Mali

Mali

Mali bayragı
Adını  ara-sıra eşitdiyimiz və haqqında geniş məlumatımızın olmadığı bu ölkə Malidir. Maliyə səfər  etməmişdən əvvəl onun haqqında ümumi məlumat toplamışdıq. Bu məlumatların real həyatla nə qədər uyğun gəlib-gəlməyəcəyini səbirsizliklə gözləyirik.
Hava limanına enər-enməz gördüyümüz mənzərənin tipik Afrika ölkəsinə aid olduğunu sezmək  çətinlik törətmir. Ancaq gəzib-dolaşmamış da bir qərar vermək istəmirik. Ona görə də Bamakonun küçələrində gəzməyə başlayırıq. Bir ölkəni yaxşı tanımaq istəyirsinizsə, həmin ölkənin küçələrində gəzməli, bazarlarında olmalı və insanları ilə ünsiyyət saxlamalısınız. Bu, həmin ölkəni tanımaq üçün ən asan yoldur.
 

Niger çayının verdiyi həyat
Bamakonun ən baxımlı mənzərəsi, şübhəsiz ki, Niger çayıdır. Niger çayı Malinin iqtisadiyyatında çox mühüm rol oynayır. Bu çay Malinin böyük ticarət mərkəzinə çevrilməsində əsas pay sahibidir. Niger çayı Bamako şəhərini 2 yerə bölməklə şəhərə  bir başqa gözəllik verir. Sahillər arasında əlaqə yaratmaq üçün çayın üzərində 2 körpü  tikilib. Niger çayının axdığı hər yerdə yaşıllıqlara və göz oxşayan mənzərələrə rast gəlmək mümkündür. Mali həmçinin müxtəlif etnik qrupların yaşadıqları bir ölkədir. Hər bir etnik qrupun da özünəməxsus mədəniyyəti var. Bu da Mali mədəniyyətinə zənginlik və rəngarənglik verir. Evlərin qum və gildən tikilməsi bizim üçün nə qədər təəccüblü görünsə də, bu, sıravi malili üçün normal haldır. Buranın bir başqa özəlliyi isə yol boyunca manqo ağaclarının olmasıdır. Bütün bunları  nəzərə alaraq, deyə bilərik ki, fotoqraf həvəskarları üçün Mali əlverişli ölkədir.
Malinin həmsərhəd olduğu ölkələr Seneqal, Mavritaniya, Əlcəzair, Niger, Yuxarı Volta, Fil Dişi Sahili və Qvineyadır. Dəniz və okeana çıxışı yoxdur. Ölkənin şimal hissəsi çöllərlə əhatə olunub. Nə qədər qəribə olsa da, Malidə rəsmi dil fransızcadır. Bu, ölkənin vaxtilə Fransanın  müstəmləkəsi olması ilə əlaqədardır. Əhalinin 80 faizi yerli dil olan bambara dilində danışır. Digərləri isə müxtəlif qəbilələrin dilində ünsiyyət saxlayırlar. Burada quru və isti iqlim hökm sürür. Yağışların yağdığı mövsüm iyun-oktyabr aylarıdır. Malinin  pul vahidi sefadır.
Mali Qərbi Afrikanın ən böyük ölkəsidir. Əgər Mali sizdə maraq doğurubsa və buraya gəlmək qərarı vermisinizsə, oktyabr və mart aylarında səyahət etməyiniz məsləhətdir. Çünki Malinin havası toz-torpaqlıdır. Bu aylarda isə hava nisbətən quru olduğundan və küləklər tez-tez əsmədiyindən qumlardan bir az da olsa, canınızı qurtara bilərsiniz. Əks halda, səyahət etdikdən sonra paltarlarınızın rəngini dəyişdiyinə şahid olacaqsınız.
  Niger cayı 

Yol polisi təhlükə altındadır
Paytaxt küçələrində gəzərkən insanın diqqətini daha bir şey cəlb edir ki, bu da yol hərəkətinin  qarmaqarışıq olmasıdır. Yol hərəkət qaydalarına çox da riayət edilmədiyini, digər tərəfdən də, bunun normal olduğunu bildirmək istəyirəm. Çünki insanın ağlına gələ biləcək bütün nəqliyyat vasitələrini eyni vaxtda bir yol üzərində görmək mümkündür. Motosikletləri, velosipedləri, avtomobilləri, heyvanlara qoşulmuş arabaları — hamısını bu qarışıqlığın içində görə bilərsiniz. Yəqin ki, heç kəs yol hərəkət qaydalarını nizamlayan yol polisinin yerində olmaq istəməz. Çünki qısa gəzintimiz zamanı belə, biz onların bir neçə dəfə maşının altında qalmaq  təhlükəsinin şahidi olduq. Bəlkə də, burada ən çətin peşə sahibləri yol polisləridir. Ona görə ki, onların təhlükəsizliklərinə heç kəs zəmanət verə bilməz. Təhlükəsizliyinə zəmanət verilməyən digər canlılar isə qoyunlardır. Yol boyunca şütüyən avtobusların üstündə bağlanmış qoyunları görmək Bamako şəhəri üçün adi bir haldır. Təəccüblənməyin, çünki bura Afrikadır. Bununla kifayətlənməyən malililər əgər avtobusun üstündə boş yer tapsalar, ora bütün yüklərini atırlar. Yüklərin və qoyunların düşməməsi üçün onları möhkəm bağlayırlar.
  Malidə nəqliyyat 

