq üsyanın liderləri Katerinanın Florensiyada girov kimi qalmasını onun yaxınlarından tələb etdilər. Katerinanın yaxınlarının bununla razılaşmaqdan başqa çarələri qalmadı. Üsyançılar bununla da gələcəkdə əllərindəki bu girovdan faydalanmaq niyyətində idilər. Girov qızcığaz müxtəlif yerlərdə, o cümlədən monastırda yaşadı və o, kilsədə həmin dövr üçün çox mükəmməl təhsil ala bildi. Bu da ona zəmanəsinin ən yaxşı qadınlarından biri kimi yetişməsinə imkan verdi.
Amma Florensiya üsyanı bir müddət sonra gələcəkdə Papa VII Klement adı ilə tanınacaq Qulio tərəfindən yatırıldı və Katerina bundan sonra Romaya göndərildi. Bu dönəmdə Katerina artıq böyümüş və ərə getmək vaxtı gəlib çatmışdı. Papa VII Klement və Fransa kralı I Fransis Katerinanın kralın böyük oğlu Henri ilə evlənməsi barədə razılığa gəldilər. Bu izdivaca razı olub-olmaması ilə bağlı o dövrdə 14 yaşında olan Katerinanın fikrini belə soruşmadılar. Əslində bu izdivac daha çox siyasi niyyətlər üzərində qurulmuşdu. Saray həyatına uyğunlaşmağa çalışan Katerina gənc olmasına baxmayaraq, ətrafında baş verənləri diqqətlə izləyir və bundan nəticə çıxarmağa çalışırdı. Özünün sözləri ilə desək, o dövrdə Katerina sarayda sarısaçlı, zəif, xoş üzü olmayan, ancaq cəzbedici gözlərə malik incə bir qız idi.

Saraydakıları təsiri altına saldı


Nikah mərasimi üçün Fransaya gələn Katerina tezliklə burada böyük söz sahiblərindən birinə çevriləcəkdi. O, saraya girər-girməz monarxiyanı necə təsiri altında saxlamaq barədə düşünməyə başladı. Qısaboylu və zəifbədənli olmasına baxmayaraq, sarayda çevik fəaliyyət göstərməyə başladı. Tabeliyində olan adamların tövsiyəsi ilə o dövr üçün qeyri-adi görünən hündürdaban ayaqqabı geyindi. Yüksək topuqlar üzərində sallana-sallana hərəkət etməsi ilə ətrafındakıların diqqətini özünə cəlb etmişdi və beləliklə, o, sarayda seçilən qadın olmaq niyyətinə çatmışdı. Sarayda artıq hamı ondan, bu qızğıntəbiətli italiyalı qadından danışırdı.
Mediçi KaterinHenri ilə ailə həyatı qurandan sonra Katerina Fransanı gəzməyə çıxdı və o, ölkənin, demək olar ki, bütün yerlərində oldu. Bu səyahəti zamanı onu heç kim müşayiət etmirdi. Çünki o, Fransa sarayı üçün yad olan bir italiyalı qadın idi. Fransa kralı I Fransisin ən böyük oğlu Daufin 1536-cı ildə öldü və Henri onun yerinə taxta çıxdı. Amma Henrinin taxta çıxması Fransanın hər yerində etirazlarla qarşılandı. Bunun da səbəbi Henrinin həyat yoldaşının italiyalı olması idi. Ona görə də hamı Katerinanın sarayda hansısa ciddi yanlışlığa yol verməsini və buna görə də onun saraydan qovulacağını gözləyirdi. Onların fikrincə, Katerina taxt-taca varis olacaq uşaq doğmamalı və mümkün qədər saraydan tez qovulmalı idi. Ancaq evliliklərinin 10-cu ilində Katerinanın uşağı olmadı. Lakin Katerina bunun ardınca 1543-1555-ci illərdə üçü körpə ikən ölən 10 uşaq doğdu. Oğullarından Fransis, Karl və Henri sonralar Fransa taxtına çıxacaqdılar. Katerinanın qayınatası I Fransis 1547-ci ildə öldü. Bundan sonra onun əri Henri II Henri adı altında Fransa kralı kimi ölkəni idarə etməyə başladı. Qayınatasının ölümündən sonra sarayda əsas söz sahibinə çevrilən Katerina ölkənin kraliçası olmuşdu. Bu da Fransada kralın əleyhinə olan narazılıqların daha da artmasına səbəb oldu. Amma Katerinanın ürəyini sıxan yalnız fransızların onu sevməməsi deyildi. Həm də o vaxt kral II Henri saraydakı Diane de Poitiers adlı qadını sevməyə və vaxtının çoxunu onunla keçirməyə başlamışdı. Bu da Diane de Poitiersə zəifiradəli Henrini təsiri altına salmağa və sarayda özünü əsl kraliça kimi aparmasına gətirib çıxarmışdı. Bu durum Katerinanın yuxusunu qaçırmışdı, amma o, hisslərini gizlədərək bunu açıq şəkildə büruzə vermirdi. Ərinin krallığı illərində Katerina kölgədə qalmaqda davam etdi. O, sadəcə olaraq, səbirlə taxt-tacın övladlarından birinin əlinə keçəcəyi günü gözləyirdi. 1559-cu ildə kral II Henri vəfat etdi. Yerinə onun oğlu II Fransis keçdi. Bununla da Fransa taxtında Katerinanın ağalığı dövrü başladı. Hələ uşaq ikən taxta çıxarılan II Fransis xəstə və zəif idi. Ona görə də sarayda narazı qüvvələr baş qaldırdı. Onlar ölkədə çevriliş etmək və onlara sərfəli olan birini hakimiyyətə gətirmək istəyirdilər. Lakin sui-qəsd və saray çevrilişi etmək istəyənlər Katerina amilini nəzərdən qaçırmışdılar...

