Asiyada, Taylandın şimal-şərqində, Vyetnamın qərbində yerləşən Laos bir dövlət kimi öz tarixinə XIV əsrdən başlayıb. Ölkənin dənizə çıxışı yoxdur, amma tarixi və mədəniyyəti olduqca fərqli, zəngin və maraqlıdır. Yəni istirahət etmək üçün heç də dənizi önəmli saymayan kəslər bu ölkəni seçə bilərlər.
Mətbəxi
Bir çox ölkələrdə olduğu kimi, Laosun da mətbəxinə qonşu Taylandın, Kambocanın, Çinin və Vyetnamın təsiri danılmazdır. Bu ölkənin yeməklərində duz və ədviyyatlardan daha çox, müxtəlif tərkibli souslardan istifadə edilir, göyərti və tərəvəzlərdən yeyilir, lakin ət və balıq məhsullarına bir o qədər də tələbat yoxdur.
Əgər Siz Laosa getmisizsə, onda əsl pəhriz saxlamağın vaxtıdır. Çünki burada düyü, tərəvəz, göyərti kimi az kalorili ərzaqlardan hazırlanan yeməklərə üstünlük verilir. Yalnız bayram menyusunda yumurta, quş, mal ətindən hazırlanmış yeməklərə rast gələ bilərsiniz.
Ölkədə ən məşhur içki meyvə şirələridir. Eyni zamanda Laosda hər il 20 min ton qəhvə istehsal edirlər. Bura qəhvə istehsalına görə, cənub-şərqi Asiya ölkələri arasında aparıcı yer tutur.
Laoslular qara çayla müqayisədə daha çox yaşıl çay içirlər. Ölkənin istehsal etdiyi «Laonun» adlı yerli pivəsi kifayət qədər yaxşı dada malikdir və qiyməti çox ucuzdur.
formaggio.az