Qədim Romanın ilk modabazı və kurtizankası
İmperiya Roması Avropa mədəni ənənəsində böyük dövlət, hərbi güclə yanaşı, mənasız dəbdəbə, cah-cəlal və açıq mənəvi pozğunluq simvoluna çevrilib. Boşuna deyil.
İmperiya böyüdükcə oraya kütləvi şəkildə başqa ölkələrdən qullar, qızıl-gümüş axmaqla yanaşı, yeni ideyalar, düşüncələr, adət-ənənələr, məişət normaları da gəlirdi. Siseron yazırdı ki, romalılar yunanları silah gücünə yendilər, yunanlarsa onları öz mədəniyyətləri ilə məğlub etdilər. Amma mədəniyyətlə yanaşı, buraya Yunanıstandan bu cəmiyyətin əxlaqsızlığı da gəlirdi.
Bunacan Roma patriarxallığın və nəfsini qorumağın simvolu idi. Camaat içinə çıxanda Roma qadınları hicab örtərdi. Hətta belə bir hadisə də olub: arvadını öz qızının gözü qabağında öpdüyünə görə Senat bir senatora cəza verib. Minilliyin qovuşuğunda isə Roma cəmiyyətinin əxlaqı heyrət doğurucu dərəcədə çökürdü. Cəmiyyətin həyatında pulun rolu həddən artıq artmışdı. Bircə fakt: e.ə.1-ci əsr Romasının ən əxlaqlı adamlarından, respublikaçılıq ənənələrinin sütunlarından biri olan Kiçik Katon öz arvadı ilə boşanıb onu Hortenzi adlı varlı birisinə vermişdi… Hortenzi ölən kimi arvadı ilə yenidən evlənib onun əmlakına sahib olmuşdu. Pul qazanmağın yolu patrislərin imperatora yaxınlığından asılı idi. Birinci adama yaxın olmaq uğrunda amansız və qəddarlıqlarla dolu qaydasız mübarizə gedirdi. Zadəganların əxlaqi çöküşü görünməmiş hal almışdı. Yunanların gözəllik və şəhvani məhəbbət kultu xüsusən populyarlıq qazanırdı. Mənəviyyatın pozulmasına, hər zaman olduğu kimi, imperatorlar rəvac verirdilər. Əsrlərlə davam edən fəlsəfi söhbətlər orgiya – vakxanaliya ilə bitirdi.
Gələk Messalinaya. Neçə əsrdir ərinə müdam xəyanət etməkdə misli-bərabəri olmayan qəddar və hiyləgər qadınları Messalina ilə müqayisə ediblər. O, bütün dövrlərin qadınları arasında reytinq cədvəlində getera Frinadan sonra ikinci yerdə dayanır. Messalina bizim eranın 20-ci ilində konsul Mark Valeri Messalanın ailəsində doğulub. Patrisilərdəki adət üzrə atasının adına uyğun olaraq qıza Valeriya adı veriblər. Aildədə bir neçə qız olanda o vaxt nömrələyərdilər: birinci, ikinci, üçüncü… Valeriyanın nömrəsi yoxdur. Ona görə düşünülür ki, yeganə övlad olub. Uşaqlığından məharətlə rənglənmiş gözlər, ənlik çəkilmiş yanaqlar və üst-başına kəskin müşk ətri səpib kişiləri yoldan çıxarmaq haqda ədəbsiz əhvalatlar dinləyib, çeşidli yollar öyrənib. On dörd yaşı olanda onu imperatorun əmisi, əlli yaşlı Klavdiyə ərə veriblər. Deyirlər, qızın rəyini soruşmayıblar, yoxsa bəlkə də, bu keçəl və axsaq qocaya ərə getməzmiş. İmperator olana qədər Klavdinin çox xoşagəlməz imici vardı. Onun hərəkətləri haqda Romada əfsanələr dolaşırdı. Kiminsə çox axmaq olduğunu bildirəndə, «O, Klavdidən də axmaqdır» deyərdilər. İmperator Kaliqulanın – bacısı oğlunun sarayında Klavdi təlxək kimi bir şey idi. Ona sümük, iylənmiş alma atar, oynamağa məcbur edər, yorulub bir küncdə yatanda təpiklə oyadar, qonaqların yanına aparardılar. Deyirlər ki, əslində Klavdi o qədər də axmaq olmayıb. Özünü gicliyə vururmuş. Belə daha təhlükəsiz olduğu üçün. Uzun illər imperatorun və onun sevimlilərinin kobud zarafatını təbəssümlə qarşılayırdı. O, sonsuz narazılığını içinə toplayırdı. İmperator olması da qəribə olub. Kaliqula öldürüləndə qaçıb pərdənin arxasında gizlənibmiş. Pretorianlar aparıb onu imperator elan ediblər.