Fransanın cilovunu ələ alan italiyalı


Fransa taxtında II Fransisin hökmranlığı çox qısa sürdü. O, gənc ikən öldü və onun yerinə 10 yaşlı qardaşı IX Karl çıxdı. Təbii ki, o, bu yaşda ölkəni idarə edə bilməzdi və faktiki olaraq ölkənin idarə edilməsi Katerinanın əlinə keçdi. Katerina, ilk növbədə, özü üçün təhlükə mənbəyi hesab etdiyi Quize xanədanının ölkənin idarə edilməsindəki təsirini azaltmağa başladı. Eyni zamanda əsas hədəfini fransalı sərkərdələrdən Qaspard de Kolicnin rəhbərlik etdiyi protestant huqonatlara yönəltdi. Roma katoliki olmasına baxmayaraq, Katerina 1562-ci idə başlanan qanlı daxili savaşlarda protestant huqonatlara da yardım edirdi. Lakin 1572-ci ildə taxtda olan oğlu Kral IX Karl üzərində huqonatların təsirinin artdığını görüncə, dərhal onlara qarşı hərəkətə keçdi. O, ilk növbədə protestantların lideri Qaspard de Kolicnini zəhərlədərək aradan götürdü. Onun öldürülməsi ilə protestantlar üsyan qaldırdılar. Katerina dərhal ordunu üsyan qaldıran protestantların üzərinə yeritdi və tarixə “Varfolemey gecəsi“ kimi düşən dəhşətli bir qətliamı həyata keçirdi. Nəticədə, bir gecədə 50 min protestant qılıncdan keçirildi. Amma bu qətliam Fransada məzhəb savaşını daha da körüklədi və ölkə qanlara qərq oldu.

Evlilikdən bir silah kimi istifadə etdi


Oğullarından heç birinin Fransanın layiqli kralı olmadığını başa düşən Katerina qızlarından özünün uzun müddət hakimiyyətdə qalması üçün istifadə etməyə başladı. O, qızı Yelizaveti İspaniyanın katolik kralı II Filipə, digər qızı Marqareti isə sonralar Fransa taxtına çıxacaq Navarra kralı, məzhəbcə protestant olan IV Henriyə ərə verdi. Katerina katolikliyi qəbul edəcəyi halda, IV Henridən güclü bir Fransa kralı olacağı qənaətində idi. O, zənnində yanılmamışdı. Henri taxta çıxdıqda katolikliyi qəbul etdi və 30 il ərzində ölkəni ləyaqətlə idarə etdi. Onun taxta çıxması ilə Fransada məzhəblərarası savaş aradan qaldırıldı. Katerinanın göstərişi ilə IV Henri Fransada monarxiyanı gücləndirdi və ölkədə avtoritar rejim möhkəmləndi. Katerina isə tarixə monarxiyanın memarı kimi düşdü. Katerina ömrünü Fransanın çiçəklənməsi və ölkədə monarxiyanın daha da güclənməsinə həsr etdi və məzhəb savaşlarını aradan qaldırdı. Yenə də o, nəvələrini Avropanın tanınmış sülalələrinin övladları ilə evləndirərək, ölkənin sabit inkişafını təmin etdi. Onun ən böyük səhvi məzhəb savaşlarını başlatması, eyni zamanda ən böyük xidməti də sonralar onlar arasında olan düşmənçiliyi aradan qaldırması oldu.
Mənbə: Zaman qəzeti
Top