Haram, məkruh və mustəhəbb oruclar

Haram, məkruh və mustəhəbb oruclar

Məsələ 1748: Qurban və Fitr bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şəbanın axırı və Ramazanın əvvəl günü olmasını bilməyən şəxsə, Ramazanın əvvəli niyyəti ilə oruc tutmaq haramdır.
Məsələ 1749: Əgər qadının müstəhəbb oruc tutması vasitəsilə ərinin haqqı aradan getsə, oruc o qadına haramdır. Vacib ehtiyat odur ki, əgər ərinin haqqı aradan getməsə də, ərinin icazəsi olmadan müstəhəbb oruc tutmasın.
Məsələ 1750: Övladın müstəhəbb oruc tutması, əgər ata-ananın əziyyətinə ya inciməsinə səbəb olsa, haramdır.
Məsələ 1751: Əgər oğul, atanın icazəsi olmadan müstəhəbb oruc tutsa və gün ərzində atası ona icazə verməsə, əgər onunla müxalifət etmək onun əziyyətinə səbəb olacaqsa, gərək iftar etsin.
Məsələ 1752: Hər kim bilsə ki, orucun ona zərəri yoxdur, həkim ona «orucun sənə zərəri vardır» desə də, oruc tutmalıdır. Lakin hər kim əmin olsa və ya ehtimal versə ki, orucun ona zərəri vardır, həkim ona «zərəri yoxdur» desə də, oruc tutmalıdır. Əgər bir şəxs orucun ona zərərli olmadığını hesab edib oruc tutsa, lakin həqiqətdə orucun ona zərəri olsa, vacib-ehtiyata görə orucu düz deyil.
Məsələ 1753: Əgər insan orucun ona zərər yetirəcəyini ehtimal versə və o ehtimaldan qorxu hasil olsa, belə ki, onun ehtimalı camaatın nəzərində haqlı olsa, gərək oruc tutmasın. Əgər tutsa, keçən məsələdə deyildiyi kimi orucu səhih deyildir.
Məsələ 1754: Orucun ona zərəri olmadığına inanan şəxs, oruc tutar və axşamdan sonra orucun ona zərər verdiyini başa düşsə, vacib ehtiyata əsasən, gərək onun qəzasını yerinə yetirsin.
Məsələ 1755: Deyilmiş oruclardan başqa, digər haram oruclar da vardır ki, izahı müfəssəl kitablarda deyilmişdir.
Məsələ 1756: Aşura gününün orucu və "Ərəfə" ya Qurban bayramı olmasına şəkk edilən gününün orucu məkruhdur.
 

MÜSTƏHƏBB ORUCLAR


Məsələ 1757: İlin bütün günlərinin orucu, deyilmiş olduğu haram və məkruh olan günlərdən başqa, müstəhəbbdir. Aşağıda sadalayacağımız günlərdə oruc tutmaq daha çox tövsiyə olunmuşdur:
  1. Hər ayın birinci və sonuncu cümə axşamı günü və ayın onundan sonra birinci çərşənbə günü. Bu günlərdə oruc tuta bilməyən şəxsin həmin günlərin orucunu qəza etməsi müstəhəbbdir. Əgər insan əsla oruc tuta bilmirsə, müstəhəbbdir ki, hər bir günü üçün fəqirə bir müdd təam ya 12/6 noxud sikkəli gümüş versin.
  2. Hər ayın 13-cü, 14-cü və 15-ci günü.
  3. Rəcəb və Şəban ayı tamamilə ya bu iki ayın bir qədərini, hətta bir gündə olsa belə;
  4. Novruz bayramı günü.
  5. Şəvvalın dördündən doqquzuna kimi.
  6. Ziqədənin 25-ci və 29-cu günü.
  7. Zihiccənin 1-dən 9-cu gününə kimi (ərəfə günü). Amma əgər zəiflik səbəbindən ərəfə gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur.
  8. Qədir bayramı günü (Zihiccəni 18-ci günü).
  9. Mübahilə günü (Zihiccənin 24-cü günü).
  10. Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günü.
  11. Peyğəmbər-Əkrəm, (səlləllahu ələyhi və alihinin) mövlud günü (rəbiyəl-əvvəlin 17-si).
  12. Cəmadiyəl-əvvəlin on beşinci günü; həmçinin Həzrət-Peyğəmbərin Besət günü (27 Rəcəb) oruc tutmaq müstəhəbbdir. Müstəhəbb oruc tutan şəxsin, onu sona çatdırması vacib deyildir. Hətta əgər mömin qardaşı onu yeməyə dəvət edərsə, dəvəti qəbul edib gün ərzində zöhrdən sonra olsa belə, iftar etməsi müstəhəbbdir.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top