Finlandiya

Finlandiya

Finlandiya şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Finlandiyanın bayragıÖlkənin paytaxtı Helsinki, həmçinin Tampere, Turku, Oulu Kuopio və Porvoo turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdir. Bu ölkəyə turistlər ən çox yayda gəlirlər. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır. Finlandiyada turistlərin ən sevimli yerlərindən biri də Qütb dairəsi yaxınlığında yerləşən Aavasaks dağıdır. Laplandiyada qış turizmi geniş yayılıb. Ona görə də qısa qış tətillərində Avropanın hər yerindən on minlərlə turist Finlandiyaya axışır.

Finlandiya Avropanın ən mədəni və inkişaf etmiş ölkələrindən biri hesab edilir. Uzun illər isveçlilərin və rusların əsarəti altında olmalarına baxmayaraq, finlər milli, irsi və genetik xüsusiyyətlərini qoruyub saxlaya biliblər. Bu da, ilk növbədə, onların çox istiqanlı, səmimi, açıqürəkli və olduqca sadə olmalarında özünü büruzə verir. Məşhur səyahətçi Tur Heyerdal finlərin belə olmalarını onların türk xalqları ilə qohumluqları ilə əlaqələndirir. O yazır: “Finlər türklərlə qohum kökdən qaynaqlanan fin-uqor ailəsinə mənsubdurlar. Tarix boyu türklərin fin-uqorlar üzərində böyük təsiri olmuş, onlarla qız alıb-vermiş, qaynayıb-qarışmışlar. Digər Skandinaviya ölkələri ilə müqayisədə qədim türklərin izlərinə Finlandiyada daha çox gələ bilərsiniz”.

Finlər özlərinə suomi deyirlər. “Suomi” sözü fin dilində “şən, nəğməkar xalq” mənası verir. Finlər həqiqətən də şən, hər şeyi ürəklərinə salmayan, özlərinə dərd eləməyən xalqdır. Ona görə də səyyahların da birinin dediyi kimi, finlərin saflığını, təmizliyini, kin və küdurətdən uzaq olmalarını onların gözlərindən oxumaq mümkündür. Onu da deyək ki, finlər şən və nəğməkar xalq olsalar da, uzun illər rusların və isveçlilərin əsarəti altında qalmaları folklorlarında ağır izlər buraxıb.

Türklərlə qohum olduqlarını sübut edən bir xüsusiyyətləri də hamamı həddindən artıq çox sevmələridir. Türklərdə türk hamamı məşhur olduğu kimi, finlərdə fin hamamları- saunalar əhali arasında çox sevilir. Finlərin hamam sevgisi ölkədə olan saunaların çoxluğunda da özünü göstərir. Məsələn, 5,4 milyon əhalisi olan Finlandiyada 2 milyon sauna var.

Türklərlə oxşar cəhətlərindən biri də onların avropalılardan fərqli olaraq, restoranlarda deyil, ailələri ilə birlikdə evdə yeməyə üstünlük vermələri ilə bağlıdır. Digər tərəfdən, finlər də türklər kimi giləmeyvələr, süd və süd məhsullarından çox istifadə edir, qəhvə içməyi çox sevirlər. Nəhayət, Finlandiyada türklərin adı ilə adlanan və onlar tərəfindən salındığı ehtimal edilən Turku şəhəri var.

Ərazisi və əhalisi
Baltik dənizinin şimal sahillərində yerləşən Finlandiyanın ərazisi 338 min kvadratkilometr, əhalisi 5 milyon 401 min nəfərdiir. Ölkə Rusiya, İsveç və Norveçlə sərhəddir. Finlər 1917-ci il dekabr ayının 6-da müstəqilliklərinə qovuşmuşlar. 1939-cu ildə SSRİ ilə baş verən müharibədə Finlandiyaya məxsus olan Kareliya yarımadası Sovet ordusu tərəfindən işğal edildi. SSRİ əvvəlcə işğal etdiyi ərazilərdə Karel-Fin Muxtar Respublikası qurdu. Ötən əsrin əllinci illərindən başlayaraq, “fin” sözü götürüldü, ərazi, sadəcə, Kareliya adlandırıldı. İşğal dövründə Kareliyadakı finlər güclü şəkildə ruslaşdırılmaya məruz qaldılar.

Hazırda Finlandiya əhalisinin 93,4%-ni finlər, 5,7%-ni isveçlər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.
Finlandiyada fin və isveç dilləri rəsmi dövlət dilləridir. Bundan əlavə, Laplandiyada yaşayan saamların böyük hissəsi öz ana dilində danışır. Saamların ana dillərində məktəbləri də var. Ölkənin paytaxtı Helsinki Avropanın ən gözəl şəhərlərindən və mədəniyyət mərkəzlərindən biridir.

Finlandiya parlamentli respublikadır. Ölkə 1995-ci ildə Avropa Birliyinə (AB) üzv qəbul edilib. Pul vahidi 2002-ci ildə AB ölkələri tərəfindən qəbul edilən avrodur. Onu da deyək ki, “Newsweek” jurnalının son araşdırmalarına görə, “Dünyanın ən yaxşı ölkələri” sırasında Finlandiya ilk yeri tutur.
Finlandiya iqtisadi baxımdan dünyanın rəqabətə davamlı 3 ölkəsindən biridir. Burada təhsil həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün pulsuzdur. Ölkədəki universitetlərin çoxunda təhsil həm fin, həm də ona paralel olaraq ingilis dilində aparılır.