Kaliqula öldürüləndən sonra Klavdinin, eləcə də Messalinanın imperatorluğu başladı. Klavdi iki dəfə evlənib boşanmışdı. Çünki hər iki qadın onu açıqcasına saymırmış. Amma Messalina ona imperator olandan əvvəl də nəvazişlə yanaşırdı. Həmişə şən olardı. Arada narazılıq olanda könlünü almaq üçün min bir oyundan çıxardı.
Evlənəndən bir il sonra Messalina bir qız, iki il sonra isə oğul doğdu. Bu iki uşağın arasında isə görünməmiş hadisə baş verdi: «təlxək» imperator oldu. Hər nə isə… Hüdudsuz hakimiyyət imperatorun cavan arvadını çox tez pozdu. O, şıltaq uşaq kimi xoşuna gələn hər şeyi əldə etməyə çalışır, yolundakı əngəllərin hamısını süpürüb atırdı.
Tasit Messalinanın qohumu Valeri Aziatik haqqında maraqlı bir əhvalat nəql edir. Romada Valerinin çox gözəl bir parkı varmış. Messalina onu almaq istəyib. Amma Aziatik bağı satmaq istəməyib. Belə olanda Messalina onu sui-qəsddə günahlandırıb. Valerini Klavdinin yanına çağırıblar. Özünə çox arxayın olan Aziatik Messalinanın ittihamının daşını daş üstə qoymur. Klavdini inandırır ki, belə bir şey yoxdu. Bu zaman Messalina göz yaşı içində özünü təcrübəli intriqan Narsissə çatdırır: «Nəsə bir şey etmək lazımdır. O, xilas olur». Birlikdə iradəsiz Klavdini inandırıb Aziatikin edamı haqda qərar verdirirlər. Klavdi lütf olaraq Valeriyə icazə verir ki, evə qayıdıb venasını özü kəssin. Deyilənə görə, imperatora və Messalinaya nifrət yağdırandan sonra Aziatik bəduğur bağına qayıdır. Məğrur romalı venasını kəsməzdən öncə parkda tonqal üçün yer hazırladır. Və bu yeri elə seçir ki, alov sevimli ağaclarını zədələməsin. Böyük ziyafət düzənləyir, konsert təşkil edir. Hamamda çimir, idmanla məşğul olur, dostları ilə doyunca söhbət edir. Həkim isə onun venasını kəsir, sonra bağlayırdı. Beləcə o, canını sevimli bağında bağışladı.
Dövlət işlərindən başını qaşımağa vaxtı olmayan Klavdi Messalinanın şəhvani iştahasını təmin edə bilməzdi. Messalina öz ehtiraslarını təmin etmək işinə saray əyanlarından başladı. Yırtıcı bir quş kimi ordakı gözəgəlimli kişiləri bir-bir yoldan çıxarırdı. Beləliklə, bundan əvvəl imperator Kaliqula sarayı fahişəxanaya çevirmişdisə, indi imperatriça Messalina bunu edirdi.
