«Oruc tutulan zaman səhhətdə bəzi narahatlıqlar yaranır ki, bəzən bu hallara görə insanlar özlərini oruc kimi nemətdən məhrum edirlər». Bunu həkim-fitoterapevt Füzuli Hüseynov deyib.
Həkim bildirib ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün bunun 30 gün davam etmə vacibliyini qəbul edir:
«Bizlər həm Allah yolunda orucumuzu tutub Onun əmrinə baş əyirik və nəticədə də orucun bədənimiz üçün faydalarını görürük. Bu da biz müsəlmanlara Allahın bir lütfüdür. Deməli, sağlamlıq üçün oruc ara verilmədən 30 gün tutulmalıdır. Ramazan ayının hər gününün öz dəyəri var. Məsələn, orucun 15-ci günündən sonra oynaqlara yığılmış duzlar sorulur, damarlara yığılmış xolesterin əriyir, hətta şiş hüceyrələrinə təsir də elə bu vaxtdan başlayır. Bədəndə illərlə yığılmış şlaklar təmizlənir, buna görə də orucun davamlı tutulmadığı hallarda fayda az görünə bilər».
Həkim bildirib ki, oruc tutulan zaman ağız tez-tez quruyursa, yaxşı olar səhər imsakda limonlu çay və ya məkkəgülü çayı içilsin:
«1 aylıq oruc müddətində mədə divarı 2 dəfə yenilənir. Ona görə də orucun mədəmizə çox faydası var. Yenilənmə zamanı eroziya və səpgilər aradan qalxır.
Oruc tutulan zaman günün ikinci yarısında baş ağrıları ola bilər, bu da təbiidir. Bunun səbəbi bədənimizin ehtiyat enerji mənbələrindən istifadə etməsidir. Baş ağrısı çox dözülməz olursa təzyiq yoxlanmalıdır. Təzyiq normadan çox aşağı düşdükdə səhər acqarına və axşam 1 xörək qaşığı bal bir stəkan çiy suya qarışdırılır və içilir. Başağrısı davam edirsə, onda başdan və kürəkdən hicama etdirmək olar. (Peyğəmbərimiz oruclu vaxtı hicama etdirib).»
F.Hüseynov bildirib ki, əgər oruc zamanı ağız acı olursa, onda səhər və axşam yeməkdən əvvəl solmazçiçəyi dəmləməsi içilir və axşam iftar kök, kələm və zeytun yağından hazırlanmış salatla açılır, ət yeməkləri bir saatdan sonra yeyilir.
Həkimin sözlərinə görə, bəzən oruc təzyiqin qalxmasına səbəb ola bilir, belə hal təkrarlanırsa, səhər yeməyindən əvvəl yemişan meyvəsinin dəmləməsi içilir:
«Bəzən əllərin əsməsi və əsəb gərginliyi ola bilir, onda imsakda və iftarda bir çay qaşığı udi hindi tozu bir stəkan qaynar suya qarışdırılır, beş dəqiqə sonra bir çay qaşığı bal əlavə olunaraq içilir. Bəzən insanlar enerjisi tükənməsin deyə az hərəkət edirlər, bəzən səhərdən axşamadək yatırlar, bu, düzgün deyil. Oruc tutulan zaman səhər və axşam piyada gəzmək sağlamlıq üçün vacibdir. Enerjinin azalmağından isə qorxmaq lazım deyil, çünki bədənimiz illərlə yığdığı enerji deposundan istifadə edəcək. Oruc tutan zaman mədə qıcqırması baş verirsə, səhər və axşam yeməkdən əvvəl biyan dəmləməsi içmək faydalıdır. Bəzən qəbizlik olur, belə halda səhər 3 ədəd quru əncir yeyilir. Effekti olmasa axşamdan əncirlər zeytun yağında isladılır və səhər acqarına yeyilir. Bəzən oruc tutanlarda ishal ola bilir, onda səhər yeməkdən əvvəl Qastren çayı içmək faydalıdır».
Həkim onu da vurğulayıb ki, oruc davamlı tutularsa dərimizdən gələn xoşagəlməz iylər azalır, dəri daha parlaq görünüş alır, bağırsaqlarda çürümə getmədiyindən insan uzunömürlü və sağlam olur.
Mənbə: lent.az