İmtahana hazırlaşan bir çox tələbə və ya şagird vaxtla bağlı problemlər yaşadıqlarını qeyd edirlər. Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər. İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.
İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur. Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.
Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır. İmtahanın bitməsinə nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.
Öz saatınızla vaxtın gedişatı və sürətiniz barəsində daha düzgün və dəqiq informasiyaya sahib ola bilərsiniz. İmtahanda uğur qazanmaq üçün mütləq vaxtdan düzgün istifadə etməyi bilmək lazımdır. İmtahan vaxtı çalışın dağınıq fikirli omayın və bir fənndən digərinə keçərkən bir qədər fasilə də verə bilərsiniz ,lakin bu fasilə müddəti 5 dəqiqədən çox olmamalıdır. Unutmayın, imtahanda zaman sizin həm dostunuz, həm də düşməninizdir.
Fikrinizi toplamaqda çətinlik çəkdiyiniz təxminən 3 dəqiqəlik bir zaman müddətində 2 və ya 3 sualı səhv yazma ehtimalınız var. Əgər eyni bir sualı dayanmadan bir neçə dəfə ardıcıl olaraq təkrar oxuyursunuzsa, bu artıq yorulduğunuzun və dincəlməyə ehtiyac duyduğunuzun bir göstəricisidir. İmtahanda uğur qazanmaq üçün hər 5-10 saniyədən bir saata baxmağa ehtiyac yoxdur, sadəcə olaraq zamanı öz məqsədinizə çatmaq yolunda düzgün bölüşdürmək lazımdır.
İmtahandan vaxtından əvvəl çıxmayın. Çünki yekun nəticədə siz sürətinizə görə deyil, nə qədər sualı düzgün cavablandırmağınıza görə bal toplayacaqsınız.
Sualları hansı fəndən başlayıb hansında bitirəcəyinizi yaxşı olar ki, imtahandan əvvəl müəyyənləşdirəsiniz. Unutmayın, sualları ardıcıl olaraq cavablandırmağa məcbur deyilsiniz.