Sarayda Messalina gözü tutan kişiləri bir-bir ələ keçirirdi. Özünə, ailəsinə, imperatora hörmət edən ciddi kişilər də iki od arasında qalmışdılar: onlar ya Messalinanın istəklərinə ram olmalıydılar, ya da onları dövləti cinayətdə ittiham olunmaq gözləyirdi. Messalina onları bağışlamırdı. Amma Mnester adlı saray aktyoru Messalinaya təslim olmaq istəmir. Belə olanda Messalina ərinə şikayət edir. Klavdi Mnesterdən tələb edir ki, Messalinanın xətrinə dəyən heç bir hərəkətə yol verməsin. Onun bütün arzularını yerinə yetirsin. Mnestr məmnuniyyətlə razı ola bilərdi.
Messalina başqa bir əyan oynaşı üçün Klavdidən digər bir imtiyaz aldı: həmin kişi imperatorun hüzurunda Messalinanın corablarını çıxara bilərdi. Bunu imperatriçanın yarıgizli eksgibisionizmə düçar olmasının əlaməti hesab edirlər. Messalina bər-bəzəyə maniakal ehtirası ilə seçilirdi. O, sarayda başdan-ayağa mirvari ilə süslənmiş şəkildə gəzərdi. Bu zaman əynində başqa heç bir paltar olmazdı. Bu da ona azlıq edərdi. Gecələr yava qadınların yığışdığı Subura rayonuna gedər, getera Liziska adı ilə zövq almaq istəyənlərin hamısına xidmət göstərərmiş. Təbii ki, həm də başqa paltarda və sarı parik geyinib – romalılar sarışın qızları çox sevirdilər. Aldığı beş-üç mis sikkəni ya qoltuğunun altına, ya da ağzına qoyub evə qayıdardı. Onu fahişə bilirdilər – zövq alırdı. İstəsələr, döyə də bilərdilər – zövq alırdı. Onun üçün tər və soğan qoxuyan erkəklər növbəyə dayanırdılar – zövq alırdı. O dövrün məşhur satirik şairi Yuvenal bu barədə belə yazır:
Bir bu özünü Allahlara tay tutanlara bax,
Eşit, gör Klavdinin başına nə gəldi:
O yuxuya gedən kimi arvadı saraydakı lojanı adi döşənəcəyə dəyişir,
Yalnız bir cüt kapüşonlu gecə plaşı götürüb
yalnız bir qulluqçusu ilə yatmış ərindən qaçır.
Qara saçlarını sarışın parik altında gizlədib
Boş daxmaya girir.
Gələnlərə nəvaziş göstərir,
Əvəzində isə ödəniş istəyirdi.
Nəhayət, hansısa balıqçı və ya matros onunla olan qadının getera yox, imperator arvadı olduğunu bilərdi. Ağıllılar susurdu. Danışanlar isə yoxa çıxırdı.
Messalina öz quduz ehtiraslarına uymaqla qalmır, sanki qəsdən ənənəvi Roma dəyərləri və məziyyətlərinə müharibə elan edirdi. O, bu dəyərlərə istehza ilə yanaşırdı. Nəhayət, Messalina Suburadakı əyləncələri saraya transfer edir. Sarayın özünə aid hissəsində orgiyalar təşkil edir, ana və qızları, ata və oğulları bura toplayır… Bir sözlə, o, Kaliqulanın təcrübəsini davam və yaradıcılıqla inkişaf etdirir. Bir sıra hallarda Messalina haqdakı əhvalatlar Semiramida və Kleopatra kimi pozğun çariçalar haqda olanları təkrarlayır. Tarixçilərin bəzisi yazır ki, onda nimfomaniya olub: ehtirasın doymaz hala gəlməsi xəstəliyi.