Qapısız taksilər
Müxtəlif modellərdə olan taksilər insanı cəlb etməyə bilməz. Bu taksilərin əsas cazibədarlığı ondadır ki, onların qapılarını zəncirlər əvəz edir. Adətən, biz qapının əvəzinə, zəncirlərin keçirilməsini luna-parklarda görmüşük. Bu dəfə isə tərsinə. Zəncirin əsl qapının yerini vermədiyini nəzərə alsaq, burada da insanın təhlükəsizliyindən söhbət gedə  bilməz. Adət etdiyimiz sarı taksilərin yerini burada yaşıl taksilər tutur. Taksilərin yanında çayçılar dolaşır. Çayı Afrika üsulu ilə hazırlayırlar. Müştəriləri isə adi insanlardır. Sizin istəyinizdən  asılı olaraq, çayı ya stəkanda, ya da fincanda verirlər. Bir tərəfdən, Afrikanın istisi, digər tərəfdən isə çayın yaratdığı istidən qorunmaq üçün kölgəlik tapmaq şərtdir. Burada isə bu vəzifəni tək-tük tapa biləcəyiniz ağaclar icra edir. 3-5 insanın bir yerdə bu cür kölgəliklərdə çay içdiyini və günortanın istisində mürgülədiyini görə bilərsiniz.

Ölkənin əhalisi təxminən 13 milyondur. Bunun 2 milyonu paytaxtda yaşayır. Uzun illər Fransanın müstəmləkəsi olan Mali hazırda dünyanın ən kasıb ölkələrindən biridir. İqtisadiyyatı zəif inkişaf edib. Əhalisinin 64 faizi yoxsulluq səviyyəsindən aşağıda yaşayır. Adambaşına düşən milli gəlir təxminən 280 dollardır. Əhalisinin 80 faizi aqrar sektorda çalışır, 10 faizi isə köçəri həyat tərzi keçirir.
qapısız taksi 

Bazarlarda hər şey bir yerdə satılır
Ölkədə ən rəngarəng mənzərələri küçələrin ortasında yerləşən bazarlarda görmək olar. Burada meyvə, tərəvəz, balıq kimi qida növlərindən tutmuş, quru heyvan kəllələri, müxtəlif otlar, fərqli musiqi alətlərinə qədər çeşidli məhsullar satılır. Açıq hava şəraitində yerləşən ayaqqabı bazarları da maraq doğurur. Buradan həm yeni ayaqqabılar, həm də ikinci əl, yəni geyinilmiş ayaqqabılar ala bilərsiniz. Maddi imkanları aşağı olan sıravi  malililər daha çox ikinci əl ayaqqabıları almağa üstünlük verirlər. Satıcılar bu cür ayaqqabıları əvvəlcə yuyub boyayır, daha sonra isə parlaqlıq verərək satışa çıxarırlar.
Mali bazarı 

Malidə həyat çox çətindir
Malidə, demək olar ki, bir çox sahələrdə insan və heyvanın gücündən istifadə edilir. Ağır yüklərdən tutmuş evlərin düzəldilməsində istifadə olunan quma qədər hər şeyi ya insanlar, ya da heyvanlar daşıyır. Bamakonun inşaat sektorunda istifadə edilən qumun əksəriyyəti Niger çayından çıxarılır. İnsan gücü burada da öz sözünü deyir. İnsanlar vedrələrlə birlikdə suya baş vuraraq, qumu sahilə çıxarırlar. Ona görə də çayın sahilində daim bir hərəkətlilik müşahidə olunur. Qum dolu gəmilər sahilə yanaşdıqdan sonra boşaldılır və uzunqulaq arabaları ilə yolun kənarlarına daşınır. Bu cansıxıcı və ən əsası yorucu prosesə tamaşa edən hər kəs sıravi malilinin yerində olmaq istəməz.

Asfaltsız yollar
Əsas yollar istina olmaqla ölkədə asfalt görmək çox çətindir. Ona görə də yollara uyğun nəqliyyat vasitəsi seçməyiniz məsləhətdir. Yox, əgər siz qeyri-adi macəra axtarırsınızsa, hər şeyə hazır olmalısınız. Uzun yolların bir kənarında açıq hava şəraitində maşın ustalarına rast gəlmək mümkündür. Burada yolda qalmış maşınlara müxtəlif servis xidmətləri göstərilir. Buradan benzin almaqla yanaşı, maşınınızın motorunu, hətta velosipedinizi təmir etdirə bilərsiniz. Afrikanın yandırıcı istisini, göstərilən xidmətin keyfiyyətini və bunun müqabilindəki qiyməti nəzərə alıb, bir daha nəqliyyat seçimində fikirləşsəniz yaxşı  olar.

Əgər xoş mənzərələr görmək, qeyri-adi macəralar yaşamaq istəyirsinizsə, Maliyə səyahət etmək məsləhətdir. Bu, ölkəmizin dəyərini bilmək baxımından da çox önəmlidir.
Malinin yolları 

Top