Norveç – çox bahalı ölkədir. Yerli supermarketlərdə 200 yevro ilə mühüm bir şey almaq mümkün deyil. Burda xidmətlər (tikinti, taksi) hədsiz bahadır. Benzinin 1 litri 2 dollardır. Avtonəqliyyat vergiləri də kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan “Statoil” və “Shell” kimi nəhəng şirkətlər Norveç mənşəlidirlər. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli internet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir. Digər avropalılarla müqayisədə norveçliləri mini-oliqarx hesab etmək olar. Norveçdə orta əməkhaqqı 5-7 min yevrodur. Ona görə də norveçlilər üçün yerli qiymətlər normal olsa da gəlmələr üçün uyğun deyil.
Butan. Butanda siqaret çəkənlərə qarşı kəskin mübarizə tədbirləri həyata keçirilir. 2004-cü ildən etibarən burada tütün məmulatlarının satışı və onlardan istifadə qadağan olunub. Siqaret çəkmək istəyənlər isə 175 avro dəyərində cərimə ödəməlidirlər. Ölkədə olan tütün məmulatlarının ölkədən ixracına icazə verilmir. Bu qaydalar əcnəbilərə, siyasətçilərə və beynəlxalq təşkilatların nümayəndələrinə aid edilmir. Lakin bu o demək deyil ki, onlar qaydaları poza bilərlər. Tütün məmulatlarının satışına görə həmin şəxsləri də cərimə gözləyir.
İtaliyanın adı “buzovlar ölkəsi” mənasını verən “italia” sözündən götürülüb. Əvvəllər buzov cənubi İtaliya tayfalarının rəmzi sayılırdı. İtaliyada hər kvadrat kilometr əraziyə bir sənət əsəri düşür. Bu göstərici dünyanın başqa heç bir ölkəsində müşahidə olunmur. “İtaliya canavarı” adlandırılan canavar növü bu ölkədə simvolik məna daşıyır. Xüsusi ilə Romanın əsasının qoyulması ilə bağlı əfsanələrdə bu heyvanın adı çəkilir.
Vatikan. 1983-cü ildə Vatikanda bir dənə də olsun doğum hadisəsi müşahidə olunmamışdır.
Böyük Britaniya. Böyük Britaniyada icmalar palatasına ölkə başçısının – Kraliçanın girişi qadağandır. Kraliça İcmalar palatasının üzvləri sırasına daxil deyil.
Venesuela. Əksər hallarda dünya gözəllik müsabiqələrində birincilik qazandıqları üçün Venesuela xanımları dünyanın ən gözəl xanımları hesab olunur.
Misir. Ölkə ərazisindən axan Nil çayı tarix boyu iki dəfə — IX və XI əsrlərdə donub.
İslandiya. İslandiyanın paytaxtı Reykyavik dünyanın ən şimalda yerləşən paytaxtıdır.
Kosta-Rika. 1948-ci ildə ölkədə 44 gün davam edən vətəndaş müharibəsi olub. Bu hadisədən sonra ölkə hərbi qüvvəsini tamamilə ləğv edib və heç bir hərbi münaqişədə iştirak etməmək qərarı verib.
Yazar: Günel Əsgərzadə
Mənbə: Kulis.az