Futbol və karnavallar, cəngəlliklər və çimərliklər, qəhvə, şəkər, seriallar, yoxsulluq və zənginlik: bunların hamısı Cənubi Amerikanın ən böyük dövləti Braziliyada cəmləşib. Onun hər bir regionu geniş olmaqla bərabər, həm də özünəməxsusdur. Braziliya sahəsinə görə Rusiya, Kanada, Çin və ABŞ-dan sonra dünyanın beşinci ölkəsidir. Ölkə, sakinlərinin sayına görə də beşincidir. Bu dövlət beş əsr ərzində yaranıb.
Braziliyaya ilk köçənlər iki portuqaliyalı katorqaçı olub. Tezliklə koloniya genişlənməyə başlayıb. Braziliyanın aborigen əhalisi olan hindilər torpaqlarının qəsb edilməsinə qarşı mübarizə aparıblar. Amma qüvvələr nisbəti onların xeyrinə olmayıb. Min hindi tayfasından təqribən 200-ü qalıb.
Afrika qitəsinin sakinləri də Braziliya torpaqlarında məskunlaşıblar. Onları qul kimi işlətmək üçün portuqaliyalılar gətiriblər: 3,5 milyon afrikalı zorla Braziliyaya köçürülüb. İndiki braziliyalılar afrikalıların, hindilərin, italyanların, ispanların, almanların və hətta Rusiyadan olan mühacirlərin nəsilləridir. Portuqaliya bu ölkənin mədəniyyətinə böyük təsir göstərib. Braziliyanın rəsmi və az qala yeganə danışıq dili portuqal dilidir. Braziliyalıların böyük əksəriyyəti dini etiqadına görə katolikdir. Buna görə də Braziliya dünyada katolik məzhəbinə etiqad edən əhalinin ən çox yaşadığı ölkədir.
Braziliyalıların problemləridə az deyil. Amma onlar mehriban və şən xasiyyətləri ilə şöhrət qazanıblar. Braziliyalılar heç vaxt ruhdan düşmür və özlərinin “Qayda-qanun və tərəqqi” şüarını həyata keçirməyə çalışırlar.
Braziliyada ilboyu isti hava hökm sürür. Ölkənin üçdə bir hissəsi Amazon ovalığının ekvatorial meşələri ilə örtülüb. Amazon çayı boyunca uzanan meşələr təkcə Braziliyada deyil, bütün Yer kürəsində unikal yerdir. Burada 4 mindən çox ağac növü bitir, çoxsaylı heyvanların, ən çox da meymunların məskənidir. Dünyanın heç bir başqa ölkəsində bu qədər çeşiddə primat yoxdur. Braziliya şirin suda yaşayan balıqlarla da zəngindir.
Burada 3 min belə balıq novü var. Şimal-şərqə doğru irəlilədikcə Amazon cəngəlliklərini seyrək meşələr əvəzləyir. Burada kolluqlar, kaktuslar və südləyənlər bitir. Bu savannanı “Kampos serrados” və ya “Qaraqabaq çöl” adlandırırlar. Serradonun flora və faunası digər savannalardan xeyli zəngindir.
Savannadan şərqdə və cənubda Atlantik meşəsi uzanır. Bu bölgə ağacların kəsilməsindən Amazon meşələrinə nisbətən daha çox əziyyət çəkib. Buradakı fauna nümayəndələrinin – şirəbənzər uzunquyruq meymunların, ərincəklərin (meymun növü), bir çox nadir quşların, habelə bitkilərin nəsli və kökü kəsilmək üzrədir. Münbit Braziliya torpaqlarında şəkər qamışı, soya, kakao, qəhvə, portağal bitir.
Ölkə neft və bir çox başqa faydalı qazıntılarla zəngindir. Salvador, Rio-de-Janeyro və Brazilia ölkənin üç əsas şəhəri sayılır. Salvador (yaxud Baiya) Braziliyanın ilk tarixi paytaxtıdır. Şəhərin tam adı San-Salvador-da-Baiya-di-Todus-us-Santusdur. İçərisində qullar olan gəmilər bura yan alırmış. Salvador indi də Braziliyanın “Afrika qəlbi” sayılır. Salvador sakinləri Afrikanın Orişa ruhlarına etiqad edir və Braziliyanın milli Kapoeyra döyüş sənəti ilə məşğul olurlar.
Bayramlar şəhəri olan Rio-de-Janeyro ölkənin ikinci paytaxtıdır. Məşhur Braziliya karnavalı bu şəhərdə keçirilir. Dünyanın hər yerindən turistlər Rio çimərliklərinə can atır. Dünyanın yeni möcüzələrindən biri və Braziliyanın rəmzi Xilaskar İsa heykəli də Rio-de-Janeyrodadır. Qeyd edək ki, 2016-cı il Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək.
Hazırda ölkənin rəsmi paytaxtı Brazilia şəhəridir. Mərkəzdə yerləşən supermüasir şəhər üç il ərzində ucaldılıb və yuxarıdan təyyarəni xatırladır.
Braziliyanın və bütün Cənub yarımkürəsinin ən iri şəhəri heç vaxt bu ölkənin paytaxtı olmayıb. Bu San-Paulu şəhəridir. Braziliyanın müstəqilliyi bu şəhərdə elan edilib. O, elə böyükdür ki, yerli sakinlər tıxaclarda vaxt itirməmək üçün çox vaxt vertolyotlardan istifadə edirlər. San-Paulu Braziliyanın sənaye mərkəzidir. Aviasiya sənayesi onun qürur mənbəyidir.
azertag.az