Göllər, düzənliklər və meşəliklər ölkəsi
Finlandiya ərazisinin çox hissəsini, o cümlədən cənubunu düzənliklər təşkil edir. Ölkənın şimalını və şərqini hündürlüyü 400-600 metrə çatan yüksəkliklər, şimal-qərbini Skandinaviya yaylası tutur. Buranı göllər ölkəsi adlandırırlar. Ölkədə 187888 göl var. Bu göllərin ən böyüyü Saimaa, ən dərini isə Pəijənnedir.

Finlandiya həm də meşələr ölkəsidir. Meşələr finlandiyanın ümumi ərazisinin 65 faizini tutur. Meşələrin 46 %-ni isə şam ağacları təşkil edir. Meşələrin 60%-i xüsusi sektora, 40%-i isə dövlətə məxsusdur. Buna görə də burada ildə təxminən 40 milyon kubmetr taxta-şalban hazırlanır. Xaricə ixrac etdiyi məhsullar arasında da meşə materialları üstünlük təşkil edir.
Finlandiyanı, adətən, adalar ölkəsi də hesab edirlər. Belə ki, ölkədə irili-xırdalı 179 500 ada var. 
Finlandiyanın təbiəti 

İqlimi
Şimalda yerləşdiyi üçün iqlim şəraiti sərt və soyuqdur. Yazda orta temperatur 0, + 10 dərəcə arasında dövr edir. Yayda +10, +14 dərəcə, payızda isə +10, 0 dərəcə olur. Cənubunda qışda gündüz saat 16-da qaranlıq düşür, şimalında isə günəş təmamilə görünmür və qütb gecələri başlayır. Yayda isə günəş, demək olar ki, batmır və bəyaz gecələr dövrü başlayır. Qışda isə 18- 20 dərəcə şaxta olur. 

Avropanın inkişaf etmiş ölkəsi
Adambaşına düşən ümumi daxili məhsulun həcminə görə (34 min 855 ABŞ dolları) Avropanın və dünyanın ən qabaqcıl ölkələrindən hesab edilir. Bu göstəriciyə görə də (140,5 milyard avro) Finlandiya dünyanın inkişaf etmiş çox ölkələrini geridə qoyub. Ölkədə telekommunikasiya sahəsi güclü şəkildə inkişaf edib. Mobil telefonların istehsalına görə dünyanın lider ölkələrindən biridir. Bu ölkənin istehsalı olan “Nokia” telefonları ən etibarlı telefonlardan hesab edilir.
Finlandiya həm də dünyada ən keyfiyyətli kağız istehsalçısı kimi tanınır.
Ölkədəki “Outokumpu” və “FNstell” poladəritmə zavodları dünyada paslanmayan metal istehsalına görə məşhurdurlar. 

Kənd təsərrüfatı
Finlandiya meşələr, düzənliklər və göllər ölkəsi olduğu üçün burada heyvandarlıq da yaxşı inkişaf edib. Ölkədə 2 milyon başdan çox kiçikbuynuzlu, bir o qədər də iribuynuzlu mal-qara var. Ona görə də xaricə ixrac etdiyi məhsullar arasında heyvandarlıq məhsulları da üstünlük təşkil edir.
Bu ölkədə 2,4 milyon hektar əkin sahəsi var. Kənd təsərrüfatında yulaf, arpa, kartof və çovdar əkinləri xüsusi yer tutur.

Nəqliyyat
Daxilində quru yollar şəbəkəsi daha genişdir. Amma xarici ticarətdə dəniz yolu xüsusi yer tutur. Ölkədə dəmir yolunun uzunluğu 5 min 741, quru yollarının isə 78 min189 kilometr təşkil edir. Əsas dəniz limanları isə Helsinki, Kokkola, Kotka, Loviisa, Osulu, Pori, Rauma, Turku, Uusikaupunki, Varkaus şəhərləridir. Xarici ticarət əlaqələrinin 90%-i dəniz yolu ilə təmin edilir.

Turizm
Finlandiya şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Ölkənin paytaxtı Helsinki, həmçinin Tampere, Turku, Oulu Kuopio və Porvoo turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdir. Bu ölkəyə turistlər ən çox yayda gəlirlər. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır. Finlandiyada turistlərin ən sevimli yerlərindən biri də Qütb dairəsi yaxınlığında yerləşən Aavasaks dağıdır.

Laplandiyada qış turizmi geniş yayılıb. Ona görə də qısa qış tətillərində Avropanın hər yerindən on minlərlə turist Finlandiyaya axışır. Turistlər qışda əsasən dağ ətəklərinə xizəklə məşğul olmaq üçün və Laplandiyaya Milad bayramında Joulupukkini ( yəni Şaxta babanı) görmək üçün gəlirlər. Qonaqların səmərəli dincəlməsi üçün hər cür şərait vardır. Ona görə də ilin bütün fəsillərində Finlandiyaya turist axını davam edir.
Helsinki 

Top