Deyirlər, həqiqi sevdiyi zamanlar da olub. Bunlardan biri saraydakı gənc zadəgan Qay Sili olub. Qay özünün gənc arvadını səmimiyyətlə sevirdi. Ona dəlicəsinə aşiq olan Messalina Silini boşatdırıb özü ona ərə gedir. Yazırlar ki, Sili onun təklifini qəbul etməyə məcbur olub. Çünki rədd cavabı onun ölümü ilə nəticələnə bilərdi. Amma zinakar əlaqələri gizli qalsa, xilas olmaq şansı vardı. Messalinanın hərəkətləri heç bir əndazəyə sığmırdı. Əvvəlcə hamının gözü qabağında Silinin evinə gedən imperatriça sonra imperatordan rəsmi şəkildə boşanmadan ona ərə getdi. Tarixçi Tasit bu barədə yazır: «Bilirəm ki, bütün bunlar nağıl kimi görünəcək. Hamının bir-birini tanıdığı, aşkar və gizlinlərini bildiyi bir şəhərdə imperatorun arvadı şahidlərin iştirakı ilə toy məclisi keçirib təntənəli şəkildə ərə gedib. Amma bunlar mənim uydurmam deyil, qocaların gördüyünü və yazdığını yazıram». Deyilənə görə, Klavdi Ostiy şəhərinə qurban kəsməyə gedəndə Messalina özünə toy edib. Nikaha girənlər hamının gözü önündə sədaqət andı içiblər. Sonra hay-küylü ziyafət başlayıb. Ziyafətdə Sili və Messalina yan-yana uzanıb. Camaatın gözü qabağında utanmadan bir-birinə nəvaziş göstərməyə başlayıblar. Bundan sonra zifaf yatağı qurulan çadıra gediblər. Bu, artıq son hədd idi.
Bu vaxt çaparlar imperatora onun arvadının analoqu olmayan ədəbsizliyi barədə xəbər çatdırmağa gedirdilər. Bu sözləri eşidəndə Klavdi qəzəblənib. Çünki söhbət təkcə xəyanətdən yox, həm də dövlət çevrilişindən gedirdi. O düşünürdü ki, toy planını Sili düşünüb, məqsədi isə imperator olmaqdı. Hesab olunur ki, bu planın arxasında Narsiss, Kallist, Pallant üçlüyü durub. Amma ehtimal ki, Narsissin bu işdə əli olmayıb. Çünki o, Messalina ilə dalaşmışdı. Klavdinin aradan götürülməsi onun da sonu demək idi. Ona görə toy olan kimi Ostiyə çapıb hər şeyi detalları ilə Klavdiyə danışıb. Klavdini yaxşı tanıdığından özü ilə bir dəstə senator da aparıbmış. Onlar hamısı Messalinanın hərəkətlərindən hiddətlənmiş şəxslər olub və yekdilliklə namərd və pozğun qadının cəzalanmasını tələb ediblər. Klvavdinin özü qayıtmamış bir dəstə atlı keşikçi uğursuz toyun iştirakçılarını həbs etməyə çapırdı. Toyun üstündən bir gün keçmiş qonaqlar və Sili həbs olundu.
Hər şey bitmişdi. Messalina uşaqlarını da götürüb Romanın şəhər darvazasının qabağına çıxır. Əyninə çox sadə, bər-bəzəksiz paltar geyinibmiş. Bununla Klavdinin qəlbində rəhm hissi yaratmaq istəyir. Bəlkə, baş tutardı, amma işə Narsiss qarışır. Messalinanın son həyasızlığı haqda xəbər hər tərəfə yayılmışdı. Kütlə Messalinaya iylənmiş meyvələr atmağa başlayır. Ordan keçən imperator vəziyyəti görür və qalmaqala qarışmayıb ötüb keçir. Narsiss isə Klavdi yumşalmasın deyə onu Qay Silinin evinə aparır. Orada saraydan aparılan mebeli göstərir. Klavdinin Messalinaya verdiyi hədiyyələr də burda idi. Pretorian qvardiyasının komandirləri imperatorun əmlakını oğurlayanların cəzalanmasını tələb edir. Onların tələbini gözardı etmək təhlükəli idi. Klavdi bu işi Narsissə tapşırır. Döyüşçülər Messalinanı tapıb qılıncla parçalayırlar. Onlarla saray əyanı Messalinanın oynaşı elan olunub edam edilir. «Mən imperatorun əmrini yerinə yetirmişəm» deyən Mnestr də bəraət ala bilmir.
Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazıMənbə: Bizim Yol qəzeti